“Bu gün neofaşist meyillərin güclənməsi haqlı narahatlıq yaradır…”-SAHİBƏ QAFAROVA – FOTOLAR

Mayın 7-də Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının Beynəlxalq məsələlər komitəsinin təşkilatçılığı ilə Böyük Vətən Müharibəsində Qələbənin 75-ci ildönümünə həsr olunmuş videokonfrans keçirilib.

Milli Məclis Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Etikxeber.az-a bildiriblər ki, videokonfransda çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarova Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi münasibətilə videokonfransın keçirilməsinin əhəmiyyətini qeyd edib, bu tədbirə dəvət üçün minnətdarlığını bildirib.

Sədr diqqətə çatdırıb ki, bu günlərdə hamımız üçün çox əlamətdar olan tarixi bir günü – Qələbə Gününü qeyd edirik. Biz öz ölkəsinin azadlığı uğrunda canlarından keçmiş insanları böyük minnətdarlıq hissi və ağrı ilə xatırlayırıq. Mənim ölkəmin, Azərbaycanın bu Qələbəyə verdiyi töhfəni dəyərləndirməmək mümkün deyil. Burada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin çıxışlarından birində söylədiyi fikir yada düşür: “Tarix bu gün də bilməlidir ki, Azərbaycanın İkinci Dünya müharibəsində xidmətləri, fəaliyyəti və rolu çox böyük olmuşdur”.

Sədr xatırladıb ki, Sovet İttifaqında, haqlı olaraq, əsas yanacaq tədarükçüsü kimi tanınan Azərbaycan Qızıl Ordunun çox güclü yanacaq bazasına çevrilmişdi. Böyük Vətən Müharibəsində Azərbaycan cəbhəyə 75 milyon ton neft göndərmişdir ki, bu da böyük Qələbənin əldə olunmasında əhəmiyyətli rol oynamışdır.

Azərbaycan milli diviziyaları alman-faşist qoşunlarının darmadağın edilməsində – 77-ci diviziya Polşa və Çexoslovakiyanın, 223-cü diviziya Yuqoslaviyanın azad olunmasında böyük rol oynamış, məşhur 416-cı Taqanroq Azərbaycan milli diviziyası isə Qafqazdan Berlinədək şanlı yol keçmişdir.

Sahibə Qafarova qeyd edib ki, 130-dan çox Azərbaycan nümayəndəsi Sovet İttifaqı Qəhrəmanı kimi ən yüksək ada layiq görülmüşdür. 30 nəfər “Şərəf” Ordeninin hər üç dərəcəsi ilə, 170 min insan isə müxtəlif orden və medallarla təltif olunmuşdur. Bu statistik göstəricilər Azərbaycan xalqının qəhrəmanlığını bir daha təsdiqləyir. O illərdə Azərbaycan zəhmətkeşləri böyük fədakarlıq göstərmişlər. Arxa cəbhədə, Azərbaycanın sənaye müəssisələrində 130 adda silah və sursat istehsal olunub. Əlbəttə ki, bu, Qələbənin qazanılmasına böyük töhfə olub.

Milli Məclisin Sədri təəssüflə onu da bildirib ki, son zamanlar bir sıra qüvvələr İkinci Dünya müharibəsində Hitler qoşunlarının darmadağın edilməsində Sovet İttifaqının rolunu inkar etməyə cəhd edirlər. Bu, qəbuledilməz və yolverilməzdir. Biz, siyasətçilər, o cümlədən dünya ictimaiyyəti həqiqətin qorunmasında əzmli olmalıyıq.

Sədr qeyd edib ki, bu gün neofaşist meyillərin güclənməsi haqlı narahatlıq yaradır. Axı, bizə elə gəlirdi ki, faşist ideologiyasına birdəfəlik son qoyulub və bir daha bu hal təkrarlanmayacaq. Ancaq təəssüf ki, biz tarixin saxtalaşdırılması ilə yanaşı, faşizmin və onun təhrikçilərinin qəhrəmanlaşdırılması prosesini müşahidə edirik. Məsələn, Ermənistan respublikasında nasist Qaregin Njdeyə milli qəhrəman kimi abidənin ucaldılması faktı bizi narahat etməyə bilməz. Biz hesab edirik ki, faşizm bütün bəşəriyyət tərəfindən qınandığına görə belə hallara dözümlülük göstərmək olmaz. Biz qəlbən inanırıq ki, bu müharibədə şərəfli döyüş yolu keçmiş əsgərlərin xatirələrdən silinməyən qəhrəmanlığı və şücaəti gələcək nəsillər üçün əsl vətənpərvərlik nümunəsi olacaq.

Sahibə Qafarova vurğulayıb ki, bizim ölkəmizdə İkinci Dünya müharibəsi veteranlarına diqqət və hərtərəfli qayğı dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən müharibə veteranlarına qayğının göstərilməsi və onların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı imzalanmış çoxsaylı sərəncamlar buna parlaq misaldır.

Parlamentin Sədri bu günlərdə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən “Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi” yubiley medalının təsis edilməsi ilə əlaqədar qanunun qəbul olunduğunu vurğulayıb.

Sədr çıxışının sonunda tədbir iştirakçılarını yaxınlaşmaqda olan Böyük Qələbə Günü münasibətilə təbrik edib, ölkələrinə sülh və əmin-amanlıq arzulayıb.

Videokonfransda çıxış edən Belarus, Özbəkistan, Qırğızıstan, Moldova respublikalarının parlament sədrləri və digər iştirakçılar Böyük Vətən Müharibəsində Qələbənin 75-ci ildönümü münasibətilə öz fikirlərini söyləyiblər.

Bununla da Böyük Vətən Müharibəsində Qələbənin 75-ci ildönümünə həsr olunmuş videokonfrans başa çatıb.

Etikxeber.az

Read Previous

“Milli xainlərin də üzünü gördük: Kasıbın malına, ərzaq payına göz dikən xaindir, bunun başqa adı yoxdur”-Prezident və birinci xanım Bakıda modul tipli ilk xəstəxana kompleksinin – AÇILIŞINDA – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

“İyunun 1-dən dərslərin bərpası və uşaq bağçalarının açılması nəzərdə tutulmur”- TƏHSİL NAZİRİ VƏ DİM RƏHBƏRİ MƏTBUAT KONFRANSI KEÇİRDİ, ALİ MƏKTƏBLƏRƏ QƏBUL İMTAHANLARININ VAXTI AÇIQLANDI – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir