“Bu, şəhid ailəsinin haqqıdır”- Qənirə Paşayeva

“Aprel hadisələri zamanı şəhid olmuş dəyərli qardaşlarımızdan Müşfiq Orucovun gözəl ailəsini ziyarət etdik. Əslən Zəngilan rayonundan olan və məcburi köçkün kimi bu gün yataqxananın kiçik bir otağına, şəraiti normal olmayan bir otağa sığınmış bu ziyalı ailənin Vətən, Millət sevgisı çox böyükdür və onlarla qürur duyduq”.

Etikxeber.az xəbər verir ki, bunu öz “Facebook” statusunda millət vəkili Qənirə Paşayeva yazıb.

O, yazıb ki, bu ziyalı müəllim ailəsi ilə söhbət o qədər gözəl idi ki, zamanın necə keçdiyinin belə fərqində olmayıblar.

Onun sözlərinə görə, qəhrəman şəhid qardaşımız Müşfiq bəyin böyük Vətən sevgisi məhz bu ailədən qaynaqlanıb. 20 Yanvar hadisələrinin hər ildönümündə 2 uşağının əlindən tutaraq Şəhidlər Xiyabanına aparan, müstəqilliyimizin nə qədər önəmli olması, işğal altındakı torpaqlarımızı işğadan azad etməmizin millətimiz üçün bir şərəf məsələsi olmasını anladan müəllimə anasını diqqətlə dinləyib Müşfiq qardaşımız və o öyüdlərin arxasınca gedib ön cəbhəyə.

“Kiçik və şəraitsiz bir yataqxana otağında hazırlaşaraq 700 balla universitetə daxil olmuşdu, hazırlaşıb sürücülük vəsiqəsi almışdı, dərsdən kənar zamanlarında gedib restoranda çalışaraq ailəyə dəstək olmuşdu, ata-ananın qayğısını çəkmişdi hər zaman əziz şəhidimiz. Ailənin tək oğlu idi Müşfiq bəy, bir bacısı vardı. Evin tək oğlu olsa da, ön cəbhədə olmaqdan yayınmağı ağlına belə gətirməzmiş. Torpağımızı işğaldan azad etməliyik deyərmiş hər zaman. Nur içində yatsın şəhidimiz!

O, indi bu gözəl ailə ilə bərabər bütün millətin övladıdır və hər zaman sevgi ilə yad ediləcək. Ümid edirəm ki, yaxın günlərdə əziz şəhidimiz Müşfiq qardaşımızın ailəsinə ev veriləcək və onlar bu kiçik, şəraitsiz otaqdan normal bir evə köçüb yaşayacaqlar. Bu, onların haqqıdır. Çünki cənab Prezidentimiz hər zaman şəhid ailələrimizə böyük diqqət və qayğı ilə yanaşıb və inanırıq ki müvafiq qurumlarımız Müşfiq Orucovun ailəsinin tez bir zamanda mənzillə təmin edilməsini həyata keçirəcəklər.

Şəhidimizin kimya müəlliməsi olan yeganə bacısını da inanırıq ki, Təhsil Nazirliyimiz yaxın günlərdə işlə təmin edəcək və bu hər ikisi müəllim olan valideynlər üçün ən gözəl xəbər olacaq. Kiçik bir otaqda çətin şəraitdə yaşamalarına baxmayaraq qürurlu bir ailədir şəhid qardaşımızın ailəsi. Vətən sağ olsun deyirdilər. Biz evladımızı Vətən sevgisi ilə böyütmüşdük və əslində şəhidlik yolunu da göstərmişdik. Müşfiq hər zaman əməlləri ilə bizi sevindirərdi. Vətən yolunda şəhidliyi də onun övlad kimi Vətənə sevgisindən gəlirdi deyir gözəl ailə. Şəhid qardaşımıza Allahdan rəhmət, gözəl ailəsinə Yaradanın hər zaman yardımçı olmasını diləyib, ayrıldıq onlardan.

Bizi kiçik otağın bütün divarlarındakı fotolarından Müşfiqin cəsur, mərd, məğrur, inalı baxışları yola salırdı. Sanki az qaldı “qayıdacağıq Zəngilana” deyirdi… Nur içində yat, şəhid qardaşım!

Sən Zəngilansız böyümüşdün, amma Zəngilan da digər Vətən torpaqlarımız da hər zaman qəlbində idi və inanırıq ki Ali Baş Komandanımızın rəhbərliyi altında torpaqlarımızı işğaldan azad edəcəyik və sənin və bütün şəhidlərimizin ruhu da sevinəcək. Səni heç zaman unutmayacağıq və hər zaman sevgi ilə yad eddəcəyik”-deyə, millət vəkili daha sonra yazıb.

Etikxeber.az

Read Previous

Gəncə Dövlət Kukla Teatrı yeni mövsümü “Səlim və sehrbaz” tamaşası ilə açd;

Read Next

Statistika Komitəsi: Kompyuter və elektron məhsulların istehsalı 14,8 faiz artıb

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir