“Bunlar mütləq və mütləq nəzərə alınmalı, reallaşdırılmalıdır” – ZİYAD SƏMƏDZADƏ

Ziyad Səmədzadə: “Bakı Zirvəsi Azərbaycanın növbəti tarixi uğuru oldu və bu uğur ölkəmizi növbəti qələbələrinə, zəfərlərinə, hədəflərinə çatdıracaq”

Etikxeber.az Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadənin müsahibəsini təqdim edir:

-Ziyad müəllim, bu yaxınlarda ölkəmiz daha bir mötəbər tədbirə – Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünə yüksək səviyyədə ev sahibliyi etdi. İstərdik ki, həmin tədbirə keçməzdən əvvəl Qoşulmama Hərəkatının yaxın keçmişinə, yaranma dövrünə ekskurs edək, onun meydanagəlmə səbəbləri və məqsədlərinə toxunaq. Sizcə, belə bir Hərəkat hansı zərurətdən yarandı?

-Bildiyiniz kimi, son 60-70 ildə, xüsusilə, İkinci Dünya müharibəsindən sonra dövlətlərin, xalqların problemlərini, onların üzləşdikləri çətinlikləri birlikdə müzakirə və həll etmək, eyni zamanda, dünya düzənini müəyyən mənada formalaşdırmaq, istiqamətləndirmək üçün hər kəsin etibar və etimad etdiyi  beynəlxalq təşkilata ciddi ehtiyac yaranmışdı. Həmin vaxt bu zərurətdən irəli gələrək Birləşmiş Millətlər Təşkilatının (BMT) yaradılmasına qərar verildi. İlk dövrlər bu təşkilat səmərəli fəaliyyət göstərsə də, sonra bəzi üzv dövlətlər, xüsusilə, donorluq edən supergüclər tərəfindən təsir altına alınmağa başlandı. Dünyada sülhün, əmin-amanlığın, təhlükəsizliyin, dinc yanaşı və birgəyaşayışın təmin edilməsi məqsədilə yaradılmış təşkilat getdikcə üzv dövlətlərin bir çoxuna, xüsusilə öz müstəqil inkişaf xətti ilə addımlamağa qərar verən dövlətlərə qarşı bir növ təsir, təzyiq vasitəsinə çevrildi. Eyni zamanda, qurumun özünün qəbul etdiyi qərarlar, qətnamələr elə onun bəzi üzvlərinin qeyri-konstruktiv mövqeyi üzündən havadan asılı qaldı.

Buna nümunə kimi, Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi ilə bağlı 4 qətnamənin hələ də işğalçı və təcavüzkar Ermənistan tərəfindən icra olunmamasını göstərmək olar. BMT Təhlükəsizlik Şurasının (TŞ) 4 məlum qətnaməsi 26 ildir ki, icra olunmur və çox təəssüflər olsun ki, adıçəkilən qurum da buna seyrçi qalır. Son bir neçə çıxışında Azərbaycan Prezidenti cənab İlham Əliyev də BMT-də ciddi islahatlara ehtiyac duyulduğunu açıq şəkildə vurğulayıb.  Həmçinin, dünyanın 20 iqtisadi nəhəngindən olan qardaş və dost Türkiyənin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan da öz çıxışlarında “Dünya 5-dən böyükdür” ifadəsini dilə gətirir. Burada da BMT yaranan gündən bu günə kimi onun veto qoymaq hüququna yalnız 5 ölkənin – ABŞ, Rusiya, Böyük Britaniya,Fransa və Çinin malik olmasına etiraz bildirilir, TŞ-nin daimi üzvlərinin sayının artırılmasının və hər bir qitənin, materikin burada ədalətli şəkildə təmsil olunmasının vacibliyi xatırladılır. Hesab edirəm ki, BMT-nin daha çevik və işlək mexanizm kimi fəaliyyət göstərməsi, dünyada ədalətin, təhlükəsizliyin, dinc yanaşı yaşamanın təmin olunması baxımından həm Azərbaycan, həm də Türkiyə prezidentinin çağırışları, təklifləri olduqca dəyərlidir. Bunlar mütləq və mütləq nəzərə alınmalı, reallaşdırılmalıdır.

Fikrimin davamı olaraq, BMT və ondan sonra yaranan, yenə də dövlətləri öz nüfuz dairəsinə salmaq istəyən supergüclərin nəzarətində olan digər hərbi-siyasi-iqtisadi beynəlxalq təşkilatların bir çox hallarda ikili standartlar siyasətinin nəticəsi olaraq, dünyada daha səmərəli, daha müstəqil beynəlxalq və regional qurumların yaradılmasına start verildi. Çünki bir çox dövlətlər onların problemlərini, qayğılarını dinləyəcək, həll etməyə çalışacaq yeni effektiv və çevik qurumların olmasını daha məqsədəuyğun sayırdılar və bu zərurətdən irəli gələrək, Qoşulmama Hərəkatının yaradılmasına qərar vermiş oldular. Daha konkret desək, bir sıra dövlətlər vaxtilə soyuq müharibə dövründə iki siyasi-hərbi qütb arasında qarşıdurmaya cəlb edilməmələri üçün Qoşulmama Hərəkatını təsis etdilər. Əsas məqsədi beynəlxalq hüquqa hörmət əsasında dünyada sülh, təhlükəsizlik və inkişafa yardım etmək olan Hərəkat  konkret tarixi kontekstdə yaranmasına baxmayaraq, müasir dünyada da öz aktuallığını itirmir və Hərəkat daxilində razılaşdırılmış mövqe BMT Baş Assambleyası çərçivəsində qərarların qəbuluna təsir baxımından əhəmiyyətli rol oynayır. Hərəkatın yaradılmasının və fəaliyyətinin əsas prinsiplərindən biri onun üzvləri arasında əməkdaşlıq üçün forum rolunu oynamasıdır.

Qeyri-iyerarxik xarakter daşıyan, idarəçiliyi rotasiya əsasında dəyişən təşkilatın hazırda 120 üzvü, 17 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı var. Təşkilata üzvlük prinsipləri isə hələ təşkilatın təsis olunmasından əvvəl – 1955-ci ildə İndoneziyanın Bandunq şəhərində keçirilən Konfrans zamanı qəbul edilmişdir. “Bandunq prinsipləri”ndə isə bunlar ehtiva olunmaqdadır: BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə, eləcə də əsas insan hüquq və azadlıqlarına hörmət etmək; dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət etmək; sayından asılı olmayaraq bütün irqlərin və xalqların bərabərliyini tanımaq; digər dövlətlərin daxili işlərinə qarışmaqdan çəkinmək; BMT Nizamnaməsi çərçivəsində hər bir dövlətin özünü fərdi və ya kollektiv şəkildə müdafiə etməsi hüququna hörmət etmək; böyük dövlətlərin hər hansı xüsusi maraqlarına xidmət etmək üçün kollektiv müdafiə tədbirlərinin istifadəsindən çəkinmək; digər dövlətin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı yönəlmiş hər hansı bir fəaliyyətdən, eləcə də güc tətbiq etməkdən və güc tətbiq etməklə hədələməkdən imtina etmək; BMT Nizamnaməsinə uyğun olaraq bütün beynəlxalq mübahisələri dinc, sülh yolu ilə həll etmək; qarşılıqlı maraq və əməkdaşlığı təşviq etmək və ədalət və beynəlxalq öhdəliklərə hörmət etmək.

Hesab edirəm ki, bunlar olduqca vacib və əhəmiyyətli məqamlardır. Çünki bu gün dünyada hələ də dövlətlərin, ölkələrin daxili işlərinə qarışmaq, müdaxilə etmək, onları asılı vəziyyətə salmaq, ərazi bütövlüyünün dəyişdirilməsinə yönələn addımlar atmaq kimi qorxulu və təhlükəli tendensiyalar davam etməkdədir. Orta və Yaxın Şərqdə, bəzi Afrika ölkələrində baş verənlər, o cümlədən 31 ildə üzləşdiyimiz, xüsusilə, müstəqillik əldə etdiyimiz 28 ildə yaşadığımız Qarabağ problemi, digər çətinliklər bunlara əyani sübutdur. Odur ki, Qoşulmama Hərəkatının məhz yuxarıda qeyd edilən prinsipləri əldə rəhbər tutması dövrümüz, reallğımız üçün olduqca vacibdir və əhəmiyyətlidir. Bu prinsiplərin yerinə yetirilməsi, təmin edilməsi istiqamətində də hər kəs, bütün üzv dövlətlər öz səylərini daha da artırmalı, fəalliyyətlərini daha da gücləndirməli və sıxlaşdırmalıdırlar…

-Yeri gəlmişkən, digər beynəlxalq və regional qurumlardan fərqli olaraq, Qoşulmama Hərəkatının daimi orqanı və mənzil qərargahı yoxdur…

-Doğrudur və bəlkə də bu, Hərəkatı digər təşkilatlardan fərqləndirən əsas məqamlardan, özəlliklərdən biridir.  Hərəkat BMT-nin mənzil qərargahında yerləşən Əlaqələndirici Büro vasitəsilə təşkilatın Sədri və üzv dövlətlərin nümayəndəlikləri tərəfindən idarə olunur. Büro Hərəkatın daimi əsasda fəaliyyət göstərən və təşkilatdaxili əlaqələndirmə işlərini tənzimləyən əsas orqanıdır. Büro vasitəsilə Hərəkat öz üzvlərinin BMT orqanlarında vahid mövqedən çıxış etməsini əlaqələndirir. Büroya rəhbərliyi təşkilatın sədri olan dövlətin BMT yanında daimi nümayəndəsi həyata keçirir.  Həmçinin, Hərəkata sədrlik müxtəlif regional qruplardan olan dövlətlər arasında üç ildən bir rotasiya edir. Müvafiq regional qrupdan namizədliyini təqdim etmiş dövlət təşkilatın Sammiti vaxtı bütün üzv dövlətlərin razılığı ilə Sədr seçilir. Sədr dövlət üç illik sədrlik müddətinin əvvəlində Zirvə Görüşünə və sədrliyinin axırıncı ilində nazirlər iclasına ev sahibliyi edir.

Hərəkata üzv dövlətlərin BMT Təhlükəsizlik Şurasındakı qruplaşması (“Caucus”) təşkilatın vacib orqanlarından biri olmaqla, adıçəkilən qurum üzvlərinin TŞ-dəki mövqelərinin təmin olunmasına xidmət edir. TŞ-yə seçilmiş Hərəkat üzvlərindən ibarət olan bu qruplaşmanın fəaliyyəti Əlaqələndirici Büro vasitəsilə tənzimlənir. Hərəkatın digər vacib struktur bölməsi Birgə Əlaqələndirmə Komitəsidir. Metodologiya üzrə Kartagena (1996) sənədinə əsasən bu Komitənin əsas funksiyası inkişaf etməkdə olan dövlətlərin maraqlarının beynəlxalq aləmdə birgə müdafiə olunması üçün Hərəkat üzvü olan dövlətlər ilə “77-lər Qrupu” arasında əlaqələndirmə və əməkdaşlığın aparılmasıdır.

BMT Baş Assambleyasının ümumi debatları çərçivəsində nazirlər səviyyəsində görüşlər sentyabr ayında Nyu-Yorkda keçirilir. Bu görüşlərdə Baş Assambleyanın gündəliyi müzakirə edilir və birgə mövqe nümayiş etdiriləcək məsələlər üzrə qərarlar qəbul edilir.

zirva-ilya-3

-Ziyad müəllim, istərdik ki, bu məqamda Azərbaycanla Qoşulmama Hərəkatının əməkdaşlığına da toxunasınız…

-Ölkəmiz müstəqillik əldə etdikdən, 1992-ci ildə BMT-yə rəsmən üzv qəbul edildikdən sonra bütün dövlətlərlə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə yönəlmiş xarici siyasət kursu və heç bir hərbi bloka qoşulmadan balanslı siyasət həyata keçirir. Ölkəmiz heç bir hərbi blokda təmsil olunmur və hər bir dövlətlə ikitərəfli və çoxtərəfli əməkdaşlıqda, tərəfdaşlıqda maraqlı olduğunu təkcə bəyanatlarla deyil, səmimi, əməli addımlarla da nümayiş etdirir. Azərbaycan bu gün dünyanın taleyüklü problemlərinin geniş şəkildə müzakirə olunduğu siyasi, iqtisadi, hərbi, humanitar dialoq məkanıdır. Məhz bu səbəbdən, ölkəmiz müşahidəçi statusuna malik olduğu Qoşulmama Hərəkatına 2011-ci ildə tam hüquqlu üzv olmaq qərarını almışdır. Azərbaycan Respublikası 26 may 2011-ci il tarixində İndoneziyanın Bali adasında Hərəkata üzv olan dövlətlərin yekdil dəstəyini əldə edərək, Hərəkata tam hüquqlu üzv qəbul olunmuşdur. Sözügedən tədbirdə Xarici İşlər naziri cənab Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunan Azərbaycan tərəfi Hərəkatın üzvü olaraq, Hərəkatın prinsiplərinə və məqsədlərinə bağlı olduğunu bəyan etmişdir. Hərəkata üzv olduğumuz nisbətən qısa müddət ərzində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə beynəlxalq ictimaiyyətin geniş dairələrində məlumatlılıq daha da artmış və təşkilatın daxili prosedur və sənədlərində Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə davamlı olaraq dəstək əks olunmuşdur.

Qeyd edək ki, sonuncu Margarita Sammitinin yekun sənədində Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həllinə dəstək ifadə edən bəndlə yanaşı, BMT-nin Sivilizasiyalar Alyansının 26-27 aprel 2016-cı il tarixlərində Bakıda keçirilmiş 7-ci Qlobal Forumunu alqışlayan və Qoşulmama Hərəkatının növbəti sammitinin Azərbaycanda keçirilməsi barədə bəndlər daxil edilmişdir. Çox sevindirici və əlamətdar haldır ki, artıq həmin bəndlərdəki müddəalar reallıqda da öz əksini tapdı. Oktyabrın 25 və 26-da paytaxt Bakı Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünə çox yüksək səviyyədə, uğurla və layiqincə ev sahibliyi etdi. “Bandunq Prinsiplərini rəhbər tutmaqla müasir dünyanın çağırışlarına birgə və adekvat cavab verilməsini təmin etmək” mövzusunda keçirilən XVIII Zirvə Görüşündə 60-a yaxın ölkənin dövlət və hökumət başçıları, həmçinin beynəlxalq təşkilatların rəhbərləri iştirak etdilər. Ümumilikdə Zirvə Görüşünə 160-a yaxın ölkənin və beynəlxalq təşkilatın nümayəndələri qatıldılar. 

ziyadddddd-2

Xüsusilə də, 20-ci əsrin iqtisadi möcüzələrindən sayılan Malayziyanın 94 yaşlı Baş naziri Mahathir Bin Mohamadla olan görüşü burada qeyd etmək istərdim. Bu yerdə xatırladım ki, Malayziyanın dünyanın iqtisadi möcüzələrindən birinə çevrilməsinin banisi olan Mahathir Bin Mohamad bundan öncə də ölkəmizdə səfərdə olmuşdu. Həmin vaxt Azərbaycanda keçirilən mötəbər beynəlxalq tədbirlərdən birində iştirak edən Baş nazir bu dəfə rəsmi şəxs qismində Azərbaycana səfər etdi.

“Qoşulmama Hərəkatının Sammitinin burada baş tutacağını öyrənəndə səbirsizliklə yenidən Azərbaycana gəlməyi gözləyirdim. Əlaqələrimiz yaxşıdır. Əlbəttə ki, əlaqələrimiz çox yaxın deyil, çünki Malayziyada Azərbaycan haqqında çox şeyi bilmirik. Bakı haqqında bilirik, lakin Azərbaycan haqqında o qədər də məlumatlı deyilik. Düşünürəm ki, Azərbaycan haqqında tarixən maraqlı şeylər var və bu, bir çox ölkələri buraya cəlb edəcək. Xüsusilə Həcc ziyarətini etdikdə biz geri qayıtdıqda buraya gələ bilərik”, – deyən Baş nazir Azərbaycan Prezidenti ilə söhbətində ölkəsinin bütün məsələlərdə neytrallıq nümayiş etdirdiyini və hamı ilə dost olmaq istədiyini vurğuladı.

Baş nazir sonra “Heç bir dövlətin daxili sistemi və ya ideologiyası bizi maraqlandırmır. Çünki Malayziya ticarət ölkəsidir. Onun inkişafı ticarətdən asılıdır və beləliklə, biz həmişə bazarlarla dost olmalıyıq. Hər ölkəni də məhsullarımız üçün bir bazar olaraq görürük. Bu gün biz, demək olar ki, 190 ölkə ilə ticarət aparırıq”, – deyərək o, Azərbaycanda da qalmaq üçün bir sıra əlaqələrin olduğuna diqqət çəkdi və xüsusilə, ticarət və kommersiya ilə ölkələrimizi inkişaf etdirməyin mümkünlüyünə əminliyini ifadə etdi…

Qoşulmama Hərəkatına sədrlik edən Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro Venesuelanın sədrliyi dövründə Qoşulmama Hərəkatının böyük inkişaf yolu keçdiyini, dünyada sülhün və təhlükəsizliyin güclənməsinə xidmət göstərdiyini dedi və növbəti üç il üçün sədrliyin Azərbaycana keçdiyini bəyan etdi. Sonra Qoşulmama Hərəkatına sədrlik Azərbaycana təhvil verildi. Zirvə Görüşünü ölkəmizə göstərilən hörmətin, etimadın təzahürü adlandıran dövlət başçısı bunu dünya ölkələrinin əksəriyyətini öz sıralarında birləşdirən Qoşulmama Hərəkatının Azərbaycanın siyasətinə verdiyi dəstək kimi qiymətləndirdi. Bəyan etdi ki, Azərbaycan Qoşulmama Hərəkatında sədrliyi zamanı öz prioritetlərini və fəaliyyətini tarixi Bandunq prinsipləri üzərində quracaq. Çünki bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət, dövlətlərin daxili işlərinə qarışmamaq və qarşılıqlı maraqların qorunması və əməkdaşlığın təşviqi kimi prinsipləri ehtiva edən Bandunq prinsipləri Azərbaycanın xarici siyasətinin təməl prinsipləri ilə üst-üstə düşür.

Dövlət başçısı çıxışında “Biz beynəlxalq hüququn norma və prinsiplərinə hamılıqla əməl olunması üçün səylərimizi artırmalıyıq. Bu baxımdan BMT-nin fəaliyyətində islahatlara böyük ehtiyac duyulur. Sərhədlərin güc yolu ilə dəyişdirilməsi, gücdən istifadə olunmaqla ölkələrin ərazi bütövlüyünün pozulması, daxili işlərə müdaxilə yolverilməzdir”, –  deyə vuğruladı.  Qeyd edək ki, Sammitin sonunda qəbul edilən Yekun Sənəddə, Bakı Bəyannaməsində də məhz həmin məsələlər öz əksini tapdı, BMT-dən sonra dünyanın ikinci böyük təşkilatı olan Qoşulmama Hərəkatı Ermənistanın işğalçılıq siyasətini pislədi, onu işğalçı dövlət kimi tanıdı. Zirvə Görüşündə qəbul edilmiş Yekun sənədi, Bakı Bəyannaməsi və Azərbaycan xalqına və hökumətinə təşəkkür sənədlərində Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin də BMT TŞ-nin məlum qətnamələri əsasında həllinə növbəti ciddi dəstək ifadə olundu. Bu baxımdan,  Qoşulmama Hərəkatının Zirvə Görüşünün Bakıda keçirilməsi bir uğur idisə, ikinci uğur məhz 120 dövlət tərəfindən Azərbaycanın ərazi bütövlüyünə dəstəyin ifadəsi, Ermənistanın işğalçı dövlət kimi tanınması idi. Hesab edirəm ki, bu, mütləq şəkildə 31 ildən artıq davam edən və Ermənistanın destruktiv fəaliyyəti üzündən çözümünü tapmayan Qarabağ münaqişəsinin sülh və danışıqlar yolu ilə müsbət həllinə öz töhfələrini vermiş olacaq.

Çıxışında, həmçinin Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təmin edilməsindəki roluna toxunan dövlət başçısı ölkəmizdə enerji təhlükəsizliyinin təmin olunduğunu, Davos Ümumdünya İqtisadi Forumunun hesabatına əsasən, elektrik enerjisinin əlçatanlıq əmsalına görə Azərbaycanın dünyada ikinci yerə yüksəldiyini dedi və əlavə etdi ki, Azərbaycan, eyni zamanda, bir sıra ölkələrin enerji təchizatçısıdır.  Yəni, Asiya və Avropa qitələri arasında körpü rolu oynayan Azərbaycan açıq dənizə çıxışı olmayan ölkə kimi bir sıra regional nəqliyyat layihələrinin təşəbbüskarı və icraçısıdır. Konkret olaraq, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri layihələrinin fəal iştirakçısı olaraq, hazırda digər mühüm layihələr – Cənub-Qərb və Şimal-Qərb layihələri üzərində çalışırıq. Beləliklə, Azərbaycan etibarlı tranzit ölkəsi kimi çoxtərəfli beynəlxalq əməkdaşlığa öz dəyərli töhfəsini verir.

Çıxışı zamanı, eyni zamanda,  iqlim dəyişikliyinin qlobal təhlükə olduğunu diqqətə çatdıran dövlət başçısı ölkəmizin onun fəsadlarına qarşı mübarizə üzrə beynəlxalq səyləri dəstəklədiyini ifadə etdi. Bildirdi ki, Azərbaycan Paris Sazişini ratifikasiya etmiş, baza ili – 1990-cı illə müqayisədə 2030-cu ilə istilik effekti yaradan qazların emissiyalarının səviyyəsində 35 faiz azalmanı hədəf kimi götürmüşdür. Elektrik enerjisinin istehsalı üçün Azərbaycanda ancaq ekoloji təmiz qaz və su elektrik stansiyalarından istifadə olunur. Belə bir məsələnin diqqətə çatdırılması da olduqca əhəmiyyətli və vacib idi. Çünki iqlim dəyişikliklərinin fəsadları hər gün yaşanır, müşahidə olunur və bu fəsadlara qarşı səylərin birləşdirilməsi və artrırılması bu gün dünyanın ən prioritet məsələlərindən biridir. Bu fəsadların qarşısı birgə  alınmasa bizi daha böyük fəlakətlər və təhlükələr gözləyə bilər.

Çıxışlarda terrorçuluqla mübarizə, münaqişələrin həlli ilə bağlı beynəlxalq əməkdaşlığın daha da möhkəmləndirilməsi, beynəlxalq hüquq və öhdəliklərin yerinə yetirilməsi, kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması, qaçqınlar problemi, yoxsulluğun azaldılması, ətraf mühitin qorunması, üzv ölkələr arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsi və digər məsələlərlə bağlı fikirlər diqqətə çatdırıldı. Çıxış edənlər mövcud problemlərin həllində Qoşulmama Hərəkatının kifayət qədər güclü mövqelərə malik olduğunu deyərək, 60 il bundan qabaq qəbul olunan Bandunq prinsiplərinin bu gün də aktual olması fikrində həmrəylik nümayiş etdirdilər.

Zirvə Görüşünün sonunda isə 4 yekun sənəd qəbul olundu ki, bunlar da hər biri olduqca vacib və əhəmiyyətli sənədlər idi. Beləliklə, Azərbaycan Respublikası 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik edəcək. Bu isə ölkəmizin dünyadakı yerinin, rolunun artırılmasında, möhkəmləndirilməsində çox mühüm rol oynayacaq. Dünya bu illər ərzində bir daha Azərbaycan reallıqlarına, həqiqətlərinə şahidlik edəcək, ölkəmizin inkişafını, tərəqqisini izləyəcək. Ən əsası isə Qarabağ həqiqətlərinin dünyaya olduğu kimi çatdırılmasında önəmli bir tribuna rolunu oynayacaq. Dünya bir daha Ermənistanın işğalçılıq, təcavüzkarlıq siyasətinin əsl mahiyyətini, iç üzünü görmüş olacaq. Bir sözlə, Bakı Zirvəsi Azərbaycanın Zirvəsi, Azərbaycanın növbəti tarixi uğuru oldu və bu uğur ölkəmizi növbəti qələbələrinə, zəfərlərinə, hədəflərinə çatdıracaq.

Müsahibəni apardı:

KAMİL

Etikxeber.az

 

Read Previous

Əliyevlə Ərdoğan nədən danışdı?

Read Next

Nazirlər Kabinetinin səlahiyyəti artırıldı – FƏRMAN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir