“Bunu Təhsil Nazirliyi də gözəl bilir…” – VÜSALƏ MAHİRQIZI YAZIR

Ailə məktəblə birgə işləməsə, xüsusilə uşaqların keçid dövründə ciddi psixoloji gərginlik yaşanır.

Kim nə deyir desin, istənilən uşaq intiharında ilk diqqət yönəlməli ailə, xüsusilə ana, evdə yaşananlardır. İndi uşaqlara təsir vasitəsi çoxdu, uşaqlar daha məlumatlı olublar, youtubedə baxdıqları bir video belə onları günlərlə depressiyada saxlaya bilir ( Özümün və bacımın qızları var, eyni yaşlarda, nağıl danışmıram, bilib-bilməyərək).

Ona görə azacıq depressiya hiss eləyəndə belə dərhal müəllimlə, məktəblə işləmək lazımdı. 

Keçək məsələnin müəllim və məktəb tərəfinə. Burda ciddi problem var, Təhsil Nazirliyinin nümayəndələri gəlib burda hər məktəbdə psixoloq olduğunu yaza bilərlər. Özəl təhsil müəssisəsilərini çıxmaq şərtilə, Azərbaycanın digər məktəblərinin böyük əksəriyyətində psixoloq ştatı var, psixoloq yoxdu!

Bunu Təhsil Nazirliyi də gözəl bilir. O ştatlar əvvəllər direktorun qohum-əqrabası üçün havayı maaş yeri idi, indi necə doldurulur, bilmirəm. İkincisi, müəllimlərin yanaşması qüsurludur.

vusale_mahirqizi

Əksər halda, müəllimə valideyn söz deyəndə cavab belə olur: “Uşaqdı də, özün uşaq olmamısan? Ağzının üstündən birini vur, otursun yerində. Bizim vaxtımızda belə eləyirdilər”.

Ay adamlar, indi Sizin vaxtınız deyil, indi o uşaqların vaxtıdı. Demək ki, əvvəlcə Təhsil Nazirliyi müəllimlər, məktəb direktorunun təlim tərbiyyə məsələləri üzrə müavinləri üçün psixoloji kurslar təşkil eləməlidi və bu treninqlər təxirəsalınmadan aparılmalıdır.

O valideyn komitəsi adı ilə fəaliyyət göstərən və ancaq müəllimənin ad gününü yadda saxlayan, whattapda qeybət qrupu yaradan dəstələr də bura cəlb olunmalıdır. Ümumiyyətlə, bir davranış kodeksi olmalıdı müəllimin. Və üçüncüsü, psixoloqa getməkdən, psixoloji dəstəkdən çəkinmək lazım deyil. Psixoloji gərginlik dəlilik deyil, amma dəliliyə gedən yolun başlanğıcıdı.

Necə ki ağciyərdəki problem həll olunmasa vərəm, gözdəki problem həll olunmasa korluq, ürəkdəki problem həll olunmayanda infarkt yarada bilir, ruhdakı problem həll olunmayanda da dəlilik yaradır.

Qulağı, boğazı ağrayan lora, ürəyi ağrıyan kordioloqa müraciət eləyir və bunu tam təbii hesab edir, ruhu ağrayan da psixoloqa müraciət eləməlidi və burda heç bir diskomfort hiss eləməməlidi nə ailə, nə də müraciət edən şəxs. Bunun da maariflənmə işi aparılmalıdır.

Maariflənmə prosesini kim aparmalıdı?

Vüsalə MAHİRQIZI,

Etikxeber.az

Read Previous

Ağdaban soyqırımının 27-ci ili tamam olur – BU GÜN

Read Next

HEYDƏR ƏLİYEV DÜNYAYA GƏLƏNDƏ BİZ 1,8 MİLYON İDİK! – Deputat yazdı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir