“Bu gün kənardan baxdıqda görürük ki…” – MEHMET CAHİT TURHAN – FOTO – YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 3-də İran İslam Respublikasının Rabitə və İnformasiya Texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhrominin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi.

Etikxeber.az xəbər verir ki, nümayəndə heyətinin üzvlərini salamlayan Prezident İlham ƏLİYEV dedi:

– Xoş gəlmisiniz. Sizi yenidən görməyə şadam. Şadam ki, İran sərgidə yüksək səviyyədə – nazir səviyyəsində iştirak edir. Keçən dəfə də sərgi günlərində sizinlə görüşmüşəm. Əminəm ki, bütün sahələrdə olduğu kimi, rəhbərlik etdiyiniz sahədə də əməkdaşlığımızın gələcəyi çox yaxşı olacaq.

Bildiyiniz kimi, oktyabrın sonunda Prezident Ruhani ilə mənim görüşüm olub. Bizim görüşlərimiz müntəzəm olaraq keçirilir. Son bir neçə il ərzində 10-dan çox görüş oldu. Onların hamısı da çox məhsuldar idi. Bir çox məsələlər öz həllini tapdı. Şadam ki, əldə edilmiş razılaşmalar həyatda öz əksini tapır.

Bu gün bizim Baş Nazirin müavini Şahin Mustafayev İranda səfərdədir və gələcək əməkdaşlıq haqqında danışıqlar aparacaq. Əlbəttə, baxmayaraq ki, bir çox məsələlər artıq reallaşıb, yenə də həllini gözləyən məsələlər var. Əminəm ki, onlar da öz həllini tapacaq. Son illərdə, xüsusilə nəqliyyat, energetika, ticarət sahələrində çox yaxşı nəticələr əldə etdik. Eyni zamanda, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalandı. Bu da tarixi nailiyyətdir. Bir sözlə, ikitərəfli gündəlik kifayət qədər genişdir. Bu il ikitərəfli əlaqələr üçün çox məhsuldar il olmuşdur. Əminəm ki, 2020-ci il də əməkdaşlıq üçün uğurlu olacaq. Bir daha xoş gəlmisiniz.

İranın Rabitə və İnformasiya Texnologiyaları naziri Nazir Məhəmməd Cavad Azəri CƏHROMİ dedi:

– Allahın adı ilə. Mən çox şadam ki, bu il yenidən bu sərgi çərçivəsində, Azərbaycana səfərim çərçivəsində Sizinlə görüşürəm. Bizə vaxt ayırdığınıza görə Sizə təşəkkür edirəm. Bu günlərdə bizim ölkədə büdcə müzakirələri gedir. Mən səhər-axşam büdcə müzakirələrində, iclaslarda iştirak edirəm. Dünən axşam cənab Prezident doktor Ruhani ilə danışırdım. Ona dedim ki, mən Azərbaycana səfər edirəm və Sizə xüsusi salamlarını çatdırdı. Cənab Şahin Mustafayev ilə də biz dünən axşam aeroportda görüşdük və on dəqiqəlik söhbətləşdik, müzakirələr apardıq.

Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İran Prezidentinə çatdırmağı xahiş etdi.

***

İlham Əliyev dekabrın 3-də Türkiyə Respublikasının Nəqliyyat və İnfrastruktur naziri Mehmet Cahit Turhanın başçılıq etdiyi nümayəndə heyətini də qəbul eti.

Prezident İlham ƏLİYEV dedi:

-Çox şadam ki, “Bakutel” sərgisində iştirak edirsiniz. Biz çox məmnunuq ki, Türkiyə bu sərgidə yüksək səviyyədə, nazir səviyyəsində iştirak edir. Bu, çox önəmli bir tədbirdir, uzun illər ərzində ənənəvi olaraq keçirilir. Əlbəttə ki, həm Azərbaycanın bu sahədəki nailiyyətlərini nümayiş etdirir və dost ölkələrin də texnoloji inkişafını əks etdirir.

Bildiyiniz kimi, hörmətli Prezident, əziz qardaşım Rəcəb Tayyib Ərdoğanla biz bu günlərdə TANAP-ın açılışını qeyd etdik. Bu, bir daha Türkiyə-Azərbaycan dostluğunu ifadə edir. Bu, dostluq layihəsidir. Çünki Türkiyə və Azərbaycan birgə iradə göstərmişdir. Bildiyiniz kimi, Azərbaycan qazını Avropaya çıxarmaq üçün uzun illər müzakirələr gedirdi, Nabukko layihəsi üzərində dayanmışdılar. Ancaq onun texniki və maliyyə tərəfi həll edilməmişdi. Əslində, biz bir neçə il itirdik. Nəhayət, 2012-ci ildə birgə qərarla tarixi İstanbul anlaşması imzalandı və TANAP-a yol açdı. Onu da bildirməliyəm ki, TANAP-ın inşasında iştirak edən şirkətlərin böyük əksəriyyəti Türkiyə şirkətləridir. İşlərin təqribən 80 faizini Türkiyə şirkətləri görüb. Biz artıq bu nəhəng, böyük layihəni istismara verdik. Bu, doğrudan tarixi nailiyyətdir.

Sizin rəhbərlik etdiyiniz sahədə də çox uğurlu əməkdaşlıq aparılır. Əlbəttə, ilk növbədə, biz Bakı-Tbilisi-Qars dəmir yolunun inşasını qeyd etməliyik. Bu da tarixi layihədir. Azərbaycan Türkiyə üzərindən Asiya ilə Avropanı dəmir yolu ilə birləşdirdi. Bunu da tarixdə ilk dəfə olaraq biz icra etmişik. İndi yüklərin daşınması da artır. Hazırda Orta Asiya ölkələrindən, Çindən, hətta Əfqanıstandan yüklər bu yolla dünya bazarlarına çıxarılır. Əlbəttə ki, bu, Türkiyə-Azərbaycan birliyi, dostluğu sayəsində mümkün olmuşdur. Bu, bizim mövqelərimizi möhkəmləndirir, gücümüzü artırır. Əminəm ki, bu yol əbədi çalışacaq və daşınan yüklərin həcmi artacaqdır.

Bir də ki, Türkiyədə texnoloji inkişaf çox sürətlə gedir. Biz bunu izləyirik, buna sevinirik. Sənaye sahəsində, informasiya texnologiyaları sahəsində çox böyük uğurlar əldə edilib. Türkiyədə elmi potensial da çox güclüdür. Əlbəttə ki, biz bu sahədə də daha sıx əməkdaşlıq etmək istəyirik. Çünki dünyanın gələcək inkişafı böyük dərəcədə bu innovasiyalardan, texnoloji inkişafdan asılıdır. Burada birgə elmi araşdırmalar, tətbiqi tədbirlər əlbəttə ki, bizim əməkdaşlığımızı daha da gücləndirəcək. Bir sözlə, qarşıda işlər çoxdur. Əminəm ki, biz bütün işləri TANAP, Bakı-Tbilisi-Qars kimi vaxtında icra edəcəyik.

Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Mehmet Cahit TURHAN dedi:

– Azərbaycanın qlobal səviyyədə təşkil etdiyi “Bakutel” sərgisi ilə əlaqədar bir daha qardaş ölkədə olmaqdan məmnunluq duyduğumu ifadə etmək istəyirəm.

İşlərinizin çoxluğuna baxmayaraq, bizi qəbul etdiyiniz üçün də təşəkkürlərimi bildirmək istəyirəm.

Sizə hörmətli Prezidentimizin salamlarını gətirmişəm.

Fürsətdən istifadə edərək, indiyədək çox uğurlu şəkildə həyata keçirilən və beynəlxalq səviyyədə etibarı yüksək olan Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi – “Bakutel”in 25-ci ildönümünü şəxsən öz adımdan, hökumətimiz və türk milləti adından ən səmimi hisslərimlə təbrik edir və bundan sonrakı fəaliyyətinizdə də uğurlar diləyirəm.

Azərbaycan Sizin rəhbərliyinizlə bütün sahələrdə mühüm islahatlar həyata keçirir, ciddi irəliləyişlər əldə edir. Əldə olunan hər irəliləyişdən, hər uğurdan məmnunluq duyuruq. Azərbaycanın bu uğurları artırmaqda və bölgəmizin parlayan ulduzu olmaqda davam edəcəyinə ürəkdən inanırıq.

Bu gün kənardan baxdıqda görürük ki, Azərbaycan siyasi və ictimai sabitliyi iqtisadi və bəşəri zənginliyə çevirmişdir. Qardaş xalqlarımız ümummilli lider mərhum Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı ilə güclərini ölkələrimizin və bölgəmizin faydasına uyğun olaraq birləşdirmişlər.

Sarsılmaz təməl üzərində qurulmuş əlaqələrimiz böyük bir mərhələ keçərək strateji tərəfdaşlıq səviyyəsinə çatdırılmışdır. Həqiqətən də bir çox sahədə birlikdə mühüm layihələr gerçəkləşdiririk. Bakı-Tbilisi-Ceyhan xam neft boru kəməri və Bakı-Tbilisi-Ərzurum təbii qaz boru kəməri kimi iki böyük, mühüm layihəni həyata keçirərək qlobal və regional baxımdan enerji strategiyamızı da inkişaf etdirdik. Bundan başqa, XXI əsrin layihəsi olan 45 milyard dollarlıq Cənub Qaz Dəhlizi layihəsi xüsusilə Azərbaycanın və Türkiyənin səyləri və maliyyə mənbələri hesabına gerçəkləşdirilməyə başlanmışdır.

Möhtərəm cənab Prezident, hörmətli Prezidentimiz ilə Sizin əhəmiyyətli töhfəniz və güclü iradənizlə başladılan bu layihələr Türkiyə və Azərbaycan üçün yeni imkanlar olaraq ortaq gücə çevrilmək hədəfinə mühüm dəstək təmin etməkdədir.

Böyük öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın acısı acımız, sevinci sevincimizdir” və ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamlarından hərəkət edərək Türkiyə və Azərbaycan bu günə qədər olduğu kimi, bundan sonra da hər sahədə bir-birinin yanında yer almaqda davam edəcəklər. Bundan sonra bizim öhdəmizə düşən vəzifə kədəri də, sevinci də ortaq olan qardaş ölkələrimiz arasındakı strateji tərəfdaşlığı cənab Prezidentimiz və Zati-alinizin liderliyi ilə yeni layihələrlə daha da irəlilətməkdir.

Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə dövlətinin başçısına çatdırmağı xahiş etdi.

Etikxeber.az

 

Read Previous

Millət vəkilləri – 5-Cİ ÇAĞIRIŞDA SONUNCU DƏFƏ TOPLAŞDILAR? – YENİLƏNİB – (3)

Read Next

“Seçkilərdə iştirakın üstün və mənfi cəhətləri, boykotun üstün və mənfi cəhətləri var” – “MÜSAVAT”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir