Bütün diyarlardan göyçəkdi ölkəm – JALƏ ƏLİYEVA “ŞÖHRƏT” ORDENLİ CAVİD QURBANOVDAN YAZDI

Bəşəriyyət sevgidən yaranıb.

Odur ki, insanın əbədi var olma sirri də məhz sevgidədir. Dünyaya, torpağa, varlığa, insanlara sevgidə… Sahib olduqlarına – vətənə, millətə, yara-yoldaşa sevgidə… Bir də yaşadığın ömrə sevgidə, yaşa sevgidə… Minillərlə mövcud olan kainatın yaşı nisbətində bir ana bərabər olan insan ömrünü də əbədi edən məhz onun həyatı boyunca qurub-tikdiyində, yazıb-yaratdıqlarında deyilmi?! Həyatın dəyəri də elə bununla ölçülmürmü?!

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, Azərbaycan Milli Məclisinin deputatı, Ağdabanlı şair Qurban, Aşıq Şəmşir, Qənbər Şəmşiroğlu kimi el sənətkarlarının ocağında boy atan şair, alim, qayğıkeş ailə  başçısı, mehriban ata Cavid Qurbanovun 60 illik ömür yoluna nəzər saldıqda da bu illərin hədər getmədiyinin şahidi oluruq.

Cavidqurbanov

jala

Cavid Qənbər oğlu Qurbanov 1958-ci ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Ağdaban kəndində anadan olub. 1975-ci ildə Kəlbəcər rayon 2 saylı orta məktəbi bitirdikdən sonra 1975-1976-cı illərdə Kəlbəcər şəhərində elektroenergetika sahəsində çalışıb. 1977-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna daxil olub. 1977-1979-cu illərdə ordu sıralarında hərbi xidmət etdikdən sonra 1979-cu ildə 26 Bakı Komissarı nəşriyyatında yenidən əmək fəaliyyətinə başlayıb. 1980-1981-ci illərdə “Azəryollayihə” Layihə İnstitutunda texnik-cizgiçi, 1982-1987-ci illərdə “Azərnəqliyyattikinti” Trestinin avtobazasında mexanik, baş mexanik, rəis müavini vəzifələrində çalışıb. 1985-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirib. 1987-1992-ci “Elektromexanizasiya” Trestinin 4 saylı Avtonəqliyyat Kontorunda direktor, 1992-1993-cü illərdə Respublika İxtisaslaşdırılmış “Avtonəqliyyat” Birliyində baş direktor, 1993-1994-cü illərdə “Azəravtoyol” Dövlət Şirkətində prezident vəzifəsində işləyib. 1995-ci ildə “Azərərzaqnəqliyyat” Birliyində direktor, 1996-1997-ci illərdə Azərbaycan Dövlət Dəmiryolu İdarəsinin Təchizat şöbəsində rəis, 1997-2001-ci illərdə “Azərdəmiryolservis” İstehsalat Birliyində rəis kimi çalışıb. 2003-cü ildən “Yolnəqliyyatservis” Departamentinin rəisi, 2004-cü ildən Nəqliyyat Nazirliyi “Yolnəqliyyatservis” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəisi, 2007-ci ilin fevral ayından “Yolnəqliyyatservis” Departamentinin “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti olması ilə əlaqədar “Azəryolservis” ASC-nin sədri kimi məsuliyyətli vəzifələri icra edib. 9 fevral 2015-ci ildən bu günə qədər “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri olan Cavid Qurbanov, eyni zamanda, 12 oktyabr 2016-cı il tarixindən Azərbaycan Voleybol Federasiyasının prezidenti seçilib. O, bütün vəzifələrdə dövlətimizin müstəqilliyinin qorunması, onun beynəlxalq aləmdə nüfuzunun artması, dünya standartları səviyyəsində inkişafa nail olunması, xalqın və millətin mənafeyinin, haqq və ədalətin uca tutulması meyarlarına əsaslanaraq fəaliyyət göstərib və çalışdığı sahədə vətənə şərəflə xidmət etməyə çalışıb. 

Cavid Qurbanov həm də elmi fəaliyyətlə məşğuldur və texnika elmləri üzrə fəlsəfə doktorudur.
Hələ gənc yaşlarından el-obasının dərd-səri ilə yaşayan, onların ehtiyaclarını özününkü bilən Cavid Qənbəroğlu Qurbanov 123 saylı Kəlbəcər Seçki Dairəsindən III, IV və V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib və Milli Məclisin İqtisadi Siyasət daimi Komitəsinin üzvüdür. Deputatlığa namizəd ikən onun vəkili olmuş Məhəmməd Nərimanoğlu yazır: “Hər görüşdə Cavid Qurbanovun ünvanına yüzlərlə, minlərlə məktublar çatdırılırdı. Onların arasında illərdən bəri Cavid müəllimin göstərdiyi xeyirxahlığa görə minnətdarlıq edənlər daha çox olsa da, problemlərinin həllini istəyənlər də az deyildi. Sistemli qurulan xidmət nəticəsində problemlər çözülür, maddi və mənəvi ehtiyaclar ödənilir: yollar salınır, məktəblər tikilir, yataqxanalar təmir edilir, su, qaz, işıq məsələləri ilə məşğul olanlara xahişlər edilir, bir sözlə, dövlət başçısının göstəriş və tapşırıqları əsasında qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitlərinin yaxşılaşdırılması haqqında verdiyi sərəncamın müddəaları layiqincə yerinə yetirilir”.

Əlbəttə, müəllifin də qeyd etdiyi kimi, bütün bunlar ilk növbədə doğma vətənimizin firavanlıq dolu bu günü və işıqlı, parlaq  sabahı naminə böyük bir yola çıxan, bu yolda yorulmadan çalışan, Ulu Öndər Heydər Əliyev düşüncələrinin layiqli davamçısı, hər bir azərbaycanlıya yaxşı prezident olmağı bacaran dövlət başçısı cənab İlham Əliyevin və ölkənin birinci xanımı, birinci vitse-prezident  Mehriban xanım Əliyevanın xalqın bütün təbəqələrinin, xüsusilə köməyə və qorunmağa ehtiyacı olan vətəndaşların daha yaxşı, daha firavan yaşamasına ünvanlanmış tapşırıq və sərəncamlarının məsuliyyətlə yerinə yetirilməsi sayəsində gerçəkləşdirilir.

cavidddddddddd

jala aliyeva

Bu sadalananlar Cavid Qurbanovu bir ictimai xadim və dövlət məmuru kimi xarakterizə edir. Amma bütün bunların daxilində, bəlkə də çoxları üçün gizli qalan başqa bir Cavid Qurbanov ömrü də vardır. Sözə aşiq şair Cavid. Söz sənətkarını yaşadan ədəbiyyatın özünün əbədi mövzularıdır. Heç bir zaman və məkan, dil və din tanımayan əbədi mövzular… Yarandığı dövrdən hikmət və mərifət, fəlsəfi fikir xəzinəsi olan, əsas amal və qayəsi insanı daxili-mənəvi kamilliyə yüksəltmək olan Azərbaycan ədəbiyyatı ta əzəldən xeyirlə şərin, işıqla qaranlığın, nurla zülmətin və bunların fonunda iki dünyanın mübarizə meydanı olmuş, bu meydanı idarə edən hakim-şairlər isə acılı-şirinli həyatın təzadlı olaylarını sözün poetik “güzgüsündə” əks etdirərək, həyat həqiqətini ustalıqla bədii həqiqətə çevirərək ədalətin zəfəri üçün qələm çalmışlar. Bu mənada Azərbaycan ədəbiyyatı təkcə bədii düşüncənin deyil, həm də fəlsəfi fikrin əsas təzahür və ifadə vasitəsidir. Bütün zamanlarda öz cəlbediciliyini saxlayan sevgi mövzusu – vətənə, torpağa, müqəddəs ideallara məhəbbət “ruhunda Allah eşqi olan” Şəmşir ocağının övladı – Cavid Qənbəroğlunun da poeziya yaradıcılığından qırmızı xətlə keçir.

Bir ürək istəyirəm –
oduna, alovuna
el-obası qızınsın.
Bir ürək istəyirəm –
axsa, tökülsə qanı
yerdə “Vətən” yazılsın!

Doğma diyarın, milli dəyərlərin, adət-ənənələrin mərhəmliyi, insanın qanına, ruhuna hopması qürbət diyarda özünü daha çox büruzə verən duyğudur. “Özgə torpağında”, “Bəlkə” və başqa şeirlərində bunun aydın ifadəsini görürük:

Ey ana Vətənim, Azərbaycanım,
Atıldım qoynundan kənara yenə.
Özgə torpaqlarda bir də inandım
Heç yer çata bilməz sənin hüsnünə.

Cavid Qənbəroğlu şeirlərinin əhvali-ruhiyyəsi monoton deyildir. Burada həyatı sevən, onun gözəlliklərinə vurğun olan və bundan zövq alan bir insanın ürək çırpıntıları aydın hiss olunur. O, sevginin gücünə inanır, bəqaya gedən yolun ondan keçdiyini dərk edir:

İnsanlığın günəşidir
Nur gətirən ulu sevgi.
Ölməzliyə qovuşmağın
Nərdivanı, yolu – sevgi.

Tanrı tərəfindən qəlbinə “SEVMƏK” kimi ən ülvi hiss bəxş olunan insan bu gün də əsrlərlə əvvəl yaşanmış, yazılmış eşq duyğularını eyni həyəcan və zövqlə yaşayır, oxuyur. Yüzillər keçsə də, gözəllik, əxlaq, davranış və s.-nin ölçüləri dəyişsə də, aşiqlər yenə sevir, hicran dərdi çəkir və vəfasızlıqdan gileylənirlər. Yəhya Kamalın sözləri ilə desək, “şeirdə dil, zövq, fikir, məzmun – hər şey köhnələ bilər, yalnız eşq köhnəlməz, həmişə təzədir”. Cavidin lirikasında da klassik poeziyamızdan üzü bəri bütün zamanlarda şeirimizin başlıca mövzularından olan məhəbbət, vüsal və həsrət də özünün kövrək ifadəsini tapmışdır:

Qara gözlərindən sevgi umuram,
Yalqızam, qəlbimdə qəm yaşayıram.
Səni sevə-sevə heç insafdımı
Təkliyin yükünü mən daşıyıram.

Qara gözlərində kədər dalğası,
Mən onu gözündən almaq istərəm.
Çevrilib sevgiyə, təbəssümə mən
Köçüb gözlərində qalmaq istərəm.

Bəzən isə Cavid yaşam, ətrafda baş verənlər haqqında fəlsəfi düşüncələrə dalır, sanki daxilində özü-özüylə söhbət edərək, bu həyatın  gərdişindən, enişindən-yoxuşundan  baş açmağa çalışır, ikili standartlarla yaşayan dünyamızı qınayır, giley-güzar edir:

Əyri olan bu dünyada
Çətin imiş düz yaşamaq…
Ağrı-acı yeyə-yeyə
Nəyə lazım yüz yaşamaq.

XX əsrin son onilliyində xalqımızın düçar olduğu bəlalar, uğradığımız haqsızlıqlar, yaşadığımız qaçqınlıq və köçkünlük həyatı, şairin dili ilə desək, “vətənsizlik” dərdimiz, həsrətimiz Cavid Qənbəroğlunun lirikasında bəzən çox kövrək, bəzən isə olduqca üsyankar  səslənir. Şair təkcə doğma yerlərin, isti od-ocağın deyil, yurdunun havasının da intizarını çəkir. Oxucularına çox yaxşı tanış olan və müəllif haqqındaki yazılarımızda  sevə-sevə tədqiq etdiyimiz “Vətən, Ox” şeirindəki Vətən poetik obrazının arxasındaki əsil Vətəndaş obrazı bizcə –  Cavidin özüdür:

Tufan qopdu, çadır qaldı çətənsiz,
Ruha dönüb dolaşırıq bədənsiz.
Oba köçdü, ellər qaldı Vətənsiz,
Dilim gəlmir deyim yoxsan, Vətən! Ox!..

Yurd həsrəti gözlərinin yaşına hopmuş, “Vətən” sözü dilində qübar tutmuş şair ilk beşiyi Kəlbəcərin, düşmən əsirliyində qalan dağların həsrəti ilə dərdlərini sözlərə düzür. Ancaq bir məqamı da xüsusi vurğulamaq lazımdır ki, Cavidin son dönəmlərdə Vətən haqqında yazdığı şeirlərə daha çox nikbin ruh hakimdir. Hər keçən gün daha da böyüyən, inkişaf edən və gözəlləşən ölkəmizin əldə etdiyi uğurlar, gün-gündən qüdrətlənən, qüvvətlənən  yurdumuzun dünyaya yayılan şan-şöhrəti, şairin qəlbində bir qürura, iftixara çevrilir. Bu qürur və iftixar şairin qələminə də süzülür:

Dünyanı dolaşan şan-şöhrəti var,
Uca zirvələrdən yüksəkdi ölkəm.
Nə qədər diyar var bu yer üzündə
Bütün diyarlardan göyçəkdi ölkəm.

Cavid yazır. Özünü yazır, qarşısındakı ağ kağızlara həyatını yazır, yaşamını, qəlbini, beynini köçürür. Həyəcanlarını, üzüntülərini, kədərini, sevincini yazır. Bu ağ kağızlara əlində tutduğu qələmlə öz hekayəsini yazır. Necə varsa, eləcə də yazır. Nə azaltmır, nə də artırmır yaşadıqlarını, olanları, bitənləri. Bu yazılarda o, olduğu kimidir. Həssas, kövrək, sadə, dinləməyi bacaran, köməyə çatan, sevindirməyə tələsən, dost dediklərinə sonuna qədər dost olan, sevdiklərinə, torpağına bir sədaqət andı içən Kişi.

Sabah,  19 sentyabr 2018-ci il tarixində fəal ictimai xadim, alim, şair, gözəl dost, deputat həmkarımız  Cavid Qurbanovun 60 yaşı tamam olur.

Bu münasibətlə onu ürəkdən təbrik edir,  yorulmaz fəaliyyətində bol uğur və baş ucalığı, sevdiklərinin əhatəsində uzun və sağlam ömür,  söz xəzinəmizə bəxş etdiyi əsərlərinə əbədiyaşarlıq arzulayırıq.

Jalə ƏLİYEVA,

Filologiya elmləri doktoru, professor, Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini

Etikxeber.az

Read Previous

Prezident Cavid Qurbanovu “Şöhrət” ordeni ilə təltif etdi – SƏRƏNCAM

Read Next

PUTİN BU DƏFƏ ƏRDOĞANA “HƏ” DEDİ – Politoloq yazır

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir