“Bu gün sizə polis övladı kimi səslənirəm: Qanun, ədalət hamıya lazımdır, bu gün polisə hücum edənlər sabah hansı üzlə polisdən ədalət tələb edəcəklər?”-ƏNVƏR HAQVERDİYEV YAZDI

Son günlər məqsədyönlü şəkildə Azərbaycan polisini gözdən, hörmətdən salmaq üçün ona qarşı açıq hücumlar başlayıb və bu günlərdə də, davam etməkdədir.

Olmayan hadisələri olmuş kimi göstərməklə və yaxud da, hadisələri təhrif edərək, şişirtməklə polisin cəmiyyətdəki rolunu, nüfuzunu azaltmağa yönəlmiş bu addımlar heç şübhəsiz ki, Azərbaycan xalqına qarşı düşmən mövqedə duranların növbəti oyunudur. 

Çox təəssüf hissi ilə deməliyəm ki, cəmiyyətimizin bəzi nümayəndələri, öz məsuliyyətsizliklərini, xalqın taleyi ilə oynayaraq polisin üzərinə atmağa çalışırlar.

 Polis kimdir? Polislər başqa bir ölkədən, qitədən, cəmiyyətdən və yaxud da başqa bir planetdən gətirilməmişdir. Elə bir ailə, elə bir nəsil yoxdur ki, onun hər hansı bir nümayəndəsi polis və ya hansısa bir güc strukturunda, hüquq-mühafizə orqanında çalışmasın.

Kiminin atası, kimin oğlu, qardaşı… Deməli polislər bizim öz bağrımızdan çıxan, bizim keşiyimizdə dayanan insanlardır. Onlara qarşı hücumlar Azərbaycan xalqına qarşı edilmiş cinayətkar əməl kimi qiymətləndirilməlidir.

 Polis qanun pozucusu ilə necə davranmalıdır? Tabe olmayan, pozuculuq fəaliyyəti ilə məşğul olanları müdafiə edənlərin əsil məqsədləri nədir? Baxın biz cəmiyyət olaraq bu suallara cavab tapmalıyıq.

Bir neçə aydır,  virusla mübarizə dövründə, elə polislərimiz var hələdə istirahət günü yoxdur. Heç düşünən olubmu ki, onların psixologiyası necədir? Bəs onların ailələri, övladları?

Onların həyat yoldaşı da qorxa bilər. Gecələr boyu biz rahat evlərimizdə yatarkən, polislər qar,yağış, isti demədən çalışılar və hələ də xidmət davam edir. Bəzən polislərin ailəsi onlara zəng belə edə bilmir.

Elə narahat olurlar ki, atalarının, oğullarının, qardaşlarının taleyindən. Polisə hücum edənlər, təhqirlər yağdıranlar, o cahil cəsarətini özündə tapanlar vicdanları varsa onu qarşılarına qoyub düşünsün.

 Mən bu gün sizə polis övladı kimi səslənirəm. Polis qanunun keşikçisidir. Qanun, ədalət isə hamıya lazımdır. Bu gün polisə hücum edənlər sabah hansı üzlə polisdən ədalət tələb edəcəklər?

Polisimiz ən böyük sınaqlardan üzü ağ çıxmağı bacarıb. Onlar “20 Yanvar” hadisələrində Bakıda, Qarabağ hadisələrində bütün döyüş gedən ərazilərdə öz vəzifə borcunu ləyaqətlə yerinə yetirmişdir. Xatırlayıram atamın “20 Yanvar” günü uzun müddətdən sonra evə gəldiyini və polis mundirinin  altından keçən o güllənin yerini. Atam tam təsadüf nəticəsində sağ qalmışdı.

Bəs görəsən biz Xocalıda canını siper etmiş polis mayoru Əlif Hacıyevin xidmətlərini unutduqmu? Yaxud iki il əvvəl Gəncədə baş qaldıran dövlət çevirilişi etmək cəhdlərinin qarşısını alarkən şəhid olan iki yüksək çinli polis zabitimi yadımızdan çıxdı? Onlarla belə qəhraman polislərimizi nümunə gətirmək olar. Polisimiz bizim qürurumuzdur.

Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli mövqeyi və qayğısı nəticəsində Azərbaycan polisnin həm maddi texniki bazası, həm də milli-mənəvi ruh yüksəkliyi bütün dünya polislərinə nümunə ayıla bilər

 Ulu Öndər Heydər Əliyevin və cənab Prezident İlham Əliyevin xidmətləri sayəsində biz qısa zamanda Sovet milisindən milli Azərbaycan polisi yarada bilmişik. Bu gun Azərbaycan Polisi Azərbaycanın dövlət himnini şərəflə oxuyur, ona hörmətlə yanaşır və bununla qürur duyur. Azərbaycan polisinin himnə olan hörməti elə Azərbaycan dövlətçiliyinə,  xalqına olan hörmətindən irəli gəlir. Əlbəttə ki, qürur verici haldır ki, polisimiz milli-mənəvi dəyərlərə, dövlət rəmzlərimizə qarşı bu qədər həssasdır

Azərbaycan xalqı polisinə yalnız silah vermədi, dəyənək vermədi, polis mundiri vermədi, eyni zamanda biz polisimizə ürək verdik, biz polisimizə sevgimizi verdik. Biz polisimizə dövlətimizi, evimizi, mülkümüzü, ailəmizi, arımızı, namusumuzu (milli namusumuzu) əmanət etdik. Çox şükür ki, ləyaqətlə əmanətə sahib çıxırlar.

 Karantin müddətində 5-ci kolonun tapşıırıqları ilə polisin işinə qara ləkələr salmaq istəyənlər, ancaq virusun sürətlə yoxulmasına xidmət edirlər. Bununlada karantin rejimini uzanır, insanlar əziyyət çəkirlər.

 Dünyanın hər yerində polisin bir missiyası var, cinayətkarın da, bir adı. İnsanlar öz əməllərinə görə ittiham və yaxud təqdir olunur. Bu gün Azərbaycan polisinə qaynar su atan, zibil atan, ona təhqiramiz sözlər deyənlər 102 yaşlı qoca çinar olan Azərbaycan polisinin şərəf ləyaqətinə heç bir zərrə də, təsir edə bilməzlər.

Lakin  biz cəmiyyət olaraq milli polisimizə uzanan dillərin və əllərin qarşısını almasaq, cəmiyyətimizi bu ünsürlərdən xilas etməsək sonda itirən bizlər, yani heç bir günahı olmayan ləyaqətli, məsuliyyətli vətəndaşlar olacaq.

 Azərbaycan polisi karantin dövründə çox böyük xidməti fəaliyyət və milli görəv yerinə yetirir. Biz xalq olaraq, cəmiyyət olaraq polisin yanında olmalı, onların normal fəaliyyəti üçün münbit şərait yaratmalıyıq. Hesab edirəm ki, cəmi 48 saat evlərimizdə, ailəmizlə keçirtmək o qədər də çətin deyil.

Özünüzü bir anlıq polislərimizin yerinə qoymağı hamıya təklif edirəm. Virus dönəmində  ehtiyac olduqda polis həm həkim, həm təcili yardım, həm xidmətçi, həm yaşlıların qulluqçusu, həm uşaqların müdafiəçisi, həm də,  milli adət-ənənələrin hamisi kimi fəaliyyət göstərir.

Polisimiz əslində bir necə işi eyni zamanda görür. Hər birinizdən öz milli polisimizə qarşı anlayışlı olmağınızı xahiş edirəm!!!

Ənvər HAQVERDİYEV,

Yeni Azərbaycan Partiyası Suraxanı Rayon təşkilatının məsləhətçisi

Etikxeber.az

Read Previous

Həftəsonu Bakı, Sumqayıt, Gəncə, Lənkəran və Abşeronda küçəyə çıxmaq qadağası-BAŞA ÇATDI…

Read Next

Onlayn müsahibələrə start verildi-BŞTİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir