Bu gün Cənnətdəki doğum günləri və Anım Günü olan Şəhidlərimiz-SAMİR XUDİYEV, ALTAY MÖVLANOV, SİYAVUŞ MURADOV, ŞƏHRİYAR ƏLİYEV, EMİL İSGƏNDƏROV…

Bu gün daha dörd Şəhidimizin mövludu, bir Şəhidimizin isə Anım Günüdür.

İkinci Vətən Müharibəsi Şəhidlərindən-Şəhid qardaşlardan Altay Mövlanovun, o cümlədən Siyavuş Muradovun, Emil İsgəndərovun Cənnətdəki altıncı, Antiterror Şəhidi Şəhriyar Əliyevin Cənnətdəki üçüncü doğum günü, 2022-ci ilin avqust Şəhidi Samir Xudiyevin isə dördüncü ildönümüdür.

Adları çəkilən Şəhidlərin mövludları və Anım Günü ilə bağlı bu gün-5 avqust 2026-cı il tarixində Lerik rayon, Bakının Bakıxanov qəsəbə və Ramana qəsəbə, eləcə də Sumqayıt şəhər Şəhidlər Xiyabanındakı məzarları ziyarət olunacaq.

Məzarları üzərinə gül dəstələri düzülücək, ruhlarına dualar ediləcək, “Quran” oxunacaq, adlarına ehsan veriləcək.

Etikxeber.az xəbər verir ki, Emil Vaqif oğlu İsgəndərov 1990-cı ilin avqust ayının 5-də dünyaya gəlib.

Ailədə 3 qardaşdan biri, evin böyük övladı olub.

Orta məktəbi bitirdikdən sonra, 2008-2010-ci illərdə həqiqi hərbi xidmətdə olub, Vətənin keşiyində dayanıb.

Əsgərliyini başa vurduqdan sonra yenidən həyatını hərb ilə bağlayıb.

Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarında fəaliyyətə başlayıb.

Daxili Qoşunların Xüsusi Təyinatlı Dəstəsinin Giziri olub.

İkinci Vətən Müharibəsi zamanı isə Füzuli, Cəbrayıl, Qubadlı  Şuşa istiqamətlərində döyüşüb.

Emildən başqa digər qardaşları-İsgəndər İsgəndərov və Əli İsgəndərov da müharibədə iştirak ediblər.

Atası Vaqif İsgəndərov isə Birinci Qarabağ Savaşının iştirakçısı olub.

Emilin şərəfli döyüş yolu 38 gün çəkib və noyabrın 4-də Şuşa istiqamətində döyüşlərdə qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Nəşi noyabrın 12-də Sumqayıt şəhər Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra iki medalla və bu ilin iyununda 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

O, həm də ailəli, iki oğlan atası olub.

2017-ci ildə ailə həyatı quran Emilin İbrahim  Nicat adlı oğlan övladları ailəsinə, Vətəninə əmanət qalıb.

***

Əslən Füzulinin Əhmədalılar kəndindən olan Samir Səməd oğlu Xudiyev 2003-cü ilin iyul ayının 18-də Bakı şəhərində, sadə bir ailədə dünyaya gəlib…

Ailəsi ilə birlikdə Ramana qəsəbəsində yaşayıb…

Ailədə 3 uşaq-2 qardaş və 1 bacı olublar…

Evin-ailənin ikinci övladı idi…

2009-2020-ci illərdə orta məktəbdə oxuyub…

2020-ci ildə orta məktəbi bitirdikdən sonra ali təhsilə yiyələnmək istəsə də, arzusu baş tutmayıb və 2021-ci ilin iyulunda həqiqi hərbi xidmətə yollanıb…

Laçın istiqamətində qulluq edib.

Axırıncı dəfə ailəsi, atası ilə Şəhidliyindən 2 gün öncə, 2022-ci ilin avqustun 3-də danışıb…

Avqustun 5-də isə Laçında Şəhidlik məqamına ucalıb…

Nəşi bir gün sonra, avqustun 6-da Ramana qəsəbə qəbiristanlığındakı Şəhidlər məzarlığında Əbədiyyətə uğurlanıb…

Şəhidliyindən sonra “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub…

Samir həm də subay olub.

***

 Siyavuş Akif oğlu Muradov 1991-ci ilin avqust ayının 5-də Beyləqan rayonunun Əmirzeyidli kəndində dünyaya gəlib.

Sonra ailəsi ilə birlikdə Bakı şəhərinə, Sabunçu rayonunun Zabrat qəsəbəsinə köçüb, orada yaşayıblar.

Ailənin üç övladından biri,evin tək oğlu, iki bacının tək qardaşı olub.

Bacıları hazırda ailəlidir.

1997-2008-ci illərdə orta məktəbdə oxuyub.

Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olub, ali təhsilə yiyələnib.

Həqiqi hərbi xidmətə yollanıb, Vətənin keşiyində dayanıb.

O, idmançı olmaqla yanaşı, həm də musiqiçi olub.

Baş leytenat hərbi rütbəsini daşıyıb.

Daxili İşlər Nazirlyinin Daxili Qoşunlarında 3 il xidmət etdikdən sonra, Azərbaycan Ordusunda fəaliyyət göstərib və peşəkar hərbçi kimi İkinci Vətən Müharibəsinin ilk günlərindən döyüşlərdə olub.

Bir aya yaxın şərəfli döyüş yolu keçib.

 Füzuli, Xocavənd, Zəngilan, Qubadlı istiqamətlərində döyüşüb və 25 oktyabr tarixində, səhər saatlarında Füzuli rayonu istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Nəşi bir gün sonra, 26 oktyabr tarixində Beyləqan rayonunun Əmirzeyidli kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra üç medalla və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Atası Akif Muradov isə Birinci Qarabağ Savaşında iştirak edib, müharibə veteranıdır.

29 yaşında Şəhidlik məqamına ucalan Siyavuş da subay olub.

***

Əslən Astara rayonunun Şiyəkəran kəndindən olan Şəhriyar Bəxtiyar oğlu Əliyev isə 1997-ci ilin 5 avqust tarixində Bakı şəhərinin Sabunçu rayonunun Bakıxanov qəsəbəsində dünyaya gəlib.

Sonra-2000-ci ildə ailəsi ilə birlikdə Zabrat qəsəbəsinə köçüblər.

Ailənin üç övladından, iki qardaşdan biri, evin sonbeşiyi olub.

Şəhriyar 2003-2014-cü illərdə Zabrat qəsəbəsində yerləşən 307 saylı tam orta məktəbdə oxuyub.

1978-ci il təvəllüdlü, üç övlad-iki oğlan və bir qız anası olan bacısı Sənubər xanım və iki övlad-bir qız və bir oğlan atası olan mərhum qardaşı Ümüd Əliyev isə Bakıxanov qəsəbəsində yerləşən 252 saylı tam orta məktəbdə oxuyublar.

Orta məktəbi bitirdikdən sonra-2014-cü ildə Azərbaycan Texniki Universitetinə (AzTU) daxil olub və 2018-ci ildə ali təhsilini (bakalavr pilləsini) başa vurub.

Sonra magistrarurada təhsilini davam etdirib, ancaq ilyarımdan sonra təhsilini yarımçıq qoyub, həqiqi hərbi xidmətə, Əsgərliyə yollanıb, Daxili Qoşunların Bərdə rayonunda yerləşən “N” saylı hərbi hissəsində qulluq edib.

2021-ci ildə Əsgərliyini başa vuraraq, evinə dönüb, Zabitlik kursuna gedib, yenidən-2022-ci ilin iyulundan həyatınıOrdu, hərb ilə bağlayıb, Leytenant hərbi rütbəsini daşıyıb.

Azərbaycan Ordusunun peşəkar hərbçisi olan Şəhriyar axırıncı dəfə ailəsi, atası ilə 2023-cü ilin sentyabr ayının 18-dən 19-na keçən gecə danışıb.

Cəmi saatlar sonra, 2023-cü ilin 19 sentyabr tarixində isə Azərbaycan Ordusu tərəfindən həyata keçirilən lokal xarakterli antiterror əməliyyatında iştirak edib.

 sentyabrın 19-dan 20-nə keçən gecə Ağdərə istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Nəşi 20 sentyabr 2023-cü il tarixində Bakıxanov qəsəbə Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra “Vətən uğrunda” medalı  3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Hazırda ailəsinin yaşadığı küçə Onun adını daşıyır.

Eyni zamanda qeyd edək ki, 2023-cü ilin sentyabrın 28-də Şəhriyarın nişanı olacaqmış…

***

Şəhid qardaşlardan Altay Tahir oğlu Mövlanov isə 2000-ci il avqustun 5-də Lerik şəhərində anadan olub.

Ailədə dörd övlad-iki qardaş və iki bacı olublar.

İkinci Vətən Müharibəsi zamanı Altay Mövlanov Füzuli rayonu istiqamətində gedən hərbi əməliyyatlar zamanı Şəhid olub.

Nəşi Lerik rayon Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.

Altaydan iki yaş kiçik olan 18 yaşlı qardaşı Elgün Mövlanov da İkinci Vətən Müharibəsi Şəhididir.

Hər iki qardaş subay olublar.

Şəhidliklərindən bir müddət sonra isə ataları Tahir Mövlanov dünyasını dəyişib.

Şəhid qardaşlar həm də Lerikli məşhur çoban Xanışın nəvələriydi.

Məkanları cənnətlik, ruhları şad olsun!

Nurlar içində yatsınlar!

Etikxeber.az

Read Previous

Naxçıvan şəhərinə və Ordubada yeni icra başçısı təyin edildi-SƏDƏRƏKİN İCRA BAŞÇISI İSƏ CULFAYA GÖNDƏRİLDİ… – YENİLƏNİB – (2)

Read Next

2022-ci ilin avqust Şəhidi, ailənin üç övladından biri, subay Samir Xudiyevin-ŞƏHADƏTİNİN DÖRDÜNCÜ İLİNDƏ RAMANA ŞƏHİDLƏR XİYABANINDA MƏZARI ZİYARƏT OLUNDU, AİLƏSİNİN YAŞADIĞI EVDƏ ADINA EHSAN VERİLDİ… – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir