“Bu uşaqlardan nə hərbçi, nə əsgər çıxacaq” – SİYAVUŞ NOVRUZOV – YENİLƏNİB

“Ümumi təhsil haqqında” qanun layihəsi birinci oxunuşda qəbul olundu

Milli Məclisinin (MM) bu gün keçirilən plenar iclasında yeni hazırlanan “Ümumi təhsil haqqında” qanun layihəsi birinci oxunuşda müzakirə və qəbul edilib.

Etikxeber.az xəbər verir ki, 5 fəsil, 33 maddədən ibarət qanun layihəsi Azərbaycanda ümumi təhsilin təmin olunması sahəsində dövlət siyasətinin əsas prinsiplərini, ümumi təhsilin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən edir.

Qanun layihəsinin 12-ci (Ümumi təhsil müəssisəsi) maddəsində bildirilib ki, ümumi təhsil müəssisəsində təhsilalanlar üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş geyim formaları tətbiq ediləcək. Bildirilib ki, bəzi məktəblərdə məktəbli forması tətbiq olunsa da, ancaq bütün məktəbləri əhatə etməyib.Qanunun 13-cü (Ümumi təhsilin təşkili) maddəsinə əsasən, ümumi təhsilin tam orta təhsil səviyyəsində təhsil təmayüllər üzrə (humanitar, texniki, təbiət və digər) təşkil edilir. Təmayül sinifləri şagirdlərinin sayı ən azı 15 nəfər olmaqla komplektləşdiriləcək. Hazırda bu rəqəm 20-dir. Qanun layihəsində bildirlib ki, tədris ili ərzində təmayül siniflərində şagird sayının azalması həmin siniflərin fəaliyyətinin davam etdirilməsinə məhdudiyyət yaratmır. Qanun layihəsinin 31-ci (Ümumi təhsil sahəsində sahibkarlıq və innovasiva fəaliyyəti) maddəsinə əsasən, ümumi təhsil müəssisəsi əlavə gəlir əldə etmək məqsədi ilə nizamnaməsində nəzərdə tutulmuş qaydada profilinə və fəaliyyət istiqamətlərinə uyğun olaraq və təhsilin prioritetliyini əsas götürməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi sahibkarlıq fəaliyyəti növləri ilə (ödənişli təhsil xidmətləri, yardımçı təsərrüfatlardan əldə olunan məhsulların, şagirdlərin əl işlərinin satışından və icarədən əldə olunan gəlirlər və s.) məşğul ola bilər. Dövlət ümumi təhsil müəssisələrinin innovasiya və sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə yerli və xarici investisiyaların cəlb edilməsinə əlverişli şərait yaradır. Ümumi təhsil müəssisəsi sahibkarlıq subyektləri ilə müqavilə əsasında, bu qanuna uyğun olaraq əlavə gəlir əldə edə bilər. Dövlət və bələdiyyə ümumi təhsil müəssisələri bilavasitə mənfəət əldə etmək məqsədi daşımır. Əlavə maliyyə vəsaiti cəlb etmək imkanlarının artırılması məqsədilə ümumi təhsil müəssisələrində istehsal edilən məhsulların (xidmətlərin) qanuna uyğun olaraq satışı (göstərilməsi) həyata keçirilə bilər. Ümumi təhsil müəssisəsi sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirlərdən mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada sərbəst istifadə etmək hüququna malikdir.Dövlət ümumi təhsil müəssisəsinin sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirlər bilavasitə təhsilin inkişafına və işçilərin sosial müdafiəsinə yönəldilir.

***

Deputat: ” Uşaq səhər saat 8-dən axşam saat 10- qədər ancaq təhsil almaqla məşğuldur…”

“Düşünürəm ki, orta təhsil sistemi bir qədər sadələşdirilməlidir. Şagirdi bu qədər yükləmək olmaz. Bir gün gedib orta məktəblərin qarşısında duraq və oradan çıxan uşaqların vəziyyətinı tamaşa edək. O uşaqlardan gələcəkdə nə hərbçi, nə əsgər, nə də digər hüquq-mühafizə orqanlarının adam seçib götürmək çətin olacaq”.

Bunu isə müzakirələr zamanı deputat Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, vaxtilə idmana, əyləncəyə və təhsilə də vaxt ayrılırdı: “Uşaq hərtərəfli inkişaf edirdi. Az qala, Cənubi Koreyanı keçmişik. Uşaq səhər saat 8-dən axşam saat 10- qədər ancaq təhsil almaqla məşğuldur. Cənubi Koreyada bu 12-13 saat çəkir. Düşünürəm ki, burada hansısa sadələşdirmə üsulu tətbiq etməliyik. Valideynlər repitotorlar tutur. Elə valideyn var ki, bu gun nəinki repititor tutur, hətta “çantadaşıyan” da tutur. Çantaların çəkisi 12 kiloqrama çatır. 2-5-ci siniflərdə oxuyan uşaqlar onu özləri apara bilmirlər. Bununla bağlı da hansısa qərar qəbul etmək də lazımdır. Həmişə bu məsələ ciddi şəkildə müzakirə olunur. Dərsliklərə bağlı elan vermək lazımdır ki, kim dərslik yaza bilər və kimlər orada ola bilər? Həmçinin yeni məktəblərin tikilməsinin tərəfdarıyam. Amma bu məktəblər harada tikilməlidir? Elə rayonlar var ki, 153 məktəbi var. Onun 50-sində hərəsində 3 uşaq oxuyur. Ancaq həmin məktəblərin direktoru, müəllimləri və digər texniki işçiləri var. Bunun dünyada tətbiq forması var. Beş kəndin uşaqlarını yığıb avtobusla mərkəzə gətrimək olar. İndi biz Amerikadan o tərəfə keçməyəcəyik ki? İnkişaf etmiş dövlətlərdə də bu var. Belə etsək, nə qədər vəsaitə qənaət etmiş olarıq”.

Qüdrət Həsənquliyev: “Gedib orta məktəbədə sorğu keçirsəniz, bəlkə iki-üç uşaq repetitor yanına getmədiyini görəcəksiniz…”

qudret-1

Deputat Qüdrət Həsənquliyev də repetitor məsələsinin problemə çevrildiyini və məsələnin qanunla tənzimlənməsinin vacibliyinə toxunub:

“Bu məsələ neçə illərdir ki, aktualdır.Gedib orta məktəbədə sorğu keçirsəniz,  bəlkə iki-üç uşaq repetitor yanına getmədiyini görəcəksiniz. Ona görə də məsələni sözügedən qanunla tənzimləməyə ehtiyac var.Həmçinin qeyd edim ki, Dünya Bankının bu yaxındakı açıqladığı hesabata görə, Azərbaycan region ölkələrinə nisbətən alimlərin və ümumi təhsil müəssislərinin sayına görə geridə qalır. Bu hesabatdan yola çıxaraq “Ümumi təhsil haqqında “ qanuna bir sıra ciddi məsələləri salmalıyıq. Həmçinin ikinövbəli tədrisi də də ləğv etməliyiq. Bu, dünyada çoxdan ləğv edilib”.

Millət vəkili İlham Əliyev öz növbəsində təhsil haqlarının çoxluğundan şikayətlənib və bildirib ki, bu məsələ ətrafında söz-söhbətlərə, narazılıqlara son qoyulmalıdır.

Müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul edilib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

 

Read Previous

Himnlə bağlı qanun layihəsi birinci oxunuşdan keçdi…

Read Next

“Deyirlər ki, “Tahir Kərimli damarının dozası yüksək oldu”…” – MİLLƏT VƏKİLİ – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir