“Bu, işğalçı Ermənistanın Azərbaycan torpaqlarında qeyri-qanuni fəaliyyəti ilə bağlı ilk fakt deyil…”-ZİYAFƏT ƏSGƏROV

Aprel döyüşlərindən və Naxçıvandakı Günnüt zəfərindən sonra ordumuz cəbhə xəttində strateji üstünlüyünü artırıb. Xüsusən Naxçıvandan Yerevan-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarətin təmin edilməsi mühüm hadisədir və bu, Ermənistanın siyasi-hərbi dairələri tərəfindən xüsusilə narahatlıqla qarşılanır. Elə buna görə də Ermənistan yenidən hərbi əməliyyatların başlayacağı təqdirdə yol infrastrukturu baxımından zəif nöqtələrini gücləndirməyə çalışır. İşğal olunmuş Dağlıq Qarabağdan Azərbaycanın işğal altında olan digər rayonlarından keçməklə Ermənistana yeni avtomobil yolunun çəkilməsi də erməni tərəfinin narahatçılığının göstəricisidir.

Etikxeber.az xəbər verir ki, bunu sabiq Birinci vitse-spiker, millət vəkili Ziyafət Əsgərov deyib.

Qeyd edib ki, Ermənistanı ölkəmizin hazırda işğal altında olan Dağlıq Qarabağ bölgəsi ilə birləşdirən növbəti, üçüncü yolun çəkilişi işğalçı dövlət tərəfindən Azərbaycanın işğal olunmuş bölgələrində həyata keçirilən qeyri-qanuni fəaliyyətin bir hissəsidir. Bu, işğalçı Ermənistanın Azərbaycan torpaqlarında qeyri-qanuni fəaliyyəti ilə bağlı ilk fakt deyil.

“Ən əsası odur ki, artıq Ermənistanın bu əməlləri beynəlxalq səviyyədə ciddi tənqid və etirazla qarşılanır. Bu günlərdə Avropa Parlamenti təmsilçilərinin bu yolun çəkilişini tənqid etmələri, bəyanat yayaraq sərt etirazlarını bildirmələri də göstərir ki, erməni yalanları artıq beynəlxalq səviyyədə əvvəlki kimi qəbul olunmur. Bəyanatın müəllifləri Avropa Parlamentinin Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Mariya Kalyurand, Azərbaycan üzrə məruzəçisi Jelena Zavko və Ermənistan üzrə məruzəçisi Trayan Baseskudur. Onların Ermənistanla Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsi arasında əlaqə yaradacaq magistral yolun tikintisi ilə bağlı birgə bəyanatında deyilir:

“Prinsip etibarı ilə biz Şərq Qonşuluğundakı regional əməkdaşlığı, əlaqələri və insanlar arasındakı əlaqələri inkişaf etdirən layihələri dəstəkləyirik. Lakin bu magistralın inşası qərarı Azərbaycanın səlahiyyətli orqanlarının razılığı olmadan qəbul edilib və beynəlxalq hüquq pozulub. Bundan əlavə, bu addım Dağlıq Qarabağın və ətraf rayonların qanunsuz işğalını simvolik olaraq əhatə edə bilər. Buna görə də bu təşəbbüsdən çox təəssüflənirik, çünki bu, etimad, sülh və barışıq mühiti yaratmağa kömək etmir. Biz ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərinə və onların 2009-cu ildə təsdiqlənən Əsas Prinsiplərinə dəstəyimizi bir daha bəyan edirik. Bu vasitəçiliyin uğur qazanması üçün biz Ermənistan və Azərbaycan hakimiyyətlərini Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində münaqişənin sülh yolu ilə həllinə dair danışıqlarda öz öhdəliklərini gücləndirməyə çağırırıq”.

Bu bəyanat Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həllinə dair mövqeyi ilə uzlaşaraq Avropa Parlamenti təmsilçilərinin məsələyə ədalətli yanaşmasıdır. Belə ki, məlum həqiqətlərə Avropa Parlamenti səviyyəsində yenidən işıq salan bəyanat ilk növbədə Dağlıq Qarabağın məhz Ermənistan tərəfindən işğal edilmiş region olduğunu Avropa İttifaqı strukturlarında daha artıq dərəcədə tanınmasının növbəti təsdiqidir. Bəyanatda “Yeni infrastruktur yolu, həmçinin işğal altında olan Qubadlı və Cəbrayıl rayonlarından keçməklə Ermənistandakı Qafanı Dağlıq Qarabağdakı Hadrut ilə birləşdirəcək” ifadəsinin yer alması xüsusilə mühüm əhəmiyyət kəsb edir. Çünki bu ifadədən çıxan nəticə işğal faktının Dağlıq Qarabağın özünə də şamil edilməsidir ki, bu da Dağlıq Qarabağın statusunun işğal olunmuş ətraf rayonlardan fərqli olduğunu iddia edən Ermənistanın mövqeyinə vurulan böyük zərbədir…”-deyə, Z. Əsgərov sözlərinə əlavə edib.

16:38

Etikxeber.az

Read Previous

“Kölgədə fəaliyyət göstərənlər ağ iqtisadiyyata keçməli olacaqlar…”- İlham Əliyevlə Dünya Bankının yeni vitse-prezidenti və digər nümayəndələri arasında videokonfrans-KEÇİRİLDİ – FOTOLAR – YENİLƏNİB

Read Next

“Əgər səhiyyə işçilərimizin bu qədər fədakarlıqlarına ehtiramımız, dövlətimizin gördüyü işlərə, atdığı addımlara sayğımız, minnətdarlığımız varsa…”-KAMİLƏ ƏLİYEVA NÖVBƏTİ DƏFƏ ÇAĞIRIŞ ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir