Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
2018-ci il üzrə dövlət büdcəsinin gəlirləri 20 mlrd. 127 mln. manat, xərcləri 21 mlrd. 47 mln. manat səviyyəsində təsdiqlənib. Nəticədə, 2018-ci il üçün dövlət büdcəsinin kəsiri 920 mln. manat (ÜDM-in 1,3%-i) səviyyəsində proqnozlaşdırılır. 2018-ci ildə dövlət büdcəsi gəlirlərinin 7,907 milyard manatı və ya 39,3 faizi Vergilər Nazirliyinin xətti ilə daxilolmaların payına düşür ki, bu da ÜDM-in 11,4 faizi həcmindədir. Bu göstərici 2017-ci ilin proqnozundan 262 milyon manat və ya 3,4 faiz, 2016-cı ilin faktiki icra göstəricisi ilə müqayisədə 891,4 milyon manat və ya 12,7 faiz çoxdur.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Eldəniz Səlimov bildirib.
Onun sözlərinə görə, Vergilər Nazirliyinin xətti ilə 2018-ci il üzrə proqnozlaşdırılan daxilolmaların 76,2 faizi və ya 6,027 milyard manatı qeyri-neft sektorunun, 23,8 faizi və ya 1,880 milyard manatı neft sektorunun payına düşür.
O, qeyd edib ki, ümumilikdə, qeyri-neft sektoru üzrə büdcə gəlirlərinin dövlət büdcəsinin gəlirlərində xüsusi çəkisi 44,9 faiz və ya 9,031 milyard manat nəzərdə tutulur ki, bu da 2017-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 205 milyon manat və ya 2,3 faiz çoxdur.
E. Səlimovun dediyinə görə, büdcə daxilolmalarının 9,216 milyard manatı və ya 45,8 faizi Dövlət Neft Fondundan transfertlərin, 2,430 milyard manatı və ya 12,1 faizi Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 574 milyon manatı və ya 2,8 faizi isə digər gəlirlərin payına düşür:
“Neft sektoru üzrə büdcə gəlirlərinin dövlət büdcəsi gəlirlərində xüsusi çəkisi 55,1 faiz və ya 11,096 milyard manat nəzərdə tutulur ki, bu da 2017-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 3,156 milyard manat və ya 39,7 faiz çoxdur. Neft sektoru üzrə büdcə gəlirlərinin 83,1 faizini Dövlət Neft Fondundan transfertlər, 16,9 faizini və ya 1,880 milyard manatını vergi orqanları xətti ilə neft sektorundan daxilolmalar təşkil edir. Yuxarıda qeyd olunan göstəricilər Vergilər Nazirliyi xətti ilə dövlət büdcəsinə daxil olan vəsaitlərin dövlət büdcəsinin icrasında xüsusi önəmə malik olduğunu göstərir. Bu səbəbdən qeyd olunan mövcud problemlər diqqətlə təhlil edilməli və aradan qaldırılması istiqamətində qanunvericilikdə müvafiq dəyişikliklər həyata keçirilməlidir. Əlavə olaraq qeyd etmək istəyirəm ki, kiçik və orta sahibkarlığa tətbiq edilən vergi yükünün, vergi inzibatçılığının əhəmiyyətli dərəcədə yüngülləşdirilməsi və bununla da ölkədə sahibkarlıq fəaliyyətinə dəstək verilməsi istiqamətində qanunvericiliyə müəyyən əlavə və dəyişiklərin edilməsinə zərurət vardır. İlk növbədə bildirirəm ki, vergi yükünün yüngülləşdirilməsinin müxtəlif növləri var. Belə ki, İnkişaf etmiş ölkələrin təcrübəsində yeni yaranan start-uplara, kiçik şirkətlərə vergi sahəsində dövlət bu və ya digər şəkildə güzəştlər tətbiq edir. İqtisadi təcrübədə buna vergi investisiyaları kimi baxırlar. Vergi güzəştləri ilə yanaşı, yeni yaranan şirkətlərin sənəd, hesabat təqdim etməsi ilə bağlı bir sıra maarifləndirmə işləri aparılır. Hesabatlarında hansısa yanlışlıqlara yol verirlərsə, onlara güzəştlər edilir. Bütün bunların həyata keçirilməsində məqsəd ondan ibarət olur ki, vergi ödəyicilərinin sayı artsın, yeni yaranan şirkət onun üçün məlum olmayan vergi mühitində fəaliyyətini dayandırmasın. Burada bir növ, yeni yaranan müəssisənin bu mühitə adaptasiya olunmasından söhbət gedir. Nəticədə həmin müəssisə gələcəkdə iri bir vergi ödəyicisinə çevrilə bilir. Kiçik və orta sahibkarlığın vergi yükünün yüngülləşdirilməsi Azərbaycanda yeni yaranan müəssisələrin sayının artmasına təsir göstərəcək. Yeni yaranmış və fəaliyyət göstərən müəssisələrin özlərində daha çox şəffaf fəaliyyətə, hesabatlılığa meyli artırmış olar. Bunun sayəsində artıq yeni yaranan şirkətlər maraqlı olacaqlar ki, hesabatlarını düzgün şəkildə versinlər. Digər tərəfdən bu, vergidən yayınma hallarının aradan qalxmasına gətirib çıxaracaq. Eyni zamanda, bu həm də, ümumilikdə, ölkədə könüllü vergi ödəmə mədəniyyətinin daha da genişlənməsinə səbəb olacaq. Müzakirələr zamanı hesab edirəm ki, Azərbaycanda əlavə dəyər vergisinin 18 faiz səviyyəsində müəyyən edilmiş dərəcəsinin differensiallaşdırılması məsələsi də xüsusi diqqətdə saxlanılmalıdır. Bir qədər öncə qeyd etdiyim stimullaşdırma üçün atılacaq addımlardan biri də məhz istehlak qiymətlərinin tərkibində yer alan ƏDV-nin dərəcəsinin differensiallaşdırılması ola bilər. Bu o deməkdir ki, müxtəlif məhsullara müxtəlif ƏDV faiz dərəcəsi tətbiq edilə bilər. Bildirmək istəyirəm ki, ƏDV-nin diferensiallaşdırılması üzrə Avstriya, Almaniya, Belçika, Böyük Britaniya, İsveç, Niderland, Türkiyə, Fransa, Çin və digər ölkələrin təcrübəsi var”.

“…Turizm fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə edilən güzəştlərin nəticəsində turizm obyektlərində ilk növbədə təklif edilən qiymətlərdə azalmalara və endirimlərə nail olmaq olar ki, bu da beynəlxalq turizm bazarında qonşu Türkiyə və Gürcüstan kimi ölkələr ilə rəqabət imkanlarımızın artımına gətirib çıxaracaq…“
Deputat belə düşünür ki, biz də bu beynəlxalq təcrübəni öyrənərək onu yerli qanunvericilik aktlarımıza və yerli şərtlərə uyğunlaşdıraraq ölkədə bu məsələnin tətbiqinə yaxın zamanda başlaya bilərik:
“Elə məhsullar, elə maşın və texnoloji avadanlıqlar var ki, onlar üçün əlavə dəyər vergisinin 18 faiz olması olduqca yüksək göstəricidir. Azərbaycan üçün lazım olan avadanlıqlar, o cümlədən, qida məhsullarının əlavə dəyər vergisini diferensiallaşdırılmış şəkildə həyata keçirmək düşünürəm ki, hazırkı vəziyyətdə ölkə iqtisadiyyatının dinamik inkişafının qorunub saxlanmasına, həmçinin qiymət siyasətinə müsbət töhvəsini verə bilər. Əldə etdiyim məlumatlara əsasən vergi orqanlarının gündəlik fəaliyyətində qarşıya çıxan və ən çox rast gəlinən mövcud problem və çətinlikləri də bu yerdə çatdırmaq istəyərdim: İdxal əməliyyatı ilə məşğul olan vergi ödəyicilərinin satış dövriyyəsinin rəsmiləşdirilməsi. (digər şəxslər üçün malları idxal edən vergi ödəyiciləri) Əldə etdiyimiz məlumatlara əsasən son dövrlərdə vergi və gömrük orqanları tərəfindən bu sahə xüsusi nəzarətə götürülmüş və qeyd olunan vergi ödəyicilərinin 6 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisi kimi qeydiyyata alınmasına başlanmışdır. Lakin hesab edirəm ki, qeyd olunan faiz dərəcəsi həmin vergi ödəyicilərinin real vergi öhdəlikləri üzrə ödəməli olduğu vergilərdən müəyyən qədər aşağı olmaqla bərabər, həmçinin həmin malların satışını təsdiq edən sənədlər olmadan təqdim edilməsi nəticəsində bu malların alıcılarının gələcəkdə vergi yoxlamaları və nəzarət tədbirləri zamanı maliyyə sanksiyalarına məruz qalmasına gətirib çıxaracaqdır. Bu da sahibkarların maliyyə itkiləri ilə üzləşməsi deməkdir ki, o da öz növbəsində düşünürəm ki, sahibkarlığın inkişafı üçün heç də arzulunan bir hal deyil.
– Kənd təsərrüfatı məhsullarının ixracı zamanı real gəlir əldə edən şəxslərin müəyyən edilməməsi.(məhsulların digər şəxslərin, xüsusən Qarabağ əlilləri və digər aztəminatlı və imtiyazlı təbəqənin nümayəndələrinin adına rəsmiləşdirilməsi) – 2018-ci ilin 1 yanvar tarixindən etibarən bütün vergi ödəyiciləri tərəfindən malların elektron qaimə-faktura ilə təqdim edilməsi barədə mövcud qanunvericilik aktlarının olmasına baxmayaraq gəlir və xərclərin uçotunun düzgün şəkildə aparılmaması. (e-qaimə,e-vhf təqdim edilməməsi,alış aktlarının tərtib olunmaması və s.) Bu məsələ ilə bağlı onu da qeyd etmək istəyirəm ki, sahibkarlarla keçirilən görüşlər zamanı ən çox səsləndirilən fikirlərdən görürük ki, bir çox hallarda malların satış sənədləri olmadan təqdim edilməsi əsasən ölkənin iri istehsalçıları və idxalçıları tərəfindən həyata keçirilir ki, bu da sözsüz ki, az öncə qeyd etdiyim kimi kiçik və orta sahibkarların gələcəkdə vergi yoxlamaları zamanı maliyyə itkilərinə məruz qalması ilə nəticələnir. -Faktiki əmək münasibətində olan şəxslərin gəlir vergisindən, o cümlədən dövlət sosial müdafiə fonduna ödənişlərdən yayındırılması ilə bağlı əmək müqavilələri ilə deyil, xidməti müqavilələr ilə iş və xidmətlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının artması. Beləliklə, Vergilər Nazirliyi xətti ilə dövlət büdcəsinə daxil olan vəsaitlərin icrası üzrə qarşıya çıxan bu və digər problemlərin aradan qaldırılması istiqamətində bir neçə təklifimi də nəzərə çatdırmaq istəyirəm.

-İdxal əməliyyatı ilə məşğul olan vergi ödəyiciləri tərəfindən ilk dəfə idxal edilmiş malların təqdim edilməsini təsdiq edən sənədlərin (qaimə fakturaların, e-vhf-ın, müqavilələrin və.s) və ya anbarda saxlanıldığını təsdiq edən sənədlər Gömrük orqanlarına təqdim edilmədiyi halda növbəti idxal əməliyyatını məhdudlaşdırmaq.
-İdxal və İxrac zamanı malların gömrük dəyərinin müəyyən faizi (3-6 faiz) məbləğində vergi dərəcələrinin müəyyən edilməsi (qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi). -Sabit qəbz almaqla fəaliyyət göstərən vergi ödəyicilərinin əhatə dairəsinin genişləndirilməsi. (Daha çox xidmət sahələrinin, xüsusilə işçi sayı olmayan vergi ödəyicilərinin fəaliyyətinin sabit qəbz alınmaqla həyata keçirilməsi.) -Faktiki əmək münasibətində olan şəxslərin gəlir vergisindən, o cümlədən dövlət sosial müdafiə fonduna ödənişlərdən yayındırılması ilə bağlı əmək müqavilələri ilə deyil, xidməti müqavilələr ilə iş və xidmətlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının artmasının qarşısının alınması üçün dövlət sosial müdafiə fonduna edilməli olan ödənişlərin faiz dərəcəsinin aşağı salınması,həmçinin əmək haqları üzrə vahid vergi yükünün müəyyənləşdirilməsi. -Muzdla işləyən fiziki şəxslərin gəlirləri 2500 manatdan çox olduqda tutulan gəlir vergisinin dərəcəsinin 25 faiz dərəcəsindən aşağı salınması. Bir çox hallarda müşahidə edirik ki, bir çox şirkətlər vergi yükünün azaldılması üçün yuxarı məbləğdə əmək haqqı alan işçilərinin əmək haqlarını düzgün şəkildə bəyan etməkdən yayınırlar. Hesab edirəm ki, bu dəyişiklik işçilərinə yuxarı məbləğdə əmək haqqı verən sahibkarları və iri şirkətləri işçilərinin əmək haqlarını daha şəffaf şəkildə bəyan etməyə, gəlir vergisi üzrə vergi daxilolmalarının artımına müsbət təsir göstərəcək. -Turim, otelçilik fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin müəyyən müddətə (3-5 il) 10 faiz dərəcə ilə mənfəət vergisinə cəlb olunması və ya tamamilə azad olunması. Bildyiniz kimi, son illərin statistikasına əsasən ilbəil ölkəmizə gələn turistlərin sayında müsbət dinamika müşahidə edilir.
Təkcə bu ilin 2018-ci ilin yanvar-mart ayları ərzində Azərbaycana dünyanın 151 ölkəsindən 629,4 min və ya ötən illin müvafiq dövrü ilə müqayisədə 12,4 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. Son illərdə ölkə rəhbərliyinin xüsusi diqqət mərkəzində saxlanılan, ölkə iqtisadiyyatın diversifikasiyası siyasətində əsas yerlərdən birini tutan turizmin inkişafına dəstək vermək baxımından düşünürəm ki, bu addımın atılması bu sahədə nəzərəçarpacaq dərəcədə inkişafa yol aça bilər. Hesab edirəm ki, turizm fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə edilən güzəştlərin nəticəsində turizm obyektlərində ilk növbədə təklif edilən qiymətlərdə azalmalara və endirimlərə nail olmaq olar ki, bu da beynəlxalq turizm bazarında qonşu Türkiyə və Gürcüstan kimi ölkələr ilə rəqabət imkanlarımızın artımına gətirib çıxaracaqdır. Həmçinin, sahibkarlar tətbiq olunacaq güzəştlərin nəticəsində sərəncamlarında qalmış əlavə maliyyə vəsaitlərini yenidən bu sahəyə yönəldəcəklər ki, bu da təbii ki turizimin inkişafı baxımından çox önəmlidir. Bundan əlavə onu da qeyd etmək istəyərdim ki, vergi güzəştlərinin tətbiqi xarici investorların da ölkəmizin mövcud turizm potensialına marağının artmasına səbəb olacaqdır ki, bu da hər il ölkəmizə qoyulan xarici investisiya məbləğlərinin artımına müsbət təsir göstərərək, ölkədə makroiqtisadi sabitliyin və maliyyə dayanıqlığının təmin olunmasına öz müsbət töhvəsini verəcək”.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az