Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Azərbaycan prezidenti cənab İlham Əliyevin sentyabrın 1-də Soçi şəhərində Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə görüşünü və bu görüşün nəticəsi olaraq, iki dövlət arasında növbəti mühüm sənədlərin imzalanmasını, dövlət başçılarının sənədlərin imzalanmasından sonra səsləndirdikləri son dərəcədə önəmli bəyanatları, mesajları böyük siyasi-tarixi hesab edirəm. Yəni, səfərin zəngin proqramı, Azərbaycan və Rusiya prezidentlərinin görüşlərində müzakirə olunan məsələlərin geniş spektri iki dövlət arasında münasibətlərin inkişafı üçün yeni və daha dinamik bir dönəmin başlandığını nümayiş etdirir. Bu, Azərbaycan-Rusiya münasibətlərində növbəti mərhələdir. Azərbaycan və Rusiya prezidentlərinin mətbuata bəyanatları da bir daha sübut edir ki, hər iki dövlətin başçısı münasibətlərin inkişafında, əməkdaşlığın ölkə həyatının bütün istiqamətləri üzrə genişləndiriliməsində maraqlıdır və qərarlıdır.
Bu fikirləri Etikxeber.az-a açıqlamasında millət vəkili Eldar İbrahimov bildirib.
Azərbaycanla Rusiya arasında tarixən qonşuluq, dostluq münasibətlərinin mövcud olduğunu xatırladan E. İbrahimov Soçi görüşünü də bu münasibətlərin, iki ölkə arasında qarşılıqlı əlaqələrin məntiqi davamı kimi dəyərləndirib və bildirib ki, proseslər bundan sonra da məhz bu istiqamət, bu xətt üzrə ardıcıllıqla davam edəcək:
“Heç kim, heç bir qüvvə, heç bir kənar güc də bunu əngəlləyə, buna mane ola bilməyəcək. Çünki dərin köklərə və möhkəm dayaqlara malik münasibətlər, hətta, deyərdim ki, strateji müttəfiq münasibətləridir”.
O, əlavə edib ki, bu münasibətlər səmimi, qarşılıqlı inam, qarşılıqlı etimad və etibar üzərində qurulub, möhkəmlənib.
“Cənab prezidentin rəsmi səfəri iki ölkə arasındakı münasibətlərin etimadlılıq səviyyəsinin yüksəldilməsi, qarşılıqlı faydalılıq müstəvisində inkişaf etdirilməsi baxımından da müstəsna əhəmiyyət kəsb edir. Azərbaycan Prezidentinin səfərinin uğurlu nəticəsini müəyyənləşdirən amillərdən biri də şübhəsiz ki, iki ölkə arasında imzalanan sənədlərin qarşılıqlı əməkdaşlığın bütün istiqamətlərini əhatə etməsidir. Bu sırada Rusiya Federasiyası və Azərbaycan Respublikası Hökumətləri arasında imzalanan 2024-cü ilə qədər Əməkdaşlıq Proqramını və Rusiya-Azərbaycan əməkdaşlığının əsas istiqamətlərinin inkişafı üzrə Fəaliyyət Planını – “Yol xəritəsi”ni xüsusi qeyd etmək olar. Hər iki sənəd Azərbaycan-Rusiya əməkdaşlığının konseptual platformada, ardıcıl, dövlətlərin maraqlarına uyğun bir formada davam etdiriləcəyini, Azərbaycan-Rusiya münasibətlərinin tamamilə yeni və daha sıx əməkdaşlıq müstəvisinə qədəm qoyduğunu göstərir”-deyən, E.İbrahimovun sözlərinə görə, Azərbaycan və Rusiya zəngin enerji resurslarına sahib olan ölkələrdir.
Millət vəkili qeyd edib ki, bu baxımdan, iki ölkə arasında enerji sektorunda əməkdaşlığın inkişafı ilə bağlı imzalanan sənədlər də təbii qəbul olunmalıdır:
“Bununla yanaşı, Azərbaycan ilə Rusiya arasında imzalanan sənədlərin hər iki ölkə üçün mühüm strateji əhəmiyyət kəsb edən istiqamətlərinə də diqqət çəkmək vacibdir. Elə bu yerdə onu xatırlatmaq istərdim ki, cənab prezident milli iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorun inkişafı ilə bağlı yol xəritələrini təsdiq edib və bu istiqamətdə ölkəmizdə çox sürətli, çox dinamik və genişmiqyaslı islahatlar həyata keçirilir. Qeyri-neft sektorunun inkişafı Azərbaycanla yanaşı, Rusiya üçün də mühüm əhəmiyyət kəsb edir. Bu müstəvidən yanaşanda imzalanan sənədlər arasında yer alan “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyi arasında iqtisadi əməkdaşlığın inkişafı haqqında Saziş”in, “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında rəqəmsal nəqliyyat sistemləri sahəsində əməkdaşlıq haqqında Memorandum”un, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Rusiya Federasiyasının Sənaye və Ticarət Nazirliyi arasında sənaye sahəsində əməkdaşlığın möhkəmləndirilməsi haqqında Saziş”in, “Kiçik və orta sahibkarlığın inkişafı üzrə Federal Korporasiya” Səhmdar Cəmiyyəti ilə “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi” Publik Hüquqi Şəxs arasında qarşılıqlı anlaşma haqqında Memorandum çərçivəsində tədbirlərin reallaşdırılması üzrə Yol Xəritəsi”nin hər iki ölkə üçün qeyri-neft sektorunun inkişafı baxımından müstəsna əhəmiyyət daşıdığını deyə bilərik. Sənaye, nəqliyyat sektoru, turizm qeyri-enerji sektorunun bünövrəsini təşkil edir. Eyni zamanda, Azərbaycanın əlverişli geostrateji mövqeyi, nəqliyyat dəhlizlərinin qovuşuğunda yerləşməsi hər iki ölkənin bu resurs və imkanlardan daha səmərəli şəkildə faydalanmasına şərait yaradır. Bu isə öz növbəsində ölkənin prioritet istiqamətlərindən olan yeni iş yerlərinin açılması, vətəndaşların həyat səviyyəsinin yüksəldilməsi deməkdir…”.
E. İbrahimov səfərin ən mühüm və vacib məqamlarından biri kimi, 30 ildən bəri davam edən Ermənistan-Azərbaycan münaqişəsinin iki dövlət və onun ali rəhbər şəxsləri səviyyəsində bir daha geniş müzakirə olunmasını, konfliktin çözümü ilə bağlı ümidverici, danışıqlar prosesinə impuls verəcək notların səsləndirilməsini vurğulayıb:
“Bu baxımdan hesab edirəm ki, cənab prezidentin Rusiyaya bu səfəri beynəlxalq birlik tərəfindən tanınmış ərazilərimizin işğaldan azad edilməsi prosesinə də ciddi təkan verəcək. BMT Təhlükəsizlik Şurasının daimi üzvü, ATƏT-in Minsk qrupunun həmsədri olan Rusiyanın bu prosesdə mühüm rola malik olduğu kimsəyə gizli və sirr deyil. Rusiya prezidenti Vladimir Putinin öz bəyanatlarında ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına bütün mümkün köməyi göstərməkdə davam edəcəyini bildirməsi, Azərbaycanın artan önəminə və regionda davamlı sabitliyin qorunmasına, təhlükəsizliyin təmin edilməsinə diqqət çəkməsi də rəsmi Moskvanın bu istiqamətdə fəallığını nəzərəçarpacaq dərəcədə artıracağından xəbər verir. Mətbuat konfransında da cənab prezidentin səsləndirdiyi “Rusiya bizim qonşumuz, tarixi tərəfdaşımız və dostumuzdur. Biz ümid edirik ki, münaqişənin nizamlanmasında Rusiyanın səyləri davam edəcək” sözləri də məhz bu inamdan irəli gəlir və hər birimizdə də münaqişənin sülh, danışıqlar yolu ilə həllinə ümidləri artırır. Deməli, hələ də danışıqlar, sülh yolu ilə münaqişənin həlli perspektivləri qalır və qalmaqdadır. Sülh, danışıqlar limiti hələ tükənməyib. Odur ki, böyük qonşumuz və strateji müttəfiqimiz olan Rusiyadan, ATƏT-in Minsk qrupunun 3 həmsədrinin birindən bu istiqamətdə növbəti önəmli və əməli addımları gözləyirik. Artıq bu münaqişəyə ədalətli şəkildə son qoyulımalıdır və təcavüzkar, işğalçı dövlətə ən böyük təsir, təzyiq imkanlarına malik olan dövlət kimi Rusiya da burada, bu prosesdə öz töhfəsini verməlidir. Hər halda Rusiyadan da bunu ummağa, bunu gözləməyə haqqımız var…”.
Etikxeber.az