“Bu ilin dövlət büdcəsinin proqnozlarına yenidən baxılması üçün hökumətə müraciət etməmişik…”-SAMİR ŞƏRİFOV – YENİLƏNİB

Nazir:”Proqnozlar yaxşı olanda adamı az qala qəhrəman elan edirlər, proqnozlar aşağı olanda isə başqa münasibət olur”.

2020-ci il dövlət büdcəsinin proqnozlarına yenidən baxılması üçün hökumətə müraciət etməmişik.

Etikxeber.az xəbər verir ki, bunu Maliyyə naziri Samir Şərifov  Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib.

“Hazırda biz tələsmirik, daha çox gözləyici mövqe nümayiş etdiririk”-deyən nazir ölkədə koronavirus pandemiyasına görə karantin rejiminin tətbiq edildiyini xatırladıb:

“Şübhəsiz ki, karantin rejiminin mənfi təsirləri qaçılmaz idi. Lakin biz bu gün karantindən çıxmaqla ölkə iqtisadiyyatında başqa prosesləri izləyirik. Dörd ayın nəticələrinə görə artıq məlumatlar mövcuddur. Beş ayın nəticələri isə yaxın vaxtlarda olacaq”.

Xatırladaq ki, bu ilin dövlət büdcəsinin gəlirləri 24 mlrd 134,5 milyon manat, xərcləri isə 26 mlrd 894,7 milyon manat məbləğində proqnozlaşdırılır.

15:03

***

Sonra komitə üzvlərinin suallarını cavablandıran nazir bunları deyib:

“Proqnozlar yaxşı olanda adamı az qala qəhrəman edirlər, proqnozlar aşağı olanda isə başqa münasibət olur”.

Nazirin fikrincə, proqnozların yüz faiz reallaşması mümkün deyil.

O, bildirib ki, Maliyyə Nazirliyi yeganə orqandır ki, gəlirlərlə bağlı proqnozların azaldılmasında maraqlı deyil:

“Maliyyə Nazirliyində xüsusi model var. Modellərdə verilənlərdən çox şey asılıdır. 2019-cu ildə biz vergi sahəsində böyük islahatlara getdik. Gəlir vergisini faktiki olaraq özəl sektordan götürdük. Bu islahatın əsas məqsədlərindən biri kölgədə olanların aşkara çıxarılmasından ibarət idi. Biz gözləyirdik ki, gəlir vergisi üzrə azalma olacaq. Ancaq sonra biz minimum əməkhaqqını artırdıq və bununla gəlir vergisinin artmasına nail olduq. Yəni, iki fakt bir-birini tarazlaşdırdı”.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Ölkədə ixrac yox səviyyəsindədir…”-VAHİD ƏHMƏDOV YENƏ SƏRT DANIŞDI

Read Next

“İndi deyə bilmərəm ki, həmin 43 milyon manat niyə qalıb…”-MALİYYƏ NAZİRİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir