“Bunlar hamısı Azərbaycan dövlətinin gücü, qüdrəti, dövlət rəhbərinin sarsılmaz iradəsi, cəsarəti, qüdrəti deməkdir…”-KAMİLƏ ƏLİYEVA BALAKƏNLİLƏR ADINDAN ÖLKƏ PREZİDENTİNƏ MİNNƏTDARLIQ ETDİ

Ölkə Prezidentinin bölgələrə hər bir səfəri öz tarixiliyi, öz müstəsnalığı ilə seçilir, fərqlənir.

Hər biri bir tarix olur, tarixə çevrilir, hafizələrə, yaddaşlara həkk olunur.

Çünki hər bir səfərdə yeni-yeni müəssisələr, mühüm əhəmiyyətə malik obyektlər, yollar, körpülər, uşaq bağçaları, məktəblər, xəstəxanalar, idman sarayları, yaradıcılıq mərkəzləri və sair açılıb, istifadəyə verilir, yüzlərlə, minlərlə iş yerləri yaradılır, insanların maddi-sosial təminatlarının, güzəranlarının yaxşılaşdırılmasına yönəlik növbəti töhfələr verilir, bölgələrimizin siması daha da gözəlləşdirilir, paytaxtla, iri sənaye mərkəzləri, sənaye şəhərləri ilə arada olan fərqlilik bir qədər də aradan qaldırılır.

Əgər 90-cı illərdə bölgələrdən Bakıya köç, axın baş verirdisə, görülən işlərin, atılan müstəsna addımların sayəsində indi insanların geriyə-öz bölgələrinə, rayonlara dönüşü, axını müşahidə olunur.

Bunların hamısı da nəticə etibarı ilə inqilabi addımlardır və birbaşa ölkənin inkişafına, tərəqqisinə xidmət edir.

Bildiyiniz kimi, elə bugünlərdə dövlət başçısı-cənab İlham Əliyevin ölkənin Şimal-Qərb bölgəsinə, mənim də parlamentdə təmsilçisi olduğum doğma Balakən rayonuna tarixi səfəri oldu.

Ölkə başçısı həm Qobustanda, həm İsmayıllıda, həm Şəkidə, həm Qəbələdə, həm də Balakəndə bir gün ərzində bir neçə çox mühüm obyektin açılışına qatıldı, açılışlardan ikisində tarixi, çox geniş məzmunlu və əhatəli, gələcəyə hədəflənmiş çıxışlar etdi.

Koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərindən, yeni iş yerlərinin, “ASAN xidmət”, “DOST” mərkəzlərinin yaradılmasından tutmuş 32 ildən çoxdur davam edən Qarabağ münaqişəsinə qədər bütün mövzulara toxunuldu, çox mühüm və dəyərli fikirlər, tövsiyələr, tapşırıqlar, çağırışlar səsləndirildi.

Xüsusilə də, faşist-xunta rejimlərindən fərqlənməyən Paşinyan rejiminə, onun gizli və açıq dəstəkçilərinə, erməniləri və Ermənistanı illərdir ölkəmizin üzərinə qaldıranlara, öz məkrli məqsədləri naminə onlardan alət, “kozır” kimi istifadə edənlərə sərt xəbərdarlıqlar edildi, Azərbaycanın işğal faktl ilə barışmadığı və barışmayacağı, öz suverenliyini bütün ölkəboyu təmin edəcəyi gur səslə bəyan olundu.

Dövlət başçımızın çıxışında da vurğulandığı kimi, “Bütün imkanlarımızı səfərbər edib bundan sonra da onları (Ermənistanı) təcrid vəziyyətində saxlayacağıq. Onlar bu imkanlardan məhrum olunublar. Ancaq biz öz torpaqlarımıza qayıdacağıq, mütləq qayıdacağıq, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək”.

Bəli, bunlar hamısı Azərbaycan dövlətinin gücü, qüdrəti, dövlət rəhbərinin sarsılmaz iradəsi, cəsarəti, qüdrəti deməkdir.

Konkret olaraq Balakənə səfərə gəlincə dövlətimizin rəhbəri burada Uşaq İncəsənət Məktəbinin yeni binasının, Balakən regional “ASAN xidmət” mərkəzinin, “Azərişıq” ASC-nin Balakən Avtomatik İdarəetmə və Nəzarət Mərkəzinin, yenidən qurulan Balakən-Qazbinə-İtitala avtomobil yolunun açılışlarında iştirak etdi, 2012-ci ildə Katex və Beretbinə kəndlərində yaradılan “Bal meyvə” bağçılıq təsərrüfatı ilə tanış oldu.

Qeyd edim ki, bu işlər hamısı dövlət büdcəsindən ayrılmış milyonlar hesabına başa gəlmiş tarixi işlər, addımlardır.

Odur ki, görülən bu işlərə, atılan bu addımlara görə, Balakənin bir neçə bölgəsini parlamentdə təmsil edən millət vəkili olaraq, ölkə rəhbərinə həm öz adımdan dərin minnətdarlığımı bildirirəm, həm də sadə, zəhmətkeş, qədirbilən balakənlilər adından təşəkkürlərimi çatdırıram.

Eyni zamanda, səfərdən dərhal sonra dövlət başçısı İsmayıllı və Balakən rayonları ilə bağlı bir neçə Sərəncam imzaladı.

Konkret olaraq, Balakən şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsinin icrası ilə bağlı tədbirlər haqqında, Balakən rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında, Balakən rayonunun Yeni Şərif kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında və Balakən rayonunda istifadəyə verilmiş “ASAN xidmət” mərkəzinin infrastruktur imkanlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncamlar imzalandı ki, bunlar da Balakənimizin, bütövlükdə Azərbaycanın inkişafı, tərəqqisi naminə atılan addımlardır və çox yaxın zamanlarda, yəni, həmin Sərəncamlar bir-bir yerinə yetiriləndən sonra da öz müsbət töhfələrini müsbət şəkildə vermiş olacaq.

Bunlara görə də dövlət başçımıza bir daha sonsuz minnətdarlığımı ifadə edir, Balakən camaatının xoş dilək və arzularını çatdırıram.

Bunlar bir daha onu göstərir və onun sübutudur ki, böyük dövlətlər pandemiyanın qarşısında çökdükləri, iqtisadiyyatları məhv olduğu halda, Azərbaycan həm koronavirus, həm də erməni, Ermənistan bəlasına, virusuna baxmayaraq, əzmlə, inamla öz inkişafı, tərəqqisi, çiçəklənməsi yolunda addımlayır və bütün sahələrdə, bütün cəbhələrdə qələbələrdən-qələbə doğru gedir.

Və son, qəti Qələbəyəcən də gedəcək, onu heç kim, heç nə yolundan çəkindirməyəcək, döndərə bilməyəcək.

Kamilə ƏLİYEVA,

Millət vəkili, professor, BDU-nun kafedra müdiri

Etikxeber.az

Read Previous

“Əsədovun dövründə səsi çıxmayanlar, nəfəslərini belə alıb-verməyə qorxanlar, əmrə müntəzir olanlar…”-KAMİL HƏMZƏOĞLU YAZDI

Read Next

“Sosial şəbəkələrlə bağlı qanunvericiliyin təkmilləşdirilməsi və ya yenisinin ortaya qoyulması vacidbir, mütləqdir, lazımdır…Burada ikinci bir mövqe, yanaşma ola bilməz!”-DEPUTAT YAZIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir