“Bu, yeni münasibətlər və reallıqlar formalaşdırır…” – AMAŞOV

QDİƏT-in Parlament Assambleyasının Albaniyada keçirilən sessiyası başa çatıb

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən 51-ci plenar sessiyası və qurumun Hüquqi və siyasi məsələlər üzrə Komitəsinin iclası başa çatıb.

Etikxeber.az xəbər verir ki, iclasda ölkəmizi Milli Məclisin deputatı Eldar Quliyevin başçılıq etdiyi parlament nümayəndə heyəti təmsil edib. Nümayəndə heyətinin tərkibinə deputatlar – Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, həmçinin Jalə Əliyeva, Aydın Mirzəzadə və Musa Quliyev daxil olub.

Azərbaycan nümayəndə heyətinin rəhbəri Eldar Quliyev “Qara Dəniz İqtisadi Əməkdaşlığına üzv ölkələrdə kibertəhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi” mövzusunda məruzə edib.

E.Quliyev Azərbaycanda kibercinayətkarlığa qarşı mübarizənin elektron hökumət quruculuğu prosesinin mühüm tərkib hissəsi kimi nəzərdən keçirildiyini vurğulayıb. Mövcud istiqamətdəki işlərdən söz açan deputat məlumat verib ki, Azərbaycanda Kibercinayətkarlığa qarşı Elektron Təhlükəsizlik Mərkəzi yaradılıb. “Kibercinayətkarlıq haqqında” Budapeşt Konvensiyasına qoşulmuş Azərbaycan bununla bağlı üzərinə düşən öhdəlikləri də yerinə yetirməkdədir.

aydin-qdiat

MŞ sədri, Milli Məclisin deputatı Ə. Amaşov QDİƏT-ə üzv ölkələrdə rəqəmsal iqtisadiyyatın inkişaf perspektivləri mövzusunda çıxış edib.

Ə.Amaşov bildirib ki, informasiya-kommunukasiya texnologiyalarının sürətli inkişafı həyatın bir çox sahələrində olduğu kimi iqtisadiyyatda da ciddi dəyişikliklər yaradır, yeni münasibətlər və reallıqlar formalaşdırır. Bu cəhət ictimai həyatın bir sıra istiqamətlərinin də elektronlaşmasını və rəqəmsallaşmasını qaçılmaz prosesə çevirir. Nəticə etibarilə rəqəmsal iqtisadiyyat iqtisadiyyatın vacib elementi kimi çıxış etməyə başlayır. Bütün bunlar elektron hökumət quruculuğu prosesinin dərinləşməsini labüd edir.

Ə.Amaşov əlavə edib ki, rəqəmsal mühitin əsas şərti kimi dövlət orqanları, həmçinin vətəndaşlar və biznes strukturları arasında effektiv əlaqələrin formalaşması amili çıxış etməkdədir. Ancaq nəzərə alınmalıdır ki, rəqəmsal iqtisadiyyatın dəqiq xarakteri ənənəvi iqtisadiyyatla üzvü surətdə bağlıdır. Bununla belə rəqəmsal iqtisadiyyat iqtisadiyyatın ənənəvi formalarında da dəyişikliklərin aparılmasını günümüzün reallığına çevirib. Azərbaycanda da mövcud istiqamətdə genişmiqyaslı işlər həyata keçirilib. Bu baxımdan elektron hökumət portalının yaradılmasını vurğulamaq lazımdır.

Son illər reallaşdırılmış mühüm tədbirlər sırasında isə “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 22 fevral 2017-ci il tarixli fərmanı çərçivəsində “Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı”nın yaradılmasını vurğulamaq mümkündür. Bundan başqa dövlət başcısının 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi” var ki, bütün bu tədbirlər genizolaqlı infrastukturun formalaşmasına, ödəmələrin onlayn həyata keçirilməsinə, beynəlxalq rəqəmsal qovşaqlara çıxışların səmərəliliyinin artırılmasına geniş təkan verib.

Ə.Amaşov onu da bildirib ki, hazırda Strateji Yol Xəritəsi üzrə aparılan işlər sahibkarlıq fəaliyyətində texnologiyaların daha geniş sürətdə tətbiqi ilə bağlı qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsini hədəf seçib.

Etikxeber.az

Read Previous

Tək uşaq düşüncəsi də, “yalnız oğlan olmalıdır” düşüncəsi də yanlışdır – DEPUTAT

Read Next

Nazir Yavər Camalov dünyasını dəyişdi…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir