“Bundan sonra da müharibə, Qarabağ, Qələbə mövzusunda yaxşı musiqilər, yaxşı əsərlər, yaxşı filmlər ortada olacaq, buna əminəm”- MİLLƏT VƏKİLİ NOVRUZ ASLAN

Novruz ASLAN: “Müğənnilərimiz, şairlərimiz, bəstəkarlarımız İkinci Vətən Müharibəsi günlərində çox aktiv iştirak etdi. Amma aktiv iştirakı olmayan da oldu. 44 gün ərzində oxumayanlar da oldu. Hansısa bir münasibət bildirməyən də oldu. Bunları da gördük,  bunları da müşahidə etdik”

Ötən illərdə, xüsusilə də, İkinci Vətən Müharibəsi dövründə müharibəyə, hərbə, Vətənə, Qarabağa dair yaxşı mahnıların bəstələnməməsi, marşların yazılmamaması barədə fikirləri, iradları tam mənada haqlı hesab etmirəm. Eyni zamanda, bildirmək istəyirəm ki,  müharibə, Qarabağ barədə sanballı filmlərin çəkilməsi üçün də müəyyən vaxt lazımdır. Bu, heç də asan, tez başa gələn məsələ deyil.

Bunu Etikxeber.az-a açıqlamasında tanınmış bəstəkar, millət vəkili Novruz Aslan Qarabağ, müharibə mövzusunda yaxşı musiqilərin, marşların yazılmaması, yüksək səviyyəli bədii, sənədli filmlərin çəkilməməsi haqqında cəmiyyətdə, mediada səslənən tənqidi fikirlərə, iradlara münasibətini bildirərkən deyib.

“Bəli, 44 gün ərzində Azərbaycanın Müzəffər Ordusu, başda da bizim Ali Baş Komandan olmaq şərtilə, 30 ildən artıqdır davam edən qanlı münaqişəni Qələbə ilə başa çatdırdı. Tarixi Qələbə ilə ölkəmizi, dövlətimizi təmin etdi, xalqımızı sevindirdi. Təbii ki, bundan sonra digər proseslər, xüsusilə, quruculuq, işğaldan azad olunmuş ərazilərin bərpası prosesləri başlayacaq və biz bunları gözləyirik. Azərbaycan cəmiyyəti bunları mütləq görəcək”-deyən N. Aslan bildirib ki, qarşıda böyük bir proses var.

“O cümlədən, bədii, sənədli filmlər çəkilməsi üçün müəyyən vəsaitlər, sponsorlar olmalıdır. Çəkilməli, lentə alınmalı mövzular çoxdur və mən tam əminəm ki, yaxşı materiallar ortalıqda olacaq. Ancaq bunun üçün vaxt lazımdır.

O ki qaldı musiqi əsərləri ilə əlaqədar məsələyə, mən burada tamaşaçılarla və yaxud dinləyicilərlə heç də tam razı deyiləm. Çünki 44 gün ərzində bunun çox böyük, bariz nümunəsini gördük. Çox yaxşı nümunələr oldu. Çox yaxşı musiqi əsərləri yarandı. Yeni marşlar, yeni mahnılar ortaya qoyuldu.

Müharibə səpkisində olan çox gözəl kliplər çəkildi. Müğənnilərimiz, şairlərimiz, bəstəkarlarımız, digər sənət adamlarımız İkinci Vətən Müharibəsi günlərində çox aktiv iştirak etdi. Amma bununla bərabər, aktiv iştirakı olmayan da oldu. 44 gün ərzində oxumayanlar da oldu. Hansısa bir münasibət bildirməyən də oldu. Bunları da gördük, bunları da müşahidə etdik.

Amma bununla belə hesab edirəm ki, çoxlu musiqi əsərləri də yarandı. Elə özümdən demək istəyirəm ki, “Qələbə naminə” adında musiqili kompozisiya ərsəyə gəldi və biz bunu “Arzular” instrumental qrupu ilə ərsəyə gətirdik. MTV kanalında uzun bir müddət ictimaiyyətə çatdırıldı.

Yəni, bu tipli, bu kimi musiqi əsərləri çox oldu. Mən şəxsən bir vətəndaş kimi bu işdən çox razıyam. Həm bizim müğənnilərdən, həm bizim ictimai xadimlərdən. Hesab edirəm ki, cəmiyyət əlindən gələni etdi. Amma bundan sonra da yaxşı əsərlər, yaxşı nümunələr ortada olacaq. Mən buna əminəm”-deyə, o, əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Daha 1519 yeni yoluxma-DAHA 45 ÖLÜM…

Read Next

“Ermənilər Xocavənddə Ordumuzun bölmələrinə hücum edib, bir əsgərimiz Şəhid olub, düşmənin altı hərbçisi məhv edilib”-MN-DƏN AÇIQLAMA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir