“Bunların səbəbkarı Prezidentimiz və birinci xanımımızdır…” – MƏMMƏDƏLİYEV – FOTO

Heydər Əliyev Fondu tərəfindən təsis edilmiş “Qızıl çinar” beynəlxalq mükafatının 2017-ci il üzrə qalibi elan olunub.

Etikxeber.az-ın xəbərinə görə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Fondun yeni nəslin kamil insan kimi formalaşmasında əhəmiyyət kəsb edən layihələrinə verdiyi dəstəyə, kütləvi informasiya vasitələrində bəşəri dəyərlərin təbliğində fəal iştirakına görə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar Elm Xadimi, “Şöhrət” ordenli şərqşünas alim Vasim Məmmədəliyevə “Qızıl çinar” beynəlxalq mükafatını təqdim edib.

Mükafata görə təşəkkürünü bildirən akademik V. MƏMMƏDƏLİYEV deyib:

-Sözün doğrusu, bu qəfil məlumatdan özümü bir qədər itirdim. Çünki heç ağlıma gəlməzdi ki, mənim o kiçik əməyim, özüm üçün normal bir fəaliyyət dairəsi hesab etdiyim o kiçik əmək bu gün bizim dövlətimiz, bizim möhtərəm Prezidentimiz, bizim Birinci vitse-prezidentimiz tərəfindən belə yüksək mükafatla qiymətləndiriləcək. Mən buna görə Sizlərə çox minnətdaram.

Hörmətli cənab Prezident, hörmətli Mehriban xanım, bu yüksək mükafatı mənə verdiyiniz üçün Sizə dərin hörmət və ehtiramımı bildirirəm.

Bir şeyi də qeyd etmək istəyirəm ki, Azərbaycanda bu gün çox gözəl siyasi, mənəvi iqlim var. Azərbaycanda insanlar arasında çox gözəl ünsiyyət var. Xalqla iqtidar arasında böyük birlik var. Bunların hamısının səbəbkarı bizim hörmətli Prezidentimiz və hörmətli birinci xanımımızdır. Mən həmişə bir şeyə fikir vermişəm ki, Mehriban xanım çox səmimidir, – təbii ki, bu məziyyət doğulduğu, tərbiyə aldığı ailədən gəlir, – mədəniyyətin, elmin hamilərindən biridir. Azərbaycanın görkəmli şəxsiyyətlərinin həyatı, yaradıcılığı, fəaliyyəti bu gün Mehriban xanımın təşəbbüsü ilə araşdırılır və cəmiyyətə təqdim olunur.

Cəmiyyət bilir ki, hər hansı bir şəxs müəyyən bir iş görürsə o, Mehriban xanımın nəzərindən qaçmayacaq. Necə ki, mənim kiçik fəaliyyətim də bu gün onun nəzərindən qaçmayıb və mən belə bir mükafata layiq görülmüşəm.

Onu da deyim ki, xalq bizim möhtərəm Prezidentimiz İlham Əliyevi və Mehriban xanım, Sizi çox sevir. Xalqın gözü tərəzidir. Xalq Sizin böyük xidmətlərinizi, fəaliyyətinizi çox yüksək qiymətləndirir. Bu da təbiidir. Mehriban xanım Azərbaycan mədəniyyətinin, ədəbiyyatımızın, dilimizin, musiqimizin, rəngkarlığımızın, bütün incəsənətimizin nümayəndələrinin xidmətlərini sözün həqiqi mənasında görür, bilir və onları nə cür lazımdırsa mükafatlandırır.

Mən hesab edirəm ki, Siz xalqımızın maarifpərvər xanımlarının ənənələrini bu gün uğurla davam etdirirsiniz. Bu, müasir dövrdə incəsənətimizə, elmimizə, ədəbiyyatımıza, musiqimizə Sizin tərəfinizdən verilən böyük qiymətdir. Xalqımız Sizi həmişə çox sevəcək, çünki Siz buna layiqsiniz. Mən inanıram ki, Siz bizim hörmətli Prezidentimizlə qoşa qanad olaraq Azərbaycanı bundan sonra da yeni-yeni yüksəkliklərə qaldıracaqsınız.

Etikxeber.az

Read Previous

“Onların mitinqlərinə heç qohumları da gəlmir…” – PREZİDENT – FOTOLAR- YENİLƏNİB

Read Next

“Bizim günəşimizsiniz!” – XALQ ŞAİRİ PREZİDENTƏ BELƏ DEDİ – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir