“Burada bilavasitə “işğalçı” ifadəsi işlədilir ki…” – SAHİBƏ QAFAROVA

Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün Bakıda keçirilməsi ölkəmizin müstəqillik tarixində mühüm siyasi hadisədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Qoşulmama Hərəkatında ciddi uğurlara imza atdı.

Etikxeber.az xəbər verir ki, bu fikirləri deputat Sahibə Qafarova söyləyib.

Dünyanın 60-a yaxın ölkəsinin dövlət və hökumət başçılarının, həmçinin beynəlxalq təşkilatların rəhbərlərinin, ümumilikdə 160-a yaxın ölkənin və beynəlxalq təşkilatın nümayəndələrinin Zirvə Görüşünə Azərbaycanın ən yüksək səviyyədə ev sahibliyi etməsinin ölkəmiz və regionumuz üçün olduqca mühüm əhəmiyyət kəsb edən hadisə olduğunu diqqətə çatdıran S.Qafarova deyib:

“Bütün dünya ictimaiyyətinin diqqət yönəltdiyi Zirvə Görüşü iki gün ərzində beynəlxalq münasibətlər sistemində ən önəmli hadisəyə çevrildi, beynəlxalq siyasi, iqtisadi, sosial gündəliyə aid olan vacib məsələlərin geniş müzakirəsinə şərait yaratdı. Bu, həmçinin Azərbaycanın yüksək beynəlxalq nüfuzunun, ölkəmizə olan güclü etimadın əyani göstəricisidir”.

S.Qafarova deyib ki, Qoşulmama Hərəkatı hazırda dünyada BMT-dən sonra ən böyük təşkilatdır. Dünya əhalisinin 55 faizi təşkilata üzv dövlətlərin payına düşür:

“Ölkəmizin bu təşkilatda fəal rol oynaması heç də təsadüfi deyil. Əvvəla, Azərbaycanın öz siyasətində rəhbər tutduğu və müdafiə etdiyi dəyərlər bu təşkilatın prinsipləri ilə üst-üstə düşür. Digər tərəfdən, bu təşkilat sahib olduğu iqtisadi, siyasi resurslarla geniş əməkdaşlıq platforması təklif edir. Azərbaycan bu təşkilatda fəal rol oynamaqla, həm Qoşulmama Hərəkatının fəaliyyətinə uğurlu töhfələr verir, həm də özünün xarici siyasətdəki maraq və mənafelərinin daha güclü əsaslarda müdafiə olunmasına imkan qazanır. Heç də təsadüfi deyil ki, Azərbaycan təşkilata üzv olduğu 8 ildən artıq müddət ərzində beynəlxalq ictimaiyyətin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə daha geniş məlumatlandırılmasına nail olub, təşkilatın qəbul etdiyi sənədlərdə münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinə davamlı dəstək ifadə edilib.

Son olaraq Bakıda Zirvə Görüşünün yekununda qəbul edilən sənədlərdə də Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə açıq dəstək ifadə olunub, təşkilata üzv ölkələrin dövlət və hökumət başçıları ərazilərin güc yolu ilə zəbt olunmasının yolverilməzliyini vurğulayıb və bəyan ediblər ki, heç bir dövlət Azərbaycan Respublikasının ərazilərinin işğalı nəticəsində yaranmış vəziyyətin qanuniliyini tanımayacaq, bu ərazilərdə iqtisadi fəaliyyətlər də daxil olmaqla, bu cür vəziyyətin saxlanması üçün hər hansı kömək göstərməyəcək. Burada bilavasitə “işğalçı” ifadəsi işlədilir ki, bu da Ermənistanın 120 dövlət tərəfindən növbəti dəfə işğalçı kimi tanınması deməkdir”.

ali-ilya

Deputat, həmçinin qeyd edib ki, Qoşulmama Hərəkatına üzvlük, beynəlxalq sülh, təhlükəsizlik və əməkdaşlığa dair proseslərə ölkəmizin daha yaxından cəlb olunması və çoxsaylı dövlətlərlə ikitərəfli münasibətlərin inkişaf etdirilməsinə münasib şərait yaradıb:

“Bu gün Azərbaycan beynəlxalq dialoq mühitinin qorunması, humanitar əməkdaşlıq təşəbbüslərinin genişləndirilməsi istiqamətində çoxşaxəli fəaliyyət göstərir. Bakıda dini liderlərin görüşünün təşkili, mədəniyyətlərarası dialoq, humanitar forumların keçirilməsi Azərbaycanın bu sahədə də fəal təşəbbüskarlıq nümayiş etdirdiyini təsdiqləyir. Zirvə Görüşünün yekununda qəbul olunan sənədlərdə də Azərbaycanın qlobal miqyasda mədəniyyətlərarası dialoqun təşviqi sahəsində nümayiş etdirdiyi liderlik yüksək qiymətləndirildi”.

Azərbaycanın qarşıdakı 3 il ərzində təşkilata sədrlik edəcəyini xatırladan S. Qafarovanın fikrincə, Prezident İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycan Qoşulmama Hərəkatında sədrliyi zamanı öz prioritetlərini və fəaliyyətini tarixi Bandunq prinsipləri üzərində quracaq. Bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət, dövlətlərin daxili işlərinə qarışmamaq, qarşılıqlı maraqların qorunması və əməkdaşlığın təşviqi kimi prinsipləri ehtiva edən Bandunq prinsipləri Azərbaycanın xarici siyasətinin təməl prinsipləri ilə üst-üstə düşür. Azərbaycan Qoşulmama Hərəkatında sədrliyi zamanı digər təsisatlarla dialoqun qurulması və inkişaf etdirilməsi, əməkdaşlığın coğrafiyasının genişləndirilməsi üçün səylər göstərəcək (AZƏRTAC).

Etikxeber.az

 

Read Previous

Əli Həsənov Vəzirova məktubundan, QURBAN MƏMMƏDOVLA FOTOSUNDAN YAZDI…

Read Next

Amaşov Həsənovun və KİVFD-nin – MÜDAFİƏSİNƏ QALXDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir