“Bu, nə əxlaqsızlıq?”- DEPUTAT ŞƏHRİYARA HÖRMƏTSİZLİKDƏN YAZDI

Bu nə tərbiyəsizlik, nə əxlaqsızlıq?

Böyük Şəhriyar bütün millətimizin böyük sevgisini qazanmış ustad şairimizdir.

“Heydərbabaya salam” hər zaman yanğıyla, gözyaşıyla, özləmlə, həsrətlə əzbər söylədiyiimiz özəl bir əsərdir bizim üçün.Şəhriyar Bakı ilə Təbrizi birləşdirən bir körpüdür.

Bizim evimizdə qapıdan daxil olan hər insanı ilk qarşılayan foto onun idi.

Hətta, məktəb yoldaşlarım ilk zamanlar elə bilirdilər babamın şəklidir.

Onlara atamın anlatdığı Şəhriyarı anladardım.

Onun büstünün İranda bu vəziyyətə salınmış fotolarına hiddətlə,ağrıyla, üzüntü ilə baxdım.

Bunu edənləri qınayıram, bunu edənlərə qarşı ciddi cəza tədbirləri görməyənləri də, bu vəziyyəti düzəltməyənləəri də.

Bununla bağlı İran İslam Respublikasının Azərbaycandakı səfirinə zəng edib, etirazımızı bildirəcəm və bu vəziyyətin aradan qaldırılması məsələsini xahiş edəcəm.

Şəhriyara qarşı bu cür sayğısızlığı bütün azərbaycanlılar qınayırıq və təcili aradan qaldırılmalıdır.

Şəhriyar Azərbaycan ədəbiyyatının ən böyük şairlərindən biridir və hər zaman sevgi ilə anılacaq.

***
Bu yazını illər əvvəl yazmışdım. Gənclər oxusun istərəm.

***
Evimizdə cəmi bir neçə böyük azərbaycanlı dahinin şəkli vardı. Bu portretlərdən biri də dahi Azərbaycan şairi Şəhriyarın idi. Rayondakı evimizin qapısını açan kimi divardan Şəhriyarın qəmli, həsrətli baxışları boylanırdı. İndi də uşaqlıq illərimi xatırlayanda yadıma şairin o nisgilli gözləri düşür. Atamı itirəndən sonra çox az-az gedirəm o evə… 

Son səfərimdə yenə yolumu evimizdən saldım. Qapını açan kimi gözüm Şəhriyarın şəklinə dikildi. Elə bil şəkildəki baxışları bir az da küskünləşmişdi. Xatırladım… Atam sağ olsaydı, deyəcəkdi ki, heyf… Bu il Şəhriyarı itirməyimizin 20 ili tamam olur. Atam ən əziz adamı kimi, hər il onun həyatla vidalaşdığı günü yas saxlayardı. Gözləri dolardı, qəhərlənərdi: «Heyf, cəmi 3 il də yaşasaydı Müstəqil Azərbaycanı görərdi! Buna onun haqqı var idi, o bunu görməli və sevinməli idi!» deyərdi.

Deyəsən atamı itirməyimlə bu dahi Azərbaycan şairinin doğum və ölüm ildönümlərini də “itirmişəm”. O gün özümə söz verdim ki, onu itirdiyimizin iyriminci ildönümünə gec də olsa, bir yazı yazım. Əlimizdən başqa nə gəlir ki?..

Bir xeyli sükutla şəklinin qarşısında dayandım. Atamın bir zamanlar bu şəkilin qarşısında dayanaraq, böyuk ustaddan qəm qarışıq harayla dediyi misralar sanki uzaqdan gələn doğma pıçıltı kimi ruhuma axırdı.
***
Qurtarmaqçün zalımların əlindən Rəy şümşadını,
Öz şümşadın başdan-başa olub al qan, Azərbaycan!

Yarəb, nədir bir bu qədər ürəkləri qan etməyin,
Qolubağlı qalacaqdır nə vaxtacan Azərbaycan

İgidlərin İran üçün şəhid olmuş, əvəzində,
Dərd almısan, qəm almısan sən İrandan, Azərbaycan!
***
Övladların nə vaxtadək tərki-vətən olacaqdır?
Əl-ələ ver, üsyan elə, oyan, oyan Azərbaycan!

Bəsdir fəraq odlarından od ələndi başımıza,
Dür ayağa! Ya azad ol, ya tamam yan, Azərbaycan!
Şəhriyarın ürəyi də səninki tək yaralıdır,
Azadlıqdır sənə məlhəm, mənə dərman, Azərbaycan!

Yadımdadı, Şəhriyardan danışanda atam elə bil Sovetləri də unudurdu, söylədiklərinə görə təqib və təzyiqlərlə üzləşə biləcəyini də. Şəhriyarın və milyonlarla azərbaycanlının ürəyini yaralayan tarixi faciələrimizdən danışardı, milləti param-parça edən Gülüstan, Türkmənçay adlı o tarixi lənətlərdən söz açardı. Görmədiyi və görmədiyimiz Təbrizdən, Ərdəbildən bir sözlə böyük VƏTƏNdən danışaqdı. Onun tez-tez ustaddan yanğı ilə dediyi Azərbaycan Marşını həyəcansız dinləmək mümkünsüz idi.

Ey torpağı lal u mərcan, Azərbaycan, Azərbaycann!
Mən verərəm uğrunda can, Azərbaycan, Azərbaycann!

Ey vətənim, düşmən əcəb bağrıvı al qan elədi,
Bağlarıvı vurdu xəzan, gör necə viran elədi,
Zülmət geçib döndü zaman, Azərbaycan, Azərbaycann!
Ey torpağı lal u mərcan, Azərbaycan, Azərbaycann!

Geçmişivə baxmalıdır rir u cəvan ibrət ilə,
Hazır olub ellərimiz intiqama geyrət ilə,
Məqsədimiz var səni azad eyləyək sürət ilə,
Müstəbidə yoxdur aman, Azərbaycan, Azərbaycann!

Bəsləmişsən şanlı vətən, nazilə öz evladıvı,
Mən də gərək cəhd eləyib ərşə ucaldam adıvı,
Himmət elə, parçalayıb məhv eləyim cəlladıvı,
Vəqti saadətdür oyan, Azərbaycan, Azərbaycann!
Ey torpağı lal u mərcan, Azərbaycan Azərbaycann!

And içirəm namusuma,məsləyimə, vicdanıma,
Gün kimi dünyada müqəddəs tanılan imanıma,
Ya səni azad eləyim, ya boyanam al qanıma,
Haqqın özi dönməz, Azərbaycan, Azərbaycann!
Ey torpağı lal u mərcan, Azərbaycan, Azərbaycann!

Şəhriyarın vəfatı xəbərini atam sarsıntı ilə qarşılamışdı. Elə bil ən yaxın adamını itirmişdi…
Azərbaycan müstəqillik qazanandan sonra atamın Şəhriyarın şəklinin qarşısında dəfələrlə necə kövrəldiyini xatırladım. «Sən bunu görməliydin, bütöv olmasa da artıq müstəqil Azərbaycan var!» deyib ağlayardı atam. Atam “heyf, Şəhriyar bu günləri görmədi! Heyf, Şəhriyar müstəqil Azərbaycanı görmədi! Heyf, o həsrət qaldığı bu taya gələ bilmədi! Heyf, Şəhriyar ona dərman, Azərbaycana məlhəm olan azad Azərbaycanı görmədi!” sözlərini necə yana-yana deyərdi… O evdə, qapını açanda məni baxışı ilə qarşılayan şəklin önündə bunların hamısı kino lenti kimi gəlib gözümün önündən keçdi… Atam, Şəhriyarla bağlı o söhbətlər, müstəqil Azərbaycan yanğısı…

O, mənim uşaqlığımın şairidi. Bəlkə buna görədir ki, qəlbimdəki yeri də dəyişməzdi. Ədəbiyyatçı olan atam Şəhriyar haqqında danışmaqdan, onun şerlərini söyləməkdən xüsusi zövq alardı. Şəhriyarı Azərbaycanın 20-ci əsrdə yetirdiyi ən böyük şairlərindən biri, bu Vətənin milli şairi adlandırardı. Şəhriyar yeganə Azərbaycan şairi idi ki, atam onun barəsində danışanda, həsrət dolu şerlərini deyəndə ağlayardı. Yanğı ilə…

Biz «Heydərbabaya salam» poeması ilə böyümüşdük. Atam deyərdi ki, Cənubi Azərbaycanda ana dilində yazmaq qadağan olunduğu bir vaxta Şəhriyar bu poeması ilə əsl inqilab etdi və bu əsər qüdrətinə görə Vətən haqqında bir dastandır!

«Heydərbabaya salam» poeması ilə Şəhriyar millətinin tarixini, böyüklüyünü, adət-ənənəsini, dilinin şirinliyi və zənginliyini dillərdə dastan etdi, millətinin ikiyə bölünməsinə qarşı etiraz səsini ucaltdı, ayrılığı salanlara qan puskurdu, bu ayrılıqdan millətinin çəkdiyi əziyyətə, düşdüyü bəlalara ağladı, milləti bu ədalətsizliyə dözməməyə, birliyə çağırdı. O, vətən övladlarını milləti millət edən zəngin dilinə, mədəniyyətinə, adət-ənənəsinə, tarixinə sahib çıxmağa səslədi!
Biz «Heydərbabaya salam» poemasını da, şairin digər şerlərini də əzbər bilirdik. Atam təkcə şerləri deyil, tarixi ədalətsizliyi, millətin zorla ikiyə bölünməsini, o taydan bu taya, bu taydan o taya həsrətlə boylanan baxışları, ahları, nalələri, ananın bala, bacının qardaş həsrəti ilə həyata gözlərini yummasını, bir sözlə, millətin faciəsini Şəhriyarın Heydərbaba dağına üz tutaraq yazdığı poemanın hər bəndi ilə izah edərdi. Sovet İttifaqının təzyiq maşının ən güclü vaxtlarında belə atam Şəhriyarın müstəqil, bütöv Azərbaycan nisgilinin, arzusunun bütün azərbaycanlılar üçün müqəddəsliyindən danışardı.
Könlüm quşu qanad çalmaz, sənsiz bir an, Azərbaycan!
Xoş günlərin getməz müdam xəyalımdan, Azərbaycan!
Səndən uzaq düşsəm də, mən eşqin ilə yaşayıram,
Yaralanmış qəlbim kimi, qəlbi viran, Azərbaycan.

Bütün dünya bilir sənin qüdrətinlə, dövlətinlə,
Abad olub, azad olub, mülkü-İran, Azərbaycan!

Bisütuni-İnqilabda Şirin-Vətən üçün Fərhad,
Külüng vurmuş öz başına zaman-zaman, Azərbaycan!

Vətən eşqi məktəbində can verməyi öyrənmişik,
Ustadımız demiş heçdir vətənsiz can, Azərbaycan!

Mən atamın sayəsində belə tanımışdım bu misraların müəllifi olan dahi Azərbaycan şairi Şəhriyarı. Müstəqil görə bilmədiyi Azərbaycan kimi yarımcan yaşayan böyük ustadı! Nisgilli, həsrətli Şəhriyarı! O, böyük və milli şairi! Atamın sözləri ilə desəm, Azərbaycanın yaralı ürəyi, gözyaşıylı Şəhriyar! Mənim üçün Azərbaycan ədəbiyyatının 20-ci əsrdə yaratdığı ən böyük şair idi Şəhriyar! Türkün Hafizi! Öz millətinin haqq səsiydi, düşünən beyniydi Şəhriyar! O, Cənubi Azərbaycanda ana dilində yaranan poeziyanın xilaskarı, sarvanı idi. Ana dilində yazıb-yaradan bütöv bir nəsil Cənubi Azərbaycan şairləri üçün mənəvi dayaq, istiqamətverici qüvvə, güc idi, ilham mənbəyi idi Şəhriyar! Onun «Heydərbabaya salam» poeması İran mühitində Azərbaycan dilli poeziyanın qələbəsi olmaqla yanaşı, bü mühitdə Azərbaycan dilini öyrənmək üçün də zəruri ehtiyacın əsasını qoyub.
Azərbaycan müstəqilliyini qazandıqdan sonra illərlə içimdə yaşatdığım arzumu, Təbrizi, Ərdəbili daha neçə-neçə Azərbaycan şəhərlərini görmək, Şəhriyarın qəbrinə baş çəkib oradan Təbrizə baxmaq istəyimi gerçəkləşdirə bildim. Təbrizdə ilk dəfə olurdum. 2000-ci illər idi… Amma elə bilirdim ki, burda nə vaxtsa olmuşam, tanıyıram bu şəhəri. Təbriz dünyanın yeganə şəhəri idi ki, onu görmədiyim halda mənə bu qədər yaxın və doğma idi. Bütün günü həm ağlayır, həm də sevinirdim. Sevinirdim ona görə ki, mən babalarınmdan fərqli olaraq müstəqil Azərbaycanı da gördüm, onun vətəndaşı kimi Vətənin bir parçası Təbrizi də, bunun üçün Allaha milyon dəfə şükr edirdim!
Kədərlənirdim ona görə ki, bu sevinc tamlaşa, bütövləşə bilmirdi. Təbrizə xarici vətəndaş kimi gəldim, viza ilə, sərhəddən, gömrükdən, yoxlanışdan keçərək… Ağır hiss idi…
Orda, gözəl Təbrizdə atamın bizi Şəhriyarı misaları ilə böyütdüyünü bir də xatırladım. Atam hey deyərdi ki, bu duyğularla, bu misralarla böyüməsəniz, tam olmayacaqsınız həmişə yarımcan qalacaqsınız!

Yaman günlər keçib-gedib itəndi
Bir yaxşılıq muradına yetəndi.
O tay – bu tay fərqi yoxdu Vətəndi!

Vətənin o tayında idim. Minlərlə gəncin bu ruhda böyüməsində böyük rolu olan Şəhriyara dəfələrlə rəhmət oxudum. Çünki onun yaradıcılığı bizə belə öyrədib: O tay bu tayın fərqi yoxdur, hər iki tayda – Azərbaycan var! Bir ürəyin iki parçası! Gülüstan və Türkmənçay adlı o qara tarixə lənət oxudum, lap Şəhriyar kimi!

Həsrət qalalı biz sizə bir qərn yarımdır,
Ağlar gözümün şahidi şerim, setarımdır.

Küçələri dolandıqca, Bakıdan gəldiyimi bilən bacı-qardaşlarımızın böyük sevgi ilə «əziz qonağımızsan buyur evimizə» demələrini eşidincə kövrəlirdim. Sanki bu küçələr, bu yollar, bu döngələr mənə çoxdan tanış idi, sadəcə həsrət qalmışdım… Qulağıma yenə atamın Şəhriyardan dediyi misralar gəlirdi.

Burda xəyal meydanları genişdi,
Dağlar, daşlar bütün mənlə tanışdı,
Görçək məni Heydərbaba danışdı:
– Bu nə səsdi, sən aləmə salıbsan,
Gəl bir görək özün harda qalıbsan?

Heydərbabaya da baş çəkdim! Niyə indi gələ bildiyimi danışdım ona! Böyük ustad Şəhriyarın dilindən hər bir azərbaycanlının qəlbində özünə xüsusi yer tutmuş Heydərbabaya! Əslində o bunların hamısını bilirdi. Çox acı hadisələrin, xatirələrin şahidi idi, Şəhriyarın sirr yoldaşı idi Heydərbaba…
Bakıdan apardığım güllər yolda solğunlaşmışdı. Səfər yoldaşlarım arada məni məzəmmət edirdilər: “ Neynirsən, bu solmuş çiçəkləri, at,lazım olsa İranda təzəsini alarsan”. Amma yox. Bu güllər Şəhriyar üçündü, solsalar belə, onun rühünü şad edəcəklər…

Heydər Baba, gün daluvu dağlasın,
Üzün gülsün, bulaqların ağlasın,
Uşaqların bir dəstə gül bağlasın,
Yel gələndə ver gətirsin bu yana,
Bəlkə mənim yatmış bəxtim oyana.

Bakıdan gətirdiyimi gülləri qəbrinin üstə düzdüm. Elə bildim, ruhu sevinir! Həm güllərə, həm də mənim gəlişimə…Xeyli söhbətləşdik!

Bir uçaydım bu çırpınan yelinən,
Bağlaşaydım dağdan aşan selinən,
Ağlaşaydım uzaq düşən elinən
Bir görəydim ayrılığı kim saldı?
Ölkəmizdə kim qırıldı, kim qaldı?

Gələ bilməmişdi, öyrənmək istədiyi, soruşmaq istədiyi hər şeydən danışdım ona! İllərlə ürəyimdə gəzdirdiyim dərdimi dedim ona. Azərbaycandan, ayrılığı salanlardan, bu gündən və arzuladığı gələcəkdən danışdım! Dedim ki, rahat yatsın! O GƏLƏCƏK mütləq gələcək!
Uyuduğu şairlər qəbirstanlığında tək deyildi. Azərbaycan poeziyasının neçə böyük ustadı yandaşlıq edirdi ona: Qətran Təbrizi, Xəqani Şirvani, Şəmsi Təbrizi və daha kimlər…!
Araza da baş çəkdim. Bu dəfə o taydan… Şəhriyarın gözü ilə o taydan baxdım bu taya … Sovetin dəmir məftillərini xatırladım, o taydan bu taya, bu taydan o taya bacıdan qardaşa, anadan balaya gedən əl boyda məktub parçasına görə nəsillərin ölümə məhkum edildiyini xatırladım! İlahi, dedim, nələr çəkib Şəhriyar! Hətta ən ağır zamanlarda belə vahid vətən problemi onun poeziyasında aparıcı xətt təşkil edib. O, heç zaman Vətənin faktiki ictimai-siyasi və coğrafi vəziyyəti ilə, bu ayrılıqla barışa bilməyib, həmişə etiraz edib və bu gün də edir… Şəhriyarın Araza üz tutaraq yanğı ilə dediyi misralar yadıma düşürdü və çaya baxa-baxa hiss edirdim ki, deyəsən boğuluram.

Göz yaşımsan, ay Araz, qoyma gözüm baxsa da görsün
Nə yaman pərdə çəkibsən iki qardaş arasında!

O, ananı-baladan, qardaşı-bacıdan, əti-dırnaqdan ayrı salan, milləti ikiyə bölən günahkarları çox yaxşı tanıyırdı, öz poeziyasını silaha çevirib daim mübarizə aparırdı. Onun şerləri əslində bir çağırış, bir haray, bir etirazdır. Hələ o illərdə bu taya şair Süleyman Rüstəmə yazdığı şerdə dediyi kimi.

Demə, dağdı-daşdı, Süleyman, səni məndən ayıran şey,
Bir çibandı ki, çıxıb göz ilən qaş arasında!

Elə Araza baxa-baxa xatırladım ki, hələ 1991-ci ildə Tibb Universitetində qəbul imtahanlarında ədəbiyyat yazıdan Süleyman Rüstəm yaradıcılığında Cənubi Azərbaycan mövzusunda inşa yazmışdım. Bütün düşüncələrimi qələmə almağa çalışmışdım. Yazının yarıdan çoxu Şəhriyar idi.

Təbrizi, Ərdəbili gəzdim… Vətənimi seyr elədim. Bakıdan gəldiyimi bilənlər, söhbət etdiyim insanların bir çoxu bu taydakı qohum-əqrabalarından danışırdı. Mən də axtarırdım.
Özümünküləri… Sanki Şəhriyar pıçıldayırdı:

Anam Təbriz mənə kəhvarədə söylərdi: yavrum, bil!
Sənin qalmış o tayda, xallı-telli bir xalan vardır

“Bu nə tale, bu nə zülm, bu nə faciədir millətimə yazmısan, ilahi?” deyib neçə dəfə üzümü göylərə tutdum. Şəhriyarın ağrılarını indi daha kəskin, daha aydın, öz canımda hiss edirdim. Qəbrini yenidən ziyarətə getdim. Çox az adam vardı. Qəbrin yanında oturdum. Ana dilimizdə danışırdım. Mən danışırdım, O dinləyirdi! Bilirdim ki, çox sevir ana dilini! Hətta ən çətin dövrlərdə, ona qarşı təzyiqlərin, təqiblərin ardı-arası kəsilməyəndə, qorxu içərisində yaşadığı vaxtlarda belə ana dilini vəsf etməkdən, millətinin nümayəndələrinə bu lisanın gözəlliyini, böyüklüyünü təbliğ edib, onu qorumağın vacibliyini nəsihət edib böyük şair! Türkün dili şerində dediyi kimi! Sağ ol, ey böyük şair! Sənin bizə nəsihətin bu gün də əhəmiyyətini, dəyərini qoruyub saxlayır. Sən bu gün də dünyanın hər yerində yaşayan insanımıza səslənirsən ki, ana dilinlə fəxt et, qürur duy, onu öyrən, bu dildə sevə-sevə danış, onu təbliğ et….Sən bu gün də səslənirsən ki, ana dilini bilməyən, ana dilində danışmaqdan ləzzət almayan insan manqutlaşıb bitir…. Son iki əsrdə millətimizin başına gələnlərdən sonra haqqımız yoxdur dilimizə sahib çıxmamağa! Çünki bizi parçalayanlar, bölük-bölük edib gücsüz salanların ən böyük hədəfidir bizi dilimizdən, kökümüzdən ayrı salmaq! Ondan uzaqlaşanda isə özümüzdən uzaqlaşırıq və daha çox bölünüb, gücsüzləşərik… Sağ ol böyük ustad, ana dilinə bu qədər böyük sevgini anna dilinə verdiyinə görə!

Türkün dili tək sevgili, istəkli dil olmaz,
Özgə dilə qatsan, bu əsil dil əsil olmaz.

Fars şairi çox sözləri bizdən aparmış,
Sabir kimi bir sufrəli şair paxıl olmaz.
Türkün məsəli, folkloru dünyada təkdir,
Xan yorğanı, kənd içrə məsəldir, mitil olmaz.

Azər qoşunu Qeysəri-Rumu əsir etmiş,
Kəsra sözüdür, bir belə tarix nağıl olmaz.

Bu Şəhriyarın təbi kimi çimməli çeşmə
Kövsər ola bilsə demirəm, səlsəbil olmaz.

Atam deyərdi ki, Şəhriyar sözün bütün mənalarında əsl vətəndaş idi. O, təkcə şair deyildi, millətinin dərdinə yanan, onun üzləşdiyi haqsızlıqlara etiraz edən, onunla mübarizə aparan ictimai xadim idi. Şəhriyar hər cür qadağalar şəraitində mənsub olduğu xalqın cəsarətli təssübkeşi idi. O, Cənub Azərbaycanda yalnız doğma dilimizin təssübkeşi kimi yox, həm də bu dilin inkişafında- təkcə danışıq vasitəsi kimi yox, ədəbi dil kimi yeni keyfiyyət qazanmasında böyük rol oynayıb.

Türkü bir çeşmə isə, mən onu dərya elədim,
Bir soyuq mərəkəni məşhəri-kübra elədim.

Bir işıltıydı, Süha ulduzu tək görsənməz,
Göz yaşımla mən onu əqdi-Sürəyya elədim

O, Cənubi Azərbaycanda doğma dilimizin qarşılaşdığı çətinlikləri ağrı ilə yaşayıb və bu dilin şöhrətlənməsi üçün ömrünün sonunadək fədakarlıq göstərib.

Türkünün də canını almışdı həyasız toğut
Mən həyat aldım ona, haqq üçün ehya eylədim

Şəhriyarın poeziyası başdan ayağa millilik, türkçülük, azərbaycançılıq, torpağına, doğma xalqına sədaqətlilik ideyaları üzərində qurulub. O, vətənpərvər şair idi. Vətən sevgisi, vətənə bağlılıq, qeyrətli vətəndaş mövqeyi onun yaradıcılığında geniş yer tutur. Hətta «Səhəndim» şerində farsca da şerlər yazmasına aydınlıq gətirdiyi misaralarda da biz bu böyük insanın öz milləti, onun gələcəyi üçün nə qədər ürəkdən yandığını görürük. «Elimin farsıca da dərdini söylər diliyəm mən»!.

Dedin: Azər elinin bir yaralı nisgiliyəm mən,
Nisgil olsam da gulum, bir əbədi sevgiliyəm mən,
Yad məni atsa da, öz gülşənimin bülbülüyəm mən,
Elimin farsıca da dərdini söylər diliyəm mən.
Həqqə doğru nə qaranlıq isə, el məşəliyəm mən.
Əbədiyyət gülüyəm mən!

O, doğurdan da əbədiyyət gülüdür! Nə qədər Azərbaycan və azərbaycanlılar var, bu həqiqət dəyişməzdir. Allah sənə rəhmət etsin ey böyük ustad! Ey dahi Azərbaycan şairi!

Azərbaycanın digər böyük bir oğlu doktor Cavad Heyətlə söhbətlərimi xatırlayıram. Əvvəllər onunla görüşəndə həmişə Şəhriyarı soruşardım, onun haqqında çoxlu xatirələr danışardı. Doktor Cavad Heyət Şəhriyarın çətin zamanlarında ona dəstək olmuş ziyalıdı. Böyük bir ziyalı, milləti üçün çox işlər görmüş bir insan kimi ona böyük hörmətim var. Ona olan sayğımı Şəhriyara münasibəti qat-qat artmışdı. Doktor Cavab Heyət ən çətin vaxtlarda Azərbaycan dilində «Varlıq» jürnalını nəşr etdirdiyi zaman Şəhriyarın necə sevindiyindən, «Varlığın» işıq üzü görməsinə həsr etdiyi şerdən danışardı…

Dil açmada karlıq da gedər, korluğumuz da,
Çün lallığımız doğmuş idi karlığımızdan.
Düşmən bizi əlbir görə təslim olu naçar,
Təslim oluruq düşmənə naçarlığımızdan

O, həmişə milləti birliyə, əl-ələ verərək düşmənlərə qarşı birgə mübarizəyə çağırıb. Bizi «mən»lərdən çıxıb «biz»olmağa çağırıb! Başımıza gələn faciələrdə əlbir ola bilməməyimizin nə qədər yaralara yol açdığını öz şerlərində daim bizə xatırladır.

İnsanlarıq, insanları xoşlayın,
Bir millətik birləşməyə başlayın…

Cənubi Azərbaycanda Şəhriyarı tanımayan və sevməyən azərbaycanlıya rast gəlmək mümkün deyil. İnsanlar deyirdilər ki, Şəhriyar dünyasını dəyişən gün Təbrizdə bir mağaza da açılmayıb, xalq qara geyinib. Şəhriyarı yaxından tanıyan insanlarla söhbətim zamanı o qədər maraqlı xatirələr danışdılar ki, bir məqaləyə sığışdırmaq mümkünsüzdür. Məsələn, hələ körpə olan zaman «Sərdari-milli» Səttarxanla görüşü barədə..

Böyük ustad Şəhriyar ziyalı ailəsində göz açıb. Atası Hacı Mirağa Xoşginabi adı ilə məhşur olan Seyid İsmayıl Musəvi İranda məhşur azərbaycanlı ziyalılarından biri olub və bu ailə haqqında bu gün də Cənubi Azərbaycanda çox hörmətlə danışırlar. Onun keşməkeşli tale yolları əslində dünyaya göz açdığı gündən başlayıb. Böyük ustad Məşrutə hərəkatı ilə bir vaxtda doğulub. 1906-ci il… Təbriz… Tarixə 1905-1911-ci illər Məşrutə inqilabı kimi daxil olan bu qiyamın hərəkətverici qüvvələrinin əsas kütləsini azərbaycanlılar təşkil edirdilər. İnqilabın əsas beşiyi Təbriz şəhəri idi, böyük «Sərdari-milli» Səttarxan… Şəhriyar Səttərxanı çox sevərmiş və həmişə fəxrlə danışarmış ki, o körpə olanda Səttarxan onu qundaqda qucağını alıb öpüb. Taleyə bax ki, Səttərxanın xeyir-dua verdiyi bu körpə millətinin, onun dilinin və haqlarının ömrünün sonunadək təssübkeşi olacaqdı. O, Pişəvəri, Xiyabani hərəkatlarının da şahidi oldu. Tək şahidi yox….

O, başdan ayağa istedad olub. 4 yaşından şer yazmağa başlayıb. Ana dilindən başqa fars, ərəb və fransız dillərini mükəmməl bilib. Tarla sirdaı olub. Yaxşı tar çalırmış… Şəhriyarın ömür yolu vətəni ilə bərabər daim əzablı və təlatümlü olub. Sürgün həyatı, maddi çətinliklər, dillər dastanı olan böyük və uğursuz sevgisi, millətinin və vətənin əzablarını ürəyində və çiynində daşımağın ağırlığı… Həyatdan küsdüyü, dərvişliyə meyl etdiyi vaxtları da olub, amma özündə güc taparaq ömrünün sonunadək millətinin danışan dili olub. O, tibb təhsili alsa da, özünü müalicə etməkdə çətinlik çəkib. Çünki yaraları, dərdləri həddən artıq, çox dərin idi, təbiblik dərd deyildi. Azərbaycan idi onun dərdi!

Ey çörək yerinə yaralar yeyən,
Al əlvan yerinə qaralar geyən,
Anam, mehribanım, söylə nə zaman
Qandal açılacaq əl ayağından.

Tarix az görməyib quduranları
Qanlını qan tutar qandır onları
Ey mənim xalqımın qartal vüqarı
Enmə öz zirvənin ucalığından
Ey Ana torpağım ey Azərbaycan!!!
Nə qədər ki, yasar cahanda günəş,
Nə qədər ki, sudan çəkinər atəs,
Sərq adlı üzüyün gövhər qası tək,
Parlasin, Parlasin qoy, AZƏRBAYCAN!

Azərbaycan poeziyasında, ümumiyyətlə, Şərqdə ayrılıqdan, hicrandan, vətən həsrətindən çox yazılsa da, Şəhriyar kimi bu dərdlərdən yanaraq, həm də yandıraraq yazan şair çox azdır. Bu gün də dillər əzbəri olan «aman ayrılıq» əslində Şəhriyarın qəlbinin naləsi, fəryadı idi.

Arazım vursun baş daşdan- daşa,
Göz yaşım gərək başlardan aşa,
Necə yad olsun qardaş- qardaşa
Nə din qanır, nə iman ayrılıq.
Aman ayrılıq, aman ayrılıq !

Təbrizə hər yolum düşəndə mütləq ona baş çəkirəm. Artıq müstəqil Azərbaycanın paytaxtı olan Bakıdan danışıram, onun üçün maraqlı ola biləcək yeni-yeni məlumatları deyirəm! Düşündükcə dəhşətə gəlirdim! İnsan ömrü boyu Arazın bu tayına keçib qardaş-bacılarını görmək həsrəti ilə yaşasın, görmədiyi yerlər haqqında xəyalən şerlər yazsın! Görüşməsə də, əsərlərində tez-tez Bakını, Sabiri, Üzeyir bəyi, Səməd Vurğunu xatırlasın…

Aşıq deyər: Bir nazlı yar var imiş,
Eşqindən odlanıb yanan var imiş,
Bir sazlı, sözlü Şəhriyar var imiş,
Odlar sönüb, onun odu sönməyib,
Fələk çönüb, onun çarxı çönməyib.

Bakıya dönməyə az qalırdı. Heydərbabaya baxdım… Şəhriyarın harayını pıçıltı ilə ona yenidən xatırlatdım…

Heydərbaba, mərd oğullar doğginan,
Namərdlərin burunların ovginan,

“Sən onun arzusunu yerinə yetirməlisən” dedim. Şəhriyar üçün, bizim üçün, hamımız üçün, millətimiz üçün! Yenidən ona baş çəkirəm, ayrılmaq vaxtıdır. Yadıma vəfasız dünyadan şikayəti düşür.

Heydərbaba, dünya yalan dünyadı,
Süleymandan, Nuhdan qalan dünyadı.
Oğul doğan, dərdə salan dünyadı,
Hər kimsəyə hər nə verib alıbdı,
Əflatundan bir quru ad qalıbdı.

Onunla ilk dəfə razılaşmadığımı deyirəm. Səndən bizə təkcə quru ad qalmayıb axı, şair! Səndən bizə milləti, böyük Vətəni sevmək, mübarizə aparmaq, ana dilinə dərin sevgi, onu qorumaq nəsihəti, bir sözlə milli ideyalar qalıb və qalacaq! Azərbaycan və azərbaycanlılar var olduqca sən də olacaqsan! Bir az da danışırıq, ayrılanda “Vətənə qayıdıram” deyə, pıçıldayıram. Arxadan heç vaxt eşitmədiyim səsi gəlir qulaqlarıma: “Vətənindən vətəninə!”

Astaradan Astaraya keçirəm. Sərhəd, gömrük keçidləri… O, lənət olası tarixin hər yerdə izi var! Heç unutmadığım Şəhriyar yenə yada düşür …

Heydərbaba, alçaqların köşk olsun,
Bizdən sonra qalanlara eşq olsun,
Keçmişlərin gələnlərə məşq olsun,

Doğru deyirsən, böyük ustad! Keçmişlərimiz millətimizin bu gün və gələcək nəsillərinə dərs olmalıdı! Möhkəm olmalıyıq, tariximizə, dilimizə, mədəniyyətimizə daha çox sahib çıxmalıyıq, parçalanmamalıyıq, əl-ələ verib, daha gözəl gələcək qurmalıyıq!

Rahat uyu, böyük ustad, dahi Azərbaycan şairi! Ruhun şad olsun, arzuların gerçəkləşəcək, dərdinə dərman ola bilməsə də, ruhunu sevindirəcək etdiklərimiz. Şəhriyarla dərdləşə-dərdləşə Şəhriyarın heç vaxt görmədiyi, amma şerlərində «bizim Qızıl Kəbə»miz dediyi Bakıya çatıram…

2000-ci illər idi… Narın-narın yağış yağırdı. Mənə elə gəldi ki, bu ölümündən 12 il keçən şairə “Qızıl Kəbə”sinin tökdüyü göz yaşıdı…

P.S. Gecə bu yazını bitirəndə, yenə yağış başlamışdı. Havada da, yağan yağmurda da həzinlik vardı.. Sakit-sakit, tələsmədən yağırdı yağış. Mənə elə gəldi ki, təbiətin bu narın gözyaşları yenə Şəhriyar üçündür… Bu il onun fiziki yoxluğunun 20 ili tamam olur. Ruhu həmişə bizimlədir, Azərbaycanladır! Ruhun şad olsun, həmişəyaşar Şəhriyar!

Qənirə PAŞAYEVA,

Millət vəkili

Etikxeber.az

Read Previous

“İndi də ədəbi aləmdə məmur tayfamız peyda olmaqdadır…” – FİRUZ MUSTAFA YAZIR

Read Next

FIFA prezidenti: “Azərbaycan, sözün əsl mənasında, futbol ölkəsidir”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir