“Bu gün dünyada ən qlobal məsələlərdən biri qida təhlükəsizliyidir” – ELDAR İBRAHİMOV

“…Bəzi qaranlıq mərkəzlər tərəfindən xalqların, dövlətlərin məhv edilməsi, onların ələ və sözəbaxan, üçüncü dünya dövlətlərinə -“banan respublikaları”na çevrilməsi üçün geni dəyişdirilmiş, mənşəyi məlum olmayan ərzaq, qida məhsulları dövriyyə buraxılır, istehsal, ixrac edilir. Bunlar da xalqlara, dövlətlərə qarşı böyük güc mərkəzləri tərəfindən aparılan savaşın bir tərkib hissəsi və deyərdim ki, daha təhlükəli və qorxulu hissəsidir…”

Eldar İbrahimov: Dövlətlər az qala sosial şəbəkələr-“Facebook”, “Twitter” üzərindən idarə olunur

Etikxeber.az  Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin sədri, professor Eldar İbrahimovun müsahibəsini təqdim edir:

-Eldar müəllim, son günlərin, son ayların ən çox müzakirə predmetinə çevrilən məsələlərindən biri də sosial şəbəkələr məsələsidir. Bununla bağlı həm mediada, həm parlamentdə, həm də elə sosial şəbəklərin özündə  ciddi müzakirələr, mübahisələr, qarşılıqlı itihamlar özünə yer alır. Hətta, radikal təkliflər də səsləndirənlər var ki, sosial şəbəklər bağlansın, qapadılsın. Bu, ölkəmizə, onun imicinə nə verə bilər, Azərbaycanı yenidən hədəfə çevirməz ki?

– Bu suala cavab verməzdən öncə bir neçə məqama diqqət çəkmək və ölkəmizin mövcud durumunun qısa mənzərəsini ortaya qoymaq istərdim. Çünki bu məsələləri dilə gətirmədən, dediyiniz məqamlara tam aydınlıq gətirmək mümkün olmaz. Əvvəla onu deyim ki, Azərbaycan prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkəmiz bütün sahələrdə uğurlar qazanıb. Bunun nəticəsidir ki, regionun lider dövləti olan Azərbaycan istər daxili sabitliyinə, istərsə də beynəlxalq nüfuzuna görə seçilir. Ölkəmizdə vətəndaşların rifah halının yaxşılaşması, aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində də davamlı tədbirlər görülür. Atılan addımlar və sosial sahədə ardıcıl şəkildə həyata keçirilən layihələr isə onu göstərir ki, Azərbaycan hökuməti əhalinin maddi rifah halının yaxşılaşdırılması üçün güclü maliyyə imkanlarına və islahatları dərinləşdirmək iradəsinə malikdir.

BEYLE-7

tahir-ilya-1

mehri-sehid-2

AGGG

Hər bir ölkə məhz sabitlik və təhlükəsizlik şəraitində iqtisadi potensialından səmərəli şəkildə istifadə edə və insanların rifah halının yaxşılaşması üçün davamlı tədbirlər həyata keçirə bilər. Bu mənada, müstəqil Azərbaycan özünün dinamik inkişafını məhz sabitlik və təhlükəsizlik şəraitində təmin edir. Son 15-16 ildə də respublikamızda iqtisadi məsələlərə xüsusi diqqət yetirilib, neft gəlirlərindən səmərəli istifadə etməklə ölkənin iqtisadi potensialının artırılmasına yönələn məqsədyönlü siyasət həyata keçirilib, bütövlükdə milli iqtisadiyyatın və onun ayrı-ayrı sektorlarının inkişafını təmin etmək məqsədilə genişmiqyaslı islahatlar aparılıb, Dövlət proqramları, strateji yol xəritələri qəbul edilib. Ötən illər ərzində dünya miqyasında iqtisadi baxımdan Azərbaycan kimi dinamik inkişaf edən ölkələrin sayı az olub. Son 15 ildə milli iqtisadiyyatımız 3 dəfədən çox artıb ki, bu da kifayət qədər yaxşı göstəricidir. Hazırda respublikamız Cənubi Qafqaz regionunda ən güclü iqtisadiyyata malik olan dövlətdir. Azərbaycanın qısa müddətdə öz investisiyalarını ixrac edən ölkəyə çevrilməsi son dərəcə qürurverici haldır.

Azərbaycanın qazandığı uğurların fonunda müəyyən beynəlxalq dairələr, anti-azərbaycançı mərkəzlər və erməni lobbisi çox ciddi narahatlıq keçirir. Ona görə də vaxtaşırı olaraq bəzi qurumlar tərəfindən qərəzli qətnamələr qəbul olunur, erməni lobbisinin təsirində olan avropalı siyasətçilər ölkəmizin əleyhinə bəyanatlar verirlər. Bütün bunlar  da məqsədli şəkildə həyata keçirilir ki, ölkəmizin artan beynəlxalq nüfuzuna zərbə vurulsun, dünya dövlətləri Azərbaycana etimad etməsinlər. Amma hər zaman belə planlar iflasa uğrayıb. Son vaxtlar yenə də həmin qüvvələr fəallaşmağa başlayıblar. Amma hər zaman olduğu kimi, bu dəfə də məqsədlərinə çata bilməyəcəklər.

Çox-çox təəssüflər olsun ki, Azərbaycanda radikal müxalifət düşərgəsi də həmin xarici dairələrin əlaltılarıdır. Bu səbəbdən də mitinq adı altında qarşıdurma yaratmaq istəyirlər. Lakin bu gün ölkəmizdə insanlar radikallara açıq şəkildə “yox” deyərək özünün məqsədyönlü siyasəti ilə Azərbaycanı dinamik inkişaf relsləri üzərinə çıxaran iqtidarla həmrəylik nümayiş etdirirlər. Dağıdıcı ünsürlərin düzənlədiyi hər bir tədbir isə cəmiyyətimizin onlara olan mənfi münasibətini növbəti dəfə açıq şəkildə ortaya qoyur. Radikal müxalifət cəmiyyətə yeni, faydalı, konstruktiv heç nə təklif edə bilmir.

Qeyd etdiyim kimi, ölkəmizin əldə etdiyi iqtisadi-siyasi nailiyyətlər, Azərbaycanda güclü xalq-hakimiyyət birliyinin formalaşması və bir vəhdət təşkil etməsi, eləcə də Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində əldə olunan hüquqi, hərbi üstünlüklər anti-azərbaycançı, ermənipərəst dairələri həddindən çox narahat edir və onlar məhz radikal ünsürlər vasitəsilə ölkəmizdəki siyasi sabitliyi pozmağa cəhd göstərirlər. Bu prosesdə sosial şəbəkələrin imkanlarından geniş və zərərli şəkildə istifadə olunur…

bdu-1

-Sosial şəbəkələrin heçmi müsbət tərəfləri, cəhətləri yoxdur?

-Hər bir yeniliyin həm müsbət və həm də mənfi tərəfləri olur. Baxır, kim bundan necə istifadə edir. Atom enerjisindən istifadə edərək elektrik stansiyaları yaratmaqla Yer kürəsini gülüstana, atom bombası yaradıb istifadə etməklə xarabalığa çevirmək olar. Sosial şəbəkələrin də təbii ki, üstünlükləri çoxdur. Heç kim, heç birimiz bunu inkar etmirik. Bəzən ölkələr, dövlətlər az qala sosial şəbəkələr-“Facebook”, “Twitter” üzərindən idarə olunur. Bir çox dövlət və hökumət başçıları bu şəbəkələrdən, hesablardan çox ciddi şəkildə yaralanırlar. Məsələn, ABŞ prezidenti Donald Tramp demək olar ki, bütün vacib qərarlarını, mesajlarını məhz “Twitter” hesabı vasitəsilə çatdırır. Yəni, demək istəyirəm ki, sosial şəbəkələrin müsbət tərəfləri çoxdur. Amma bununla belə, sosial şəbəkələrin müsbət cəhətləri çox olsa da, təəssüf ki, ondan heç də xoş olmayan məqsədlər üçün də istifadə olunur. Belə ki, ölkəmiz haqqında yalan məlumatlar yayılır, insanların şərəf və ləyaqəti təhqir olunur, dövlət adamlarına şər atılır və s. Hesab edirəm ki, bütün bunlar yolverilməzdir. Azərbaycan cəmiyyəti haqlı olaraq belə hallara qarşı kəskin etirazını bildirir. Ona görə də müvafiq orqanlar belə halların qarşısını almaq üçün lazımi ölçülər götürməlidir. Xüsusilə, bununla bağlı qanunlarımız sərtləşdirilməli, bu qanunu pozanlar cəzalandırılmalıdırlar. Qeyd etmək istəyirəm ki, sosial şəbəkələrdə yalan yazmaqla insanları aldatmaq mümkün deyil. Xalqın gözü tərəzidir və Prezidentimiz İlham Əliyevin Azərbaycanın daha da güclənməsi istiqamətində gördüyü işlər vətəndaşlar tərəfindən birmənalı olaraq dəstəklənir. Ona görə də heç bir qüvvə ölkəmizdə vətəndaş həmrəyliyini, xalq-iqtidar birliyini sarsıda bilməz. Şübhəsiz ki, Prezident İlham Əliyev xalqımızın dəstəyi ilə bundan sonra Azərbaycana daha böyük uğurlar qazandırmaqda davam edəcək.

Həmçinin, məqsəd heç də sosial şəbəkələri qapatmaq, bağlmaq deyil. Heç kim bunun tərəfdarı deyil və bunu başqa səmtə yönləndirmək də düzgün olmaz. Azərbaycan modern, plüralistik, açıq cəmiyyətdir. Ölkəmizdə söz, mətbuat  azadlığı, bütün azadlıqlar tam təmin edilib və edilməkdədir. Ancaq qeyd etdiyim kimi, sosial şəbəklərdə baş alıb gedən təhqirlərin, böhtanların qarşısı alınmalıdır, bu yöndə nəzarət mexanizmləri yaradılmalı və işə salınmalıdır. Söhbət bundan gedir.

eldar-2

Aqrar qanunvericilik bazası təkmilləşdirilir

-Eldar müəllim, istərdik söhbətimizi qanunyaradıcılığı istiqamətinə də yönəldək. Yaz sessiyasının başlanması ilə bağlı komitənizin ilk iclasında gündəlikdə bir neçə qanun layihəsinin olduğunu bildirmişdiniz ki, onlardan biri də qida təhlükəsizliyi ilə bağlı idi. Belə bir qanuna zərurət nədən yaranıb?

-Bəli, komitəmizin qanunvericilik işləri planının gündəmində bir neçə yeni qanun layihəsi dayanır. Həmin qanun layihələrdən biri də məhz adını çəkdiyiniz qida təhlükəsizliyi ilə bağlı qanun layihəsidir. Bu yöndə ayrıca-müstəqil qanun layihəsinin hazırlanması, əvvəl komitəmizin iclasında müzakirəsi,  aparılacaq fikir mübadilələrindən, təkmilləşdirmələrdən sonra isə plenar iclasa tövsiyə olunması, qəbul edilməsi gözlənilir. Hesab edirəm ki, belə bir qanun layihəsinin də qəbuluna ehtiyac var.  Çünki bu gün dünyada ən vacib, ən qlobal məsələlərdən biri ərzaq və qida təhlükəsizliyidir. Bunları təmin etmədən ölkələrin tam təhlükəsizliyindən, onların gələcək inkişafından söhbət gedə bilməz. O ölkələr, o cəmiyyətlər sözün əsl mənasında inkişaf yolu ilə gedə və öz ayaqları üstə addımlaya bilər və biləcəklər ki, məhz özlərinin ərzaq və qida təhlükəzliklərini tam təmin etmiş olsunlar. Bunlar milli təhlükəsizlik məsələsi kimi vacib bir məsələdir. Bu məsələdə ehtiyatsızlıq, düşünülməmiş qərarlar vermək və addımlar atmaq ciddi fəsadlara gətirib çıxara bilər.

Bu gün qaynar qazan kimi qaynayan dünyamızda, yerləşdiyimiz coğrafiyada, məskunlaşdığımız bölgədə yaşananlara, baş verənlərə diqqət yetirək. Hərbi, siyasi, iqtisadi kataklizmlər, qarşıdurmalar, müharibələr, terraktlar, bunların nəticəsində minlərlə, onminlərlə, yüzminjlərlə insanın qətlə yetirilməsi, ölkələrin, şəhərlərin, kənd və qəsəbələrin xarabazalıqlara çevrilməsi, milyonların Avropa qapılarında miqranta çevrilməsi, onların aşağılanması, aclıq, yoxsulluq, səfalət, qida, dərman çatışmazlığı və sair hallar gözlərimiz önündə baş verir və yaşanır. Başabəla “Ərəb baharı” inqilabının qanlı ssenariləri, Liviyada, Yəməndə, Suriyada, ondan əvvəl isə Somalidə, Əfqanıstanda, İraqda yaşananlar hamısı dəhşətli mənzərələrdir, insanlıq dramlarıdır. Özünüz də görürsünüz ki, bir çox Afrika ölkələrində, xüsusilə də, Somalidə, o cümlədən, son illər xarabazara çevrilən, böyük güclərin savaş, eksperiment meydanına çevrilən Yəməndə insanlar aclıqdan, səfalətdən, ərzaq, su, dərman çatışmazlığından hansı əziyyətlər çəkir, oralarda nə dəhşətlər yaşanır. Həmçinin, ekologiyanın korlanması, zəhərlənməsi hansı fəsadlara, xəstəliklərə gətirib çıxarır.

Həm də bəzi qaranlıq mərkəzlər tərəfindən xalqların, dövlətlərin məhv edilməsi, onların ələ və sözəbaxan, üçüncü dünya dövlətlərinə -“banan respublikaları”na çevrilməsi üçün geni dəyişdirilmiş, mənşəyi məlum olmayan ərzaq, qida məhsulları dövriyyə buraxılır, istehsal, ixrac edilir. Bunlar da xalqlara, dövlətlərə qarşı böyük güc mərkəzləri tərəfindən aparılan savaşın bir tərkib hissəsi və deyərdim ki, daha təhlükəli və qorxulu hissəsidir. Silahla, müharibə ilə, terraktla istəklərinə nail ola bilməyəndə məhz bunlar vasitəsilə öz məqsədlərinə çatmaq daha asan və daha rahat olur. Odur ki, belə təhlükələrdən, belə risqlərdən qorunmaq üçün həm ərzaq, həm də qida təhlükəsizliyi ən vacib və ən prioritet məsələ olmalıdır.

Çox sevindirici haldır ki, Azərbaycanda da dövlət və hökümət rəhbərliyi səviyyəsində bu istiqamətdə addımlar atılmaqdadır.  Bu gün Azərbaycan özünü bir çox ərzaq məhsulları ilə tam təmin etməkdədir. Ölkədə Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyət göstərməsi və öz əhatə dairəsini genişləndirməsi əhalimizin istehlak etdiyi qidanın təhlükəsizliyinin təmin edilməsinə zəmanət verir. Ölkədə yerli emal müəssisələri, zavod və fabriklər işə düşməklə insanlarımızı öz məhsullarımızla, xüsusilə də, ekoloji cəhətdən təmiz kənd təsərrüfatı məhsulları ilə təmin etməkdədirlər.

Bu gün bazarlarda, ən iri supermarketlərdə artıq geni dəyişdirilmiş məhsullara rast gəlinmir, əksəriyyət öz yerli məhsullarımızdır. Amma bunlar heç də arxayınçılığa, durub sakitcə dayanmağa əsas vermir və verməməlidir. Bu istiqamətdə növbəti addımlar atılmalıdır. Təbii ki, hər bir addımın araxasında da hüquqi baza olmalıdır. Odur ki, qida təhlükəsizliyi ilə bağlı qanunun hazırlanması və qəbul olunmasını zəruri edən məqamlar da məhz bunlardır. Bu baxımdan da, çox güman ki, yaz sessiyası dövründə ən azı həmin qanun layihəsinin hazırlanması və ilkin müzakirələrinin keçirilməsi mümkün olacaq.

eldar-3

-Bununla yanaşı, komitənizin gündəmində olan məsələlərdən biri “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” qanun layihəsidir ki, bunun da ərtafında iki ildən artıqdır müzakirələr gedir…

-Bilirsiniz, hər bir sahədə olduğu kimi, sığorta kənd təsərrüfatında da vacib məsələlərdəndir.  Bu baxımdan, əgər “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” qanun layihəsi müzakirələrə çıxarılaraq, qəbul edilərsə, müsbətə doğru addım atılmış olar, sahibkarlar, fermerlər bundan yararlanarlar. Düzdür,  belə bir qanun 2002-ci ildə qəbul olunub və bu gün də qüvvədədir. Lakin müasir dövrün tələblərinə cavab vermir və onun əsaslı surətdə təkmilləşməsinə ehtiyac vardır. Onu da qeyd etmək lazımdır ki, bu qanun maliyyə tutumu çox olan qanunlardan hesab olunur. Belə ki, ölkəmizdə subasma hadisəsi baş verir, dolu düşür, sel, daşqın yaşanır və digər neqativ təbiət halları olur. Belə olan halda sahibkarlara dəyən ziyan sığorta şirkətləri tərəfindən ödənilər. Yəni hansısa fövqəladə hadisə ilə bağlı fermerlərə, sahibkarlara ziyan dəyərsə, onlar tezliklə bu ziyandan, zərərdən qurtula, öz işlərini daha yüksək səviyyədə,  yüksək templə davam etdirə bilərlər. Ona görə də hesab edirəm ki, yaz sessiyasında belə bir qanun layihəsinin müzakirələrə çıxarılması və qəbulu çox məqsədəmüvafiq olardı.

eldar-5

-Səhv etmiriksə, “Meliorasiya və irriqasiya haqqında” qanunla bağlı da müəyyən yeniliklər gözlənilir…

– Adıçəkilən qanunun da yenilənməsinə, müasir dövrün reallıqlarına cavab verməsinə ehtiyac duyulur. Hazırda belə bir qanun mövcuddur, amma onun qəbulundan 23 ilə yaxın vaxt keçir. Bu qanun birinci çağırış parlamentin dövründə qəbul edilib və 1996-cı ilin 5 iyun tarixində Ulu öndər Heydər Əliyevin imzası ilə hüquqi qüvvəyə minib. Həmin dövrdən də bizi böyük zaman məsafəsi ayırır. Ötən illər ərzində digər sahələrdə olduğu kimi, bu sahədə də böyük inkişafın baş verdiyi hamımızın gözü qarşısındadır. Odur ki, indi həmin sahəni tənzimləyən qanunun da dövrün tələblərinə, çağırışlarına uyğun olaraq,  yenilənməsinə, təkmilləşməsinə ehtiyac yaranıb. Odur ki, yaz sessiyasında həmin qanunla da bağlı dəyişiklikləri özündə ehtiva edən yeni qanun layihəsinin müzakirələrə təqdim edilməsi və qəbulu gözlənilir.

Təbii ki, gündəmə başqa qanun layihələri də gələ bilər ki, onlar da zamanı, məqamı çatanda cəmiyyətə, mediaya açıqlanacaq. İndidən nəsə demək düzgün olmaz.

Etikxeber.az

Read Previous

Fermerlərə 24392,9 min manat subsidiya ödənilməsi barədə qərar qəbul edildi

Read Next

Əsərlərimi əsasən internet şəbəkəsi vasitəsilə təqdim edirəm – BƏSTƏKAR-DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir