“Bunlar İlham Əliyevin beynəlxalq miqyasda nüfuzunun göstəricisidir…”-ELDAR İBRAHİMOV

Eldar İBRAHİMOV: “Prezidentimiz İlham Əliyevin uğurlu siyasəti sayəsində xalqımızı daha gözəl, daha firəvan günlər gözləyir”

Azərbaycan Prezidenti cənab  İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü, prinsipial, milli maraqlara əsaslanan siyasət nəticəsində ölkəmiz güclü, dinamik inkişaf edən, yüksək beynəlxalq nüfuza malik dövlətə çevrilib. Əsası Ümummilli Liderimiz, böyük siyasi dövlət xadimi Heydər Əliyev tərəfindən qoyulan Azərbaycanın inkişaf konsepsiyasının dövlətimizi başçısının rəhbərliyi ilə müasir dövrün çağırışlarına uyğun daha da təkmilləşdirilərək dönmədən və ardıcıllıqla həyata keçirilməsi nəticəsində ölkəmiz iqtisadi inkişaf sürətinə görə dünyada liderlik mövqeyinə yüksəlib. Elə bunun nəticəsidir ki, Dünya Bankı ölkəmizi yenidən 10 islahatçı ölkə sırasına daxil edib.

Bu fikirləri Etikxeber.az-a açıqlamasında Milli Məclisin (MM) İntizam komissiyasının sədri, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Eldar İbrahimov deyib.

E. İbrahimov bildirib ki, Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın iqtisadi sahədə əldə etdiyi nailiyyətlər, ölkəmizin imkanlarının artması vətəndaşların həyat şəraitinin əsaslı şəkildə yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində genişmiqyaslı tədbirlərin həyata keçirilməsi ilə müşayiət olunub.

Onun sözlərinə görə, bütün bu tədbirlər və onun parlaq nəticələri Prezident İlham Əliyevin “Ölkəmizdə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır” tezisinin real həyatda əksini tapdığını göstərir.

YAP İdarə Heyətinin üzvü qeyd edib ki, daxili siyasətdə əldə olunan möhtəşəm nailiyyətlər Azərbaycanın beynəlxalq mövqelərinin də möhkəmlənməsinə, müstəqil, milli mənafelərə uyğun, praqmatik xarici siyasət həyata keçirilməsinə əlverişli zəmin yaradıb:

“Bu gün Azərbaycan dünya ictimaiyyəti tərəfindən güclü, etibarlı, sözünə etimad olunan dövlət kimi qəbul olunur. Bunun ən mühüm örnəklərindən biri 2011-ci ildə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyə keçirilən səsvermə zamanı müşahidə olundu. Azərbaycan Respublikası 155 ölkənin dəstəyini qazanaraq 2 il müddətinə Təhlükəsizlik Şurasına üzv seçilərək beynəlxalq münasibətlərin güclü, qüdrətli aktoru kimi qəbul olunduğunu sübuta yetirdi. Eyni zamanda, ötən il Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə görüşünün keçirilməsi, ölkəmizin bu təşkilata, eyni zamanda, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına (TDƏŞ) sədr seçilməsi və bu təşkilatın Zirvə toplantısına yüksək səviyyədə ev sahibliyi etməsi  müstəqillik tariximizdə mühüm siyasi hadisələr olmaqla, bir daha Azərbaycanın dünyada güclənən mövqelərini və nüfuzunu ifadə edir. Cənab Prezidentimizin Qoşulmama Hərəkatının sədri kimi pandemiyaya qarşı mübarizəyə həsr olunmuş dövlət və hökumət başçılarının iştirakı ilə BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi cənab İlham Əliyevin beynəlxalq miqyasda nüfuzunun göstəricisidir”.

E.İbrahimovun dediyinə görə, Prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində Dağlıq Qarabağ probleminə, 32 illik münaqişəyə son qoyuldu:

“Ermənistanın bitməyən fitnəkarlığı, xüsusilə sentyabrın 27-də etdiyi növbəti təxribatçı addımları nəticəsində bütün cəbhəboyu başladılmış əks-hücum əməliyyatları, İkinci Qarabağ savaşı cəmi 44 gündən sonra tarixi qələbəmizlə başa çatdı. 32 ildir davam edən qanlı münaqişəyə cəmi 44 günlük müharibə – İkinci Vətən Müharibəsi ilə son, nöqtə qoyuldu. Artıq silah səsləri gəlmir, kəndlərimiz, qəsəbələrimiz, rayon və şəhərlərimiz atəşə tutulmur, evlər dağılmır, insanlarımız, vətəndaşlarımız yaralanmır, xəsarət almır, həlak olmur. İnsanlarımızın gözlərindən yalnız və yalnız sevinc, qələbə, zəfər göz yaşları axır, sevinc-sevincə qarışır, hamı Qalib xalqın, qalib Vətənin övladları kimi, alnı açıq, başı dik gəzir, möhtəşəm qələbəni, zəfəri qeyd edir. Bütün bunlara görə, müzəffər Ali Baş Komandan, böyük sərkərdə İlham Heydər oğlu Əliyevə borcluyuq. Bunları bizlərə yaşadan məhz cənab Prezident, qəhrəman Ali Baş Komandan oldu. Bu qələbənin baş memarı məhz cənab İlham Əliyevdir”.

YAP İdarə Heyətinin üzvü qeyd edib ki, 28 ilə yaxın düşmən tapdağında olmuş torpaqlarımızda artıq müqəddəs üçrəngli bayrağımız dalğalanır:

“27 ildən çoxdur əzablı, məşəqqətli məcburi köçkünlük həyatı yaşayan insanlarımız öz doğma yurd yerlərinə qayıdıb yaşayacaqlar. Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın həmin guşələri yenidən dirçələcək, yurd yerlərimiz, işğaldan azad olunmuş ərazilərimiz yenidən qaynar həyatına dönəcək. Prezidentimizin uğurlu siyasəti sayəsində xalqımızı daha gözəl, daha firəvan günlər gözləyir”.

Etikxeber.az

Read Previous

Sabah büdcə müzakirələrinə başlanılacaq-DEPUTATLAR YENİDƏN TESTDƏN KEÇƏCƏK, NÖVBƏTİ İCLAS İSƏ DEKABRIN 24-DƏ OLACAQ…

Read Next

“Gözəgörünməz düşmən üzərində də Qələbə qazanacağıq…Bunu da bacaracağıq, bu bəladan da, bu düşməndən də xilas ola biləcəyik!”-MİLLƏT VƏKİLİ NÖVBƏTİ DƏFƏ SEÇİCİLƏRİNƏ VƏ ÖLKƏ VƏTƏNDAŞLARLNA ÇAĞIRIŞ ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir