“Bu, kasetli raketdir və mülki əhali arasında itkinin çox olmasına hesablanıb…”-HİKMƏT HACIYEV – YENİLƏNİB – (1)

Ermənistan və Azərbaycan arasında humanitar atəşkəsin əldə olunmasına baxmayaraq, Azərbaycana hücumlar, xüsusən mülki şəxslərin hədəfə alınması davam edir.

Etikxeber.az məlumat verir ki, bunu bu gün Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelərə və beynəlxalq təşkilatların (BMT, Aİ, BQXK) ölkəmizdəki nümayəndələri üçün keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, 26 oktyabr saat 08.00-dan – yeni humanitar atəşkəs qüvvəyə minəndən 5 dəqiqə sonra Azərbaycanın yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub : “Ermənistanın humanitar atəşkəslə bağlı öhdəlikləri riyakarlıqdan başqa bir şey deyil. Bu gün saat 16.40 radələrindən Bərdənin “Smerç” raketlərindən atəşə tutulması nəticəsində 1-i uşaq olmaqla, 4 nəfər həyatını itirib, yaralılardan da 4-ü uşaqdır. Bu, kasetli raketdir və mülki əhali arasında itkinin çox olmasına hesablanıb”.

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, bu gün Ermənistan Müdafiə naziri Azərbaycana ağır zərbə endiriləcəyini bildirmişdi:

“Ancaq onlar hərbi qüvvələrə zərbə endirməkdə acizdirlər. Ona görə də mülki əhalini hədəf seçirlər. Bu gün Azərbaycanın Goranboy, Tərtər, Ağcabədi və Bərdə rayonlarına 50-yə qədər mərmi atılıb. İndiyə qədər 69 mülki şəxs həyatını itirib, 322 mülki şəxs yaralanıb”.

H. Hacıyev nəzərə çatdırıb ki, Ermənistanın mülki əhaliyə qarşı qadağan olunmuş silahlardan istifadə etdiyi barədə Azərbaycan tərəfindən beynəlxalq humanitar təşkilatlara da müraciət edilib.

“Azərbaycan birtərəfli qaydada erməni əsgər və zabitlərin cəsədlərini qaytarmağa hazır olduğunu bildirsə də, Ermənistan cavab verməyib”-deyən H.Hacıyev bildirib ki, Azərbaycan birtərəfli qaydada Tovuz və Gürcüstan ərazisi vasitəsi ilə cəsədlərin Ermənistana verilməsinə hazır olduğunu bildirib: “Eyni zamanda ahıl yaşda olan 2 şəxsin də birtərəfli qaydada qaytarılmasına hazır olduğumuzu bəyan etmişik. Ancaq Ermənistan hələ cavab verməyib”.

Sonra “Ermənistan Zəngilan və Qubadlı istiqamətində Azərbaycan-Ermənistan sərhədinin olduğunu qəbul etməlidir”-deyən H. Hacıyev bildirib ki, sərhədin əks istiqamətindən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücumlar həyata keçirilir və bu, Azərbaycan Silahlı Qüvvələrini vadar edir ki, əks-həmlə tədbirləri həyata keçirsin: “Ermənistan Azərbaycanın sərhədlərinə hörmət etməlidir”.

Ermənistan silahlı qüvvələrinin mülki əhalini hədəf seçməsinin cinayət əməli olduğunu vurğulayan Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələri düşmənə döyüş meydanında layiqli cavab verir.

***

“Ötən sutka ərzində düşmən humanitar atəşkəs rejimini dəfələrlə pozub”.

Bunu isə brifinqdə Müdafiə Nazirliyi Mətbuat Xidmətinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov bildirib.

A. Eyvazov deyib ki, Azərbaycan yeni humanitar atəşkəs rejiminə riayət edir:

“Ordumuz düşmənin təxribatları ilə əlaqədar yalnız adekvat tədbirlər görür. Ermənistan vəziyyəti gərginləşdirməyə hesablanmış təxribatçı hərəkətlərə son qoymalıdır. Ermənistan dərk etməlidir ki, bərpa edilən sərhədlər münaqişə zonası deyil, dövlət sərhədinin toxunulmazlığı təmin edilməlidir. Azərbaycan öz ərazilərini təhdid edən istənilən legitim hədəfləri yerləşdiyi ərazidən asılı olmayaraq məhv etmək hüququna malikdir”.

20:39

***

“Çox etibarlı kəşfiyyat məlumatlarına görə, Ermənistan hökuməti PKK terrorçularını Şuşa şəhərinə yerləşdirib və onlar Azərbaycan hərbçilərinin formasına uyğun geyindirilib”.

Bunu da H. Hacıyev bildirib.

H. Hacıyevin sözlərinə görə, bunun iki məqsədi var:

“Birincisi Azərbaycan Silahlı Qüvvələrini yanıltmaq, ikinci məqsəd isə itkilər olduqda, onların guya Azərbaycan Silahlı Qüvvələri sırasında döyüşdüyünü iddia etməkdir. Sizin diqqətinizi professional bir yanlışlığa çəkmək istəyirəm. Ermənistan Müdafiə Nazirliyi rəsmi sosial şəbəkədəki hesabında bu günlərdə bir foto yayımladı. Fotoda Ermənistanın Müdafiə naziri David Tonoyan və erməni əsgərləri vardı.

Onun yanında dayanan əsgər Azərbaycan Dövlət Sərhəd Xidmətinin geyimində idi. Fotodakı digər əsgər də həmin hərbi geyimdə idi və onun ayağında Azərbaycan Sərhəd Xidmətinə məxsus ayaqqabı vardı. Bu ciddi şübhələr və suallar doğurur. Qeyd edim ki, bu foto dərhal silindi. Sual yaranır: Azərbaycan Dövlət Sərhəd Xidmətinin geyimində olan əsgər Ermənistan Müdafiə nazirinin yanında nə edir?

Bizim buna cavabımız var. Bir neçə gün öncə Ermənistan Müdafiə Nazirliyi vasitəsilə xüsusi saxta videolar yayıldı. Guya xarici döyüşçülər Azərbaycan Silahlı Qüvvələrinin sıralarında vuruşur, onların da əynində Azərbaycan Dövlət Sərhəd Xidmətinin geyimi vardı. Ermənistan saxta propaqanda elementlərindən istifadə edir. Hazırda PKK və müxtəlif ölkələrdən olan etnik ermənilər Azərbaycana qarşı döyüşlərə qatılıb və onlar ön cəbhəyə göndərilir. Təəssüf ki, xarici ölkələrdən olan etnik ermənilərin müəyyən qismi Avropa İttifaqı və NATO ölkələrindən gəlir”.

Etikxeber.az

Read Previous

Goranboy, Tərtər və Bərdə rayonları raket atəşinə-TUTULUR…-YENİLƏNİB

Read Next

Sabiq deputat Səmayə Piriyevadan maraqlı təklif-İLHAM ƏLİYEV ÖMÜRLÜK PREZİDENT SEÇİLSİN VƏ MİLLİ QƏHRƏMAN ADINA LAYİQ GÖRÜLSÜN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir