Bu, hətta ehtiyac meyarından da qat-qat aşağı məbləğdir… – ELMİRA AXUNDOVADAN ÖNƏMLİ TƏKLİFLƏR

Büdcə zərfinin sosial paketini nəzərdən keçirdik, bir çox parametrlər bizi məmnun etdi, məsələn, orta əmək haqqının 2018 illə müqayisədə 83,3 manat, ya da, 14,8% , orta aylıq pensiya məbləğinin çox olmasa da, 14,2 manat, ya da, 6,3% artacağı gözlənilir və s.Lakin əmək pensiyaçıların yaşayış minimumunun cəmi 5 manat artırılması ilə qətiyyən razı deyilik, bu, cəmi 3,5% artımdır,  halbuki 2018 ildə müvafiq göstərici 18,8 manat, ya da, 14,4% artmışdı.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Elmira Axundova parlamentdə çıxışı zamanı deyib.

O, qeyd edib ki,uşağın anadan olmasına görə müavinət də gələn ildə 2018-ci ilin səviyyəsindədir:

“Bu, bizi qətiyyən razı sala bilməz, təsadüfi deyil ki, bir çox valideynlər o müavinəti almağa heç cəhd etmirlər. Bilirsiniz ki, real tələbat o müavinətdən ən azı 10 dəfə çoxdur. Mən təklif edərdim ki, 2-ci, 3-cü və sonrakı doğuşa görə müavinətlər proqressiv şəkildə ödənilsin, yəni 1-ci uşağa görə müavinət 90 manatdırsa, 2-ci uşağa görə 200, 3-cu uşağa görə 300 və s. Çünki, statistikaya görə respublikada doğum əvvəlki illərə nisbətən aşağı səviyyəyə düşüb və gənc ailələri stimullaşdırmaq lazımdır.

Anadangəlmə əlillərin məsələsinə birdə toxunmaq istərdim, xüsusən də I qrupa aid olanların. Mən keçən illərdə də bu məsələni Səlim Müslümovun qarşısında qaldırmışdım, inanıram ki, yeni nazirin  fəaliyyəti dövründə bu məsələ həllini tapacaq. Söhbət ondan gedir ki, I qrup əlilə qulluq edən insanlar həm əmək stajı, həm də müəyyən məbləğdə, heç olmasa ,yaşayış minimumu həddində məvacib ala bilsinlər. Çünki bilirsiniz ki, belə insanlar başqa işə gedə bilmirlər.

elmira-kitab

İkinci məsələ anadangəlmə II və III qrup əlillərin çox cüzi məbləğdə, müvafiq olaraq 61 və 52 manat həcmində müavinət almasıdır. Hesab edirəm ki,  bu, hətta, ehtiyac meyarından da qat-qat aşağı məbləğdir, belə olan halda, bu insanlar onlara lazım olan dərmanları necə almalı, ümumiyyətlə, necə yaşamalıdır?! Deyə bilərsiniz ki, onlar qismən əmək qabiliyyətlidirlər və işləyə bilərlər. Amma bu prosesdə də bilirsiniz ki, necə çətinliklər var, müəssisələr əlil olan insanları heç də həvəslə işə götürmürlər. Ona görə də bu insanların böyük əksəriyyəti işsizdir və çox aşağı səviyyədə yaşayırlar. Yeri gəlmişkən, işə düzəlməkdə çətinlik çəkən vətəndaşların məşğulluğun təmin olunması, bununla bağlı xüsusi proqrammların həyata keçirilməsi, məncə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin prioriteti olmalıdır, çünki işsizlik cəmiyyətin ən ağrılı problemlərindəndir”.

Millət vəkili sonra bildirib ki, digər ən çox rast gəlinən problemlərdən biri də Ünvanlı Sosial Yardımın alınmasında yaranan çətinliklərdir:

“Başa düşürük ki, bu sahə ən çətin sahələrdən biridir və narazı insanlar həmişə olacaq. Ona görə Sizin tərəfinizdən noyabrın 6-da səsləndirilən fikirlər, yəni, Ünvanlı Sosial Yardımın tədricən Özünü məşğulluqla əvəzlənməsi təqdirəlayiqdir və mən bunun çox qızğın tərəfdarıyam. Ünvanlı Sosial Yardımı isə bu formada tamamilə ləğv etmək lazımdır. Bu səbəblərə görə insanlar çoxsaylı müraciətlərlə xahiş edirlər ki, Ünvanlı Sosial Yardım Uşaq Pulu ilə əvəz edilsin.

Düzdür ,burada sosial ədalət prinsipi pozula bilər, çünki varlı ailələrdə, kasıb ailələr də eyni səviyyədə pul alacaqlar. Lakin bunun qarşısını almaq üçün müəyyən mexanizm düşünmək olar və uşaq pulunu o valideynlərə vermək olar ki, onların orta aylıq gəlirləri nəzərə alınsın. Hər halda hansısa formada uşaq pulunu dirçəltmək olardı.

Deputat seçildiyim Masallı rayonunda seçicilərimi qəbul edərkən, ən çox müraciət olunan məsələlərdən biri də vətəndaşların əlillik dərəcəsinin alınmasında qarşılaşdığı problemlərlə bağlıdır. Məsələn anadangəlmə şikəst olan və ya əlini, ayağını, görmə qabiliyyətini itirmiş bir insan, müayinədən keçərək xəstəliyini təsdiq edən həkim arayışı ilə birgə sənədlərini komissiyaya göndərən zaman onlara cavab olaraq bildirilir ki, əlavə müalicəyə ehtiyac vardır. Söhbət ondan gedir ki, Bakıda yerləşən komissiyada oturan bir işçi canlı olaraq xəstəni görmədən, müayinə etmədən sadəcə quru kağız əsasında öz qərarını verir. Bu da çox vaxt yanlış və qeyri-ədalətli qərar olur. 

Başa düşürük ki, Nazirlik ölkə üzrə əlilliyin sayının süni şəkildə çoxalmasının və sui istifadə hallarının qarşısını almaq məqsədilə bu prosesləri daha da sərtləşdirir. Bu təqdirə layiqdir. Amma bu insanların sayını da süni şəkildə azaltmaq düzgün olmazdı, onsuz da,  ölkəmizdə əlil vətəndaşların sayı inkişaf etmiş Avropa ölkələri ilə müqayisədə heç də çox deyil. Əgər Avropa ölkələrində əlillik 11-12 faizdirsə, Azərbaycanda bu göstərici 6 faiz təşkil edir.

Nəzərə alaq ki, deputat seçildiyim Masallı rayonu da ölkə üzrə əhalinin ən sıx yerləşdiyi bölgələrdən biridir (260 minə yaxın) və burada qan qohumluğu və ya digər səbəblərdən şikəst doğulan insanların sayı daha çoxdur. Ona görə də burada yaşayan insanlar həmin problemlərlə daha çox qarşılaşır və bizlərə üz tuturlar.

Ona görə də yaxşı olardı ki, bölgələrdə əlilliyin yoxlanılması və müəyyən edilməsi üçün Sizin tərəfinizdən etibarlı komissiyalar göndərilsin və onlar əvvəlki kimi yerlərdə insanları canlı olaraq müayinə edib elə qərar versinlər”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Əlillərə verilən sosial müavinətlər də artırılacaq – NAZİR MÜAVİNİ

Read Next

“Yorğan”ın altında nələr baş verdiyini də bilməliyik – YAQUB MAHMUDOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir