“Bütün Azərbaycan xalqı ayağa qalxmalıdır: Gəlin millət kimi Türkiyəmizi qoruyaq” – ZEYNƏB XANLAROVA – YENİLƏNİB (4)

Milli Məclisdə AŞPA -Türkiyə müzakirələri

“Mən ömrüm boyu “Türkəm, türkəm” demişəm. Həmişə demişəm ki, türkün gücü tükənməz. Türkün gücünü görən Avropa Şurası əlbəttə ki, belə hərəkətlər edəcək…”

Milli Məclisin (MM) mayın 2-də keçirilən növbəti plenar iclasında spiker Oqtay Əsədov gündəlikdəki məsələlərin müzakirəsinə keçməmişdən qabaq Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Türkiyə barəsində çıxadığı monitorinq qərarına reaksiya verib.

oqtay-1

Etikxeber.az-ın xəbərinə görə, spiker bildirib ki, Türkiyə Avropa Şurasını yaratmış ilk dövlətlərdən, onun təsisçilərindən biridir:

“13 il öncə Türkiyə monitorinq prosesindən çıxarılsa da, yenidən post monitorinqdən monitorinqə keçirilməsi barədə qərar verildi. Bununla bağlı bizim AŞPA-dakı nümayəndə heyətimiz də sərt çıxış etdi. Bu haqsız qərara öz etirazını bildirdi”.

samad-5

Sonra spiker Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidova bu barədə ətraflı danışması üçün söz verib. S. Seyidov deyib ki, Türkiyə ilə bağlı hazırlanan məruzə və sonda verilən qərar bütövlükdə qəbulolunmazdır:

“Bu gün Avropada islamafobiya, radikalizm halları güclənməkdədir. Türkiyəyə qarşı verilən bu qərar da islamafobiyanın, radikalizmin bir elemendir. Hətta, AŞPA-dakı sağlam qüvvələr, o cümlədən, Türkiyə nümayəndə heyəti monitorinqin keçirilməsinə də etiraz etməmişdi. Onlar ancaq qeyd etmişdilər ki, AŞPA post monitorinqdən monitorinqə keçirməklə bütövlükdə Türkiyəni Avropadan ayırmağa nail olmaq istəyir. Təəssüf ki, AŞPA-dakı sağlam qüvvələrin və Türkiyə nümayəndə heyətinin mövqeləri qəbul olunmadı. Nəticədə bu qərar verildi”. S.Seyidov həmçinin deyib ki, AŞ PA-da Türkiyə ilə bağlı məruzədə PKK terrorçu təşkilat kimi təqdim olunmur: “Bu azmış kimi, ötən il Türkiyədə baş verən çevriliş cəhdi terror hadisəsi kimi qiymətləndirilmir…” Deputat əlavə edib ki, Avropada ikili standarlar budəfəki iclasda özünü daha da büruzə verdi: “Bu, onu göstərir ki, AŞ PA böyük böhran içərisindədir. Bunun də səbəbi orada destruktiv, Azərbaycan və Türkiyəyə qarşı qüvvələrin olmasıdır. Belə ikili standartların mövcudluğu nəinki bizə, eləcə də Avropada böyük təhlükə yaradır. Bütün bunlar Azərbaycan-Avropa, Avropa-Şərq, eləcə də Avropa-Türkiyə münasibətlərinə böyük ziyan vurur”.

***

Daha sonra bu məsələ ətrafında müzakirələrə başlanılıb.

azay

Millət vəkili Azay Quliyev bildirib ki, AŞPA-nın son qərarı Türkiyədə 15 iyulda uğursuz dövlət cəhdinin qisasıdır:

“Əgər bu qurum demokratik bir təşkilat idisə niyə o zaman öz üzvündə baş vermiş dövlət çevrilişinə münasibət bildirmədi? Axı, həmin hadisədə 265 nəfər dünyasını dəyişmişdi…. Bu hadisə dövlət çevrilişinə nail ola bilməyənlərin Türkiyədən aldığı qisasdır”.

zahid_oruc_esas

Millət vəkili Zahid Oruc qeyd edib ki, Strasburqda AŞPA-nın qərargahının bir addımlığında PKK-nın qərargahı yerləşir:

“Onlara Fransa televiziyasında efir verilir. Eynilə də Brüselldə. Bunlar onu göstərir ki, AŞPA başda olmaqla, digər Avropa strukturları Türkiyədə bölücülüyü, parçalanmanı himayə edirlər”. Millət vəkili eyni zamanda deyib ki, Türkiyə böyük dövlətdir və Avropa onsuz keçinə bilməz. Z. Oruc təklif edib ki, Azərbaycan nümaynədə heyəti Türkiyə nümayəndə heyəti kimi, AŞPA-nın bir sıra iclaslarını hansısa formada boykot etsin.

***

qudrat

Millət vəkili Qüdrət Həsənquliyev də bildirib ki, bu gün Avropada təkcə Almaniyanın dövlət büdcəsi Türkiyənin dövlət büdcəsindən ən azı 8 dəfə böyükdür:

“Ancaq Türkityə Suriyadan gələn milyonlarla insana qucaq açdı. Onların birini də geri qaytarmadı. Demokratiyadan, insan hüquqlarından danışılırsa, elə əsl demokratiya və insan hüquqlarına dəyər budur. Ancaq bu gün Avropanın qaçqınlara, miqarntlara münasibəti də hamıya məlumdur”.

ganira_pashayeva_180215_1

Millət vəkili Qənirə Paşayeva öz növbəsində deyib ki, AŞPA-nın qardaş Türkiyəyə qarşı ədalətsiz yanaşması böyük təəssüf doğurur. O, bildirib ki, AŞPA-da müsəlman ölkələrinə qarşı ikili standartlardan yanaşmalar böyük təəssüf doğurmaqla yanaşı, narahatverici bir haldır:

“Azərbaycan olaraq qardaş Türkiyəyə qarşı qəbul edilmiş bu qərarı qınayırıq. Azərbaycan AŞPA-nın ikili standartları ilə sıx-sıx üzləşən bir ölkədir. Təəssüf ki, AŞPA terrorla mübarizədə, işğalçılara qarşı mübarizədə Azərbaycana dəstək vermədi və bu gün də terrorla mübarizə aparan Türkiyəyə dəstək vermir. Tam əksinə, terrorla mübarizə aparan Türkiyəyə qarşı ədalətsiz qərarlar qəbul edir. Avropa Şurasının prinsiplərinə görə, bir üzv ölkə heç bir zaman digər üzv ölkənin torpaqlarını işğalda saxlaya bilməz, amma AŞPA-nın üzvü olan işğalçı Ermənistan digər bir üzv ölkə Azərbaycanın torpaqlarını işğalda saxlamaqda davam edir. Amma AŞPA Ermənistana qarşı ciddi təzyiq mexanizmlərinə əl atmır. Eyni zamanda, Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması üçün Ermənistana təzyiq göstərmir”. Millət vəkili deyib ki, Azərbaycan və Türkiyə AŞPA-nın ikili standartlardan əl çəkməsinin vacibliyini hər zaman AŞPA tribunasından səsləndirir və çağırış edir:”Təəssüf ki, Türkiyəyə qarşı qəbul edilən bu qərar təşkilatda bu istiqamətdə vəziyyətin daha da pisləşdiyini göstərir. Azərbaycan və Türkiyə bu təşkilatın ədalətsiz yanaşmasını qəbul etmir və etməyəcək”.

***

siyavush

MM-in komitə sədri Siyavuş Novruzovun sözlərinə görə, AŞPA-nın Türkiyəni post-monitorinqdən monitorinqə keçirməsi təəccüblü deyil:

“Bir neçə dəfə Avropa strukturlarından Azərbaycana və Türkiyəyə qarşı ədalətsiz mövqe sərgilənib. Bu da onlardan biridir”. O, bildirib ki, bəzi qüvvələr Türkiyənin daxili işlərinə qarışırlar, müzakirələr aparırlar: “Türkiyə konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendum ədalətli keçirilib. Nəticələr 86-90 faiz olanda deyirlər ki, faiz çoxdur. 51 faiz olanda da deyirlər, azdır. Bu cür yanaşma ilə Avropa strukturları hara gedir?! Türkiyədə ədalətli səsvermənin nəticəsi idi ki, əhalinin 48 faizi əleyhinə səs vermişdi. Avropada bir terror aktı olanda qışqırıqları aləmi bürüyür. Bəs, Türkiyənin ərazisində baş verənlər necə olsun?”.

***

zeyneb

 

Millət vəkili, SSRİ Xalq artisti Zeynəb Xanlarova isə çıxışında AŞPA-nın Türkiyə barəsində çıxardığı qərara daha sərt reaksiya verib.

O, bildirib ki, Türkiyə qarşı çıxarılan bu qərar ədalətsizdir:

“Mən ömrüm boyu “Türkəm, türkəm” demişəm. Həmişə demişəm ki, türkün gücü tükənməz. Türkün gücünü görən Avropa Şurası əlbəttə ki, belə hərəkətlər edəcək. Bu hərəkətlər bütün Azərbaycan xalqını qəzəbləndirib. Bu gün Azərbaycanda hər kəs istəsə, Avropa Şurasına bu barədə etiraz məktubu göndərər. Mən xahiş edirəm ki, parlament adından etirazımızı bildirək. Çünki bu gün Türkiyəyə qarşı olan qərar sabah bizim barəmizdə də olacaq. Bütün Azərbaycan xalqı ayağa qalxmalıdır. Bizim ağrılı yerimiz olanda həmişə Türkiyə yanımızda olub. Gəlin millət kimi Türkiyəmizi qoruyaq”.

Etikxeber.az

Read Previous

Xaricdən həkim dəvəti halları 3 dəfə azalıb – SƏHİYYƏ NAZİRLİYİ

Read Next

“Milli Məclis də bu cür məsələlərə baxsın…” – DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir