“Bu yolda mübarizəmiz sonacan-müqəddəs qələbəyəcən davam edəcək!”-ELDAR İBRAHİMOV AVROPARLAMENTİN SON ADDIMINI MÜSBƏT DƏYƏRLƏNDİRDİ…

Avropa Parlamentinin Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Mariya Kalyurand, Azərbaycan üzrə məruzəçisi Jelena Zavko, Ermənistan üzrə məruzəçisi Trayan Basesku Ermənistan ilə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsi arasında əlaqə yaradacaq magistral yolun tikintisi ilə bağlı birgə bəyanat yayıblar.

Bəyanatda bu qərarın Azərbaycanın müvafiq orqanları ilə razılaşdırılmadan verildiyi və bunun beynəlxalq hüququn pozulması olduğu qeyd edilir.

Hesab edirəm ki, bu bəyanat işğalçı və təcavüzkar Ermənistana, onun avantürist Paşinyan hakimiyyətinə vurulmuş böyük siyasi-diplomatik zərbədir. Bu bəyanat Ermənistanın iç üzünün bir daha açılıb göstərilməsi, beynəlxalq müstəvidə növbəti ifşasıdır.

Artıq beynəlxalq təşkilatlar, onların vicdanlı və obyektiv nümayəndələri Ermənistanın, ermənilərin yalanlarından doyublar, beziblər, onların əsl işğalçı mahiyyətini anlayıblar. Son bəyanat bir daha bunun təsdiqi oldu.

Bildiyiniz kimi, son 4 ildə ermənilər, Ermənistan həm diplomatik cəbhədə, həm də hərb meydanında ciddi zərbələr alırlar. Həm Azərbaycan Ordusu öz sözünü deyir, gücünü göstərir, həm də Azərbaycanın illərdir apardığı təmkinli, səbrli, əsaslandırılmış xarici siyasət kursu öz nəticələrini, bəhrələrini verir. Artıq heç kim Azərbaycanın arqumentlərinə qarşı çıxa bilmir.

Valdayda, Aşqabadda, Qoşulmama Hərəkətının, Türk Şurasının Zirvə sammitlərində, Münxen Təhlükəsizlik Konfransında yaşananlar, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən göstərilən qətiyyət, iradə, faktlar, arqumentlər üzərində qurulmuş diplomatik həmlələr erməni yalanlarına heç bir müstəvidə yer qoymur, onların əsrlərdir dünyaya sırıdıqları və sırımağa cəhd etdikləri yalanları, böhtan və iftiraları bir-bir ifşa olunur.

Hər kəs görür və anlayır ki, kim kimdir, kim işğalçı, kim işğala məruz qalandır, kim sülh istəyir, kim sülhə hər vəchlə mane olmağa, əngəl törətməyə çalışır. Düzdür, hələ bəzi qurumlardakı ermənipərəst dairələr, antiAzərbaycan qüvvələr erməni yalanlarına inanmağa davam etməkdə, onları tirajlamaqda, onlardan Azərbaycana qarşı istifadə, öz maraqlarını diqtə etməyə səy, cəhd göstərməkdədirlər.

Təəssüflər olsun ki, hələ də erməni yalanları ilə beyinləri zəhərlənmiş, dumanlanmış, gözləri həqiqətlərə qapanmış siyasətçilər, parlamentarilər var, bunu elə Avropa Şurası Parlament Assambleyasının timsalında aydın şəkildə görmək mümkündür. Belələri, ATƏT-də, elə Avroparlamentin özündə də mövcuddur, amma son Birgə Bəyanat onu göstərmiş oldu ki, həqiqəti gizlətmək, onun üzərinə pərdə çəkmək artıq mümkün deyil. Gec-tez həqiqətlər bilinəcək, bilinir və bilinməlidir.

Çox güman ki, Avroparlament təmsilçilərinin son addımları həmin qüvvələrin həqiqəti dərk və etiraf etməsində, bəsirət gözlərinin açılmasında, ermənilərin və Ermənistanın nəinki Azərbayan və azərbaycanlılar üçün, bütövlükdə Avropa, bəşəriyyət, insanlıq üçün təhlükə və tədid olduğunu anlamaqda yardımçı olacaq. Həm də anlayacaqlar ki, Azərbaycanla təzyiq, zor, diktə dili ilə danışmaq mümkünsüzdür və faydasızdır.

Onu da elə bu yerdə qeyd etmək istərdim ki, Ermənistanın “magistral yolu” təxribatı ilə bağlı Azərbaycanın, onun rəsmi strukturlarının, Xarici İşlər və Müdafiə nazirliklərinin birmənalı mövqeyi ortadıdır. Hər iki qurum dalbadal açıqlama və bəyanatla çıxış edərək, Ermənistanın bu təxribatının da bütün vasitələrlə qarşısının alınacağını, baş verənlərin və verə biləcəklərin bir daha işğalçı və təcavüzkar ölkənin üzərində qalacağını açıq şəkildə idafə ediblər.

Azərbaycan Ordusunun hələ 2016-cı və 2018-ci illərdə həyata keçirdiyi uğurlu döyüş əməliyyatları nəticəsində Ermənistanla Dağlıq Qarabağ ərazisini birləşdirən yolların nəzarətə götürüldüyünü qeyd edən Müdafiə Nazirliyinin bəyanatında qeyd olunur ki, strateji cəhətdən əlverişli vəziyyətimiz düşməni xeyli vəsait xərcləyərək yeni yollar çəkməyə məcbur edir.

Ancaq Azərbaycan Ordusunun silahlanmada olan atəş vasitələri düşmənin bütün əməliyyat dərinliyindəki hərbi infrastrukturunu məhv etmək imkanına malikdir. Bundan açıq və birmənalı mövqe ola bilməz.

Artıq ermənilər, Ermənistan rəhbərliyi, onun gizli və açıq təhrikçiləri, havadarları bundan dərs, nəticə çıxarmalıdırlar. Çıxarmasalar, Aprel döyüşlərinin daha ağırını, daha betərini, iki qatını, üç qatını yaşamalı olacaqlar.

Çünki Qarabağ, torpaq məsələsində güzəşt olmayıb, bu gün də yoxdur, sabah da, gələcəkdə də olmayacaq.

Bir sözlə, Avroparlament rəsmilərinin son bəyanatı bizim haqlı olduğumuzun, ermənilərin iflasının, ifşasının növbəti mərhələsi oldu. Bu yolda da işlərimiz, mübarizəmiz sonacan- müqəddəs qələbəyəcən davam edəcək!

Eldar İBRAHİMOV,

Milli Məclisin İntizam komissiyasının sədri, YAP İdarə Heyətinin üzvü

Etikxeber.az

Read Previous

“Eşələnin…”-FAZİL MUSTAFA ƏVVƏLKİ MÖVQEYİNDƏ QALDI

Read Next

“O vaxtkı hakimiyyətdə olanlar bu xüsusiyyətdən çox uzaqda idilər…”-ARİF RƏHİMZADƏ XEYLİ MÜDDƏTDƏN SONRA DANIŞDI VƏ AXC HAKİMİYYƏTİNİ İTTİHAM ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir