Bu xəstəlikdən hər dəqiqə-2 NƏFƏR ÖLÜR…

ƏN ÇOX ÖLÜMƏ SƏBƏB OLAN YOLUXUCU XƏSTƏLİK BUDUR

Vərəm (tuberkulyoz) yoluxucu xəstəliklər arasında dünyada ən çox ölümə səbəb olan infeksiyadır. Hər gün dünyada təxminən 30 min nəfər vərəmə yoluxur.

4100 nəfər insan bu xəstəlikdən dünyasını dəyişir.

Hər dəqiqə vərəmdən 2 nəfər ölür.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2020-ci ildə açıqladığı statistikaya görə, dünyada 20 milyondan artıq vərəm xəstəsi var və onların 7 milyonu açıq formalı vərəmdir.

Bütün dünyada ən ölümcül yoluxucu xəstəlik hesab olunan vərəm ilk dəfə nə zaman aşkarlanıb? Xəstəliyin simptomları nədir? ÜST-ün qərarı ilə hər il martın 24-də Ümumdünya Vərəmlə Mübarizə Günü qeyd edilir. 1882-ci ildə alman mikrobioloq Robert Kox ilk dəfə vərəmin törədicilərini kəşf edib. 1905-ci ildə alim tibb sahəsində Nobel mükafatına layiq görülüb. 1982-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı və Beynəlxalq Vərəm və Ağciyər Xəstəlikləri ilə Mübarizə İttifaqı vərəmin törədicisi olan Kox çöplərinin aşkar edilməsinin 100 illiyi münasibətilə həmin günü təsis ediblər.

AĞCİYƏR VƏRƏMİNİN ƏLAMƏTLƏRİ

Vərəm xəstəliyi insanın bütün orqanlarını zədələyə bilər, lakin ən geniş yayılmış forması ağciyər vərəmidir. Ağciyər vərəmi həm xəstənin özü, həm də onun ətrafında olan insanlar üçün təhlükəlidir. İnfeksiya 95% hava-damcı yolu ilə yayılır. Belə ki, mikobakteriyalar xəstə insan danışdıqda, asqırdıqda və ya öskürdükdə hava vasitəsilə sağlam insanlara ötürülür. Bu proses dərhal baş vermir. Bunun üçün təmasın uzunmüddətli olması, mikrobların çoxluğu, orqanizmin immun sistemi zəif olmalıdır. Xəstəliyin əsas əlamətləri uzun müddət davam edən öskürək, iştahsızlıq, sinə ağrıları, axşam yüksələn qızdırma (37,2-37,4), səhərə yaxın boyun-ənsə, kürək nahiyəsinin tərləməsi, çəki itkisi, anoreksiya, halsızlıqdır. Bununla yanaşı, bəlğəm çıxarma, qan tüpürmə, irəliləmiş hallarda nəfəs darlığı kimi ağciyərə məxsus əlamətləri ilə özünü göstərir.

İNFEKSİYA NECƏ ÖTÜRÜLÜR?

Azərbaycan Tibb Universitetinin (ATU) Ağciyər xəstəlikləri kafedrasının müdiri, tibb üzrə fəlsəfə doktoru, dosent Rafiq Bayramovun sözlərinə görə, vərəmin əsas yoluxma mənbəyi vərəm çöpü ifraz edən ağciyər vərəmi olan xəstələrdir: “Həmin xəstələrin öskürməsi və asqırması nəticəsində və yaxud onların bəlğəmi ilə çirklənmiş torpaqdan hava-toz yolu ilə yoluxma daha çox müşahidə edilir. Bundan başqa, xəstəlik insan orqanizminə qida, dəri vasitəsi ilə də daxil olur. Xəstə inəyin südünə vərəm xorasından mikrobakteriyaların qarışması zamanı südü 3-5 dəqiqə qaynatmadıqda, xəstə quşların yumurtasını yaxşı qaynatmadıqda və s. hallarda yoluxa bilir. Vərəmin yayılması zədələnmiş dəri, selikli qişalardan da mümkündür. Onu törədən mikroblar uzun müddət yaşaya və 6-8 aya qədər müxtəlif əşyaların üzərində qala bilir. Ona görə də xəstəliyə qab-qacaq, pal-paltar, dəsmal və digər məişət təması nəticəsində də yoluxmaq mümkündür”.

Həkimin sözlərinə görə, xəstəlik, bir qayda olaraq, dərhal başlamır və bir neçə aydan bir ilə qədər müddətdə özünü büruzə verə bilər. Yoluxma zamanı orqanizmin müdafiə qabiliyyəti, xüsusilə immun sistemi əhəmiyyətli rol oynayır: “Vərəm çöpləri ilə yoluxma xəstələnmə üçün vacib olsa da, başlıca amil deyil. Çünki vərəm çöpləri yoluxduğu orqanizmdə latent, yəni “yatmış” formada qalaraq xəstəlik törətməyə bilər. Yaxud da immunitetin zəiflədiyi zaman aktiv formaya keçərək xəstəlik törədə bilir”.

XƏSTƏLİYİN AŞKAR OLUNMA ÜSULLARI

Vərəm diaqnozunun təsdiqi üçün kompleks müayinənin aparılması lazımdır. Bunun üçün minimal 3 diaqnostik üsul tətbiq olunur: ağciyərlərin rentgenoqramması (və ya flüoroqrafiya), mantu sınağı və bəlğəmin mikroskopik müayinəsi. Bundan sonra lazım gələrsə əlavə diaqnostik üsullar da tətbiq oluna bilər. Müayinə vərəm üzrə xüsusi müəssisədə həkim-ftiziatr tərəfindən həyata keçirilir. Müayinədən sonra dəqiq diaqnoz qoyulur və müalicə təyin edilir. Həmçinin xəstə ilə təmasda olmuş insanlar müayinədən keçirilir, xəstələr aşkar olunarsa, müalicəyə, uşaqlar kimyəvi-profilaktik müalicəyə cəlb olunaraq, dispanser qeydiyyatına götürülürlər.

Rafiq Bayramov vərəmin sağalan xəstəlik olduğunu bildirir. Lakin qeyd edir ki, gecikmə mərhələsində artıq xəstənin həyatını xilas etmək mümkün olmur. Həkimin sözlərinə görə, COVİD-19 pandemiyası vərəmlə mübarizə tədbirlərinə də ciddi mənfi təsir göstərib. Belə ki, son on ildə ilk dəfə olaraq vərəm xəstəliyindən ölənlərin sayı koronavirus pandemiyası başlayandan sonra artıb: “Əvvəlki illərdə hər il vərəmdən ölənlərin sayı 1,4 milyonu ötmədiyi halda, 2020-ci ildə bu göstərici 1,5 milyon olub. Vərəm də son illər dünyada ciddi gərginliyə səbəb olan COVID-19 infeksiyası kimi əsasən aerogen, yəni tənəffüs yolu vasitəsilə yoluxur. Son illər dünyada dərmanlara dözümlü vərəmə yoluxma və xəstələnmə hallarının ilbəil artması epidemioloji vəziyyətin daha da gərginləşməsinə səbəb olur. Buna görə də bu istiqamətdə mübarizə tədbirlərinin gücləndirilməsi lazımdır”.

VƏRƏMƏ ƏN ÇOX KİMLƏR YOLUXUR?

Vərəmə istənilən yaşda yoluxmaq mümkündür. Şəkərli diabeti olan, hormonal preparatlar qəbul edən, qidalanması, yaşayış şəraiti yaxşı olmayan şəxslər bu yoluxucu xəstəliyə daha çox tutulurlar. R. Bayramovun sözlərinə görə, həmin qrupdan olan insanlar vərəmin heç bir əlaməti müşahidə edilməsə də, ildə 1-2 dəfə bu xəstəliyə görə profilaktik müayinədən keçməlidirlər: “Lakin hər kəs vərəmlə xəstələnə bilər. Vərəmlə xəstələnməmək üçün normal qidalanmaq, düzgün gün rejiminə əməl etmək, idmanla məşğul olmaq, immuniteti zəiflədən amillərdən və zərərli vərdişlərdən uzaq olmaq lazımdır. Vərəm xəstəliyi nə qədər tez aşkar edilib düzgün müalicəyə başlanılarsa, nəticəsi bir o qədər daha effektli olar. Unutmaq olmaz ki, vərəmin müalicəsi uzunmüddətlidir, yəni vərəmin ən məhdud forması olan xəstə minimum 6-8 ay fasiləsiz müalicə edilməlidir. Bir çox hallarda vərəm erkən aşkar edilib, tam kompleks müalicə olunduqdan sonra patoloji proses tam sovrulur və həmin şəxsin nə vaxtsa vərəmlə xəstə olmasını təyin etmək mümkün olmur”.

MÜAYİNƏ VƏ MÜALİCƏ PULSUZDUR

Bütün dünyada olduğu kimi, Azərbaycanda da vərəmlə mübarizə aparılır. Sözügedən xəstəlikdən əziyyət çəkən insanlara xüsusi diqqət göstərilir, onların müalicəsi üçün bütün tədbirlər görülür. Qanuna əsasən Azərbaycanda vərəmin müalicəsi pulsuzdur. İlkin səviyyədə diaqnoz təsdiqləndikdən sonra xəstə uçota götürülür. Daha sonra istər stasionar, istərsə də ambulator şəraitdə xəstənin müayinə və müalicəsi pulsuz aparılır. Ölkədəki vərəm dispanserlərində və ərazi poliklinikalarında yaradılmış xüsusi otaqlarda vərəm xəstələrinə pulsuz olaraq dərmanlar paylanılır.

Konservativ müalicəyə kimyəvi preparatlar, lazım gələrsə hormonal, desensibilizə edici preparatlar, vitaminlər, sanator-kurort müalicəsi, o cümlədəm, pəhriz daxildir. Vərəmli xəstə yaxşı qidalanmalı, gün ərzində bütün lazım olan qida maddələrini və kalorini qəbul etməlidir. Qidada zülallar, vitaminlər, mineral maddələr, yağlar gündəlik tələbatı ödəməlidir. Ağartılar, yumurta, balıq əti, meyvə-tərəvəz və s. qidalanmada üstünlük təşkil etməlidir. Konservativ müalicə nəticə verməzsə, cərrahi müalicə aparıla bilər.

AZƏRBAYCANDA 5 MİNƏ YAXIN XƏSTƏ VAR

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirovanın sözlərinə görə, hazırda Azərbaycanda təxminən 5 minə yaxın vərəmli xəstə var. Ötən il 1467 nəfərdə ilkin ağciyər xəstəliyi aşkar edilib: “BMT-nin vərəmlə bağlı siyasi bəyannaməsi var. Onlardan biri bu idi ki, beş il ərzində 40 milyon xəstənin müalicəsi təmin edilməli idi. Vərəmlə mübarizəyə ayrılan vəsait ildə 16 milyon dollara çatdırılmalı idi. Lakin koronavirus vərəmlə mübarizə tədbirlərinə mənfi təsir edib. COVID-19 pandemiyası dövründə Azərbaycanda vərəmin aşkarlanması sayı aşağı düşüb. Bu da pandemiya ilə bağlı idi”.

H. Qədirova 2021-ci ildə dərmana davamlı vərəm xəstələrindən 964 nəfərin müalicəyə qoşulduğunu bildirib. O qeyd edib ki, ötən il ərzində 658 nəfərdə dərmana davamlı vərəm aşkar edilib: “Vərəm xəstələri arasında kişilər üstünlük təşkil edir. Yaş aralığında baxdıqda isə yoluxanların əsasən 18-24 yaş arasında olduğunu görmək olar. 2020-ci ildə 430 nəfər vərəmdən dünyasını dəyişib”.

2021-ci ildə cəzaçəkmə müəssiələrində vərəmdən ölüm faizi isə 1995-ci illə müqayisədə 141 dəfə azalıb. Vərəmə nəzarət sahəsində həyata keçirilən kompleks tədbirlər nəticəsində dərmanlara həssas vərəmli xəstələrin 1-ci sıra dərmanlarla “uğurlu müalicə” faizi 96% təşkil edir. Vərəm hallarının sayı, o cümlədən, açıq formalı və ÇDD formalı vərəm hallarının sayı kəskin azalıb.

Qeyd: Yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Məqalənin məzmunu İnkişafa Doğru İnteqrasiya İctimai Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Etikxeber.az

Read Previous

Gənc kadrların idarəçilikdə dəstəklənməsi və irəli çəkilməsi…-RUSLAN VƏLİYEV YAZDI

Read Next

Dəyişməyən erməni xisləti və ya…-JALƏ ƏLİYEVA YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir