“Bu,Rusiya-Azərbaycan münasibətlərinə zərbə vurmaq istəyən qüvvələrin fəaliyyətinin nəticəsidir…” – İBRAHİMOV

“Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğv edilməsi Rusiya-Azərbaycan münasibətlərinə zərbə vurmaq istəyən qüvvələrin fəaliyyətinin nəticəsidir”.

Etikxeber.az xəbər verir ki, bunu mətbuata açıqlamasında Milli Məclisin(MM) Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov Rusiya Ədliyyə Nazirliyinin təqdimatı əsasında Rusiya Ali Məhkəməsinin  mayın 15-də ÜAK-ın qeydiyyatını ləğvinə daiq qərarını şərh edərkən deyib.

E.İbrahimovun  sözlərinə görə, Rusiyada dövlətlərarası münasibətlərə daim müdaxilə etməyə çalışan, onu kəskinləşdirmək üçün bütün vasitələrdən istifadə edən qüvvələr Azərbaycana qarşı hər fürsətdən yararlanmaq istəyirlər.

Deputat Rusiya rəsmi qurumlarının ermənipərəst qüvvələrin fitvasına gedərək, belə bir qərar verməsini iki ölkə arasındakı əməkdaşlığa zidd hesab edib.

Komitə sədri deyib ki, Azərbaycanın həmişə Rusiya ilə faydalı əməkdaşlıq əlaqələrini inkişaf etdirməsi fonunda qarşı tərəfdən bu cür cavab alması təəssüf doğurur:

“Azərbaycanda minlərlə rus yaşayır. Ölkəmizdə rus mədəniyyətinə, ədəbiyyatına, dəyərlərinə və dilinə göstərilən hörmət həmişə yüksək səviyyədə olub. Azərbaycandakı təhsil müəssisələrində rus dili tədris olunur, respublikamızda xeyli Rusiya şirkəti fəaliyyət göstərir. Azərbaycan dəfələrlə rəsmi səviyyədə bəyan edib ki, Rusiya ilə əməkdaşlığa strateji məsələ kimi baxır və biz dövlətlərarası münasibətlərin daha da inkişaf etdirilməsində maraqlıyıq.
Bütün bunlara rəğmən Rusiya Ədliyyə Nazirliyi və Ali Məhkəməsinin Ümumrusiya Azərbaycan Konqresi ilə bağlı hüquqi müstəvidə belə bir qərar qəbul etməsi həm də elə Rusiyanın özünün dövlət maraqlarına zidd hesab olunmalıdır.
Hesab edirəm ki, Rusiya siyasi dairələri bu xoşagəlməz addımdan nəticə çıxarmalı, iki dövlət arasında münasibətlərə xələl gətirən qərara advekvat reaksiya verməlidir”.

Onun sözlərinə görə, ÜAK-ın qeydiyyatının bərpası üçün bütün mümkün addımlar atılmalı, həm hüquq, həm siyasi, həm də diplomatik müstəvidə sona qədər mübarizə aparılmalıdır.

Deputat Rusiyada yaşayan bütün azərbaycanlıların da bu məsələdə aktiv rol oynamalarının vacibliyindən danışıb, deyib ki, onlar soydaşlarımızın qonşu ölkədəki ən böyük diaspor təşkilatı olan ÜAK-ın ləğvinə biganə qalmamalıdırlar.

E.İbrahimov bildirib ki, əgər ÜAK indiyədək nə Rusiya qanunlarına, nə də bu ölkənin milli maraqlarına zidd hərəkətlər edibsə, hər zaman Rusiyanın ictimai-siyası, mədəni həyatında fəallıq göstəribsə, qonşu ölkənin dövlət qurumları bunları nəzərə almalı, tezliklə onun fəaliyyətinin bərpası üçün müvafiq addımlar atmalıdırlar.

Etikxeber.az

Read Previous

“Onlara əslində cinsi azlıq deyil, cinsi çoxluq demək lazımdır, çünki…” – RAFAEL HÜSEYNOV

Read Next

Daha 5 idmançımız medal qazandı – FOTO – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir