“Bu, milli dövlətlərin də gələcəyi ilə bağlı ciddi suallar doğurur…” – MÜBARİZ QURBANLI

21-ci əsrin ilk illərindən dünyada baş verən proseslər, xüsusilə dini zəmində terrorun, radikallığın və ekstremizmin güclənməsi yeni yaranmış müstəqil dövlətlərin din sahəsində ardıcıl, effektiv və daha həssas siyasət həyata keçirmələrini zərurətə çevirdi.

Etikxeber.az  xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

O, qeyd edib ki, hazırkı dünyamızda beynəlxalq münasibətlər sistemindəki mövcud vəziyyət, dünyada cərəyan edən qanlı hadisələr bir daha sübut edir ki, dinə yalnız inanc, mənəviyyat və hüquq məsələsi kimi deyil, həm də dövlətin və cəmiyyətin təhlükəsizliyi və sabitliyi prizmasından yanaşmaq lazımdır.

“Bu mənada Azərbaycandakı dövlət-din münasibətləri, milli-mənəvi, o cümlədən dini dəyərlərin qorunması və təbliği, eləcə də tarixi-dini abidələrin bərpası, tolerantlığın və dinlərarası dialoqun təşviq edilməsi sahəsində zəngin irsinin öyrənilməsi və düzgün təbliği Azərbaycanla yanaşı, digər ölkələr üçün də olduqca faydalıdır.

Bununla yanaşı, dünyəvi dövlətdə dinin yeri, eləcə də qloballaşma prosesinin getdikcə dərinləşdiyi hazırkı dövrdə milli adət-ənənələrin yaşadılması və mənəvi irsin mühafizəsi çağdaş dünyanın ən aktual məsələlərindən biri hesab olunmaqdadır.

Zaman keçdikcə sürətlənən qloballaşma prosesi sanki xalqların milli xüsusiyyətlərini və özünəməxsusluğunu əridərək ümumi milli dəyərlərə malik vahid dünya cəmiyyəti formalaşdırır.

Təbii ki, bu, təkcə xalqların deyil, milli dövlətlərin də gələcəyi ilə bağlı ciddi suallar doğurur…”-deyə, M. Qurbanlı sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Mirzə Ələkbər Sabir”də yaddaqalan və kreativ – MÜƏLLİMLƏR GÜNÜ – FOTOLAR

Read Next

“Valensiya”, “Real”, “Verona”, “PSJ” sevincli, “Bavariya”, “Tuluza”, “Qranada” üzgün…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir