“Bundan qazanan və qazanacaq yalnız dövlətlərimiz, xalqlarımızdır” – ZİYAD SƏMƏDZADƏ

Ziyad Səmədzadə: Azərbaycan-Belarus münasibətləri təkcə dostluq deyil, həm də qardaşlıq münasibətləridir

Müsahibimiz Milli Məclisin (MM) Azərbaycan-Belarus Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Ziyad Səmədzadədir

– Ziyad müəllim, bu gün Azərbaycanla strateji müttəfiqlik münasibətlərinə malik olan ölkələrdən biri də məhz Belarusdur. İstər birgə olduğumuz Soverlər dönəmində, istərsə müstəqillik illərində Azərbaycan-Belarus münasibətləri  daim inkişafda olub. MM-in Azərbaycan-Belarus Parlamentlərarası Dostluq Qrupunun rəhbəri kimi Sizin bu münasibətlər barədə möveyiniz nədən ibarətdir?

-Azərbaycanla Belarus arasında münasibətlərin mövcud səviyyəsi, durumu doğrudan da qənaətbəxşdir, sevindiricidir. Bu gün iki ölkə arasında dostluq və deyərdim ki, strateji müttəfiqlik münasibətlərində yüksəliş özünü göstərir. Hər iki dövlət istər MDB, istərsə də beynəlxalq və regional təşkilatlar çərçivəsində əksər məsələlərdə daim eyni mövqedən çıxış edir, bir-birilərinə dəstək verirlər. Heç təsadüfi deyil ki, elə bugünlərdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) rəhbərliyi məsələsində  qardaş, dost Qazaxıstanla Belarusun tutduğu, nümayiş etdirdiyi prinsipial mövqe həlledici rol oynadı. Belə ki, KTMT-nin baş katibi olan əliqanlı cinayətkar Yuri Xaçaturovun bu qurum çərçivəsində fəaliyyətinə son qoyulmasında Belarus da çox önəmli yer aldı. Yəni, Azərbaycan bu qurumda yer almaya-almaya öz dostlarının, müttəfiqlərinin, o cümlədin, Belarusun sayəsində Ermənistana daha bir zərbə vurdu, onu nokaut vəziyyətinə saldı. Elə bu faktın özü kifayətdir ki, Azərbaycan-Belarus münasibətlərinin mövcud durumu gözümüz önündə canlansın. Qeyd edim ki, bu münasibətlər də elə-belə baş verməyib, yaranmayıb. Münasibətlərin belə bir səviyyəyə yüksəlməsində həm sovetlər dövründən bir-birimizə olan isti münasibətlərin təsiri,  həm də, müstəqillik illərində hər iki ölkənin rəhbərliyinin-mərhum Heydər Əliyevlə Aleksandr Lukaşenkonun böyük xidmətləri, fəaliyyətləri var. Məhz onların bir-birinə olan səmimi və dost münasibətləri nəticəsində Azərbaycan-Belarus əlaqələri, əmkdaşlığı böyük məsafədə yol qət edə bilib. Eyni zamanda, münasibətlərin bu səviyyəyə yüksəlməsində ölkə prezidenti İlham Əliyevin böyük rolu var. Onunla cənab Lukaşenko arasında olan səmimi münasibətlər Azərbaycan-Belarus əməkdaşlığının, tərəfdaşlığının geridönməz  xarakter daşıması ilə nəticələnib.Bu yerdə  yaxın tarixə ekskurs edərək, xatırladım ki, Azərbaycanla Belarus arasında diplomatik əlaqlərin yaradılması haqqında Protokol 11 iyun 1993-cü ildə imzalanıb.  Bunun üstündən 13 il keçəndən sonra, 2006-cı ilin fevral ayında Belarusun Azərbaycanda, həmin ilin avqustunda isə Azərbaycanın Belarusda səfirlikləri açılıb. Belarus Respublikasının Azərbaycan da akkreditə olunmuş ilk səfiri (iqamətgahı Bakıda olmaqla)- Nikolay Patskeviç 7 avqust 2007-ci il tarixində etimadnaməsini Azərbaycan  Prezidentinə təqdim edib. 17-18 oktyabr və 27-28 noyabr 2006-cı il tarixlərində isə Azərbaycan prezidentinin Belarusa ilk rəsmi və işgüzar səfərləri olub və bununla da iki ölkənin münasibətlərində yeni mərhələnin əsası qoyulub. Bundan sonra da dövlət başçımızın bir necə dəfə Belarusa səfərləri gerçəkləşdirilib. Eyni zamanda, 2013-cü ilin 20-21 noyabr tarixlərində Aleksandr Lukaşenkonun ölkəmizə rəsmi səfəri baş tutub. Hər səfər çərçivəsində də hər iki dövlətin inkişafına xidmət edən mühüm dövlətlər və hökumətlərarası sazişlər imzalanıb.  Təkcə  bunu qeyd etmək kifayətdir ki,  son bir ildə Belarus ilə Azərbaycan arasında ticarətin həcmi təqribən 3,5 dəfə artıb.  Həmçinin, qeyd etməyə dəyər ki,  bir vaxtlar təşəbbüskarları prezidentlər olan layihələr bu illər ərzində gücünü artırıb…

lukas

-Ziyad müəllim, konkret olaraq, hansı layihələri nəzərdə tutursunuz?

– Məsələn, Gəncə avtomobil zavodunda 11 il ərzində artıq 10 mindən çox “Belarus” traktoru və onların bazasında xüsusi texnika yığılıb. Məlumatlara görə, adıçəkilən müəssisə, həmçinin 3500-dən çox MAZ avtomobili və qoşqular buraxıb. Eyni zamanda, Amerika və alman taxılyığan kombaynları ilə yanaşı, Azərbaycana Belarusun ilk “Qomselmaş”ı da gəlib. Bu isə bizim üçün qarşılıqlı səmərəli əməkdaşlığın əla nümunəsi sayıla bilər. Yeri gəlmişkən, lokallaşma artıq demək olar ki, yarıya çatıb. Bu, Azərbaycan sənayesinin böyük imkanlarından və onun yüksək kadr potensialından aydın xəbər verir. Amma məhsul nə qədər keyfiyyətli olsa da, onu səmərəli satmaq, həm də yaxşı olar ki, ixrac etmək lazımdır. Buna görə də Minsk traktor zavodu və Gəncə avtomobil zavodu hazırda Türkiyədə traktorların yığılması ilə bağlı  ümumi layihə üzərində işləyir.

Eyni zamanda, Azərbaycanın Belarusda  Ticarət Evi açılıb. Bunun özü də çox mühüm addımdır. Yəni, bunun sayəsində məhsullarımız artıq Belarus bazarına çıxıb və onlara yaxşı tələbat var.  Həmçinin, Bakıda yüksək keyfiyyətli və bizim vətəndaşlar arasında çox məşhur olan Belarus məhsullarını satan yeddi ticarət müəssisəsi mövcuddur. Bu baxımdan hesab edirəm ki, bunlar nəticə etibarı ilə həm bizim ikitərəfli ticari-iqtisadi əlaqələrimizi möhkəmləndirəcək, həm də bir-birimizin imkanlarını daha çox nümayiş etdirəcək…

-Yeri gəlmişkən, bu yaxınlarda Azərbaycan  prezidentinin Belarus Respublikasına növbərti səfəri oldu. Bu səfəri qarşılıqlı münasibətlərin mövcud və  gələcək inkişafı baxımından necə dəyərləndirisiniz?

– Bu səfər də olduqca mühüm və tarixi səfərdir. Hesab edirəm ki, münasibətlərimizin və qarşılıqlı əlaqələrimizin inkişafı, davam etdirilməsi baxımından bu səfərin müsbət töhfələri çox qısa zamanda özünü göstərəcək. Qeyd edim ki, səfər zamanı iki dövlət rəhbəri əvvəlcə təkbətək, sonra isə geniş tərkibdə görüşdülər, mühüm bəyanatlar səsləndirdirdilər, həmçinin, hökumət üzvləri  bir sıra vacib sazişlərə imza atdılar. Onu da nəzərə çatdırımm ki, protokola görə dövlət başçıları arasında təkbətək görüş 45 dəqiqə nəzərdə tutulsa da, həmin görüş 2 saatdan artıq davam etdi. Görüş zamanı Belarus prezidenti Azərbaycanın ölkəsində təkcə dost deyil, həm də qardaş dövlət kimi qəbul edildiyini söylədi.

O, “Belaruslar Azərbaycanı bizə çox dost olan, bizim yaxşı münasibət bəslədiyimiz qardaş respublika kimi qəbul edirlər”-deyə, qeyd edərək, vurğuladı ki,  bu, həm prezidentlər arasında, həm hökumətlərarası komissiyada, həm də ticari-iqtisadi sahədə münasibətlərə aiddir.  Həmçinin bəyan edildi ki, iki ölkənin və onun liderlərinin münasibətlərində heç vaxt qapalı mövzu olmayacaq. Biz bir dövlətdə yaşamışıq. Sizinlə çox yaxın insanlarıq.

“Kiminsə bunu istəyib-istəməməsindən asılı olmayaraq, bizim köklərimiz sovet dövrünə və bəlkə daha uzağa gedib çıxır – 10-15 nəsil bundan əvvəlki həmvətənlərimiz Sizin həmvətənlərinizlə yaxşı münasibətdə olublar. Siz tarixçi kimi bunu yaxşı bilirsiniz”-deyən, Belarus prezidenti bir daha bütün sahələrdə – həm ticari-iqtisadi, həm diplomatik, həm siyasi, həm də hərbi sahədə yaxşı münasibətlərin olduğunu söylədi, eyni zamanda, mövcud münasibətləri daha da genişləndirməyin mümkünlyünə, buna çalışmağa diqqət çəkdi.

luka-ilya-4

Görüş və səfər zamanı Azərbaycanın Türkiyədə neft emalı kompleksi (Star) inşa etməsinə də toxunularaq, belə bir arzu və istək də ifadə olundu ki, onlar azərbaycanlı sərmayədarların Belarusa gəlişinə, strateji sahələrdə ciddi qarşılıqlı fəaliyyətə də hazırdırlar. Heç təsadüfi deyil ki, bu baxımdan, münasibətlərin, qarşılıqlı əlaqələrin inkişafında  növbəti addım olaraq Azərbaycan Dövlət Neft Şirkətinin “Qrodno-Azot” şirkətinin modernləşdirilməsinə sərmayə qoyması imkanları müzakirə edilir.

Onu da vurğulıayım ki, Belarus Azərbaycandan sonra Avropa Oyunlarına evsahibliyi edən ikinci ölkə olacaq, yəni, belə demək mümkünsə, estafeti Azərbaycandan alacaq. Artıq bu istiqamətdə də Belarusda ciddi hazırlıq işləri görülür və əlamətdar haldır ki, birinci Avropa Oyunlarana yüksək səviyyədə evsahibliyi etmiş bir ölkə kimi, Azərbaycan bu məsələdə də Belarus öz köməkliyini göstərir. Səfər zamanı bu məqama da diqqət yetirildi, Azərbaycana minnətdarlıq ifadə olundu, dövlət başçısı səviyyəsində  “Belarus ikinci Avropa Oyunlarının müdiriyyəti ilə əməkdaşlıq edən azərbaycanlı məsləhətçilərə, Azərbaycan Gənclər və İdman Nazirliyinə təşəkkür edir. Gələn il keçiriləcək Oyunların təşkili məsələsində göstərdiyiniz fəal köməyə və dəstəyə görə sizə təşəkkür edirəm və təbii ki, sizin hamınızı həmin Oyunlarda gözləyirik…”-deyə, bəyan olundu.

Eyni zamanda, bir iqtisadçı olaraq, fikrimcə, bizim gələcək əməkdaşlığımızın əsas istiqamətlərindən biri nəqliyyat sahəsi ilə bağlı olacaq.  Heç təsadüfi deyil ki, bu məsələ dövlət rəhbərlərinin çıxışlarında da qırmızı xətt olaraq keçdi, yəni, yaxın gələcəkdə bu məsələdə də  əməkdaşlığın daha irəli səviyyəyə çatdırılmasının şahidi olacağıq. Konkret olaraq, istər  Şimal-Cənub nəqliyyat dəhlizi, istərsə də Şərq-Qərb nəqliyyat dəhlizində hər iki ölkənin fəal iştirakçı olması gözlənilir və bunun ilkin işartıları da ortadadır. Bu baxımdan, düşünürəm ki, bu iki mühüm nəqliyyat marşrutu üzrə ölkələrin fəaliyyətinin əlaqələndirilməsi əməkdaşlıq üçün tamamilə yeni şərait yaradacaq, on minlərlə yeni iş yerinin açılmasına gətirib çıxaracaq, ölkələrimiz arasında yük axınını xeyli artıracaq.

luka-ilya

Bununla yanaşı, hər iki ölkənin beynəlxalq təşkilatlarda aktiv qarşılıqlı fəaliyyət göstərdiyi, bütün məsələlərdə bir-birini dəstəklədiyi mühüm məqamlardan biri olaraq dilə gətirildi ki, bunu da indiki reallıqda, hər an, hər saniyə dəyişən dünyamızda böyük ehtiyac var. Xüsusilə də, 30 ildən artıq davam edən Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həllində geniş dəstəyə, o cümlədən, Belarus kimi nüfuzlu, çəkisi olan dövlətinə köməyinə ehtiyac duyulur və çox müsbət haldır ki, Belarus Qarabağ məsələsində hər zaman haqlının, yəni, bizim, Azərbaycanın yanında olub. Odur ki, Azərbaycan lideri də səfəri zamanı Ermənistan-Azərbaycan  münaqişəsinin nizamlanması ilə əlaqədar məsələlər üzrə Belarusun mövqeyinə görə həm öz adından, həm də Azərbaycan xalqı adından Belarus dövlətinə və onun rəhbərinə xüsusi minnətdarlığını ifadə etdi.

202

 İlham Əliyev “Birgə Bəyanatda vurğular dəqiq qoyulub və deyilir ki, bu münaqişə Azərbaycanın ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri çərçivəsində beynəlxalq hüquq normalarına uyğun həll edilməlidir. Biz Belarusa həm bizim, həm də bütün region üçün son dərəcə mühüm olan məsələdə belə obyektiv mövqeyinə görə minnətdarıq…”-deyərək fikirlərini tamamladı.

Bir sözlə, bu gün Azərbaycan-Belarus münasibətləri uğurlu şəkildə inkişaf etməkdə, öz hədəflərinə doğru inamla yürükməkdədir. Bundan qazanan və qazanacaq isə yalnız və yalnız dövlətlərimiz, xalqlarımızdır.

Etikxeber.az

Read Previous

Yasamal yaşayış kompleksinin açılışı oldu – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

“Bu haqda danışmaq yersizdir…” – ASLANOVADAN VƏ BDU-DAN TƏKZİB… – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir