Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün İkinci Vətən Müharibəsi Şəhidlərindən daha bir neçəsinin-Goranboylu Nofəl Xaliq oğlu Nuriyevlə Ağdaşlı Yusif Elton oğlu Nəbiyevin Anım günləri, Şamaxılı Şahadət Qalib oğlu Üsüfovla Bakılı Aslan Vəliyəddin oğlu Abbasovun isə Şəhadətə ucaldığı günlərdir.
10 oktyabr 2025-ci il tarixində adları çəkilən Şəhidlərdən ikisinin-Nofəl Nuriyevlə Yusif Nəbiyev Əbədiyyətə uğurlanmalarından beş il keçir.
Şahadət Üsüfov 11 oktyabr, Aslan Abbasov isə 12 oktyabr tarixlərində torpağa tapşırılıblar.

Etikxeber.az xəbər verir ki, Nofəl Nuriyev 1988-ci ilin yanvar ayının 9-da Qızılhacılı qəsəbəsində dünyaya gəlib.
Ailədə iki övlad-bir bacı, bir qardaş olublar.
Nofəl orta məktəbi bitirdikdən sonra Mingəçevir şəhərində yerləşən Tibb Kollecində təhsil alıb.
2011-ci ildə ailə həyatı quran Nofəl 3 övlad, iki qız, bir oğul atası idi.
Evin tək oğlu olan Nofəlin Güllü, Ayşə və Ali adlı övladları var.
Hər iki qızı orta məktəbdə oxuyurlar.
Oğlu Ali isə məktəbəqədər hazırlığa gedir.
2016-cı ilin Aprel döyüşlərinin iştirakçısı olan Nofəl Nuriyev İkinci Vətən Müharibəsi zamanı-2020-ci ilin sentyabrın 29-da Şəhid olsa da, bir müddət onun nəşini neytral ərazidən götürmək mümkün olmayıb.
Yalnız 11 gündən sonra, oktyabrın 10-da nəşini “neytral”dan götürmək mümkün olub.
Elə həmin gün-10 oktyabr 2020-ci il tarixində də Qızılhacılı (Balakürd) qəbiristanlığındakı Şəhidlər Xiyabanında dəfn olunub.
Şəhidliyindən sonra “Vətən uğrunda”, “Laçının azad olunmasına görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Valideynləri isə övladlarının ölkənin ali ordenlərindən biri ilə təltif olunmasını istəyir və tələb edirlər.
Bu yerdə qeyd edək ki, Nofəl Nuriyevin xalası oğlu İlkin Vəliyev də İkinci Vətən Müharibəsi Şəhididir.
İlkin Nofəlin Əbədiyyətə uğurlanmasından 16 gün sonra Şəhid olub və 2020-ci ilin oktyabr ayının 26-da torpağa tapşırılıb.
Qızılhacılı qəsəbəsində hazırda adını daşıyan küçə var.
***

Aslan Abbasov 1995-ci ilin 25 dekabr tarixində Bakı şəhərində dünyaya gəlib.
Ailənin iki övladından biri, evin tək oğlu, tək bacının tək qardaşı olub.
Orta məktəbi bitirdikdən bir müddət sonra-2014-cü ildə həqiqi hərbi xidmətə yollanıb və 2015-ci ildə Əsgərliyini başa vuraraq, evinə-ailəsinə dönüb.
Müxtəlif sahələrdə çalışıb.
İkinci Vətən Müharibəsi zamanı isə oktyabr ayının 1-də səfərbərliyə cəlb olunub.
Şərəfli döyüş yolu 9 gün çəkib.
Oktyabr ayının 10-da isə Tərtər-Ağdərə istiqamətində qəhrəmancasına Şəhidlik məqamına yüksəlib.
Nəşi 2 gün sonra, 12 oktyabr 2020-ci ildə Binə qəsəbəsinin Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Şəhidliyindən sonra 3 medalla-“Vətən uğrunda”, “İgidliyə görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Anası Zöhrə xanım isə övladının həm də ölkənin ali ordenlərindən biri ilə təltif olunmasını istəyir.
O, subay idi.
***
Şahadət Üsüfov 2000-ci ilin dekabr ayının 13-də Şamaxı rayonunun Dağ Göylər kəndində sadə bir ailədə dünyaya gəlib.
Ailənin dörd övladından, üç qardaşdan biri olub, böyük qardaşına babasının adı-Comərd, kiçik qardaşına Hekayət və tək bacılarına isə Ləman adı qoyulub.
2006-2017-ci illərdə Dağ Göylər kəndində yerləşən Ə.Məmmədov adına tam orta məktəbi oxuyub və orta məktəbi bitirdikdən bir müddət sonra Əsgərliyə, həqiqi hərbi xidmətə yollanıb.
Əsgərliyini başa vurar-vurmaz, 2020-ci ilin iyul ayından yenidən həyatını Ordu, hərb ilə bağlayıb, Xüsusi Təyinatlı Qüvvələrdə (XTQ) MAXE kimi fəaliyyətə başlayıb.

İkinci Vətən Müharibəsinin ilk saniyələrindən də döyüşlərə atılıb, Kəlbəcər-Füzuli-Hadrut-Xocavənd istiqamətlərində 14 günlük döyüş yolu keçib.
Axırıncı dəfə ayın-oktyabrın 7-si axşam və 8-i səhər tezdən ailə üzvləri, valideynləri ilə danışıb, ayın 8-dən sonra onunla əlaqə saxlamaq mümkün olmayıb.
Və oktyabrın 10-u günü Hadrut istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb və Şəhidlik xəbəri ailəsinə elə həmin gün-axşam saatlarına yaxın verilib.
Nəşi bir gün sonra-11 oktyabr tarixində kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb…
Şəhidliyindən sonra Ali Baş Komandan tərəfindən-“Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Rəşadət” ordeni, eyni zamanda, Müdafiə naziri tərəfindən “Şücaətə görə” medalı ilə təltif olunub…
Eyni zamanda, Dağ Göylər kəndində adına küçə verilib.
Həmçinin, Çöl Göylər kənd orta məktəbinə Şahadət Üsüfovun adının verilməsi ilə bağlı vəsatət qaldırılıb.
Şəhidin dayısı-əslən Sabirabad rayonunun Kovlar kəndindən olan Zaur Balahüseyn oğlu Hüseynov da Şəhiddir.
O, cəmi 18 yaşında, dörd ayının Əsgəri kimi 1993-cü ildə-Birinci Qarabağ Savaşında Şəhid olub, itkin düşüb.
***
Yusif Nəbiyev 2002-ci ilin may ayının 27-də Ağdaş rayonunun Aşağı Zeynəddin kəndində çox kasıb bir ailədə dünyaya gəlib…
Ailənin iki övladından, iki qardaşdan biri olub…
Ondan 4 yaş böyük olan qardaşı hazırda ailəlidir…
Əvvəlcə öz kəndlərində, sonra Ağdaşda orta məktəbdə oxuyub…
Orta məktəbi bitirdikdən bir müddət sonra, 2020-ci ilin yayında isə Əsgərliyə yollanıb, Ağcabədi istiqamətində yerləşən “N” saylı hərbi hissədə xidmətə başlayıb…
İkinci Vətən Müharibəsi başlayan zaman cəmi 3 ayın Əsgəri olub…
Axırıncı dəfə ailəsi ilə oktyabrın 7-də danışıb…
Şərəfli döyüş yolu 13 gün çəkib və oktyabrın 9-da, səhər saatlarında Füzuli istiqamətində Şəhidlik məqamına ucalıb…


Şəhidliyi xəbəri isə ailəsinə 10-u günü tezdən verilib və elə həmin gün kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb…
Şəhidliyindən sonra 3 medalla-“Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub…
Şəhidliyindən sonra yaşadıqları küçəyə adı verilib…
O, həm də subay olub…
Yusif eyni zamanda, Aşağı Zeynəddin kəndinin yeganə İkinci Vətən Müharibəsi Şəhididir.
Məkanları cənnətlik olsun!
Nurlar içində yatsınlar!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





