“Bütün millət vəkilləri Ələt iqtisadi zonası barədə mütəxəsissə çevriliblər…” – SPİKER – YENİLƏNİB

Ələt azad iqtisadi zonasında Biznes Xidmətləri Mərkəzi yaradılacaq

 Oqtay Əsədov: “Artıq bütün millət vəkilləri Ələt azad iqtisadi zonası barədə mütəxəsissə çevriliblər…”

Milli Məclisin (MM)  martın 6-da  plenar iclasında “Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Etikxeber.az-ın xəbərinə görə, qanun  layihəsi barədə vitse-spker Valeh Ələsgərov məlumat verib.

O, deyib ki, qanun layihəsində Ələt iqtisadi zonasının səlahiyyətli qurumunun səlahiyyətləri, bu qurumun maliyyə mənbələri, developerin (Azad Zona səlahiyyətli qurumu tərəfindən Azad Zonanın fəaliyyət və inkişaf məqsədləri üçün təsis olunan Azad Zona inzibati müəssisəsi) hüquq və vəzifələri, developerin maliyyələşdirilməsi yolları, Azad Zona hüquqi şəxslərinin fəaliyyəti, lisenziyalaşdırma və icazə qaydaları, Azad Zonada vergi tənzimlənməsi, gömrük işinin təşkili, sərhəd rejimi və sair məsələlərlə bağlı hüquq və vəzifələr öz əksini tapıb.Qanun layihəsində müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azad Zona səlahiyyətli qurumunun yaradılması təklif olunur. Səlahiyyətli qurum Azad Zona rezidentlərinin, hüquqi şəxslərinin və inzibati müəssisələrinin fəaliyyətini tənzimləyəcək və nəzarəti həyata keçirəcək. Bundan başqa, səlahiyyətli qurum Azad Zona ərazisi, burada yerləşən əmlak və aktivlər, eləcə də strateji məqsədlər ilə bağlı hər hansı digər məsələləri tənzimləyəcək və bu işlərə nəzarət edəcək.

Səlahiyyətli qurum Azad Zona üçün qabaqcıl beynəlxalq təcrübəyə və standartlara əsasən daxili qaydalar hazırlayacaq. Həmçinin, səlahiyyətli qurum beynəlxalq standartlara uyğun idarəetmə sistemini formalaşdırmaq məqsədi ilə Azad Zona inzibati müəssisələrini yaratmaq, maliyyələşdirmək, səlahiyyətləndirmək və yoxlamaq hüququna malik olacaq.Azad Zona səlahiyyətli qurumu sahib olduğu səhmləri sata və ya onlar barəsində hər hansı digər şəkildə sərəncam verə bilər. Səlahiyyətli qurum dövlət maliyyələşməsi üçün müraciət edə və ya banklarda, maliyyə institutları və digər qurumlardan maliyyə vəsaiti almaq hüququna malikdir.Layihəyə görə, Azad Zona səlahiyyətli qurumunun idarə olunması üçün İdarə heyəti formalaşdırılacaq. Səlahiyyətli qurum tətbiq olunan rüsumlar və digər ödənişlərdən, developerlərdən və Azad Zona səlahiyyətli qurumuna məxsus digər hüquqi şəxslərdən alınan dividendlərdən, dövlət tərəfindən təmin olunan hər hansı digər mənbələrdən gəlir əldə edəcək. Bundan başqa, qanun layihəsinə görə, Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumu, burada fəaliyyət göstərən inzibati müəssisələr, hüquqi şəxslər və onların işçiləri, rezidentləri Azad Zonada fəaliyyətlərinə aid olan bütün vergilərdən azad olunacaq.Azad Zona hüquqi şəxsləri və ya Azad Zona rezidentləri əsas iqtisadiyyatdakı hər hansı vergi ödəyicisinə malları, işləri, xidmətləri təqdim edərsə, belə mallar, işlər, xidmətlər üzrə əsas iqtisadiyyatın vergi ödəyicisinə əsas iqtisadiyyat qanunvericiliyinin müddəaları tətbiq edilir.”Əsas iqtisadiyyatda aid olan şəxslər Azad Zona hüquqi şəxslərinə və ya Azad Zona rezidentlərinə mallar, işlər, xidmətlər təqdim edərsə, əsas iqtisadiyyata aid olan şəxslərə belə mallar, işlər, xidmətlər üzrə əsas iqtisadiyyat qanunvericiliyinin müddəaları tətbiq edilir” – deyə, layihədə qeyd olunub. Bundan başqa, Azad Zonaya idxal edilən mallara, işlərə, xidmətlərə görə gömrük rüsumları və vergilər ödənilməyəcək. Layihəyə əsasən əsas iqtisadiyyat gömrük idarəsi Azad Zonada gömrük qaydalarının tətbiq edilməsi üçün gömrük idarəsi, əsas iqtisadiyyat sərhəd xidməti isə sərhəd idarəsi yaradacaq. Eyni zamanda, layihəyə əsasən Ələt azad iqtisadi zonasında Biznes Xidmətləri Mərkəzi yaradılacaq. Mərkəz Azad zonada bütün lisenziyaların, icazələrin, vizaların, təsdiqlərin və digər rəsmi sənədlərin verilməsinə məsul olacaq və “bir pəncərə” qaydasında işləyəcək. Həmçinin, layihədə qeyd olunub ki, Azad Zona səlahiyyətli qurumu Azad Zona daxilində sahibkarlıq və investisiya fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaları və icazələri müəyyən etmək, onlara dair tələbləri və onların verilməsi qaydalarını tənzimləmək məqsədilə daxili qaydalar formasında lisenziyalaşdırma və icazə qayaları qəbul edəcək. Lisenziyalaşdırma və icazə qaydalarında Azad Zonada lisenziyalaşdırma, icazə, viza və təsdiq tələblərinin, o cümlədən müvafiq lisenziyaların, icazələrin, vizaların və təsdiqlərin sayının, onların alınması xərclərinin və müddətinin, habelə hər bir müraciət üçün lazım olan sənədlərin sayının müəyyən edilməsi və Azad Zonanın strateji məqsədlərinə nail olmaq üçün digər məsələlər nəzərdə tutulub.

***

Spiker Oqtay Əsədov isə bildirib ki, bu qanun layihəsi MM-də o qədər müzakirə olunub ki, artıq bütün millət vəkilləri Ələt Azad iqtisadi zonası barədə mütəxəsissə çevriliblər.

Millət vəkilli Əli Məsimli bildirib ki, qanunun birinci oxunuşundan ikinci oxunuşuna keçiddə xeyli dəyişikliklər olub: “Burada təkcə millət vəkillərinin dediklərinə əsasən yox, tənqidi münasibətdən yanaşaraq dəyişikliklər edilib. Bu dəfə də təkliflərin nəzərə alınacağına inanıram. Qanunun müzakirəsi zamanı onun Konstitusiyaya uyğunluğu, Beynəlxalq hüquq normalara və hüquqi normativ aktlara uyğunluğu məsələsi qaldırılıb. Birinci müzakirədə qanunun Konstitutsiyaya uyğunluğu aydın oldu. Lakin hər hansı hüquqi şəxsin istifadəsinə verilən əraziyə sahibkarlıq və sərəncam vermək hüququ olmalıdır. Bu məsələ də qanuna əlavə edilməlidir. Ələt Azad İqtisadi zonası Dubay modelidirsə, demək, bu beynəlxalq aləmdə tətbiq edilən üsuldu”.

Deputat Mirzəcan Xəlilov əlavə edib ki, Azad iqtisadi zona üçün Ələt ən uğurlu bölgədir: “Ancaq Bakıdan Ələt istiqamətinə gedəndə Qobustanı keçəndən sonra bir boşluq ərazi qalıb. Bu mənada xarici investor və yerli sahibkarları həmin bölgədə fəaliyyətə cəlb etməliyik”.

Sonda millət vəkillərinin fikirlərinə münasibət bildirən V.Ələsgərov qeyd edib ki, əlavə dəyişikliklər üçün həmkarlarının fikirlərinə açıqdır:

“Birinci oxunuşdan sonra deputatlar tərəfindən bir sıra təkliflər olub. Ad çəkmək istəmirəm, lakin millət vəkilləri təsdiq edər ki, onların təklifləri nəzərə alınıb. Biz bu qanunu beynəlxalq səviyyəyə uyğun hazırlamalıyıq, ona görə də dil məsələsində bəzi anlaşmazlıqlar ola bilər. Lakin qeyd etməliyəm ki, Azərbaycan hüquqşünasları bu qanunun dili üzərində işləyib. Sərhədlə bağlı təklif məni təəccübləndirdi, çünki Ələtdə gəmi limanından bəhs ediriksə, sərhəd məsələsi burada da tətbiq ediləcək. Mənim qapım qanunun müzakirəsi üçün hər zaman açıqdır. Çünki hamımız dövlət və millətin xeyrinə olan qanun hazırlamaq istəyirik”.

Sonra qanun layihəsi II oxunuşda səsə qoyularaq qəbul olunub.

Kamil HƏMZƏOĞLU

 

Read Previous

Silinəcək borclar açıqlandı

Read Next

“Daha nədən narazısınız?” – MAHİRQIZI İSMAYILOVU VƏ “RADİKALLAR”I “TOPA” TUTDU…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir