Bunları Azərbaycan mədəniyyətinin ensiklopediyası adlandırmaq olar – DEPUTAT – FOTOLAR

Miniatür Kitab Muzeyində Azərbaycanın Əməkdar jurnalisti, “Şöhrət” ordenli Elmira Əliyevanın kitabının təqdimatı keçirilib.

Etikxeber.az xəbər verir ki, muzeyin təsisçisi və yaradıcısı, Əməkdar mədəniyyət işçisi Zərifə Salahova mərasimdə çıxış edərək təqdimatı keçirilən nəşrin tanınmış jurnalistin dördüncü kitabı olduğunu bildirib.

O deyib: “Biz Elmira Əliyeva ilə artıq uzun illərdir ki, əməkdaşlıq edirik. Elmira Əliyevanın məqalələrindən ibarət növbəti topluda Vətəninə şöhrət qazandıran Azərbaycan xalqının görkəmli nümayəndələri haqqında parlaq məqalələr təqdim edilib. O, həmin insanların hər biri haqqında çox maraqlı əhvalatlar danışa bilər”.

İkicildlik topluda təqdim edilən məqalələrində jurnalist öz xatirələrini və düşüncələrini də bölüşüb.

Elmira xanımın yazılarının əsas qayəsini insan, onun gördüyü işlər, üzləşdiyi problemlər, iştirak etdiyi hadisələr, yaşadığı zaman təşkil edib.

Milli Məclisin deputatı, Azərbaycanın Xalq yazıçısı Elmira Axundova qeyd edib ki, Elmira xanımın kitablarını Azərbaycan mədəniyyətinin ensiklopediyası adlandırmaq olar.

kitab-12

kitab-11

kitab-13

Yazıçı Natiq Rəsulzadə, Əməkdar jurnalist Qalina Mikeladze, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova, Xalq artisti Xuraman Qasımova, rejissor Ziya Şıxlinski, Əməkdar mədəniyyət işçisi, professor Röya Tağıyeva, akademik Ziyad Səmədzadə və digərləri çıxışlarında Elmira Əliyevanın böyük istedadından, ölkənin müstəqillik illərində salnaməyə çevrilən məqalələri və kitablarından danışıblar.

Artıq yarım əsrdən çoxdur ki, o, mədəniyyətdən, elmdən, Azərbaycan ziyalılarından yazır. Onun məqalələrindən ibarət böyükhəcmli cildlərdə Azərbaycanın tarixi əks olunub. Elmira Əliyeva öz materiallarında mövzu ilə bağlı dərin biliklər nümayiş etdirib və son dərəcə dəqiq təhlillər aparıb. Məhz onun sayəsində məqalələrin qəhrəmanları daim yaddaşlarda qalacaq.

Birinci kitab “Şəxsiyyətlər” fəsli və Azərbaycan xalqının ümummilli lideri, böyük vətənpərvər və siyasi xadim Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilmiş “Onun ən böyük irsi müstəqil Azərbaycandır” sərlövhəli məqalə ilə açılır. Müəllif Ulu Öndərin siyasi uzaqgörənliyi barədə təəssüratlarını dəfələrlə bölüşüb və onun quruculuq fəaliyyətində hər dəfə yeni nə isə kəşf edib: müasir Azərbaycanın çiçəklənməsinin əsasını qoymuş neft müqavilələri, ölkədə bərqərar edilmiş sabitlik, Ermənistanla müharibədə atəşkəs əldə edilməsi, Azərbaycan diplomatiyasının nailiyyətləri, ardıcıl həyata keçirilən iqtisadi islahatlar, mədəniyyətin inkişafı.

E.Əliyeva həmişə mətbuat nümayəndələri ilə ünsiyyət saxlamağa hazır olan Heydər Əliyevlə görüşləri barədə də xatirələrini bölüşüb.

Elə həmin bölmədə “Hər birimizin Prezidenti. İlham Əliyev: o, əsası böyük sələfi tərəfindən qoyulmuş yaxşı nə varsa, hamısını dərinləşdirib və inkişaf etdirib” sərlövhəli məqalə yer alıb. Müəllif məqalənin sərlövhəsinə aydınlıq gətirərək deyir ki, bununla o, Prezidentin çoxşaxəli fəaliyyətini, onun beynəlxalq miqyasda, iqtisadi, sosial və mədəniyyət sahələrində fəaliyyətini vurğulamaq istəyib. Axı, Azərbaycan vətəndaşı kimi hər birimizin taleyi onun fəaliyyətindən çox asılıdır.

“Nur və şəfqət bəxş edən” adlı oçerk Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya, onun bütün dünyada təqdir edilən nəcib işlərinə, mədəniyyət, təhsil, səhiyyə məsələlərinə xüsusi diqqət yetirən Heydər Əliyev Fondunun fəaliyyətinə həsr olunub.

“Yüksək insani keyfiyyətlər carçısı” sərlövhəli məqalə görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın ad gününə həsr edilib. Müəllif Zərifə xanımın maraqlı hadisələrlə zəngin həyatından söz açır.

Səkkiz fəsildən ibarət bu kitablar mövzu və janr rəngarəngliyi ilə seçilir. “Şəxsiyyətlər”, “Vətəni şöhrətləndirən azərbaycanlılar”, “Maraq doğuran nəşrlər”, “Miniatür kitablar və onların qəhrəmanları”, “İncəsənət”, “Dostlar, həmkarlar, həmfikirlər”, “Özlərindən sonra xeyirxah iz qoyub getdilər”, “Xatirələr…Düşüncələr” bölmələrində yer alan məqalələr istedadlı jurnalistin yaradıcılığı haqqında dolğun təsəvvür yaradır.

Etikxeber.az

Read Previous

Hicablı qadınların dövlət və özəl idarələrə daxil olması qadağan edilir…

Read Next

Seçicilərin problemlərini MM-də qaldıracaq – DEPUTAT DAHA NƏ DEDİ? – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir