“Bu xalq bu biganəliklə Mirzə Fətəliyə, Mirzə Cəlilə, Sabirə, Haqverdiyevə möhtac olacaq…” – DEPUTAT YAZIR

2017-ci il tamam olmasa da bu ilin hesabatını verərkən ilk ağlıma gələn dörd istiqamətdə zövq ala biləcəyim məqamı hələlik qeyd edə bilərdim. İlk olaraq Allah imkan verdi ki, il ərzində bizə ünvanlanan müraciətləri lazımi ünvanlara göndərmək, vətəndaşların təşəbbüs və təkliflərinin əhəmiyyətli hissəsini gündəmə gətirmək, Milli Məclisin tribunasından cəmiyyəti narahat edən məsələlər barədə danışmaq kimi vacib işləri gücüm yetən səviyyədə görə bildim.

İkincisi, Xəzər dənizini həm fiziki, həm də ruhi anlamda kəşf etdim, sevdim və bu günə qədər də hər səhər bu dənizlə söhbətləşməyə davam edirəm. Üçüncüsü, illərdir arzuladığım kitabxana modelininin əsas hissəsini evimdə qura bildim, çox sayda arzuladığım kitabları tapdım, aldım, zəngin ensiklopedik mənbə yarada bildim. Dördüncüsü, cəmiyyətimiz, millətimiz, dövlətimiz üçün ən ciddi təhlükə olaraq gördüyüm xurafata, cahilliyə, nadanlığa, dini yobazlığa qarşı imkanım yetdiyi qədər səmimi mübarizə apardım.

Fikrimcə, Azərbaycanda iqtidar-müxalifət, demokratiya, sosial rifah, təhsil, səhiyyə problemlərindən, narkomaniyadan, əxlaqsızlıqdan, korrupsiyadan daha vacib diqqət yönəldilməsi olan bu sahədəki təhlükələrdir. Ölkədə qısa müddətdə siyasi cinahlar arasında uzlaşma baş tuta bilər, siyasi iradə ilə demokratiya, korrupsiya, təhsillə, səhiyyə ilə bağlı problemlər çözülə bilər, qanunların vicdanla tətbiqi ilə narkomaniyanın, əxlaqsızlığın tüğyan etməsini durdurmaq olar, lakin insanın içində bir xal kimi xurafat, cahillik elementləri qaldısa, o zaman istənilən qazandığımız dəyərlərin bir anda qaragüruhçu zehniyyətlə ortadan qaldırılması təhlükəsi ilə qarşılaşmamız qaçınılmaz ola bilər. Bu ölkənin spesifikliyi ondadır ki, dinsizi də, dinçisi də, ziyalı kimi görünəni də, savadsız görünəni də çox vaxt eyni aşın düyüsünə bənzəyirlər. Bu yaxınlarda iştirakçısı olduğum maraqlı hadisə mənə bunu söyləməyə əsas verir.

Yaxın tanışlığım olan və Azərbaycan standartlarında ziyalılıq üçün yetərli titullara sahib birinin ofisində oturub bir işlə bağlı söhbətləşib çay içirdik. Adam söhbət əsnasında bizim yazıları həvəslə izlədiyini bildirdi və hətta kitablarımla da tanış olduğunu, kitab şkafında da ön cərgəyə qoyduğunu söylədi. Ancaq bir xahiş etdi ki; “bir az özünü qoru, bu xurafat, cəhalət, dini radikalizm, din yobazlığı mövzularına girmə. Bu millət belə gəlib, belə də gedəcək. Onsuz da biz heç nəyin qaymağını götürməyi bacarmırıq, demokratiyanın da, dinin də, təhsilin də tullantı hissəsini özümüzə daha uyğun görürük. Mən özüm nəyin nadanlıq, xurafat olduğunu yaxşı anlayıram, ancaq uşaq vaxtından şüurumda elə bir vurus yerləşib ki, kimsə ağlaya-ağlaya cəfəng bir dini rəvayət söyləyəndə, istər-istəməz gözümdən yaş gəlir, ağlayıram.” Bir söz söyləmədən masanın altındakı sintetik torbanı götürüb yaxınlaşdım kitab şkafına.

Latın qrafikası ilə yenilərdə çapdan çıxmış Mirzə Fətəli Axundovun 3 cildliyini, Seyid Əzim Şirvaninin 3 cildliyini, Cəlil Məmmədquluzadənin 6 cildliyini, Hüseyn Cavidin 4 cildliyini, Sabirin “Hophopnamə”sini, Məhəmməd Əmin Rəsulzadənin 6 cildliyini, Üzeyir Hacıbəyovun 4 cildliyini və Əbdürrəhim bəy Haqverdiyevin 3 cildliyini yığdım torbanın içinə və sağollaşıb çıxmaq istəyəndə təəccüblə bu hərəkətimdən bir şey anlamadığını söylədi. Dedim ki, bu əsərləri tullamaq lazımdır, bu kişilər qorumasız, maddi imkansız, ən ağır cəhalət mühitində canı ilə, qanı ilə qaragüruhla savaşmışlar, mübahisə etmişlər, söyülmüşlər, döyülmüşlər və yüz il sonra da bu kitabların bu xalqın az-çox düşünən insanlarına belə təsiri olmamışsa, onnları bəzək kimi burada saxlamanın nə əhəmiyyəti var? Bu problemlərə barmaqarası yanaşan, öz səsini çıxarmayan Azərbaycan ziyalılarının, oxumuşlarının kitab vitrinlərindən milliliklərini gözə soxmaq üçün yerləşdirdikləri bu kitabları çıxarıb çölə atmaq lazımdır.

Çöldə nə zamansa bir uşaq tapıb oxuyacaq və anlayacaq ki, yenə də bu xalq bu dünyagörüşlə, bu biganəliklə Mirzə Fətəliyə, Mirzə Cəlilə, Sabirə, Haqverdiyevə möhtac olacaq. Əfsuslar olsun ki, bu gün Azərbaycan iqtidarının da cəhalətin yayılmasına rəvəc verən yanlış addımları var, dövlət vəsaiti hesabına hansısa ziyarətgahların təmir olunmasının, bu yerlərdə xurafatın, cahilliyin daha qələbəlik formada özünü nümayiş etdirməsinin, qonşu ölkələrdən yönləndirilən din adı altında təbliğatın lazımi səviyyədə önlənməməsinin məntiqi izahını hələ də tapa bilmirəm. Özünü Azərbaycanın gələcəyi kimi təqdim etməyə çalışan Azərbaycan müxalifət əzadarlarının yobaz və ekstremist dinçi əzadarlarla can-bir qəlbdə guya demokratiya uğrunda mübarizə aparmasının da məntiqi izahını tapa bilmirəm. 
Doğrusu, başqasının mülkiyyətinə aid kitabları izinsiz götürmənin yanlışlığını anladığıma görə torbanın içindəki kitabları masanın üzərinə buraxıb çıxdım. Birbaşa evə gəlib sadaladığım kitabları hər gün görə biləcəyim yerə, lap ön cərgəyə yerləşdirdim. Hər dəfə onlara baxıb, bu sahədə insanlarımız, millətimiz və dövlətimiz üçün hələ özümü qane edəcək bir iş görə bilmədiyimi xatırlamaq üçün…

Fazil MUSTAFA,

Millət vəkili

Etikxeber.az

Read Previous

Pambıqçıları daşıyan avtobus aşdı, 20-yə yaxın şəxs xəsarət aldı – GORANBOYDA – YENİLƏNİB

Read Next

Azərbaycan İspaniyanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir – XIN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir