“Bu gün Azərbaycan vətəndaşının, sahibkarının vəziyyəti acınacaqlıdır…”-MM-İN KOMİTƏ SƏDRİNİN MÜAVİNİ

Bu gün pandemiyanın yaratdığı vəziyyət çevik qərarlar verilməsini şərtləndirir.

Etikxeber.az-ın məlumatına görə, bunu Milli Məclisin (MM) bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zamanı parlamentin Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa deyib.

F. Mustafanın sözlərinə görə, hamıya aydındır ki, neft bazarında baş verən silkələnmələr neftin qiymətinin aşağı həddə götürülməsini zəruri edir.

“Büdcəyə daxil olan vergi gəlirlərinin, gömrük rüsumlarının azalması da xərclərin artırılmasını zəruri edən şərtlərdəndir. Bütövlükdə büdcədə zəruri prioritet sahələri dəqiqləşdirməliyik. Müdafiə xərclərinin artırılması yönündə addımlar atılmalı, ikinci isə vətəndaşın vəziyyəti prioritet kimi götürülməlidir. Bu gün Azərbaycan vətəndaşının, sahibkarının vəziyyəti acınacaqlıdır. Burada hökuməti günahlandırmıram. Azərbaycan sahibkarının tam çökməməsi üçün xərclər hissəsində əhəmiyyətli ayırmalar nəzərdə tutulmalıdır. İkincisi, vətəndaşlara 190 manatın verilməsi məsələsi zəruri addım idi. Vəsait o qədər çox olmasa da, cəmiyyət bunu anlayışla qarşıladı.

Avqust ayında heç bir yerdən gəliri olmayan vətəndaşı evə qapatmışıq və onlara vəd vermirik ki, haradan dolanmalıdır. Bu gün insanlar sadəcə xəstəliklə mübarizə aparmır, yaşamaq uğrunda da mübarizə aparır. 190 manat rəmzi xarakter daşıyan dövlət dəstəyidir və bunu heç bir halda kəsmək olmaz. Vətəndaşın narazılığına səbəb olan situasiyanı aradan qaldırmalıyıq. Buna görə də xərclər hissəsində bu, əsas götürməlidir. Ayın 31-nə qədər hər yer bağlıdır. İşləməyən yüzlərlə, minlərlə insan nə ilə dolanmalıdır? Hökumət bütün səyləri sosial gərginliyin aradan qaldırılmasına yönəltməlidir”-deyə, o, əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Prezident Yasamalla bağlı yeni-SƏRƏNCAM İMZALADI

Read Next

MM-in növbədənkənar iclası-12 İYUL ŞƏHİDLƏRİ ANILIB, DÖVLƏT BÜDCƏSİNİN MÜZAKİRƏSİ BAŞLANILIB, BÜDCƏ 600 MİLYON MANAT ARTIRILIR, DEPUTATDAN İCRA HAKİMİYYƏTLƏRİNƏ İRAD, FAZİL MUSTAFADAN HÖKUMƏTƏ ÇAĞIRIŞ, ƏLİ MƏSİMLİ VƏ AYDIN MİRZƏZADƏDƏN SAHİBKARLARA, TƏLƏBƏLƏRƏ DƏSTƏK – YENİLƏNİB – (8)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir