“Bu, həm də Avropa İttifaqına üzv olan digər ölkələr üçün yaxşı bir nümunə olacaq…” – HİKMƏT BABAOĞLU

Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya dövlət səfəri ilə iki ölkə arasında münasibətlər yeni tarixi mərhələyə qədəm qoydu. İtaliya Avropa İttifaqının aparıcı ölkələrindən biridir. Azərbaycanın bu ölkə ilə xüsusi münasibətləri var. Azərbaycan Prezidenti İtaliya səfəri zamanı bu ölkənin Prezidenti, Nazirlər Şurasının sədri və Senatının sədri ilə səmərəli görüşlə keçirdi.

Etikxeber.az xəbər verir ki, bu fikirləri “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.

O, bildirib ki, bütövlükdə Avropa İttifaqına üzv olan ölkələr sırasında İtaliya Azərbaycanın ən mühüm iqtisadi tərəfdaşlarından biridir:

“Qarşılıqlı ticarət dövriyyəsi 6 milyard dollardan çoxdur. İki ölkə arasında potensial imkanların olması və münasibətlərin inkişafi ilə bağlı heç bir siyasi maneənin olmaması daha mühüm perspektivlər vəd edir. İtaliya daim Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. O cümlədən İtaliya Prezidenti ilə dövlətimizin başçısının son görüşündə hər iki ölkənin bir-birinin ərazi bütövlüyünə dəstək verdikləri bəyan edildi, ümumi bəyannamədə ikitərəfli münasibətlərin keyfiyyətcə yeni mərhələyə qaldırılması məsələsi qeyd olundu. Hesab edirəm ki, bundan sonrakı mərhələdə də İtaliya-Azərbaycan münasibətlərinin daha da inkişaf etdiriləcək. Bu, həm də Avropa İttifaqına üzv olan digər ölkələr üçün yaxşı bir nümunə olacaq”.

H.Babaoğlu bildirib ki, İtaliya bir sıra sənaye istiqamətləri üzrə Avropada lider ölkədir.

Onun sözlərinə görə, Sumqayıt Sənaye Parkı və İtaliya şirkətləri arasında xüsusi münasibətlərin olması təsadüfi deyil. Bütün bunlar da kimya sənayesi üzrə yeni istiqamətlər müəyyən edir. Sumqayıt Sənaye Parkında olan kimya müəssisələrində istehsal olunan məhsullar Azərbaycanın qeyri-neft sektorunda 14 faizlik pay yaradır ki, bu da yenə İtaliya şirkətləri ilə birgə əməkdaşlıq sayəsində mümkün olub. İtaliya-Azərbaycan münasibətlərində iqtisadi blokdan danışan zaman bir məsələni xüsusi vurğulamaq lazımdır ki, qeyri-enerji sahəsində İtaliya ilə Azərbaycan arasında təqribən 1 milyard dollara yaxın maliyyə münasibətləri və eyni zamanda, Azərbaycandan kənarda yatırım üzrə təqribən 10 milyard dollar həcmində investisiya münasibətləri var.

Azərbaycanın Avropada daha da tanınması üçün İtaliyanın mühüm bir ölkə olduğunu bildirən H. Babaoğlu sonra deyib:

“Azərbaycan Prezidentinin İtaliya səfəri zamanı 2020-ci ilin İtaliyada “Azərbaycan mədəniyyət ili” elan olunması təsadüfi deyil. Nəzərə almaq lazımdır ki, İtaliya həm də böyük turizm ölkəsidir. Milan şəhəri Avropanın bir sıra avanqard trendlər üzrə aparıcı şəhərlərindən biridir və 2020-ci il bütövlükdə Azərbaycanın yenidən öz mədəniyyətinin, tarixinin, adət-ənənəsinin Avropaya tanıdılması hadisəsi olacaq. Azərbaycanın həyata keçirdiyi meqalayihələrlə İtaliya arasında körpülər yaranıb. Cənub Qaz Dəhlizi layihəsinin sonuncu seqmenti, yəni TAP hissəsi İtaliya ərazisində yekunlaşır və bu iki ölkə arasında yeni münasibətlər yaratmış olur. Çünki Azərbaycandan Avropaya istiqamətlənən qaz kəməri İtaliyada sona çatır və daha sonra bütün Avropaya şaxələnməsi planlaşdırılır. Bu da özlüyündə yeni iqtisadi-siyasi iqlimin formalaşmasına səbəb olacaq və həmçinin kəmər üzərində olan bütün ölkələrlə Azərbaycanın münasibətlərinə müsbət təsir göstərəcəkdir. Bütün bu məsələləri ümumiləşdirsək və bu səfər çərçivəsində imzalanan 20-yə qədər müqaviləyə nəzər salsaq görərik ki, imzalanan müqavilələrdə iqtisadi, siyasi, humanitar, hərbi sahələr üzrə mümkün əməkdaşlıqlar nəzərdə tutulur. 2020-ci ildə Azərbaycan Prezidentinin İtaliya səfəri iki ölkə arasındakı münasibətlərdə yeni səhifə açmaqla hər iki ölkənin maraqlarını təmin edəcək” (AZƏRTAC).

Etikxeber.az

Read Previous

“Yalnız bundan sonra sülhə, təhlükəsizliyə və sabitliyə nail olmaq mümkün olacaq…” – TAHİR MİRKİŞİLİ – FOTO

Read Next

Jota Avroliqanın onaltıdabir final mərhələsinin ən yaxşı futbolçusu-SEÇİLDİ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir