Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü – BAŞA ÇATDI – YENİLƏNİB

Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü bu gün öz işini davam etdirdikdən başa çatacaq.

Etikxeber.az xəbər verir ki, “Bandunq Prinsiplərini rəhbər tutmaqla müasir dünyanın çağırışlarına birgə və adekvat cavab verilməsini təmin etmək” mövzusunda keçirilən XVIII Zirvə Görüşündə 60-a yaxın ölkənin dövlət və hökumət başçıları, həmçinin beynəlxalq təşkilatların rəhbərləri iştirak edirlər və onlardan bir neçəsi -Türkmənistan və İran prezidentləri artıq öz ölkələrinə dönüblər.

Ümumilikdə Zirvə Görüşünə 160-a yaxın ölkənin və beynəlxalq təşkilatın nümayəndələri qatılıblar.

Bu gün başa çatacaq Bakı Zirvə Görüşündə 4 yekun sənədin qəbulu gözlənilir.

Beləliklə, Azərbaycan Respublikası 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik edəcək.

Qeyd edək ki, Qoşulmama Hərəkatının yaradılmasının və fəaliyyətinin əsas prinsiplərindən biri onun üzvləri arasında əməkdaşlıq üçün bir forum rolunu oynamasıdır. Tamhüquqlu 120 üzvü olan Qoşulmama Hərəkatı özündə 17 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı birləşdirir. 1961-ci ildə yaradılmış təşkilata üzv olan hər bir dövlət onun prinsiplərinə bağlılığını bildirməlidir. Hərəkata üzvlük prinsipləri hələ təşkilatın təsis olunmasından əvvəl, 1955-ci ildə İndoneziyanın Bandunq şəhərində keçirilən konfrans zamanı qəbul edilib.

Azərbaycan Respublikası 2011-ci il mayın 26-da Qoşulmama Hərəkatına üzv ölkələrin yekdil dəstəyini əldə edərək təşkilata tamhüquqlu üzv qəbul olunub.

***

Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü işini başa çatdırıb.

Zirvə Görüşünün ikinci iş günü ümumi debatlarla davam edib.

Ümumi debatlarda Qoşulmama Hərəkatına üzv ölkələrin yüksək vəzifəli rəsmi şəxsləri, beynəlxalq təşkilatların rəhbərləri və nümayəndələri, xüsusi qonaqlar, diplomatlar çıxış ediblər.

Çıxış edən natiqlər dünyada baş verən böhranlardan, regional münaqişələrdən və onların həlli yollarından, işğalların, yoxsulluğun, dini və irqi ayrı-seçkiliyin aradan qaldırılması üçün görülməsi zəruri olan tədbirlərdən, ölkələrin ərazi bütövlüyünün və suverenliyinin qorunmasının əhəmiyyətindən, iqlim dəyişikliklərinə qarşı mübarizədən danışıblar.

Onlar bu problemlərin həllinin tapılması üçün çoxtərəflilik prinsiplərinin bərqərar olmasının, daha tarazlı yanaşmanın tətbiqinin vacibliyini bildiriblər. Həmçinin qeyd olunub ki, üzv dövlətlərin qarşılıqlı fəaliyyətləri nəticəsində Qoşulmama Hərəkatı çərçivəsində bir sıra nailiyyətlər əldə edilib. Lakin təşkilatın fəaliyyətinin daha da təkmilləşdirilməsi və onun BMT-nin kağız üzərində qalan qərarlarının həyata keçirilməsinə təsir göstərmək iqtidarında olması, qarşılıqlı əməkdaşlığın gücləndirilməsi üçün hələ bir sıra işlər görülməlidir. Bildirilib ki, Qoşulmama Hərəkatına üzv dövlətlər dayanıqlı inkişafın təmin olunması üçün göstərilən səyləri təşviq etməlidir və qarşıya çıxan çağırışlarla birgə mübarizə aparmalıdırlar.

Zirvə Görüşünün yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Azərbaycan Prezidentinə, Azərbaycan Hökumətinə və xalqına minnətdarlıqlarını bildirən natiqlər əmin olduqlarını vurğulayıblar ki, ölkəmizin Qoşulmama Hərəkatına sədrlik edəcəyi növbəti üç il ərzində təşkilat Bandunq prinsiplərinə sadiq qalaraq daha böyük uğurlara imza atacaq.

Məhsuldar müzakirələrə görə Zirvə Görüşünün iştirakçılarına təşəkkürünü bildirən Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünün dörd yekun sənədinin təsdiq edilərək dövlət və hökumət başçılarına təqdim olunduğunu bildirdi.

Azərbaycanın 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik edəcəyini bildirən E.Məmmədyarov ölkəmizə göstərilən etimada görə üzv dövlətlərə minnətdarlığını bildirib. Nazir qeyd edib ki, qəbul edilən sənədlər üzv dövlətlərin Bandunq prinsiplərinə sadiqliklərini bir daha nümayiş etdirir.

Ölkəmizin təşəbbüsü və iştirakı ilə həyata keçirilən layihələrə toxunan nazir bildirib ki, təşkilata sədrliyi dövründə Azərbaycan dialoqun və əməkdaşlığın daha da genişləndirilməsi və möhkəmləndirilməsi üçün əlindən gələni əsirgəməyəcək.

Sonra Bakı Yekun Sənədi, Bakı Bəyannaməsi, Fələstinə dair Bəyannamə və Azərbaycan Respublikası hökumətinə və xalqına təşəkkür və həmrəylik sənədi qəbul olunub.

Beləliklə, 120 üzvü tamhüquqlu olan, 17 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı özündə birləşdirən Qoşulmama Hərəkatının Bakıda keçirilən XVIII Zirvə Görüşü  başa çatıb.

Etikxeber.az

 

Read Previous

Əliyev Hasina və Msvati ilə – GÖRÜŞDÜ – FOTOLAR – YENİLƏNİB

Read Next

“Yaxşı fürsət tapan kimi gələcəyəm…” – PAKİSTANIN PREZİDENTİ – FOTOLAR – YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir