“Bütün bunlar Azərbaycan dövlətinin gücünün, qüdrətinin, öz vətəndaşını, öz insanını hər şeydən üstün tutmasının, ona böyük dəyər verməsinin nəticəsidir…”-ELDAR İBRAHİMOV PREZİDENTİN SON MÜŞAVİRƏSİNDƏN, 6 AYA YAXIN DÖVR ƏRZİNDƏ GÖRÜLƏN İŞLƏRDƏN YAZDI

Bu ilin yanvar ayından başlanan və dünyanı cənginə alan koronavirus bəlası çox təəssüflər olsun ki, ölkəmizdən də yan keçmədi.

Bütün önləyici, qabaqlayıcı tədbirlərə baxmayaraq, fevral ayının sonları, mart ayının əvvəllərində “gizli düşmən” bizim ölkəmizə də ayaq açdı, “çağırılmamış qonaq” kimi, bizim qapımızı da döyməyə başladı.

Ancaq hələ bir çox dövlətlər bu məsələdə tərəddüd edərkən, önləyici addımları atmağa tələsməyərkən, ölkəmiz Prezident cənab İlham Əliyevin rəhbərliyi altında bu bəlaya, koronavirus pandemiyasına, “gizli düşmən”ə qarşı böyük savaş açdı.

Dövlət başçısının Sərəncamı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı, ölkə vətəndaşlarının, eləcə də, iqtisadiyyatın koronavirus pandemiyasının daha ağır təsirlərinə, fəsadlarına məruz qalmaması üçün əvvəlcə bir milyardlıq, sonra isə 2, 5 milyardlıq vəsait, sosial paket icra yönəldildi.

Xüsusilə də, bu işlər ölkə Prezidentinin təşəbbüsü və göstərişi ilə Nazirlər Kabineti tərəfindən hazırlanmış “Tədbirlər Planı”na uyğun şəkildə həyata keçirilməyə başlandı.

Əvvəlcə 200 min, sonra isə 600 min insana 190 manatlıq ödəmə həyata keçirildi və bu proses bu gün də davam etməkdədir.

Ölkə Prezidentinin koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı 2020-ci ilin 6 avqust tarixində keçirdiyi müşavirədəki tapşırığına əsasən, Nazirlər Kabineti sərt xüsusi karantin rejimi tətbiq edilmiş 13 şəhər və rayonunun həssas sosial təbəqədən olan insanlarına avqust ayında da 190 manatlıq ödəmənin verilməsini qərara aldı.

Konkret rəqəmlərlə ifadə etməli olsaq, aprel-may aylarında ölkə üzrə 600 min şəxsə 225 milyon manat ödənilib. İyul ayında sərt karantin rejimi tətbiq edilən 16 şəhər və rayon (Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax, Abşeron Goranboy, Göygöl, Mingəçevir, Bərdə, Xaçmaz, Samux, Siyəzən, Şəki) üzrə 290 min şəxsə 55 milyon manat vəsait sərf olunub. Həmçinin, avqust ayında ödəmə nəzərdə tutulan şəhər və rayonlar üzrə 278 min nəfər əhatə ediləcək və bunun üçün 53 milyon manat ödəniləcək

Bununla yanaşı, koronavirus daşıyıclarının daha keyfiyyətli müalicəsi və müayinəsi üçün yenicə tikilib istifadəyə verilən “Yeni klinika”, o cümlədən, digər bir neçə xəstəxana həkimlərin və pandemiyadan əziyyət çəkən xəstələrin ixtiyarına verildi. Eyni zamanda, ölkə başçısı modul tipli xəstəxanaların tikilməsi ilə bağlı göstəriş verdi və bu məqsdələ büdcədən xeyli vəsait ayırdı. Artıq Bakı şəhəri də daxil olmaqla, bir neçə bölgəmizdə modul tipli xəstənalar qısa zamanda tikilib, istifadəyə verildi. Elə ölkə Prezidentinin ölkənin Şimal-Qərb bölgəsinə səfəri zamanı Şəki və Qobustan rayonlarında modul tipli xəstəxanaların açılışı baş verdi.

Bununla yanaşı, 15 mindən çox tələbənin yaz və payız semestrlərindəki təhsil haqlarının ödənilməsini dövlət öz üzərinə götürdü və bu yerdə qeyd edim ki, bu məsələ bugünlərdə öz işini yekunlaşdırmış Milli Məclisin (MM) növbədənkənar sessiyasının 3 günlük iclasında da bir daha dilə gətirildi və müzakirələrin nəticəsi olaraq, təhsil haqları ilə bağlı güzəşt qrupunun əhatə dairəsinin yenidən genişləndirilməsi gözlənilir.

Bütövlükdə 6 aya yaxın müddət ərzində təxminən 5 milyon insan sosial paketlə əhatə oldu. Həmçinin, koronavirus pandemiyanın önlənməsi istiqamətində dövlət başçısının, Azərbaycan dövlətinin gördüyü işlərə ali qanunverici orqan olan MM səviyyəsində də böyük dəstək nümayiş etdirildi. Vergilər Məcəlləsinə, “Sosial sığorta haqqında”, həmçinin, İnzibati Xətalar Məcəlləsinə, o cümlədən, dövlət büdcəsinə çox önəmli dəyişikliklər edildi.

Təbii ki, bu qədər görülən işlər, atılan böyük addımlar öz səmərəsini, effektini, faydasını mütləq şəkildə verməliydi və verdi. Ölkə Prezidentinin də son müşavirədə qeyd etdiyi kimi, koronavirusa qarşı mübarizə işində müsbət dinamika müşahidə olunur. Onun sözlərinə görə, iyulun 16-dan bu günə qədər bu müsbət dinamika deməyə əsas verir ki, görülmüş bütün tədbirlər müsbət nəticə verir. Bu tədbirlər nəticəsində vəziyyət bu günə qədər nəzarət altındadır. İyulun 16-dan bu günə qədər yoluxanların sayı sağalanların sayından xeyli aşağıdır.

Qeyd etmək yerinə düşər ki, koronavirusa qarşı mübarizədə cənab Prezidentin bildirdiyi kimi, son ayların qəhrəmanlarına çevrilən həkimlərimizin də çox böyük əməyi var. Məhz həkimlərin yorulmaz fəaliyyəti nəticəsində Azərbaycanda bu xəstəlikdən ölənlərin sayı aşağı səviyyədədir. Bu gün 46 xəstəxana ancaq koronavirus xəstələrinə xidmət göstərir. Həmin xəstəxanaların 41-i son 17 il ərzində tikilib və ya əsaslı şəkildə təmir edilib, müasir avadanlıqlarla təchiz olunub və sair.

Son məlumata görə, artıq koronavirusa yoluxanların sayı 100-ə enməkdədir. Dünən cəmi 105 yoluxma faktı qeydə alınıb, həmçinin, sağalmalarda, sağalananlar arasında fərq çox böyükdür, 360 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. 

Bəli, bunlar Azərbaycan dövlətinin gücünün, qüdrətinin, öz vətəndaşını, öz insanını hər şeydən üstün tutmasının, ona böyük dəyər verməsinin nəticəsidir. Bunlar xüsusilə, ölkə Prezidentinin və onun ən yaxın silahdaşı-Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim, hər zaman Azərbaycan vətəndaşının, Azərbaycan insanının yanında olmasının əyani təcəssümüdür.

Ona görə də hər birimiz öz addımlarımızla, öz davranışlarımlza, öz məsuliyyətli qərarlarımızla dövlətimizə, dövlət rəhbərliyimizə öz dəstəyimizi verməliyik. Həm dövlət başçısının, həm də Birinci vitse-prezidentin çağırışlarına, müraciətlərinə, həm də Operativ Qərargahın, TƏBİB-in, Səhiyyə Nazirliyinin, həkimlərin, tibb mütəxəssilərinin məsləhətlərinə, qərarlarına əməl etməliyik.

Tibbi maskalardan, əlcəklərdən istifadə etməli, sosial məsafəni gözləməli, ehtiyac və zərurət olmadığı təqdirdə, küçələrə, meydanlara, parklara, gəzinti yerlərinə çıxmamalıyıq. Öz məsuliyyətli addımlarımızla mütləq şəkildə müsbət dinamikanı qorumalıyıq.

Əks təqdirdə, bir dəqiqənin içində son 6 aya yaxın müddət ərzində görülən işlərin, ağır zəhmətlərin üstündən xətt çəkmiş, yenidən sıfır vəziyyətinə qayıtmış olarıq, ikinci, üçüncü dalğanı, daha ağır fəsadları yaşamaq məcburiyyətində qalarıq.

Son müşavirədəki çıxışında da dövlət başçımız məhz yenə-növbəti dəfə öz çağırışını etdi, ölkə vətəndaşlarına səsləndi və bildirdi:

“…Koronavirusla bağlı mübarizəyə, biz bundan sonra da addımlarımızı vəziyyətə uyğun şəkildə atacağıq. Biz hamımız yaxşı başa düşürük ki, insanlar yorulub, karantin rejimi hamımızı yorub. Bütün rəhbərlik fasiləsiz, demək olar ki, 24 saat ərzində iş başındadır. Çünki bu, elə bir bəladır, elə bir xəstəlikdir ki, hələ çarəsi yoxdur. Ona görə yeganə yolumuz insanları qorumaq, yoluxmaların sayını azaltmaq, xəstəliyin geniş vüsət almasına yol verməmək və beləliklə, vətəndaşlarımızı, dövlətimizi bu vəziyyətdən xilas etməkdir. Odur ki, buna uyğun şəkildə addımlar atılacaq. Karantin rejimi nə vaxt mümkünsə yumşaldılacaq, necə ki, artıq ayın 5-dən yumşalma olubdur. Ancaq vətəndaşlar da gərək başa düşsünlər ki, əgər bu yumşalmadan sonra biz yenə də xəstəliyin kəskin artdığını görsək, başqa çarəmiz olmayacaq, gərək yenə də sərtləşdirək. Biz bunu etmək istəmirik. Mən istəyirəm ki, bu yumşalma prosesi tədricən davam etsin və sonrakı yumşalma addımını şərtləndirsin. Amma əgər vətəndaşlar görsələr ki, artıq hər şey açılıbdır, yenə də bütün bu məsafəyə, qoruyucu vasitələrə əhəmiyyət verməyəcəklərsə, onda xəstəlik yenidən alovlanacaq. Biz gərək yenə də sərtləşdirilmiş tədbirlər görək, yenə də iqtisadiyyata zərbə vurulacaq, yenə də insanlar xəstələnəcəklər. Ona görə bütün Azərbaycan vətəndaşlarına bir daha müraciət edirəm ki, məsuliyyətli olun. Bu, çox ağır xəstəlikdir. Bu xəstəlik yaş tanımır, cavan insanlar, gənc insanlar, fiziki cəhətdən sağlam insanlar, idmançılar xəstələnir və rəhmətə gedir. Bu, dünya üçün çox ciddi problemdir, bu gün dünyanın bir nömrəli bəlasıdır. Ona görə hamımız məsuliyyətli olmalıyıq…”.

Bəli, hesab edirəm ki, artıq sözə, əlavə izahata ehtiyac qalmır.

Bu fikirlərdə hər bir şey olduğu kimi, əksini tapıb.

Odur ki, hər birimiz bunlara əməl etməli və elliklə, birlikdə bu bəladan xilas olmalıyıq.

Biz birlikdə güclü olacağıq, birlikdə bu bəladan qurtulacağıq!.

Eldar İBRAHİMOV,

Milli Məclisin (MM) İntizam komissiyasının sədri, professor

10:11

Etikxeber.az

Read Previous

“İki gündür ki, çimərliklərdə sıxlıq müşahidə edilir, bu da haqlı narahatlığa səbəb olur…”-BŞİH-DƏN XƏBƏRDARLIQ

Read Next

“Qadağan olunan şeyin cazibəsi, kovid 19 və çimərlik sərgüzəştlərimiz…”-HİKMƏT BABAOĞLU YAZIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir