Sabah 35 yaşı tamam, Cənnətdəki ilk doğum günü olan-İKİ ÖVLAD ATASI, İKİNCİ VƏTƏN MÜHARİBƏSİ VƏ “QİSAS” ƏMƏLİYYATI İŞTİRAKÇISI, SAMUXLU ANTİTERROR ŞƏHİDİ FİZULİ MƏMMƏDOV…

Samux rayonunun antiterror Şəhidlərindən olan Fizuli Bəhruz oğlu Məmmədovun sabah doğum günüdür.

Fizuli Məmmədovun sabah yubiley-35 yaşı tamam olur.

Bu, həm də Şəhidin Cənnətdəki ilk doğum günü, mövlududur.

Cənnətdəki ilk doğum günü ilə bağlı Şəhidin Qovlarsarı kənd qəbiristanlığındakı məzarı ziyarət olunacaq, məzarı üzərinə gül dəstələri düzüləcək, ruhuna dualar ediləcək, “Quran” oxunacaq.

Məzarını ziyarətdən sonra isə Cənnətdəki ilk doğum günü ilə bağlı məclis düzənlənəcək, adına ehsan süfrəsi açılacaq.

Məzarını ziyarətdə və Cənnətdəki ilk doğum günü ilə bağlı məclisdə ailə üzvləri, doğmaları, Şəhid ailələri, Qazilər, hərbçilər, din xadimləri, Samux rayon İcra Hakimiyyətinin məsul şəxsləri iştirak edəcəklər.

Etikxeber.az xəbər verir ki, Fizuli Məmmədov 1989-cu ilin 5 aprel tarixində Samux rayonunun Qovlarsarı kəndində dünyaya gəlib.

Ailənin dörd övladından, üç qardaşdan biri olub.

Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Aqrar Universitetinə daxil olub, ali təhsilə yiyələnib.

Ali təhsilini bitirdikdən sonra Əsgərliyə, Vətənin keşiyinə yollanıb.

Həqiqi hərbi xidmətini başa vurduqdan bir müddət sonra-2016-cı ildən isə həyatını hərb, Ordu ilə bağlayıb.

Leytenant hərbi rütbəsini daşıyıb.

İkinci Vətən Müharibəsinin və “Qisas” əməliyyatının iştirakçısı olub.

2022-ci ilin sentyabr ayında “Qisas” əməliyyatı zamanı Laçın istiqamətində qolundan və kürəyindən yaralanıb, ancaq qısa müalicə və müayinədən sonra yenidən Orduda fəaliyyətini davam etdirib.

Ötən ilin sentyabr ayının 19-da Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda həyata keçirilən 23 saatlıq lokal xarakterli antiterror tədbirləri zamanı isə qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Sentyabrın 20-də Xocalı istiqamətində Şəhidlik zirvəsinə yüksələn Fizuli Məmmədovun nəşi iki gün sonra-22 sentyabr tarixində Qovlarsarı kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.

İkinci Vətən Müharibəsindən sonra “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib.

Şəhidliyindən sonra isə “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

O, eyni zamanda, Qovlarsarının son dörd ildəki ikinci Şəhididir.

Fizuli həm də ailəli olub, Günel adlı xanımla ailə həyatı qurub.

İki qızı-orta məktəb şagirdləri olan Fatimə  Zəhrası ailəsinə, Vətəninə əmanət qalıb.

Məkanı cənnətlik, Cənnətdəki ilk doğum günü mübarək olsun!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Birinci Qarabağ Savaşı iştirakçısı, Qazi, iş adamı Hacı Səxavət tərəfindən-ŞƏHİD AİLƏLƏRİ ÜÇÜN İFTAR MƏCLİSİ DÜZƏNLƏNDİ… – FOTOLAR – YENİLƏNİB – (2)

Read Next

“Postmünaqişə dövründə ümumilikdə 350 nəfər azərbaycanlı mina qurbanına çevrilib və onlardan 50 nəfər mülki şəxs, 15 nəfər hərbi qulluqçu olmaqla, 65 nəfər həlak olub…”-XİN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir