“Bu tədbirlərin bir töhfəsi də Dağlıq Qarabağ düyününün açılması olacaq”- DEPUTAT

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının gündəliyinə daxil edilməyən, amma aktuallıq kəsb edən bir çox mövzular ətrafında 50-yə yaxın deputatın qatıldığı müzakirələrdə Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov da çıxış edib.

Etikxeber.az-ın xəbərinə görə,  “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının ictimai-siyasi əhəmiyyətinə toxunan deputat Azərbaycanın son illərdə belə qlobal tədbirlərin müvəffəqiyyətli təşkilində göstərdiyi əhəmiyyətli nümunələrdən danışıb:

“May ayında Azərbaycanda mühüm ictimai-siyasi mənası olan beynəlxalq tədbir keçiriləcək. Əslində bu idman yarışıdır və diqqəti həmin hadisənin ictimai-siyasi məğzinə yönəltməyim səbəbsiz deyil. Əllidən artıq ölkədən beş mindən çox idmançının və 15 mindən çox turistin qatılacağı “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları miqyası və mahiyyətinə görə əlbəttə ki, yalnız sadəcə idman yarışları kimi qavranıla bilməz. Bu, mühüm çağırışlarla dolu qlobal hadisədir. İdman yarışları, xüsusilə də beynəlxalq olimpiadalar bütün başqa yarışlardan belə bir mühüm cəhəti ilə fərqlənir ki, burada kimin udub-uduzmasından asılı olmayaraq hər iki tərəf qalib çıxır. İki il əvvəl Azərbaycanda elə bu cür digər möhtəşəm beynəlxalq idman yarışması keçirilib. 2015-ci ildə Bakı birinci Avropa Oyunlarına ev sahibliyi edib.

Azərbaycan dünyaya açıqlığını, dinlər, mədəniyyətlər, xalqlar arasında nizamlayıcı vasitə, münasib körpü olduğunu son illər ərzində Bakıda keçirilmiş “Eurovision” mahnı müsabiqəsi, Mədəniyyətlərarası Dialoq Forumu, “Formula-1” yarışı, ənənəyə çevrilmiş Beynəlxalq Humanitar Forumu ilə sübuta yetirib.

Bütün bunlar Azərbaycanın Şərq və Qərb arasında vacib körpü olduğunu nümayiş etdirir. Tolerantlığı, multikulturalizmi həyat tərzinə çevirmiş Azərbaycan məhz belə qovuşduruculuq missiyası daşıyan tədbirlərin ən yaxşı platformasıdır. Ölkəmizin belə qlobal tədbirlərə ev sahibliyi etməsinə ayrı-ayrı səviyyələrdə, o cümlədən Avropa Şurasında müəyyən qüvvələrin qısqanc yanaşmalarının da şahid olmuşuq. Lakin yaşanmış tarix belə tədbirlər üçün Bakının seçilməsinin nə qədər düzgün olmasını əyani olaraq sübuta yetirib. İctimai-siyasi sabitliyin, sağlam demokratik mühitin, ideal tolerant fəzanın mövcud olmadığı bir məkanda isə belə uğura imza atmaq mümkünsüzdür”.

İslam Həmrəyliyi Oyunlarının başlıca mahiyyəti və fəlsəfəsinin məhz ölkələr və xalqlar arasında yaxınlaşmanın, anlaşmanın artmasına nail olunmasını hədəf götürüldüyünü önə çəkən Rafael Hüseynov bildirib: “İslam həmrəyliyi” deyərkən heç də yalnız bu Oyunların vasitəsilə bir-biri ilə münasibətləri kifayət qədər rəvan olmayan bütün İslam ölkələri arasında həmrəyliyə, əməkdaşlığa, iş və fikir birliyinə yardım edəcək yeni impulslar vermək nəzərdə tutulmur. Ən əsas məramlarından biri İslam dünyası ilə digər ölkələr arasındakı yaxınlaşmanın, anlaşmanın, dostluq və mehriban ünsiyyətin daha da inkişafına nail olmaqdır”.

O, deyib ki, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında İslam ölkələrindən olan çoxlu sayda qeyri-müsəlman idmançılar da iştirak edirlər:

“İslam ölkələri” anlayışı isə indiki halda dini mənsubiyyəti nişan verməkdən daha çox coğrafi termin olaraq işlədilir. Bakıda böyük təntənə ilə keçiriləcək və indiyədək baş tutmuş islamiadaların ən irimiqyaslısı olacaq IV İslam Həmrəyliyi Oyunları bütün dünyaya çağırışdır ki, bir yerdə olaq, əl-ələ verək, maraqlarımız yalnız idman meydanlarında üz-üzə gəlsin, hansısa riyakar qüvvələrin təhriki ilə bir-birimizdən düşmən obrazı yaratmaqdan əl çəkək. İslamiadanın hədəflərindən və gözlənilən önəmli faydalarından biri də son dövrlərdə dünyada narahatedici təmayülə çevrilmiş ksenofobiya, irqçilik, milli ayrı-seçkilik, islamofobiya kimi arzuolunmaz halların aradan qaldırılmasına öz töhfəsini verməkdir”.

Sonda R. Hüseynov Azərbaycanın ümdə problemi – Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğal altında saxlanması məsələsinə diqqət çəkərək deyib:

“Dördüncü İslam Həmrəyliyi Oyunlarının talismanı cəsurluq və zərifliyin rəmzi olan Azərbaycanın milli sərvətlərindən olan Qarabağ atıdır.

İnanmaq istərdim ki, İslamiada və bu qəbil digər xoşməramlı beynəlxalq tədbirlərin bir töhfəsi də Dağlıq Qarabağ düyününün açılması olacaq. Bu, Azərbaycanın işğal altındakı torpaqlarının azad olunmasına aparan yolu daha da qısaldacaq”.

Etikxeber.az

Read Previous

“Boşanmaların sürətlə artması…” – DEPUTAT NARAHATDIR

Read Next

Sevinc Fətəliyeva: “Etiraf etməliyik ki…”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir