“Bunlar nəsilartırma funksiyasına, genefondun sağlamlığına təsir edən amillərdir…” – MİLLƏT VƏKİLİ

Millət vəkili: Bir qanunun icrası daha iki yeni qanunun qəbulunu zəruri edir

“Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi uzun illərdən sonra artıq parlamentin yaz sessiyasının qanunvericilik işləri planına salınıb. Ötən illər ərzində də bunun üzərində çox böyük işlər, düzəlişlər, təkmilləşdirmələr  aparılıb, mübahisəli məqamlar sənəddən çıxarılıb. Bu baxımdan, yaz sessiyasında  bu sənədin müzakirələrə çıxarılmasına və qəbul olunmasına üçün böyük ümidimiz var”.

Etikxeber.az xəbər verir ki, bunu mətbuata açıqlamasında ixtisasca həkim olan millət vəkili İlham Məmmədov deyib.

Millət vəkili həmçinin bildirib ki, bununla bağlı parlament dinləmələri keçiriləcək:

“Həmin dinləmələr zamanı da bu sahədə peşəkarların fikirləri, mülahizələri, tövsiyələri dinləniləndən sonra qanun layihəsi tam təkmil şəkildə və sonra varianta plenar iclasa çıxarılacaq və qəbul olunacaq.

Çünki çox vacib, həyati əhəmiyyət daşıyan qanun layihəsidir. Bilirsiniz, həyat elədir ki, təbiətin özündə baş verən kataklizmlər, yeni texnologiyaların tətbiqi də insan sağlamlığının təsir edir. Belə demək mümkünsə, reproduktiv proseslərə qidalandığımız məhsulların, udduğumuz havanın, ətraf mühitin özünün də hansısa bir formada təsiri var və bunlar da nəticə etibarı ilə nəsilartırma funksiyasına, genefondumuzun sağlamlığına təsir edən amillərdəndir.

Odur ki, reproduktiv sağlamlıq bu imkanlardan məhrum olan insanlara yeni bir şans verəcək və bunun ən böyük fəlsəfəsi ondadır ki, qanun qəbul olunursa, onun maliyyə tutumu da olur.

Bunun maliyyələşməsi  isə dövlət tərəfindən olacaq. Dövlət öz vətəndaşlarına bu məsələdə də yardım əlini uzadacaq. Hesab edirəm ki, bu aspektləri nəzərə alaraq, bu qanun layihəsi qəbul olunmalıdır və inanıram ki, belə də olacaq”.

Millət vəkili eyni zamanda hər zaman təşəbbüskarlarından biri kimi  çıxış etdiyi  “Ailə həkimi haqqında” qanun layihəsinə toxunaraq, bunun da vacib olduğunu bildirib:

“Biz bu məsələni bir neçə dəfə komitəmizdə fikir mübadiləsi şəklində müzakirə etmişik. Ancaq bilirsiniz ki, icbari tibbi sığorta  məsələləri ilə “Tibbi sığorta haqqında” qanunumuz qəbul olunub, ona payız sessiyasının son iclasında mütərəqqi dəyişikliklər edilib. Eyni zamanda, ölkə prezidenti tərəfindən İcbari Tibbi Sığorta Agenliyi yaradılıb və o, əhalinin səhiyyəyə əlçatanlığını təmin edən, çox innovativ bir yeni bir sistemdir. Dünya təcrübəsindən yararlanılaraq, artıq bu sistem bizdə də işə düşüb. Həmçinin, “TƏBİB” publik hüquqi şəxs yaranıb. Deməli, tibbi sığortanın, müalicə və müalicə işlərinin insanlara əlçatan olması, onun baza zərfinin, paketlərin müəyyənləşməsi üçün artıq işlər görülüb. Tibbi sığortanın əsas komponenti isə məhz ailə həkimi olacaq.

Bundan sonra ailə həkimi tibbi sığortanın əsas bir hissəsini təşkil edəcək. Burada da tək elə insanların  xəstələnənə kimi üzə çıxan məsələlər yox,  bütövlükdə onların xəstələnməmişdən öncəsi, dispanserzizasiyası və sair məsələlər səhiyyənin profilaktik  məsələsi olacaq. Həmçinin, bu proseslərdə ortaya çıxa biləcək digər məqamların, münasibətlərin tənzimlənməsi üçün gələcəkdə nəinki ailə həkimi, eyni zamanda, pasiyentin hüquqları haqqında qanuna da ehtiyac yarana bilər.

Həmin qanun layihəsi üzərində də parlamentdə, Səhiyyə komitəsində fikir mübadiləsi, danışıqlar gedir və hesab edirik ki, əgər bu yöndə hüquqi tənzimlənməyə ehtiyac olarsa, onu da gələcəkdə müzakirələrə təqdim etmək və qəbuluna nail olmaq olar. Ancaq təbii ki, biz ilk növbədə tibbi sığortanın işə düşməsi üçün çalışırıq ki, o da gələn il ölkəni tamamilə əhatə edəcək. Həmçinin, hesab edirik ki, icbarı tibbi sığortanın mükəmməl şəkildə tətbiqi üçün onun baza zərfinin, onun xidmət paketlərinin müəyyənləşməsinə dəstək olmalıyıq”.

Etikxeber.az

Read Previous

Sosial Tədqiqatlar Mərkəzi yaradılır – PREZİDENT FƏRMAN İMZALADI

Read Next

Kibertəhlükəsizlik səviyyəsinə görə ən yaxşı ölkə açıqlandı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir