“Bu müharibədə bütün Azərbaycan xalqı “Hər şey Vətən üçün” şüarı altında bir yumruq olaraq birləşdi…”-FATMA YILDIRIM

Bugünkü əlamətdar gün, Yeni Azərbaycan Partiyasının yaranmasının 28-ci ildönümü Azərbaycan xalqı üçün möhtəşəm tarixi hadisəyə təsadüf edir.

Torpaqlarımız erməni işğalından azad olunub.

Bu sevinci, xoşbəxtliyi xalqımıza bəxş etdiyi üçün partiyamızın Sədri, Ali Baş Komandan cənab İlham Əliyevə və rəşadətli ordumuza təşəkkür edirəm.

Bəli, bu müharibədə bütün Azərbaycan xalqı “Hər şey Vətən üçün” şüarı altında bir yumruq olaraq birləşdi, həm ön, həm arxa cəbhədə mübarizə apardı.

Qazanılmış bu qələbə cənab Prezidentin rəhbərlik etdiyi partiyamızın qələbəsi kimi də qeyd edilir.28 illik fəaliyyəti dövründə partiyamız Ümummilli liderimiz Heydər Əliyevin ideyalarına əsaslanaraq çox böyük və şərəfli yol keçib. İlk növbədə vurğulamaq istəyirəm ki, YAP ictimai-siyasi zərurətdən yaranan ümumxalq partiyasıdır.

Qarabağa gedən uzun və çətin yolun başlanğıcı da elə YAP-ın qurulması ilə qoyuldu.Hər zaman xalqının mənafeyini qorumuş Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası qısa müddət ərzində təşkilatlandı, xalqın dəstəyi ilə ulu öndər 1993-cü ildə hakimiyyətə gəldi.

Yarandığı gündən YAP-ın Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və uğurla tətbiq edilən əsas siyasəti Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən, demokratik, hüquqi, dünyəvi cəmiyyətin qurulmasından, güclü iqtisadiyyatın yaradılmasından ibarət olub və partiyamız ötən dövr ərzində öz məqsədlərinə uyğun fəaliyyət göstərib.

Səmərəli fəaliyyətin və yüksək siyasi nüfuzun nəticəsi kimi ümumxalq partiyasına çevrilən, hazırda 760 mindən çox üzvü olan YAP bu müddət ərzində ölkədə keçirilən prezident, parlament və bələdiyyə seçkilərində inamlı qələbələr qazanıb.Əminliklə söyləyə bilərik ki, Yeni Azərbaycan Partiyası xalqımızın qarşısında duran vəzifələrin yerinə yetirilməsinə özünün layiqli töhfəsini verib və bu siyasət bu gün də uğurla davam etdirir, ölkənin etibarlı gələcəyinin təmin olunmasında müstəsna rol oynayır.

Yeni Azərbaycan Partiyası ölkəmizdə siyasi mədəniyyətin və siyasi sistemin formalaşmasına, təkmilləşməsinə birbaşa, fundamental töhfələr verən ümumxalq partiyasıdır.Özündə yüksək intellektual potensialı birləşdirən YAP-ın sıralarında gənclər böyük üstünlük təşkil edir. Ümumiyyətlə, Yeni Azərbaycan Partiyası hər zaman fəaliyyətində gənclərə geniş imkanların yaradılmasına, onlarda milli şüurun, vətənpərvərlik ruhunun formalaşdırılmasına xüsusi önəm yetirib.

Möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə üzvlərinin 40 faizi gənclərdən ibarət olan YAP-ın prioritet istiqamətlərindən biri Azərbaycan gənclərinin hərtərəfli inkişafı, onların ölkənin ictimai-siyasi, sosial-mədəni həyatındakı rolunun artırılmasıdır. Bu gün Yeni Azərbaycan Partiyasının gəncləri dövlətimizin inkişafı naminə hər sahədə öz töhfələrini verməkdədirlər. O cümlədən, müharibə günlərində də biz şahidi olduq ki, arxa cəbhədə informasiya müharibəsində YAP gəncləri fəal iştirak etdi, onların bu mübarizədə müstəsna rolu oldu.

Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında, qələbəmizin qazanılmasında hər bir Azərbaycan gəncinin əməyi vardır.Bu da dövlətimiz tərəfindən aparılan düzgün gənclər siyasətinin bariz nümunəsidir. Eyni zamanda, hərbi komissarlıqların qarşısında toplaşan və könüllü olaraq döyüşdə iştirak etmək istəyənlərin yaratdığı izdiham bir daha bütün dünyaya Azərbaycan gəncinin vətənpərvər, dövlətinə sadiq, Ali Baş Komandanın ətrafında yumruq tək birləşdiyini göstərdi.

Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu 30 illik dondurulmuş münaqişəni 44 günə əritməyi bacardı. Ötən günlərdə bir daha təsdiqləndi ki, müstəqil Azərbaycan etibarlı əllərdədir və ölkəmiz gələcəyə əmin addımlarla irəliləyəcək.Bu gün bizim partiyamıza rəqib ola biləcək hər hansı bir siyasi qüvvə Azərbaycanda mövcud deyil. Yeni Azərbaycan Partiyası, sözün əsl mənasında, ümumxalq partiyasına çevrilibdir. Cəmiyyətimizin bütün təbəqələri partiyamızda birləşib.

Partiyamızın yarandığı vaxtdan etibarən Azərbaycanda keçirilən bütün seçkilərdə parlaq qələbələr qazanması hər kəsə bəllidir. Ötən günlərin hadisələri bir daha göstərdi ki, müdrik xalqımız 2003, 2008, 2013-cü və 2018-ci ildəki prezident seçkilərində hər zaman doğru qərar vermişdir. Xalqın böyük inamla seçdiyi Prezident cənab İlham Əliyev 17 il ərzində əzmlə, yorulmadan çalışaraq bu zəfərin müəllifi oldu.Uğurlarımızın səbəblərindən biri də məhz ondan ibarətdir ki, əldə edilmiş nailiyyətlər bizə hər zaman əlavə stimul vermişdir.

Öz gücünü xalqın dəstəyindən alan Yeni Azərbaycan Partiyası ölkəmizdə davamlı islahatların həyata keçirilməsinə, ictimai-siyasi sabitliyin qorunmasına, Azərbaycanın inkişafına, dövlət müstəqilliyimizin güclənməsinə, ölkəmizin beynəlxalq nüfuzunun artmasına milsilsiz töhfələr verməkdə davam edir.

Yeni Azərbaycan Partiyası, eyni zamanda, Azərbaycanın beynəlxalq imicinin möhkəmlənməsində müstəsna rol oynayıb. Partiyamızın çoxşaxəli beynəlxalq əlaqələrini uğurla davam etdirməsi nəticəsində Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə mütəmadi olaraq çatdırılıb.Bütün bunlar deməyə əsas verir ki, ümumxalq partiyası olan YAP-ın fəaliyyəti, qarşıdakı dövrdə də Azərbaycanın inkişafına xidmət edəcəkdir.

Dövlətimizin başçısı, partiyamızın Sədri cənab İlham Əliyevin qeyd etdiyi kimi:

“Bu gün Yeni Azərbaycan Partiyası dünya miqyasında çox böyük və güclü partiyadır”.

Bugünkü bayram münasibətilə Azərbaycan xalqını, eləcə də siyasi həmfikirlərimi səmimi qəlbdən təbrik edirəm!Əminəm ki, bundan sonra biz əlamətdar günlərimizi daha da yüksək əhval ruhiyyədə qeyd edəcəyik, çünki biz Qalib Xalqın, Qalib Dövlətin hakim partiyasının nümayəndələriyik!

Arzum budur ki, tezliklə Yeni Azərbaycan Partiyasının növbəti tədbirlərini işğaldan azad olunmuş Qarabağ torpaqlarında, Şuşada keçirək!

Yaşasın, Azərbaycan xalqı!

Yaşasın, Yeni Azərbaycan Partiyası!

Fatma YILDIRIM,

Millət vəkili

Etikxeber.az

Read Previous

“25 illik həyat yolunun Füzuli nidası”-QƏNİRƏ PAŞAYEVA YAZIR

Read Next

Yoluxmada nisbi azalma-2735 – ÖLÜM SAYINDA ARTIM – 28

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir