“Bundan artıq və bundan sərt daha nə deyilməlidir ki, “kar qulaqlar” eşitsin, “kor gözlər” görsün, “lal dillər” danışsın?!”-DEPUTATDAN KƏSKİN ETİRAZ

Dövlət başçımız bir daha işğalçı və təcavüzkar Ermənistanın, şovinizm xəstəlyinə mübtəla olmuş ermənilərin, erməni lobbisinin, onların himayədarlarının və dəstəkçilərinin iç üzünü açıb ortaya qoydu, ifşa etdi, maskalarını yerə düşürdü.

3 yerli telekanala müsahibəsində həm dünya, həm də ölkə əhəmiyyətli məsələlərlə bağlı bir çox mətblərə toxunan, onlara aydınlıq gətirən, qarşıdakı hədəfləri bir daha açıqlayan ölkə Prezidenti cənab İlham Əliyev öz fikirlərini daha çox işğalçı dövlətin və onun himayədarlarının əməlləri, işbirlikləri, cinayətkar addımları və planları üzərində fokuslaşdırdı.

Bir daha dünya ictimaiyyətinə, beynləxalq birliyə səsləniş, çağırış edildi, Ermənistanın və onun dəstəkçilərinin, çirkli, korrupsiyadan əldə edilmiş pulla ələ aldıqlarının, həqiqətin gözünə illərdir daş basanların əməllərinə göz yummamağa, səssiz qalmamağa, lazımı və layiqli qiymət verməyə dəvət olundu.

Bəli, çox təəssüflər olsun ki, dünya ədalətsiz dünyadır, hər şey dar və cılız maraqlar üzərində qurulub, formalaşdırılıb.

Məhz elə bu səbəbdəndir ki, son 27 ildə 4 məlum qətnaməyə, Azərbaycana qarşı son illər daha amansız daha ədalətsiz mövqedə dayanan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 1416 saylı qətnaməsinə, Avropa Parlamentinin, İslam Əməkdaşlıq Təşkilatının bir sıra qərar və qətnamələrinə baxmayaraq, hələ də Qarabağ münaqişəsi ədalətli və müsbət həllini tapmır, işğalçı Ermənistan qoşunları işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmır, bölgədə dincliyin, rahatlığın təmin edilməsi mümkün olmur.

Əgər adları çəkilən qurumların, xüsusilə, AŞPA və Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsini, dinc yollarla həllini üzərinə götürən ATƏT və onun Minsk qrupunun, həmsədrlərinin obyektiv, ədalətli, dişli mövqey olsaydı, münaqişənin həllində xeyli məsafə qət edilmiş, ədalətli sülhə yaxınlaşılmış olardı.

Amma təəssüf edirik ki, bunu görmürük-nə BMT-dən, nə AŞPA-dan, nə ATƏT-dən, nə də həmsədrlərdən.

Əksinə, gördüyümüz Ermənistanın növbəti işğala həvəsləndirilməsi, iştahlandırılması, stimullaşdırılması, onun təxribatlarına, açıq-aşkar fitnəkarlıqlarına göz yumulmasıdır.

Çoxlarının nə vasitəcilik missiyası, nə adına uyğun əməkdaşlıq və təhlükəsizlik niyyətləri, nə də elan etdikləri ali dəyərlərin-insan haqlarının aliliyinin təmin edilməsi yada düşür. Yada düşən, sadəcə, şəxsi, dar, korporativ maraqlardır, “qamçı və kökə”dir, “hökm et və parçala”dır.

Əsli mahiyyət, əsl niyyət, əsli sima budur-yüksək dəyərlərin alt qatında dayananlar, gizlənənlər, barmaq silkələyənlər…

Cənab Prezidentin də haqlı olaraq qeyd etdiyi kimi, Ermənistanda insan haqlarının və demokratiyanın pozulması bu günün işi deyil. Ermənistanda heç vaxt demokratiya olmayıb. Ermənistan hələ müstəqil ölkə kimi formalaşandan dərhal sonra öz əsl xislətini göstərdi. Xocalı soyqırımını törədən faşistlər demokrat ola bilməzlər. Başqasının torpağına göz dikən, bir milyon insanı evsiz-eşiksiz qoyan ölkə demokrat ola bilməz.

Bundan artıq və bundan sərt daha nə deyilməlidir ki, “kar qulaqlar” eşitsin, “kor gözlər” görsün, “lal dillər” danışsın?!

Növbəti qanların axıdılmasımı, günahsızların insanlıq dramımı lazımdır bu “ali dəyər” daşıyıcılarına-AŞPA-dakılara, ATƏT-dəkilərə, “insan-hüquq müdafiəçilərinə”, məruzəçilərə?

Dövlət başçısından daha bir sitat:

“Ancaq baxın, beynəlxalq təşkilatlar, – indi bunu bir çox adamlar deyir, – buna nə reaksiya verir? Heç bir reaksiya vermir. Haradadır ATƏT-in media üzrə nümayəndəsi? Hansı ki, gecə-gündüz Azərbaycan haqqında iftiralar uydurur və indi dəridən-qabıqdan çıxır ki, öz vəzifəsində qala bilsin. Niyə səsini çıxarmır? Niyə həbsxanada jurnalist öləndə səsini çıxarmayıb? Niyə pozuntular olanda səsini çıxarmayıb? Haradadır Avropa Şurası? Niyə Ermənistan tənqid olunmur? Niyə Ermənistan üzrə, siyasi məhbus üzrə məruzəçi təyin edilmir? Mən bütün bu sualları verirəm və bu suallar cavabsız qalır, bu suallara cavab verilmir. Çünki sərf etmir. Nə cavab verəcəklər? Cavab verəcəklər ki, biz saxtakarıq? Deməyəcəklər. Sadəcə olaraq, susmağa üstünlük verirlər…”

Bəli, cənablar, yoldaşlar, niyə susursunuz, nə vaxta qədər elan etdiklərinizə bu qədər açıq şəkildə xəyanət edəcək, onları dəyərdən salacaqsınız?

Korrupsiya yolu ilə əldə edilmiş pullar sizə bu qədərmi əzizdir, ləzzətlidir?

Ancaq bilin ki, hər bir şeyin əvvəli, başlanğıcı olduğu kimi, mütləq şəkildə sonu da olur.

O son isə sizlərə heç də yaxşı heç nə vəd etmir.

Sizlərdən fərqli olaraq, bizlərə isə vəd edir…

Çünki haqq yolundayıq, haqq işi uğurunda mübarizə aparırıq…

Və bu mübarizə bir gün-çox tezliklə özünü təcəlla edəcək, etdirəcək.

Azərbaycan xalqı və dövləti öz HAQQ etdiyinə qovuşacaq, işğal olunmuş ərazilərində, doğma Qarabağında üçrəngli bayrağını ucaldacaq, dalğalandıracaq.

Mütləq və birmənalı!!!

Jalə ƏLİYEVA,

Millət vəkili, professor

11:57, 8 iyul

Etikxeber.az

Read Previous

“Səhiyyə Nazirliyi, TƏBİB, İcbari Tibbi Sığorta Agentliyi heç də üçhakimiyyətlilik demək deyil, çünki…”-AYDIN MİRZƏZADƏ BƏZİ MƏSƏLƏLƏRƏ AYDINLIQ GƏTİRDİ

Read Next

Millət vəkili şəhid ailəsinin-MƏNZİL PROBLEMİNİ QALDIRACAQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir