“Bu, özü də toponimlərimizin soyqırımının Ermənistanda dövlət səviyyəsində həyata keçirilməsinin əyani sübutudur”-MİLLƏT VƏKİLİ

Azərbaycan Prezidenti İlham Əliyevin tarixi faktlara, sənədlərə istinadən beynəlxalq tribunalardan səsləndirdiyi Azərbaycan həqiqətləri ermənilərin əsrlər boyu dünyaya yaydıqları tarixi yalanları hər gün bir az daha artıq ifşa etməkdədir. Bu həqiqətlər sırasında son iki əsrdə Cənubi Qafqazda yeridilən erməniləşdirmə siyasəti nəticəsində bölgəyə və bölgə xalqlarına gətirilən çoxlu bəlalar, münaqişə, müharibə, deportasiya və soyqırımları xüsusi yer tutur.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Əziz Ələkbərli deyib.


Onun sözlərinə  görə, 1918-ci ildə Azərbaycan torpaqları hesabına Ararat Respublikası adı ilə tarixdə ilk dövlətlərini yaratmaq fürsəti əldə edən ermənilər dərhal öz əsl simalarını ortaya qoydular və onlara bu fürsəti verən region xalqlarına, ilk növbədə, ərazinin yerli sakinləri olan azərbaycanlılara qarşı kütləvi soyqırımı həyata keçirməyə, dinc əhalini qəddarlıqla və kütləvi şəkildə məhv etməyə başladılar.

“Sonra tarixi mənbələr saxtalaşdırıldı, bu ərazilərdə nə varsa hamısı mənimsənildi, abidələrimiz, toponimlərimiz erməniləşdirildi. Bu il iyunun 3-də Azərbaycan Prezidenti İlham Əliyev Tərtər Rayon Olimpiya İdman Kompleksinin açılışındakı çıxışında alimlərimizin diqqətini bir daha bu məsələlərə cəlb etdi ki, bu tarix ciddi şəkildə araşdırılsın, elmi əsərlər ortaya qoyulsun. “Yeni Azərbaycan Partiyasının layihəsi olaraq nəşr olunmuş “Qərbi Azərbaycanda soyqırımına məruz qalmış toponimlərimiz” kitabı da cənab Prezidentin bu çağırışına bir cavabdır.

Kitabda Azərbaycanın tarixi torpaqları olan Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisində ermənilər tərəfindən adı dəyişdirilmiş 953 toponimin – oykonim, oronim və hidronimin siyahısı verilib. Bu toponimlər Ermənistan SSR-in soydaşlarımızın sonuncu  deportasiyasına qədərki ərazi inzibati bölgüsü – rayonları üzrə qruplaşdırılıb, Qafqaz Hərbi Dairəsinin 1903-cü il hərbi-topoqrafik xəritəsindən hər rayona uyğun görüntülər verilib. Kitaba daxil edilmiş toponimlər hər bir toponimin “köhnə adı”, “yeni adı” və “dəyişdirilmə tarixi” (bu dəyişdirilmə ilə bağlı Ermənistan SSR Ali Soveti Fərmanının tarixi) xanaları üzrə qruplaşdırılıb. Bu, özü də toponimlərimizin soyqırımının Ermənistanda dövlət səviyyəsində həyata keçirilməsinin əyani sübutudur. Kitabda Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisində Azərbaycan toponimlərinin ermənilər tərəfindən dəyişdirilmə prinsiplərinə də xüsusi diqqət yetirilib…”-deyə, o, sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Azərbaycan tarix yazır və bu sıraya daha birini əlavə edəcək”-MİLLƏT VƏKİLİ

Read Next

“İndiki Ermənistandakı yaşayış yerlərinin əksəriyyəti mütləq halda Azərbaycan, türk mənşəli olub…”-ELNUR ALLAHVERDİYEV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir