“Bütün dünya təhlükə altındadır!” – RAFAEL HÜSEYNOV AŞPA-DAN SƏSLƏNDİ

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) hər sessiyasında olduğu kimi, bu dəfə də baş katib Torbyorn Yaqlandın ənənəvi sual-cavab saatı keçirildi. Bir saat davam edən bu müzakirədə AŞPA-dakı siyasi qrupların və ayrı-ayrı deputatların qitədə və dünyada cərəyan edən proseslərlə bağlı mühüm sualları cavablandırıldı.

Etikxeber.az xəbər verir ki, Azərbaycanın AŞPA-dakı daimi nümayəndə heyətinin üzvü Rafael Hüseynov da Avropa Şurasının baş katibinə Şərq və Qərb münasibətləri, demokratiya ixracı pərdəsi altında ayrı-ayrı ölkələrə qarşı yürüdülən dağıdıcı siyasətlə bağlı sual ünvanladı.

Müsəlman Şərqinin qədim intibah məskəni olan ölkələrində bu gedişatda baş verən dağıntılar, yaranmış nəhəng qaçqınlar ordusunun və baş vermiş faciələrdən törəyən digər fəsadların dünyaya, konkret olaraq Avropaya birbaşa mənfi təsirlərinə diqqət yönəldən deputat R. Hüseynov dedi: “Qərbin müsəlman Şərqinə son illərdəki psevdodemokratiya ixracı cəhdləri acı nəticələr verdi. Dünya daha demokratik olmaq əvəzinə milyonlarla yeni qaçqınlar ordusunu əldə etdi, müvazinətini itirən, dağılan, qədim sivilizasiya inciləri məhv olan İraqı, Liviyanı, Suriyanı, Misiri qazandı. İndi Qərbin yeni çağırışları bu dağıdıcı dalğaları İrana, Səudiyyə Ərəbistanına yönəltmək niyyətlərindən xəbər verir. Sözdə tez-tez dinlər, sivilizasiyalar arası dialoqdan danışsaq da, belə proseslərlə dünyanı daha artıq parçalamaq, çıxılmaz böhranlara düçar etmək, zəncirvari fəlakətlər yuvasına çevirməkdə olduğumuzu görmürükmü?Axı reallıq da aşkar nümayiş etdirir ki, bütün bu proseslərin mütləq iki başı var, axı hamımız bu qlobal tələdəyik, axı bütün dünya təhlükə altındadır! Böyük faciələrə aparan bu qorxulu proseslərin qarşısını almaqdan ötrü Avropa Şurasının da məsuliyyəti böyükdür. Nə vaxta qədər biz qabaqlayıcı tədbirlər görmək əvəzinə baş vermiş fəlakətlərin nəticələrin təhlil etməklə məşğul olacağıq?”.

R. Hüseynovun sualını cavablandıran T.Yaqland qaldırılan problem və azərbaycanlı deputatın mövqeyi ilə tam şərik olduğunu bildirərək bildirdi: “Cənab Hüseynovun qaldırdığı məsələ çox vacibdir. Belə həssas məsələlərdə son dərəcə ehtiyatlı olmaq lazımdır. Biz şahidi olduq ki, demokratiyanı guya ixrac etməkdən ibarət bu biznes nə kimi fəlakətlərə bais olur. Kənardan gələn saxta demokratiya qəbuledilməzdir. Bunun bir sıra ölkələri hansı faciələrə gətirib çıxardığı göz qabağındadır. Tunisin nümunəsi göstərdi ki, belə proseslər ölkənin öz içərisindən zəruri ehtiyac kimi yetişəndə nəticələri də daha məqbul olur. İndi xüsusi institutlar var ki, demokratik proseslərin məhz belə irəliləməsi üçün kömək göstərirlər. Baş vermiş siyasi fəlakətlərin sadaladığınız ölkələrdə bütün başqa ağır nəticələrindən əlavə qədim intibahın nadir nümunələrinə vurduğu zərbələr xüsusi bir mövzudur”.

Fikirlərinə yekun vuran baş katib bu qəbil mühüm problemlərin daim Avropa Şurasının da diqqətində saxlanılmasının əhəmiyyətini vurğuladı.

Etikxeber.az

Read Previous

Prezidentlə birinci xanım 10 milyonuncu sakininin valideynləri ilə görüşdü- FOTOLAR – YENİLƏNİB

Read Next

AŞPA-da Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı iclas keçirildi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir