“Bu qədər insanı işsiz qoymağa nə ehtiyac var idi?” – YAP RƏSMİSİ – YENİLƏNİB (2)

Vahid Əhmədov : “Vergilər Nazirliyi ilə Maliyyə Bazarlarına Nəzarət Palatası arasında ciddi toqquşma baş verəcək…”

Milli Məclisin (MM) aprelin 25-də keçirilən növbəti plenar iclasında “Valyuta tənzimi haqqında” qanuna dəyişikliklə bağlı qanun layihəsinin müzakirəsi olub.

ziyad-1

Etikxeber.az xəbər verir ki, qanuna edilən dəyişikliyə əsasən valyutadəyişmə məntəqələrinin fəaliyyəti yenidən bərpa edilir. MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, valyutanın  tənzimlənməsi Mərkəzi Bankdan alınaraq Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) verilir. Valyutanın tənzimlənməsi ilə bağlı lisenziyalar MBNP tərəfindən  veriləcək. Lisenziyalar təkcə poçtlara deyil, eyni zamanda banklara, rezident və qeyri-rezidentlərə  vətəndaşlara veriləcək. Lisenziya almaq üçün girov tələb edilir.

vahid-1

Müzakirələrdə çıxış edən millət vəkili Vahid Əhmədov bildirib ki, qanuna edilən dəyişiklikdə əksini tapan girov qoyulması məsələsinə narazılığını bildirib. O, qeyd edib ki, valyutadəyişmə məntəqəsi açan şəxs 500 manat rüsum  verib lisenziya almalıdır:

“Belə olan halda bəs girov məsələsi niyə lazımdır?  Yeri gəlmişkən, son zamanlar bizə verilən qanun dəyişiklikləri real həyatı əks etdirmir.  Məsələn, biz “Nağd hesablaşmalar haqqında” qanuna  dəyişdirdik. Amma bu, real iqtisadiyyatada çətinlik yaradır. Ola bilsin ki, cənab prezidentə məlumat vermirlər. İndi də belə bir qanunu gətiriblər. Girov məsələsini qoyublar. Ancaq bu qanun da işləməyəcək. Dünən  biz komitədə daşınar əmlakla bağlı  məsələni müzakirə etdik. Əgər həmin qanun qəbul edilsə, Vergilər Nazirliyi ilə Maliyyə Bazarlarına Nəzarət Palatası arasında ciddi toqquşma baş verəcək.

Mən, ümumiyyətlə, bu qanunlara edilən dəyişikliklərdən çox narahatam. Təklif edirəm ki, bununla bağlı mütəxəssislərdən ibarət şura yaradılsın. Çünki qanunları tez-tez dəyişdirməklə heç nəyə nail ola bilməyəcəyik. Müzakirələrə ehtiyac var…”

***

siyavush

Siyavuş Novruzovdan etiraz: ” Bu qədər insanı işsiz qoymağa nə ehtiyac var idi?”

Millət vəkili Siyavuş Novruzov da bildirib ki, bir il öncə valyutadəyişmə məntəqələrinin ləğvi ilə ölkədə “qara bazar” “çiçəkləndi” və insanlar yüksək faizlərlə valyuta mübadiləsinə getməyə məcbur edildi:

“Bu da insanlar arasında böyük narazılıq yaratdı”.

Onun sözlərinə görə, indi təklif edilən dəyişikliyə əsasən, bu məsələ aradan qaldırılır:

“Ancaq yenidən velosiped icad etməyə nə ehtiyac var? Velosiped var idi, yaxşı olardı ki, onu təkmilləşdirərdik. Həmin valyutadəyişmə məntəqələrində minlərlə insan işləyirdi. Hər məntəqədə ən azı iki nəfər işləyirdisə, onları da ən azı 3 nəfərə vuraq. Bu qədər insanı işsiz qoymağa nə ehtiyac var idi?”.

oqtay-1

Spiker Oqtay Əsədov da öz növbəsində valyutadəyişmə məntəqələrinin yenidən açılması ilə bağlı millət vəkillərinin çıxışlarına reaksiya verib. O, qeyd edib ki, valyutadəyişmə məntəqələrində başqa işlərlə məşğul idilər:

“Dünyadakı ölkələrin çoxunda valyutadəyişmə məntəqələri yoxdur. Bizdə isə kifayət qədər çox idi. Orada başqa işlərlə məşğul olurdular”.

***

yevda-2

Yevda Abramov: “Villarda yaşayan şəxslər qəza xidməti maşınlarında çamadanlarla valyuta dəyişiblər…”

Millət vəkili Yevda Abramov da müzakirələr zamanı sərt çıxışı ilə yadda qalıb.

O, çıxışında qeyd edib ki, adıçəkilən qanuna dəyişiklikdə təklif edilən girov məsələsini iki icra orqanı aralarında müəyyənləşdirə bilmirlər:

“Valyutadəyişmə məntəqələrindən vaxtilə 6000 insan  çörək yeyirdi. Onların hamısını ləğv etmək nə dərəcədə düzgün idi? İndi yenidən bu məsələyə qayıdılır, bu, yaxşıdır,  bəlkə də gələcəkdə onların sayını azaltmaq olar. Çünki dünyanın heç bir ölkəsində vaxtilə bizdəki kimi, rahat valyuta dəyişmirlər. Ancaq  burada ziyan yoxdur, qoyun dəyişsinlər, vergi ödəsinlər, büdcəyə xeyir gətirsinlər.  Mən kimisə tənqid edəndə deyirlər ki, qərəzli danışıram. Novxanı, Bilgəh və “Primorski”də  öz villarında yaşayan şəxslər qəza xidməti maşınlarında çamadanlarla valyuta dəyişiblər. Olmazdımı ki, elə bunu valyutadəyişmə məntəqələri edərdi və bu da büdcəyə xeyir gətirərdi.

Mən qeyd edim ki, babalarımızın, nənələrimizin “sandıq pulu” var. Xalq çaşıb qalıb. Bilmirlər ki, pulunu hansı valyutada  saxlasınlar. Bu insanları heç nədən fırladırlar… Əslində bizi fırladırlar, xalqı fırladırlar. Qoyun, bir  düzəngaha, azadlığa çıxaq. Cənab prezident gecə-gündüz işləyir. Düzdür, mən emosional danışıram. Amma danışmayanda da olmur. Ona görə də mən bu qanuna ikiəlli, ikibarmaqlı səs verəcəm”.

Etikxeber.az

 

Read Previous

Birinci vitse-prezident Mehriban Əliyevanın köməkçisi dövlət qulluqçusu olacaq – YENİLƏNİB (4)

Read Next

“Vətəndaşlarımız artıq xarici ölkələrə üz tutmaycaq…” – QƏNİRƏ PAŞAYEVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir