“Burada qəbahət haradadır?” – RÜFƏT QULİYEV AYDINLIQ GƏTİRDİ

RÜFƏT QULİYEV: Onlar üçün də maraqlıdır ki, yerli, Azərbaycanın qida məhsullarından istifadə etsinlər. Meyvəsidir, tərəvəzidir, ətidir və sair, istəyirlər burdan alsınlar ki, Azərbaycan mətbəxinin müsbət tərəflərini göstərsinlər…

Etikxeber.az millət vəkili Rüfət Quliyevin müsahibəsini təqdim edir:

-Rüfət müəllim, Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin son iclasında 2018-ci ilin büdcəsinin icra vəziyyəti ilə bağlı müzakirələrdəki çıxışınız, fikirləriniz mediada, sosial şəbəkələrdə ciddi rezonansa, sizə qarşı çoxsaylı ittihamlara səbəb olub.

Xüsusilə də, yerli aeroportlar və idman saraylarının, idman komplekslərinin icarəyə verilməsi yönündə təkliflərinizə sərt təpkilər, etirazlar var. Bu təkliflərdə məqsədiniz nə idi əslində? Bunlar necə mümkün ola bilər?

-Əvvəla, çox təəssüf edirəm ki, əksər media qurumları çıxışımın əsas hissəsini kəsib, cəmi 4-5 cümləmi veriblər. Bu da öz növbəsində fikirlərimin təhrif olunmasına, düzgün anlaşılmamasına gətirib çıxarıb.

Özünüz də orada iştirak etmisiniz, sual verdim, dedim ki, rayonlardakı aeroportlar, idman kompleksləri iləəlaqədar fərqlər, fərq dinamikası keçən illə inişil, yaxud, 2018-ci illə bu ilin birincü rübü arasında necədir?

Yəni, artım olub, azalma gedib, ya yerində sayıb? Bu, bir, ikincisi, dedim ki, əgər bu qədər vəsait gedirsə, xərclənirsə – yəni, bunun istismar xərci var, insanların, işləyən adamların maaşları var, bunun hamısını başa düşürəm, bunları nəzərə alaraq, bəlkə hansınısa ya qismən, ya da bütövlüklə Azərbaycanda hansısa bir kommersiya strukturuna tenderlə vermək olarsa, icarəyə verək.

Yəni, komitə iclasına qatılan hökumət nümayəndələrindən bu təklifin də diqqətə alınmasını, ona baxılmasını xahiş edim.

Çünki əgər belə olarsa, deməli, həm büdcədən ayrılan pullar azalacaq, həm də icarəyə veriləndə orada fəaliyyət artacaq və yeni iş yerləri açılacaq.

Təbii ki, bu, insanlar üçün də yaxşıdır, dövlət üçün də yaxşıdır.

Özü də demirəm ki, ucdantutma hamısını icarəyə verək.

Aeroportlardan söhbət düşəndə də mənə dedilər ki, onlar “AZAL”ın nəzdindədir, çox gözəl.

Onda da dedim, indi də deyirəm, onlar üçdə bir gücünə, beşdə bir gücünə işləyir, bilmirəm, amma hər halda tam gücünə fəaliyyət göstərmirlər, fəal deyillər. Ona görə elə dövlət, “AZAL” başda olmaqla, daxildə bir şirkət axtarsınlar, daxildə olmadı, xaricdən şirkət axtarsınlar.

Turizm şirkətləri, daha yaxşı işləyən şirkətlər var, bu şirkətlərlə danışsınlar, hansını bacarsalar, ya Azərbaycan kommersiya şirkəti ilə şərikinə, ya da ki, onlara tam icarəyə verilsinlər…

“Axı, Rüfət Quliyev kimdir ki, aeroport icarəyə versin?!”

-Bu, gələcəkdə təhlükəli nəticələrə gətirib çıxarmazmı?

rufet

-Qətiyyən, mən belə düşünmürəm.

Misal da gətirdim. Məsələn, Lənkəran aeroportu nəyə görə fəal işləyə bilər, nəyə görə Rusiyanın marağı var?

Ona görə ki, şəxsən özümün iştirakım, köməyim, səylərim nəticəsində Lənkərandan birbaşa Sankt-Peterburqa reyslər açıldı. Özləri də razı qaldılar.

Onu da deyim ki, Sankt-Peterburqla Leninqrad vilayətində təxminən 350 min azərbaycanlı yaşayır.

Həmin azərbaycanlıların da bir hissəsi Rusiya vətəndaşlığını alıb, bir hissəsi isə Azərbaycan vətəndaşıdır.

Həmin 350 minin yarısı da təxminən Azərbaycanın Cənub zonasındandır.

Odur ki, Cənub zonasından olan insanlara intensiv formada vətənə,  Azərbaycana Lənkəran aeroportu ilə gedib-gəlmək daha rahatdır.

İkincisi, deməli, turist firmaları, konkret olaraq, Rusiyadan turistləri bizim zonaya, Cənub zonasına gətirə bilər. Bu, turizm üçün böyük bir dayaq ola bilər.

Məsələn, bizim Lerikdə turizm kompleksi var. Lənkəranın özündə şərait var. Həmçinin, Astarada var, Masallıda var. Yəni, doğrudan da, belə olarsa, Rusiyadan bura turistlər rahat gələcək.  Rusiyanın özündə  elə turizm şirkətləri var ki, onlar  Azərbaycanda da formalaşıblar, yəni, inkişafdadırlar.

Özü də hansı ki, nəhəng işlərlə məşğuldurlar, dövriyyələri on milyon, yüz milyona gəlib çıxır ildə. Bunlar dəqiq işləyə bilərlər, həm aeroportun xərclərini bağlayarlar, həm də özləri də qazanarlar.

Turist gətirəcəklər, Azərbaycan tərəfi burada qazanacaq. Bizim otellər, bizim restoranlar, bizim nə bilim qonaq evləri var, onlar qazanacaq.

Digər bir məsələ ondan ibarətdir ki, məsələn, çox istərdim ki,  Lənkərandan Sankt-Peterburqa “karqo”nu, yəni, yükü daşımağa 1 kilosunu 3,5 dollar, 3-4 dollar arası olsun. O vaxt onlarla bu məsələni də danışmışdım.

Cünki elə bir mövsüm olur ki, Sankt-Peterburqda sitrus meyvələrinin qiyməti gəlib çıxır 10-15 dollara. Odur ki,  həmin mövsümdə insanların marağı olacaq ki, o meyvələri aparıb orada satsınlar, yaxud, göndərsinlər.

Üçüncü də bizim orada kifayət qədər restoranlarımız işləyir, kafe-restoranlarımız çoxdur. Sankt-Peterburqda özüm bəlkə 15 dəfə olmuşam. Özüm o kafe-restoranlara dəvət olunmuşam, gedib görmüşəm.

Onlar üçün də maraqlıdır ki, yerli, Azərbaycanın qida məhsullarından istifadə etsinlər. Meyvəsidir, tərəvəzidir, ətidir və sair, istəyirlər burdan alsınlar ki, Azərbaycan mətbəxinin müsbət tərəflərini göstərsinlər. Bu, əslində hamısı inkişaf üçündür.

Əgər indi kimsə fikirləşirsə ki, aeroport məsələsi burada strateji bir məsələdir, səhv edir. Ona görə ki, bugünləri xarici şirkətlər Sumqayıta on milyonlarla investisiya qoyur, neft-kimya sənayesi ilə əlaqədar böyük zavodlar tikilir.

Bizim neft sektorumuz var. Xarici şirkətlər ora milyardlarla pullar qoyur.

Məgər onlar strateji deyil? Aeroportla bunun arasında nə fərq var?

İcarə nə deməkdir? İcarə o deməkdir ki, öz mülkümüzdür, sadəcə, biz onu icarəyə veririk ki, işlərsinlər, qazansınlar, insanları dolandırsınlar və dövlət büdcəsinə də pul ayırsınlar.

Büdcədən pul getməyəcək, əksinə, büdcəyə pul gələcək.

İndi belə olan halda, burada problem nədədir? Nə ola bilər?

Eynilə də idman kompleksləri ilə bağlı məsələni deyərdim.

Bu gün Azərbaycandakı, regionlarımızdakı idman sarayları, idman olimpiya kompleksləri hamısı çox yüksək səviyyədədir, çox möhtəşəmdir.

Avropada, çox ölkələrdə olmuşam və açığını deyim ki, belə möhtəşəm, belə gözəl idman saraylarını görməmişəm.

Onların hamısı büdcədən maliyyələşir və cəmi iki rayondakı idman olimpiya kompleksi gəlirlə işləyir.

Təbii ki, təkcə idmançılar deyil, insanlarımız da həmin idman mərkəzlərindən, idman komplekslərindən istifadə edirlər, asudə vaxtlarını keçirirlər, idmanla, sağlamlıqla məşğul olurlar.

Bunlara dəyməmək, toxunmamaq şərtilə, onların qalan hissəsini tenderlə icarəyə vermək olar.

Yenə də daxildə hansısa kommersiya strukturu tapmaq olar, hansı ki, o, orada sahibkarlıq fəaliyyəti ilə məşğul olub, ona həmin idman komplekslərini icarəyə vermək olar.

Onlar da həm istismar xərclərini bağlaya bilər, həm də konsertlər, yarışlar keçirər və qazanarlar.

Mənim arqumentlərim bu idi.

Amma indi mənim fikirlərimin hamısı kənara qoyaraq, sadəcə, yazdılar ki, Rüfət Qüliyev Lənkərandakı aeroportu icarəyə vermək etmək istəyir.

Axı, Rüfət Quliyev kimdir ki, aeroport icarəyə versin?!

İkincisi də bu təklifləri mən hökumət nümayəndələrinə ünvaladım, onlar da maraqlandı, qeydlər elədilər.

Gördüm ki, mən sualı verəndə, danışanda bunlar özlərində qeyd edirlər.

İndi burada qəbahət olan nədir, bunun qəbahəti haradadır?

Qəbahət insanların yaxşı yaşaması, yaxşı dolanması, aeroportlarımızın, idman komplekslərimizin işlək, fəal vəziyyətdə olması, ayaq üstə qalmasıdırmı?

Məni ittiham edənlər yaxşı olardı ki, bunlara cavab versinlər.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Beynəlxalq birliyin məsələyə həssas yanaşacağına inanırıq – SPİKER – FOTO

Read Next

Millət vəkilləri illər sonra məzunu olduqları liseyə getdilər və… – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir