Bu üç Şəhid anasının ahından qorxun!- KAMİL HƏMZƏOĞLU YAZIR

“Ər”ləri tərəfindən tərk edilmiş, illər öncə övladları ilə taleyin amansız, acımasız axarına buraxılmış, övladlarını böyütmək, ayaqda qalmaq üçün çox nəsnələri gözə almış, minbir əzab-əziyyətlərlə qarşılaşmış, yaşlarından tez qocalmış və hər biri iki övladından birini Vətən yolunda Şəhid vermiş Şəhid anaları-ŞƏHİD ANAlar…

Kürdəmirli Şəhidimiz Adəm Əliyevin anası Akifə xanım, Bərdəli Şəhidimiz Fəxri Qəribzadənin anası Mehparə xanım və Siyəzənli Şəhidimiz Rəşid Həmidovun anası Tənzilə xanım…

Bu ANAlar illərdir kirayələrdə çürüyür, çürüdülür…

Heç zaman da kimsədən nəsə istəməyib, nəsə tələb etməyiblər…

Başlarını aşağı salıb, taleləri ilə “barışıb”, qədərlərinə boyun əyib-“yaşayıb”lar…

Ancaq çox-çox təəssüflər olsun ki, ÖVLADlarının ən Uca Zirvəyə-ŞƏHİDlik mərtəbəsinə ucalmasından belə bu ANAlara münasibət dəyişməyib, onlara hələ də sahib çıxılmır, yiyə durulmur, onlara ömürlərinin qalan hissəsini birtəhər yaşamaq və başa vurmaq, başlarını daldalamaq üçün ev-mənzil verilmir…

Akifə xanım iki oğlundan birini itirib…

Tənzilə xanım Mehparə xanım isə iki övladından birini-gözlərinin ağı-qarası tək oğullarını itiriblər…

Canlarından can ayrılıb, canları yanıb, canları yandırılıb, canları yanır hər gün bu ANAların…

Göyüm-göyüm, sızım-sızım sızıldayırlar hər gün…

Dünya malında, cah-cəlalda da gözləri yoxdur bu anaların…

İllərdir Bakıda kirayələrdə yaşayan, çürüyən bu analar-Tənzilə xanım və Mehparə xanım, sadəcə və sadəcə, evlə, mənzillə təmin olunmalarını arzulayırlar…

Akifə xanım isə Kürdəmirdə, 20 ilə yaxındır kirayə yaşadıqları evin yerləşdiyi, Adəminin xatirələri, anıları, ayaz izləri olan Üzeyir Hacıbəyov küçəsində, Şəhidinin adını daşıyan “Şəhid bulağı”nın yanında iki-üç sotluq torpaq sahəsi ilə təmin olunmasını istəyir…

Çoxmu şey istəyirlər, çoxmu şey tələb edirlər?

Hətta etsələr, etmiş olsalar belə, bu, onların Haqqı deyilmi?

Və ya onların istəklərini qarşılamaq bu qədərmi çətin və zordur?

Bakıda, Bərdədə, Siyəzəndə ev, mənzilmi tapılmır, qəhətəmi çıxıb?

Kürdəmirdə-Üzeyir Hacıbəyov küçəsində boş ərazidən cəmi 2-3 sot torpaq sahəsi ayırmaq nə vaxtdan dəhşətli bir problemə çevrilib? Kim, nə mane olur? Kim dünya malını belinə şəlləyib özü ilə aparıb ki?!

“İndiyə kimi dözüblər, indi də dözsünlər, müharibədən yeni çıxmışıq, gec-tez hər birinə mənzil veriləcək, dünya dağılmayıb ki…” kimi səfsəfələrə də artıq yer yoxdur…

Vallah, yoxdur, billah, yoxdur…

Özünüzü bir anlıq onların yerinə qoyun, onların yerində təsəvvür edin…

O zaman görərsiniz ki, bu ANAlar nələr çəkir, nələr yaşayır!

Bu analar DƏRDlərdən dəli olmaq üzrədir…

Anlayın, dərk edin, başa düşün!

O qurum bu qrurumun, bu qurum o qurumun üstünə göndərir, aylardır süründürür onları, əzab-əziyyət verirlər həyatın hər üzünü görmüş, üstəlik, 10 aydır ÖVLAD acısı ilə qovrulan bu ANAlara…

Cənablar, yoldaşlar, bəylər…Allahın səbri böyük və genişdir…Cəzası da çox qoxuludur…

Allahdan, Şəhidlərin ruhları, bu üç Şəhid anasının ahından qorxun.

Mütləq, QORXUN!!!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Satın alınan siyasətçilər çalınan hər bir havaya oynamalı, amma yeri gələndə tarixin zibilliyinə atılmalıdırlar”-MM-İN KOMİTƏ SƏDRİ

Read Next

Baş Prokurorluqdan narkomaniyayla mübarizə ilə bağlı vətəndaşlara-MÜRACİƏT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir