“Müharibədən qaçanları açıq ürəklə qəbul etməyə davam edəcəyik”- YENİLƏNİB

Azərbaycanda Qurban bayramı qeyd olunur.

Etikxeber.az xəbər verir ki, bu il Azərbaycanda Qurban bayramı sentyabrın 12-də və 13-də qeyd edilir.

Qeyd edək ki, Qurban bayramı və ya Dini qurban kəsmə bayramı — İslam aləmində ən müqəddəs bayramlardan biridir. Bütün müsəlman aləmində hər il hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günündən başlayır və adətən üç gün davam edir. Mərasimlərdə qoyun, qoç, inək, dana və ya dəvə kəsilir. Qurbanın bir hissəsindən din xadimlərinə pay göndərilir, bir hissəsi isə kasıblara paylanır. Hamıya bərabər pay verilir, qurban kəsən özü də bərabər pay götürə bilər. Ənənəyə görə dilənçi və kasıblar bayram günü ac qalmasınlar deyə bu gün mərasimlərə dəvət olunurlar.

Qurban bayramı ən qədim bayramlardandır. Dini qurban kəsmə mərasimi İslamdan da əvvəl mövcud olub, lakin o vaxtlar günahdan təmizlənmək, qəzəblənmiş Allahın könlünü almaq və s. nəzərdə tutulurdu.

Hicrinin (Məhəmməd Peyğəmbərin Məkkədən Mədinəyə köçməsinin) ikinci ilindən sonra dini qurban kəsmənin İslam aləmində başqa məqsədləri və səbəbləri yarandı. Belə ki, dini qurban kəsmə islam aləmində böyük ruh yüksəkliyi, dindarlıq, xeyriyyəçilik, başqalarına kömək etmək kimi əlamətlərə yiyələndi.[1]

Dini qurban kəsmə İbrahim Peyğəmbərin həyatında baş verən əhvalatdan sonra yaranmışdır. Belə ki, yuxuda Allah İbrahim peyğəmbərə oğlu İsmayılı qurban verməyi (onların Allaha imanını yoxlamaq üçün) əmr edir. İbrahim əsl dindar kimi Allahın əmrini yerinə yetirməyə hazır idi, İsmayıl özü də qurban olmağa razılaşır. Bu haqda Quranda yazılmışdır.

Allaha qəlbən yaxın və sadiq olduğunu sübut etmək istəyən İbrahim Peyğəmbər oğlu İsmayılı qurban kəsməyə hazır idi. Lakin uca Allah bunu öz elçisinə rəva bilmədi və qurbanlıq üçün ona bir qoç göndərdi. Buna görə də Qurbanlıq bayramında kəsilən qurbana “İsmayıl qurbanı” da deyirlər.

Çox sevdiyi balasını Allah yolunda qurban verməyə hazır olması peyğəmbərin Allah qarşısında imanının, səmimiliyinin və mütiliyinin bariz sübutudur. Odur ki, din tarixində dərin iz salmış bu hadisə Allaha inamın, dərin etiqadın nümunəsidir. Bu hadisə onu göstərir ki, insanlar Allahı sonsuz imanla sevməli və öz sevgilərində bu cür səmimi olmalıdırlar. Çətin anlarda Allahı da yada salıb, yaxşı zamanlarda Onu unutmaq möminə yaraşan hərəkət deyil!

Bu rəvayətin başqa bir fəlsəfi-əxlaqi mənası ondan ibarətdir ki, İslamda insanın Allah yolunda qurban kəsilməsi qəbul olunmur. İslama qədər bir çox dinlərdə insanları qurban vermə ayinlərinə rast gəlmək mümkündür. Məsələn, atəşpərəstlər insanı odda yandırırdılar. Onlar bu yolla Allaha yaxın olduqlarını göstərirdilər. Qədim Çində də insanları tanrılara qurban vermək adəti var idi. Bu ölkədə təbii fəlakətlərdən, daşqınlardan hifz olunmaq üçün uşaqları suya atırdılar…

Həmçinin qeyd edək ki, İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur. Azərbaycanmüstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli “Azərbaycan Respublikasının bayramları haqqında” Qanununa əsasən Qurban bayramı Azərbaycanda da dövlət səviyyəsində bayram edilir.

***

Qeyd edək ki,Qurban bayramı münasibətilə Azərbaycanın məscidlərində bu gün səhər saatlarında bayram namazı qılınıb.

Bakıda bayram namazı Əjdərbəy məscidində 08:00-da, Təzəpir məscidində isə 09:00-da baş tutub.

Təzəpir məscidində bayram namazı axund Hacı Mircəfər və Hacı İrşadın imam-camaatlığı ilə qılınıb.

Xatırladaq ki, sentyabrın 12-də və 13-də Azərbaycanda Qurban bayramı qeyd olunur.

***

Rusiya Prezidenti Vladimir Putin  də Qurban bayramı münasibətilə ölkə müsəlmanlarını təbrik edib.

Prezidentin təbrikində qeyd olunur ki, Qurban bayramı əsrlər boyu ölkənin müsəlman icmasının həyatında mühüm rol oynayıb, İslamın əbədi dəyərlərinə, adət-ənənələrə hörmət aşılayır. Təbrik məktubunda vurğulanır ki, Rusiyanın müsəlman icması ölkənin həyatında yaxından iştirak edir, gənc nəslin tərbiyəsinə, dinlərarası və millətlərarası dialoqun inkişafına töhfə verir.

***

Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obama və ailəsi də öz növbəsində İslam dünyasını Qurban bayramı münasibətilə təbrik edib.

Qurban bayramının yardım etmək baxımından önəmini vurğulayan Barak Obama qarşıdurmaların yaşandığı bir çox ölkədən milyonlarla insanın daha yaxşı həyat üçün başqa ölkələrə üz tutduğunu xatırladıb.

Obama təbrikində ABŞ-ın qaçqınları bundan sonra da qəbul edəcəyini bildirərək deyib: “Bu il Qurban bayramını qeyd edərkən dünyada milyonlarla qaçqının bu müqəddəs günləri ailələrindən uzaqda, gələcəklərinə əmin olmadan, ancaq yaxşı bir gələcək üçün ümidlə keçirdiklərini bilirik. Biz də özümüzü müharibədən qaçanların, daha yaxşı həyat axtaran insanların yerinə qoyaraq, onları açıq ürəklə qəbul etməyə davam edəcəyik”.

Bayramınız mübarək olsun!

Etikxeber.az

Read Previous

Çavuşoğlu: Bayram günlərində belə bu alçaqlar terrora davam edirlər- VİDEO- YENİLƏNİB

Read Next

“Azərbaycan-məmləkətim mənim!(2)”- FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir