“Bundan sonra da qardaş Türkiyə ilə birlikdə yola davam edəcək, növbəti, yeni Qələbə və Zəfərlərə qoşa imza atacağıq”-ELDAR İBRAHİMOV YAZIR

26 oktyabr 2021-ci il tarixində iki qardaş və dost ölkənin, Azərbaycanla Türkiyənin, bütövlükdə Türk dünyasının tarixində yeni, növbəti Qələbə, Zəfər dastanı yazıldı.

“İki dövlət-tək millət” olan Azərbaycanla Türkiyə qızıl hərflərlə yeni Tarix yazdılar.

Tarixi Qələbə və Zəfərimizdən, 10 dekabr “Zəfər Paradı”ndan, Şuşa-Müttəfiqlik Bəyannaməsindən sonra Azərbaycanla Türkiyə, onların müdrik liderləri-Azərbaycan Prezidenti cənab İlham Əliyev və Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan yenə birlikdə Qələbə və Zəfərə imza atdılar.

26 oktyabr tarixində nəinki Azərbaycan, bütövlükdə region və dünya üçün böyük əhəmiyyət kəsb edən Füzuli Beynəlxalq Hava Limanının açılışı oldu, Zəngəzur dəhlinin təməli atıldı, o cümlədən Zəngilan rayonunda “Dost Aqropark”ın əsası qoyuldu.

Azərbaycan torpaqlarının işğaldan azad edilməsindən ötən  cəmi 11 ay ərzində ilk xarici dövlət başçısı kimi Qarabağa ikinci tarixi səfərini gerçəkləşdirən çox hörmətli və çox dəyərli cənab Ərdoğan adıçəkilən mərasimlərdə iştirak edərək, öz xeyir-duasını verərək, bir daha Azərbaycanın yanında olduğu, Türkiyə-Azərbaycan, Azərbaycan-Türkiyə həmrəyliyini, birgəliyini nümayiş etdirdi.

Bir daha dünyaya nümayiş etdirildi, mesaj verildi ki, Azərbaycan-Türkiyə, Türkiyə-Azərbaycan dostluq və qardaşlığı analoqsuzdur, əbədidir, daimidir, dönməzdir.

Heç bir qüvvə, heç bir kəs, heç bir güc bu birliyi, bu həmrəyliyi, bu vəhdəti zədələyə, poza, sarsıda bilməz.

Bu günə kimi mümkün olmayıb, bundan sonra da mümkün olmayacaq.

Bu istiqamətdə cəhdlər indiyə qədər olduğu kimi, bundan sonra iflasa, fiaskoya məhkum olacaq.

“Sizin səfərinizin çox böyük önəmi var. Siz işğaldan azad edilmiş torpaqlara ikinci dəfədir ki, səfər edirsiniz. Dörd ay bundan əvvəl Sizinlə bərabər Şuşa şəhərində olmuşuq, bu gün isə Füzulidə və Zəngilandayıq. Şuşa şəhərində imzalanan Şuşa Bəyannaməsi tarixi sənəddir. Bu Bəyannamə bizim əlaqələrimizi rəsmən müttəfiqlik səviyyəsinə qaldırmışdır”-deyə, bəyan edən dövlət başçımız bildirdi ki, Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi hər zaman bir-birinin yanındadır.

Füzuli Beynəlxalq Hava Limanının inşası cəmi səkkiz ay davam etdi. Səkkiz ay ərzində beynəlxalq hava limanı inşa edildi. Bu hava limanının inşasında Azərbaycan və Türkiyə şirkətləri iştirak etmişlər.

Cənab Prezidentin vurğuladığı kimi, bu, bizim birgə uğurumuzdur.

Eyni zamanda, prezidentlərin mətbuata birgə bəyanatlarında qeyd olunduğu kimi, ümumiyyətlə, bu gün regional işlərdə, hətta dünya çapında Türkiyə və Azərbaycan əməkdaşlığı, qardaşlığı önəmli amilə çevrilib.

Türkiyə xüsusilə, cənab Ərdoğanın  liderliyi ilə artıq dünya çapında böyük gücə çevrilib və heç kim Türkiyəyə öz iradəsini diktə edə bilməz.

Bu yaxınlarda da Türkiyənin daxili məsələlərinə müdaxilə etmək istəyənlərə elə cavab verildi ki, bu, bütün siyasətçilər üçün örnəkdir.

Azərbaycan Prezidentinin bəyan etdiyi kimi, öz milli ləyaqətini qoruyan, öz xalqının, dövlətinin maraqlarını, qürurunu qoruyan və müdafiə edən Lider buradadır, Azərbaycandadır, Zəngilandadır, Ağalıdadır.

Biz bunu qiymətləndirməliyik.  Çünki bütün türk dünyası üçün Rəcəb Tayyib Ərdoğan amili ən önəmli amillərdən biridir.

Onu da qeyd etmək gərəkir ki, gələn ay Azərbaycan Türk Şurasında sədrliyi Türkiyəyə təhvil verəcək və qəti əminik ki, Türkiyə Ərdoğanın rəhbərliyi ilə Şuraya uğurlu sədrlik edəcək.

Türk dövlətləri arasındakı əməkdaşlıq və qardaşlıq əlaqələri daha da güclənəcək, beləliklə, bütün Türk dünyası üçün yeni imkanlar açılacaq.

Bu yerdə təbii ki,  Zəngəzur dəhlizi haqqında da danışmasaq düzgün olmaz.

Belə ki, Zəngilan Şərqi Zəngəzur bölgəsində yerləşir və buradan keçən Zəngəzur dəhlizi bütün Türk dünyasını birləşdirəcək.

Həm Azərbaycan, həm Türkiyə Zəngəzur dəhlizinin gerçəkləşməsi üçün əməli addımlar atır və əminəm ki, bu addımlar yaxın gələcəkdə öz bəhrəsini verəcək.

Türkiyə Prezidenti isə “Azərbaycan bütün dünyaya örnək olacaq inkişaf modeli ilə bu bölgənin inkişafı üçün fəaliyyətini davam etdirir. Burada hər şeydən əvvəl təməlini qoyduğumuz, – bir az əvvəl cənab Prezidentin də dediyi kimi, – istər tunellər, istər yol ötürücüləri, istər avtomobil yolları bərpa işlərinin sürətlə həyata keçirilməsi baxımından çox önəmlidir. Bu fəaliyyətə liderlik edən İlham qardaşımı və əməyi keçən hər kəsi ürəkdən təbrik edirəm. Podratçı firmaları təbrik edirəm”-deyərək, bildirdi ki, bütün texnika parkları ilə podratçı firmaların ürəkdən çalışması ən yüksək təqdirə layiqdir.

O, həmçinin qeyd etdi ki, Türkiyə olaraq, bu fəaliyyətlərdə üzərlərinə düşəni etməkdə, qardaş Azərbaycana bütün imkanlarla dəstək olmaqda davam edəcəklər.

Bəli, biz bu günə kimi çox namümkünləri mümkünləşdirdik, çox olmazları oldu etdik, çox uğurlara birgə imza atdıq.

Bundan sonra da birlikdə yola davam edəcək, birlikdə növbəti və yeni Qələbə və Zəfərlərə qoşa imza atacağıq.

Qələbələr, Zəfərlə bizimlədir və bizimlə də olacaq!

Eldar İBRAHİMOV,

Milli Məclisin (MM) İntizam komissiyasının sədri, professor

Etikxeber.az

Read Previous

Daha 2420 yeni yoluxma-DAHA 29 ÖLÜM…

Read Next

“Xəstəyə xəstəxanadan deyirlər ki, bizim illik limitimiz dolub. Bu, nə deməkdir?!”- QƏNİRƏ PAŞAYEVA YENƏ SƏRT DANIŞDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir