Bu gün həm də canlı əfsanə Zeynəb xanımın günüdür… – FOTOLAR

Bu gün SSRİ-nin və Azərbaycanın Xalq Artisti, dünya şöhrətli müğənni Zeynəb Xanlarovanın doğum günüdür.

Etikxeber.az-ın xəbərinə görə, 1936-cı ilin dekabr ayının 28-də Bakıda dünyaya göz açan Zeynəb Xanlarova hala uşaqlıq illərindən musiqiyə böyük həvəs göstərib.

zeynab-5

Z.Xanlarova 1956-cı ildə M.Ə.Sabir adına Bakı Pedaqoji Məktəbini, 1961-ci ildə isə A.Zeynallı adına Bakı Musiqi Texnikumunu bitirib. Elə həmin ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti kimi çıxış edib. O, əvəzsiz ifaçı olmasını Opera və Balet Teatrının səhnəsində yaratdığı bir-birindən maraqlı, bənzərsiz rollarla çoxdan təsdiqləyib. Onun Leylisi, Əslisi, Şahsənəmi teatr tariximizdə əbədi qalacaq obrazlardır. Sənətkar heç vaxt uğurları ilə kifayətlənməyib. Onun repertuarını xalqımızın milli kimlik pasportuna çevrilmiş muğamlarımız, təsnif və xalq mahnıları, böyük bəstəkarlarımız Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev, Cahangir Cahangirov, Arif Məlikov, Ələkbər Tağıyev, Emin Sabitoğlu və başqalarının, eləcə də Şərq xalqlarının mahnıları bəzəyir.

zeynab-1

Onu da qeyd edək ki, Zeynəb Xanlarovanın XX əsr Azərbaycan ifaçılığında bəlkə də heç kəsin yüksələ bilməyəcəyi bir sənət zirvəsi var. Bu ecazkar səs, bu sənət gələcək nəsillərə, əsrlərə ünvanlanıb.

Xalqımızın istəklisi Zeynəb Xanlarovanın klassik xanəndələrimizin yaradıcılıq ənənələrinə əsaslanan müğənnilik sənəti milli musiqimizdə bir yenilikdir. Bu yenilik muğam, xanəndəlik sənətinə münasibətdə, səhnə davranışında, mahnı ifaçılığında özünü qabarıq göstərir.

Zeynəb Xanlarova üz tutduğu, konsert proqramları ilə çıxış etdiyi hər bir məmləkətə təkcə özünü və Tanrının ona bəxş etdiyi səsini aparmır, o, həm də həmin ünvanlara Azərbaycanı aparır. O, öz Vətəninin, xalqının adını, şöhrətini yaxın-uzaq ellərdə zirvələrdən-zirvələrə qaldırmaq üçün bu yola çıxmışdır, bəlkə də bu səbəbdən harada olursa, orada tükənməz bir Azərbaycan sevgisi qoyub gəlir.

zeynev ve bahar

Əvvəllər qadın xanəndələrin repertuarında əsasən “Şahnaz”, “Qatar” muğamları yer alırdı. Çünki bu muğamlar tessitura cəhətdən zil, diapazonca məhdud, həcmcə yığcamdır. Lakin Zeynəb Xanlarova bu ənənəni cəsarətlə pozub, qadınlar arasında ilk dəfə “Çahargah” kimi geniş monumental dəstgah oxuyub və böyük yaradıcılıq müvəffəqiyyətinə nail olub. Zeynəb Xanlarovanın ifasında bu muğam yeni başlanğıc, yeni nəfəs kimi dəyərləndirilirdi. Bütün muğamsevərlər və ustad sənətkarlar onun ifasındakı “Çahargah”ı yüksək qiymətləndirməklə yanaşı, bu səsin sahibinin gələcəkdə böyük sənətkar olacağına inamlarını böyük cəsarətlə bildirirdilər. Zeynəb Xanlarova bu inamı doğrultmağı bacardı və bir daha sübut etdi ki, çəkilən zəhmət mütləq bir gün öz bəhrəsini verəcək. O, “Çahargah”la yanaşı, “Şur”, “Dilkəş” təsniflərini, “Mahur-hindi”, “Qatar”, “Xaric segah”, “Hümayun”, “Bayatı-kürd” muğamlarını ciddi-cəhdlə öyrənib oxuyub. Bu, onun üçün adi yaradıcılıq prosesi deyil. Zeynəb Xanlarova əsl novator ifaçı kimi hər bir musiqi əsərini tamamilə yeni səpkidə oxuyur. Bu səbəbdən onun muğam ifaçılığındakı üstünlüyü danılmazdır.

zeyneb

Zeynəb Xanlarova bu uğurlara heç də birdən-birə nail olmayıb. Bu uğurların, böyük tamaşaçı sevgisinin kökündə yorulmadan, usanmadan çəkilmiş zəhmət dayanır. Zeynəb Xanlarova Azərbaycan xanəndəlik sənətinin, vokal ifaçılığının qüdrətli nümayəndələrinin yaradıcılıq çeşməsindən bəhrələnib. Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Xan Şuşinski, Həqiqət Rzayeva və digər sənət korifeyləri onun yaradıcılıq yolunda örnək, məhək daşı rolunu oynayıblar. Zeynəb Xanlarova böyük sənətkarların hər birinin ifaçılıq üslubunu mənimsəyib, lakin böyük istedadı, iradəsi hesabına heç vaxt təqlid yolunu seçməyib.

zeyneb-1

Onun zəhməti həm qədirbilən xalqımız, həm də dövlətimiz tərəfindən həmişə yüksək dəyərləndirilmişdir. Zeynəb Xanlarova tək-tək sənətkarlara nəsib olan bütün fəxri adların hamısına layiq görülüb. Dövlət mükafatı laureatıdır. Bununla yanaşı, Yəmən, Əfqanıstan, Əlcəzair, Türkiyə və bir sıra başqa ölkələrdə yüksək təltiflər qazanıb. Sinəsini neçə-neçə orden bəzəyir – keçmiş SSRİ-nin “Şərəf nişanı”, “Xalqlar dostluğu” ordenləri. Bütün dünyada məşhur olan “Melodiya” firmasının “Qızıl val” mükafatı da sənətkarın bənzərsiz istedadına, zəngin yaradıcılığına verilən layiqli qiymətdir. Onun üçün isə ən yüksək, ən ali mükafat müstəqil Azərbaycanın “Şöhrət” və “İstiqlal”, “Heydər Əliyev” ordenləridir.

zeyneb-4

Z.Xanlarova 1985-ci ildən Azərbaycan parlamentinin deputatıdır. O, 1985 və 1990-cı illərdə Azərbaycan SSRİ Ali Sovetinin deputatı olub, 1995-ci ildən isə müstəqil Azərbaycanın, Milli Məclisin deputatı, ən əsası XALQININ, MİLLƏTİNİN VƏKİLİDİR. Zeynəb xanım parlamentdə az danışan, ancaq loru dillə ifadə olunsa, saz danışan və çox iş görən MİLLƏTİNİN VƏKİLLƏRİNDƏNDİR…

zeyneb-3

Təkcə doğulduğu zamanın deyil, bütün zamanların sənətkarı olan Zeynəb Xanlarovaya biz də  oxucularımız, izləyicilərimiz adından cansağlığı arzulayırıq.

Doğum gününüz mübarək olsun, əzizimiz Zeynəb xanım!

Etikxeber.az

Read Previous

“Sizləri çox sevirəm…” – ƏMƏKDAR ARTİST

Read Next

2018-ci il Qarabağ münaqişəsinə nə vəd edir? – RƏYLƏR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir